Cavab: Buxari öz “Səhih” kitabının 4-cü cildinin 94-cü səhifəsində Əbu Hüreyrədən, o da Peyğəmbərdən belə rəvayət etmişdir: “Mən qiyamət günü hovuzun kənarında durduğum zaman bir qrupu görəcəyəm və onları tanıyacağam. Onlarla mənim aramda bir nəfər çıxıb onlara deyəcəkdir: “Gəlin!” Mən deyəcəyəm: “Hara?” Deyəcəkdir: “Allaha and olsun, cəhənnəmə tərəf!” Mən deyəcəyəm: “Məgər onlar nə etmişdilər?” O deyəcək: “Onlar səndən sonra (mürtəd olub) əvvəlki vəziyyətlərinə (cahiliyyət əqidələrinə) qayıtmışdılar.” Ondan sonra başqa bir qrupu gətirəcəklər, mən onları da tanıyıram. Mənimlə onların arasında bir kişi dayanıb onlara deyəcəkdir: “Gəlin!” Mən deyəcəyəm: “Hara?” O deyəcəkdir: “Cəhənnəmə tərəf!” Mən soruşacağam: “Bunlar nə etmişlər?” O deyəcəkdir: “Səndən sonra onlar cahiliyyət dövrünün əqidələrinə qayıtmışlar.” Mən onlardan az bir qrupunu görəcəyəm ki, cəhənnəmdən xilas olacaqdır.”
Buxari “Hovuz” adlı bir bölmənin axırında Əbu Bəkrin qızı Əsmadan rəvayət edir ki, Peyğəmbər buyurmuşdur: “Mən “Kovsər” hovuzundayam və görürəm ki, sizdən bir dəstə mənim yanıma gəlir. Onlardan bəzilərini tuturlar. Mən deyirəm: “Pərvərdigara, mənim yanımda və mənim ümmətimdən olanları tutursanmı?”
Nida gəlir: “Sən bilmirsən bunlar səndən sonra nələr etdilər! Allaha and olsun, onlar cahiliyyət dövrünə qayıtdılar!”
İbni Məlikə dedi: “ Pərvərdigara ,əvvəlki vəziyyətimizə qayıtmağımızdan ,düz yoldan münhərif olmaqdan Sənə pənah aparırıq !”
Həmçinin Buxari həmin bölmədə Səid ibni Müsəyyibdən, o da Peyğəmbərdən belə rəvayət edir: “Mənim səhabələrimdən bəziləri “Kovsər” hovuzunun yanında yanıma gələrlər. Onlara hovuzda şallaq vurarlar. Mən deyərəm: “Pərvərdigara, axı bunlar mənim səhabələrimdir!” Allah-taala buyurar: “Sən bilmirsən ki, onlar səndən sonra nələr etdilər! Onlar səndən sonra cahiliyyət dövrünə qayıtdılar.”
Həmçinin Buxari “Səhih” kitabının qeyd olunan bölməsində Səhl ibni Səddən rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən sizi hovuza toplayacağam. Hər kəs mənim yanımdan keçsə ondan içəcək və hər kəs içsə heç vaxt susamayacaqdır. Bir dəstəni mənim yanıma gətirəcəklər ki, mən onları tanıyıram, onlar da məni tanıyırlar. Sonra mənimlə sizin arasında ayrılıq salınacaqdır.”
Əbu Hazim dedi: Nöman ibni Əbi Əyyaş məndən soruşdu: Doğrudan sən Səhldən belə eşitdin?
Dedim: Bəli.
Əbu Səid Xidri dedi: Mən də onu Peyğəmbərdən eşitdim.
Əbu Səid Xidri sonra əlavə edir ki, Peyğəmbər buyurdu: “Mən deyərəm: “Axı onlar məndəndirlər!” Cavabda deyilər: “Sən bilmirsən ki, onlar səndən sonra nələr etdilər!” Mən də deyirəm: “Ölüm olsun məndən sonra onu dəyişdirənlərə!”
Qəstəlani “İrşadus-sari” kitabında bu hədisin “məndən sonra onu dəyişdirənlərə” ifadəsinin şərhində deyir ki, Peyğəmbərin məqsədi onun dinini dəyişdirənlərə nifrət və qarğış etməkdir.
NUR-AZ.COM


more post like this