Şəban ayının on beşinci gecəsinin bir neçə əməli vardır. Biz onların bəzisini sizin nəzərinizə çatdırırıq:

1. Qüsl etmək. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.
2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.
3. İmam Hüseyn (ə)-ın ziyarəti:

Bu gecənin əməllərinin içində ən fəzilətli əməl, İmam Hüseynin(ə) ziyarətidir. Bu əməl günahların bağışlanmasına səbəb olar.
O Həzrəti(ə) ziyarət etmək üçün dama çıxıb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə o Həzrəti(ə) ziyarət etmək lazımdır:
«Əssəlamu ələykə yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh».
Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Hz.İmam Hüseyni(ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar.
Imam Hüseyn (ə)-ın şaban ayının 15-də ziyarəti
4. Zaval vaxtı oxunan salavatı oxumaq.
5. Kumeyl duasını oxumaq.
6. Aşağıdakı zikrlərin hər birini yüz dəfə demək:

«Subhənəllah», «Əlhəmdulilləh», «Əllahu əkbər», «Lə iləhə illəllah».

7. Cəfər Təyyarın namazını qılmaq.

Cənab Cəfər Təyyarın(ə) namazı çox fəzilətli namazlardan biridir. Bu namaz günahların (müharibə və cihaddan fərarilik kimi) bağışlanması və mühüm bir hacətin yerinə yetməsi üçün qılınar. Bu namazı Peyğəmbər(s) Cəfər Təyyara(ə) öyrətmişdir.

«Cəfər Təyyar» namazının qılınma qaydası:

Bu namaz 4 rəkətdir (2 dənə 2 rəkət), onun 1-ci rəkətində Həmddən sonra «Zəlzələ» surəsi, 2-ci rəkətində Həmddən sonra «Adiyat» surəsi, 3-ci rəkətində Həmddən sonra «Nəsr» surəsi, 4-cü rəkətində isə Həmddən sonra «İxlas» surəsi deyilir. Həmçinin, aşağıdakı zikr (təsbihati-ərbəə) 15 dəfə hər rəkətin qiraətindən sonra, 10 dəfə rukuda, 10 dəfə rukudan sonra, 10 dəfə 1-ci səcdədə, 10 dəfə 1-ci səcdədən sonra, 10 dəfə 2-ci səcdədə, 10 dəfə 2-ci səcdədən sonra deyilməlidir (Bu təsbihat cəmi 300 dəfədir və hər 4 rəkətdə deyilməlidir). Bu namazın cümə günündə qılınmasının çox fəzilətli olması nəql olunmuşdur.

Qeyd: Şəban ayının 15-ci gecəsində qeyd olunanlardan əlavə bir sıra dualar da vardır. Daha geniş məlumat üçün «Məfatihul-Cinan» kitabına müraciət edə bilərsiniz.

Şəban ayının on beşinci günü

Bu gün on ikinci imamın, mövlamız Həzrət Höccət Sahibəz-Zamanın(ə.f) mövlud günüdür.
O Həzrəti(ə.f) istənilən məkan və zamanda ziyarət etmək, zühuru üçün dua etmək müstəhəbdir. O Həzrəti(ə.f) Samirra şəhərində, sərdabədə ziyarət etmək təkid olunmuş müstəhəb əməllərdəndir.

Ceferlier.com


more post like this