Şeyx Cəfər Müctəhidi (2-ci hissə)Şeyx Müctəhidi təxminən bir il Nəcəfi-Əşrəfdə qalmış, daha sonra Nəcəf yaxınlığındakı Səhələ məscidinə getmişdir. Orada ilahi bir sınağa məruz qalmış, sınaqdan üzüağ çıxmışdır. Nəcəfə qayıtdıqdan bir müddət sonra yenidən Səhələ məscidinə getmiş, səkkiz il orada inzivada olmuşdur. Səhələ məscidinin xadimlərindən olan Hacı Kazım Səhlavi demişdir ki, “Ağayi-Müctəhidi etikafda olduğu müddətdə heç söhbət etmirdi, daim zikr edir, düşünür və ağlayırdı. Təsbeh əlindən düşmürdü, əhvalı can verən adamın halına bənzəyirdi”.

Şeyx Müctəhidinin Hacı Molla Ağacan ilə görüşü də bu məsciddə baş tutmuşdur. Nəql olunur ki, bir gün Hacı Molla Ağacan dostlarına demişdir ki, ona qeybdən İraq Ətəbatına (Ətəbat – İraqda İmamların məqbərələri) getmək əmr olunub. Beləliklə, onlar İraqa getmiş, ziyarətdən sonra Hacı Molla Ağacan Səhələ məscidinə getməli olduğunu bildirmişdir. Onunla gedən dostları söyləmişlər ki, Molla Ağacan məscidin içində həyəcanlı halda var-gəl edir və deyirmiş: “Bir cavanı gözləyirəm”. Bu zaman hücrələrdən birinin qapısı açılmış, Şeyx Müctəhidi hücrədən çıxmışdır. Molla Ağacan onu görən kimi demişdir: “İtirdiyimi tapdım, mükaşifə halında mənə göstərilən adam budur”. Ətrafında olanlar nəql edirlər ki, Molla Ağacan Şeyx Müctəhidiyə baxaraq yanındakıların belə çətinliklə eşidəcəyi tərzdə azərbaycan dilində səslənib demişdir: “Gəl bura görək, balamcan”. Şeyx qəflətən dayanmış, geri dönərək Molla Ağacanın yanına gəlmişdir. Nəql olunur ki, Molla Ağacan yeddi həftəyə yaxın Şeyx Müctəhidi ilə xəlvətdə qalmışdır. Bundan sonra Hacı Molla Ağacan Qəzvinə qayıtmış və dünyaya vida demişdir.

Bu eşq və gözəllik dolu müqəddəs görüşdən sonra Şeyx daha bir neçə il Nəcəfdə qalmış, həmin illərdə Mövla Əlinin (ə.) mübarək camalı ona əyan olmuşdur. Daha sonra Kərbəlaya getmiş, yeddi il orada sakin olmuşdur. Orada çəkməçiliklə məşğul olmuşdur. Bu illər ərzində ona bir çox kəşf və bəyan hasil olmuş, daim Əba Əbdillah Hüseynin (ə.) məhzərində və nəzarətində yaşamışdır. Özünün dediyinə əsasən, bu illərdə hər gün işə getməmişdən qabaq Həzrət Müslimin (ə.) iki şəhid övladını ziyarət etmişdir.

Şeyx daha sonra Kərbəladan Nəcəfə qayıtmışdır. 1958-ci ildə Əbdülkərim Qasım İraqda hərbi çevriliş etmiş, kral Feysəli devirmişdir. Ölkədə qətllər və qarətlər başlamışdı. Yaşamaq çətinləşirdi. Beləliklə, Şex Müctəhidi İrana qayıtmağı qərara almış, Nəcəfi tərk edərək Kazimeynə getmişdir. Burada pasportu olmadığına görə həbs olunmuşdur. Şeyx buyururdu ki, zindanda olarkən İmam Musa ibn Cəfərə (ə.) təvəssül etmiş, sabah bütün məhkumlarla birgə azadlığa çıxacağı müjdəsini almışdır. Növbəti gün Əbdülkərim Qasım öz qələbəsinin şərəfinə bütün dustaqları azad etdirmişdir. Azadlığa çıxdıqdan sonra İrana, Kirmanşaha getmişdir. Sonra bir müddət Təbrizdə olmuş, qalan illəri Qum, Məşhəd və başqa səfərlərdə keçirmişdir. İyirmi illik səhra həyatından sonra ona daim yol göstərmiş İmam Mehdinin (ə.c.) əmri ilə Qumda məskən salmışdır. Ömrünün son dörd ilini isə Məşhəddə yaşamış, 1995-ci ildə, hicri tarixlə Ramazan ayı vaxtı vəfat etmişdir.

http://canderyasi.com


more post like this