Şeyx Cəfər Müctəhidi (1-ci hissə)Hacı Şeyx Cəfər Müctəhidi 1924-cü ildə Təbriz şəhərində dindar və zəngin bir ailədə dünyaya göz açmışdır. Onun ailəsi öz əsil-nəcabəti ilə seçilən, öz dövrlərində məşhur olan bir ailə olmuşdur. Atası Hacı Mirzə Yusif həzrəti-Seyyidüşşühəda Əba Əbdillah Hüseynin aşiqlərindən olmuşdur. İmam Hüseynə sevgisi o qədər böyük imiş ki, daim Təbrizdən Kərbəlaya zəvvar aparar, imkanı olmayanların yol xərcini də öz öhdəsinə götürərmiş. Yol boyu zəvvar karvanının təhlükəsizliyini qorumaq üçün əhliləşdirilmiş iki şiri də varmış. Şeyx Cəfər atasının vəfatından sonra anasının himayəsində qalmışdır.

Uşaq yaşlarından onun qəlbində ilhamlar, İlahi nurun işartıları görünməyə başlamış, Əhli-beytin inayətləri ona hasil olmuşdur. Təxminən beş yaşında yuxuda səmadan enən bir minbər ona bəyan olmuş, xanım Fatimeyi-Zəhra (s.ə.) onun yanına gələrək başına əl çəkmişdir. Bundan sonra sirlər və həqiqətlər açılmağa başlamışdır. Şeyx özü deyirdi:

“Yeniyetmə vaxtlarımdan nəfsin təzkiyəsinə başladım. İranın ən dəhşət dolu qəbiristanlıqlarından olan, Təbrizin tərk olunmuş qəbiristanlığında boş bir qəbrə girib gecəni sübhə qədər orada təfəkkür və zikr ilə keçirirdim. Kasıblara və ehtiyacı olanlara kömək etməyi, onları dərddən qurtarmağı çox xoşlayırdım. Buna görə də, kimyanın açılmayan sirlərini açmağa çalışırdım. Bu məqsədlə atamdan qalan sərmayənin bir qismini bu işə xərc etdim. Amma bir nəticə hasil olmadı. Bu səylərim təvəssüllə daim birgə olduğundan bir dəfə kimyəvi tərkiblərlə məşğul olduğum zaman mənə bir səs gəldi ki, “ey Cəfər, kimya biz Əhli-beytin məhəbbətidir, əgər istəyirsənsə, addım at və addımında möhkəm ol”.

Bu hadisədən sonra Şeyxin həyatı büsbütün dəyişmiş, özünün dediyi kimi, gizli elmlərə, gözəgörünməz varlıqlarla rabitəyə can atmaqdansa, əbədi olan bir həqiqətin ardınca getməyi üstün tutmuşdur. Həmin günə qədər o bəzi qüvvələrlə rabitəyə girmək bacarığına nail olmuşdu. Özü deyirdi ki:

“Bir məclisdə otutarkən ruhlar və cinlər orada hazır olurdular. Onlar mənim əmrlərimə itaət edirdilər”.

Şeyxin bu bacarığını onun həyatında baş vermiş bir hadisə sübut edir. Öz nəql etdiyinə görə, onun evində iki qədim və qiymətli qab olmuşdur. Bir gün o evdə olmayanda anası qabın yerində olmadığını görmüş, güman etmişdir ki, oğlu qabı kimya üçün istifadə etmişdir. Evə gəldikdən sonra məlum olmuşdur ki, qabı onun oğlu götürməyib. Bu zaman Şeyx işin nə yerdə olduğunu başa düşmüş, öz əmrində olan cini çağırmış və qabı hara apardıqlarını soruşmuşdur. Sonra isə demişdir: “İki rükət müstəhəb namaz qılıram. Namazın sonunadək qab yerində olmasa, sizə qarşı qəzəblənəcəyəm”. Şeyx namazı qılmış, təşəhhüdü deyərkən taxçaya baxaraq qabın yerində olduğunu görmüşdür.

Şeyx buyururdu ki, “Mənə həmin səmavi nida gəldikdən sonra biqərar oldum, özümə yer tapmadım. Odur ki, növbəti günün səhəri xudahafizləşib pay-piyada Təbrizdən Kərbəlaya yola düşdüm”. Şeyx pasportu olmadığına görə İraq sərhədində həbs olunmuş, bir neçə ay zindanda qalmışdır. Özünün nəql etdiyinə əsasən, bir gecə yuxuda Həzrəti Mövla Əlinin (ə.) xidmətində olmuş, o həzrətdən səhər zindandan çıxacağı müjdəsini almışdır. Şeyx demişdir: “Həzrət Əli (ə.) Nəcəfi-Əşrəfə getməyimi buyurdu və bir yer nişan verərək dedi ki, burada qoca çəkməçinin yanında pinəçilik edərsən”.

http://canderyasi.com


more post like this