Sənlə mübahisə edirəm, ürək,

Daha çox yaxındır sənə bu duyğu,

Bəşər fitrətində əzəldən görək,

Sevgi üstün olur, yoxsa ki qorxu.

 

De görüm sevdiyin bir kəsin üçün,

Qorxulu ölümə gedərsənmi sən?,

Çıxılmaz bir halda qalanda bir gün,

Elə fədakarlıq edərsənmi sən?.

 

Göz yumub gedərsən ölümə tərəf,

Əgər qorxmursansa, sevdiyin üçün,

Bu ölüm aşiqə şərəfdir, şərəf,

Demək ki, qorxudan sevgidir üstün.

 

Qorxudan sevgini tapdalasan sən,

Yox əgər getməsən ölümə tərəf,

Sənə tə`nə vurar dost, həmi düşmən,

Deyərlər ar olsun sənə, bişərəf.

 

Ey bəndə, demə gəl belə yalandan,

Tanrı xofu gəlir o daxilindəndən,

Axı sən qorxmursan o Yaradandan,

Qorxursan gördüyün bəd əməlindən,

 

Onunçün qorxursan axirət günü,

O bəd əməllərin cəzası vardır,

Sən tək qorxacaqdır qiyamət günü,

Kimin ki, günahı, xətası vardır.

 

Hər kimin günahı, xətası yoxdur,

Demək ki, Tanrıya sevgisi çoxdur,

Sevgi elə şeydir cəzası yoxdur,

O kəs günahkardı sevgisi yoxdur.

 

Demirəm Tanrıdan qorxmaq günahdır,

Əksinə qorxmayan çox günah edər,

Sadəcə bu elə qəliz izahdır,

Tək onu günahsız şəxs izah edər.

 

Ən azı Tanrıdan qorxduğun qədər,

Olmasa qəlbündə məhəbbət hissi,

Gördüyün əməllər gedəcəy hədər,

Qəlbini saracaq əsarət hissi.

 

Tanrı xəlq etməyib qorxasan ondan,

Səni xəlq edib ki, sevəsən onu,

Qorxudan kim sevir, qaçasan ondan,

Çün, onun qorxulu olacaq sonu.

 

Mən də bir bəndəyəm – etmirəm inkar,

Sevgi də, qorxu da var – aşikardır,

Mən belə dərk edib, edirəm izhar,

Me`yarın biləsən – şərtləri vardır.

 

Bəndə var Tanrıdan qarşılıq umur,

Cənnət sevgisiylə ibadət eylər,

Cənnət qazandıran hər şeyə cumur,

Gör necə sevgiylə qəbahət eylər.

 

Bəndə var cəhənnəm qorxusuyla bil,

Dəmbədəm qalmayır ibadətindən,

Onun ibadəti ibadət deyil,

Əsər yox Tanrıya məhəbbətindən.

 

Ancaq elə rəzil bəndə də var ki,

Cəhənnəm düşməni, cənnət aşiqi,

İşlədər siyasət – ona nə var ki?!,

Tanrı bağışlamaz o münafiqi.

 

Ancaq, a`rif odur nə cənnət istər,

Nədə ki cəhənnəm qorxusu bilər,

Nə ömür diləyər, nə ne`mət istər,

Həqq eşqin ömrünün ruzusu bilər.

 

Qırx il ibadətin qarşılığında,

Əgərçi qisməti olmasa cənnət,

Günahı olmaya-olmaya – sonda,

Yansa da cəhənnəm oduyla əlbət,

 

Yenə də o gözəl Tanrıdan a`rif,

Bir an əsirgəməz məhəbbətini,

Yüksələr dilindən Allaha tə`rif,

Yaşar sevə-sevə öz qismətini.

 

Mən elə aşiqin aşiqi oldum,

Vəsfinə acizəm – qəbahətimdir,

Mən də öz əhdimin sadiqi oldum,

Növrəsəm, sənətim ibadətimdir,

Növrəsəm, sənətim ibadətimdir.

canderyasi.com


more post like this