Həmzənin həyat səhifələrini varaqla-dıqda onun iman və əməl baxımından fəzilətləri və yüksək məqamı ilə tanış ola bilsək də, Həzrət Peyğəmbərin (s) və məsum İmamların (ə) buyuruqları onun məqamını daha aydın göstərir. Uyğun buyuruqlardan bəzilərini xatırlayaq.

İslam Peyğəmbəri (s) buyurur: «Qardaş-larımın ən yaxşısı Əli (ə), əmilərimin ən yaxşısı Həmzədir». Başqa bir rəvayətdə oxuyuruq: «Qiyamət günü məhşər səhnəsinə süvari halda daxil olanlardan biri əmim Həmzədir. Allahın və rəsulunun şiri Əzba dəvəyə süvar halda gələr. İmam Baqir (ə) buyurur: «Ərşin sütununa yazılmışdır: «Həmzə Allahın və Onun rəsulunun şiri, şəhidlərin sərvəridir».

İmamlar daim həzrət Həmzənin şəxsiyyətinə, onun və Cəfər Təyyarın nəslindən olduqlarına görə daim fəxr etmişlər. Həzrət Əli (ə) uca məqama malik olmasına baxmayaraq, xilafət məsələsi şuraya tapşırılanda Seyyidüş-şühəda Həmzə kimi əmisinin olmasını özünə imtiyaz saymışdır və xəlifənin təyin olunacağı məclisdə buyurur: «Sizi Allaha and verirəm, aranızda elə bir şəxs varmı ki, Həmzə kimi, Allahın və Onun rəsulunun şiri kimi əmisi olmuş olsun?!»

İmam Hüseyn (ə) də öz növbəsində xalqa Həmzənin şəxsiyyəti haqqında danışaraq, onu tanıtdırmaqla xalqın döyüş əhval-ruhiyyəsini gücləndirir. İmam Hüseyn (ə) Kərbəladakı xütbələrində, İmam Səccad (ə) Dəməşq məscidindəki nitqində Həmzə ilə iftixar edir. İmam Baqir (ə) «Əhzab» surəsinin 23-cü ayəsini («Möminlər arasında Allahla bağladıqları əhdə sadiq olanlar var. Onlardan kimisi şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir.) təfsir edərkən buyurur: «Allah ilə elə əhd etmişdilər ki, heç zaman qaçmasınlar. Əhdinə vəfa edən və əcəli çatanlar Həmzə ilə Cəfər oldu. Şəhadətini gözləyən isə Əli (ə) idi.

Allahın Rəsulu (s) buyurmuşdu: «Qiyamət günü mənə dörd bayraq verilər: «Həmd» bayrağını özüm tutaram; «La ilahə illəllah» bayrağını Əliyə (ə) verərəm, o, yüngül hesabdan sonra behiştə daxil olacaq dəstənin önündə gedər; «Əllahu əkbər» bayrağını isə Həmzəyə tapşıraram, o başqa bir dəstənin önündə olar; «Sübhan əllah» bayrağını isə Cəfərə verərəm, onun arxasında bir dəstə insan dayanar. Həmin vaxt ümmətimin şəfaəti üçün onların yanında dayanaram».

İslam Peyğəmbəri (s) hicrətdən sonra müsəlmanlar arasında qardaşlıq əqdi yaradarkən, onları qardaşlaşdırarkən, Həmzə ilə Zeyd ibn Harisə arasında da qardaşlıq əqdi oxuyur.

Seyyidüş-şühəda, yəni «şəhidlər ağası» ləqəbini Həmzəyə həzrət Peyğəmbər (s) verdi. Hüseyn ibn Əlinin Kərbəlada şəhadətindən sonra bu ləqəb daha çox ona aid edilmişdir.

Cabir ibn Abdullah deyir: «Bir gün Müaviyənin göstərişi ilə Ühüddə quyu qazılırdı. Qazıntı zamanı sanki yenicə basdırılmış Ühüd şəhidlərinin cəna-zələri üzə çıxdı. Oradakılar hönkürtü vurub ağladılar. Həmin vaxt Ühüd savaşından 40 il ötmüşdü. Həmzənin cənazəsinin bel ilə zədələnmiş ayağından qan axdı».

Peyğəmbər (s) Həmzəyə xüsusi bir məhəbbət bəsləyirdi. «Həmzə» adını o qədər xoşlayırdı ki, övladı üçün ondan ad istəyənlərə bu adı təklif edirdi. Həzrət (s) övladı üçün ad istəyən bir kişiyə buyurdu: «Onun adını «Həmzə» qoy. Bu ad mənim üçün ən əziz adlardandır»

.

 

http://sualcavab.ge

 

 


more post like this