Həzrət Peyğəmbər (s) buyurur: “Şeytan deyir: “Sərvətli insan mənim çəngimdən xilas ola bilməz. Onu bu üç şeydən birinə giriftar edərəm: ya sərvəti onun gözündə bəzəyərəm, ya məsrəf yollarını onun üçün asan edərəm ki, nəticədə onu nahaq yerə xərcləyər. Ya mal və sərvəti onun sevimlisi edərəm ki, nəticədə onu nalayiq yollardan əldə edər”.

Hədis və ayələrdə oxuyuruq ki, şeytanın gördüyü işlərdən biri mal və övlada şərik olmaqdır. Yəni mal və övlada haram yolla malik olasan. Yəni, insan Allah bəyənmədiyi və haram buyurduğu yolla malı əldə edər. Bu zaman şeytan öz məqsədinə çatar və həmin haram malda onunla şərik olar. Hər ikisi bu maldan faydalanarlar. Ya da övladına saleh tərbiyə verməz və onu Allah ədəbi ilə tanış etməz. Nəticədə şeytan onun övladından, özündən daha çox faydalanar.

“Şübhəsiz, sənin Mənim (itaətkar) bəndələrim üzərində (vəsvəsə etməkdən başqa) heç bir hökmranlığın yoxdur və Rəbbinin (Öz bəndələrinin işlərinin) vəkil(i) olması kifayətdir”. (“İsra” 65).

İmam Sadiq (ə) buyurur: “Allahdan dünya və axirət üçün ehtiyacsızlıq və afiyət istəyin. Allahdan bağışlanma, məğfirət və behişti istəyin”.

Ehtiyacsız olmaq mal və sərvət toplamaq mənasını vermir. Çünki mal toplamaq, sərvət istəmək, insan üçün hərislik, tamah, həsəd gətirər. O qədər sərvət sahibi vardır ki, həyatlarında rahatlıqları yoxdur.

Ehtiyacsızlıq elə bir ruhi haldır ki, insanı Allahdan qeyrisindən ehtiyacsız edər. Yəni insan İlahi pənahda olar və bir an ondan xaric olmaz. Dünyada bir hadisə baş verən zaman ruhu, cismi, dini zərər görməz.

Ona görə də İmam (ə) göstəriş verir ki, Allahdan dini afiyət istəyin. Cismi və dünya afiyəti istəmək də yaxşıdır. Ola bilsin ki, bədən xəstələnsin, sonra sağlamlığına qovuşsun. Ancaq dini afiyət o qədər mühümdür ki, əgər əldə edilməzsə, insan dünya və axirətdə zərərçəkənlərdən olar.

Axirət üçün bağışlanma diləyin, behişti istəyin. Çünki behişt çirkinlik yeri deyildir, günahkarlar ora daxil ola bilməz.

Allah bizləri behiştə layiq olanlardan qərar versin!

http://sualcavab.ge/

 

 


more post like this