Cismimiz xəstə olduğu zaman təbibə ehtiyacımız olduğu kimi, ruhumuz da xəstələndiyi zaman təbibə ehtiyacımız vardır.

 

 

İnsanların ruhunun həkimi və təbibi İlahi peyğəmbərlərdir. Onlar Allah-Taala tərəfindən gətirdikləri səmavi dərmanlarla insanın ruhunu müalicə edirlər.

 

Həsəd, lovğalıq, təkəbbür, özünü bəyənmək, inadkarlıq, tərslik, haqdan qaçmaq, başqalarını təhqir və məsxərə etmək, söyüş söymək və bunlar kimi digər rəzil xüsusiyyətlər insan ruhu üçün ən qorxulu, öldürücü və əzab verən xəstəliklərdir.

 

Bu cür xəstəliklər vaxtında dərman olunmazsa, insana fəlakət gətirəcək və uçurumlara sürükləyib həlak edəcəkdir.

 

Bir məktubu qiqqətinizə çatdırıram:

 

* “… 18 yaşımda ərə getmişəm… Evdən çıxanda anamın mənə öyrətdiyi bu olmuşdu ki, ər bir desə, sən min de, o desə qatıq ağdır, sən de ki, yox, qaradır…  Belə də etdim… Lovğalıq, inadkarlıq, tərslik, ərimi və onun ailəsini alçaq və dəyərsiz saymaq, dava-dalaş, yerli-yersiz küsmək… Neçə il bu minvalla keçdi… Əsəbi, dözümsüz və xəstə olmuşdum… İki körpə uşağım da var, bir qız, bir oğlan… Onlar da səhv bir iş gördükdə, kötək, şillə, təpik və başlarına qışqırmaqla tərbiyələndirirdim… Bir sözlə, qara qatıq yox, mənim həyatım və günüm idi…”.

 

? Görəsən, bu cür dərdli bir xəstə ilə necə rəftar etməliyik?

 

Onu xəstəliyi ilə baş-başa buraxıb getməliyik ki, bu xəstəlik alovunda əzab çəkərək alışıb yansın? Ya deyirsiz ki, boşayıb şərindən xilas olaq? Ya onunla ele onun özü kimi, hay-küy və qışqır-bağırla davranaq? Ya deyirsiz ki, öz halında qoyaq ki, başı daşa dəyəndə oyanacaq? Bəlkə də deyirsiz ki, onun tərslik və inadkarlığını qəzəb və kobudluqla məğlub edək?

 

Mən isə deyirəm…?

 

Görəsən, bu dərd üçün ilahi və səmavi təbiblər hansı nüsxəni yazmışlar?

 

Səmavi təbiblərin yazdıqları nüsxələrə baxanda görürük ki, biz heç də düz fikirləşmirmişik və yuxarıda göstərilən sualların cavabı mənfidir. O ilahi nüsxəyə baxdıqda görürük ki, vəzifəmiz aşağıdakı kimi əməl etməkdir:

 

Birinci mərhələdə səbirli, şəfqətli olmalı və hövsələ, bacarıqla xəstənin yaxşılaşması üçün çalışmalıyıq.

 

Pislik və kobudluqlarına yaxşılıqla, mülayimliklə cavab verməliyik. Onun ən pis əxlaqını ən yaxşı əxlaqımızla mükafatlandırmalıyıq. Allahın Rəsulu, əziz Peyğəmbərimiz (s) öz əshabına buyurmuşdur: “İstəyirsiniz ki, sizə dünya və axirətin ən yaxşı və fəzilətli əxlaqını öyrədim?”

 

Onlar dedilər: “Bəli, ey Allahın Rəsulu (s)!”

 

Həzrət (s) buyurdu:  “Hər kəs onunla rabitəsini (qonşuluq, dostluq və qohumluq əlaqələrini)  kəsənlə rabitə yaratsa, ehtiyacı olduğu zaman ona kömək etməyənə ehtiyacı olduğu zaman hömək etsə, ona zülm edəni əfv etsə, ona pislik edənə yaxşılıq etsə dünya və axirətin ən yaxşı əxlaqına sahibdir.”

 

Əli (ə) buyurub: “İmanın kamal nişanəsi budur ki, sənə pislik edəni yaxşılıq və ehsanla mükafatlandırasan.”

 

Yəqin ki, bu cür səxavət və şəfqətli çarə yolu, çox yerdə öz nəticəsini verəcək və tikanlar yerinə güllər əkəcəkdir. Əlbəttə, belə gözəl gülüstan, ay-ulduzlu səma yaratmaq üçün elmli, bacarıqlı, təcrübəli, işbilən, bağçasını sevən və səbirli bir bağban olmaq lazımdır.

 

Məktubun davamı:

 

* “… Amma Allah-Taalaya şükürlər olsun ki, ağıllı, səbirli və gözəl əxlaqlı ərim var. Ata-anası da gözəl və şərəfli insanlardır. Hər dəfə səbir və hövsələylə mənə nəsihət edib inadkarlığıma sədaqət, səmimiyyət və məhəbbətlə cavab verirdilər. Evlərində olduğum zaman ərzində bir dəfə də olsun mənimlə kobud, sərt və əsəbi davranmayıblar… İndi bir müddətdir ki, özümü ruhi cəhətdən yaxşı hiss edirəm. Elədiklərimə görə peşmançılıq hissi keçirdirəm… Ərimə, övladlarıma qarşı mehribanam və çalışacağam ki, ailəmizin mehribançılığını, səmimiyyətini və gözəlliyini həmişə qoruyub saxlayam… Sizə də nəsihətlərinizə görə təşəkkür edirəm”.

islammektebi.org


more post like this