Mehdi… O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq-ədalətlə dolduracaq. Mehdi… Peyğəmbərimiz (s) onun gəlişini dəfələrlə müjdələmiş və: “məni haqq olaraq peyğəmbərliyə seçənə and olsun, əgər dünyanın sonuna hətta bir gün qalmış olsa belə, Allah o günü oğlum Mehdinin zühur etməsinə kimi uzadacaq”.-deyə buyurmuş.

 

O həzrət (s) təkcə onun zühuru haqda xəbər verməklə kifayətlənməmiş, onunla yaxından və dərindən tanışlığa təkidlə buyurmuşdur: “hər kəs öz zəmanəsinin İmamını tanımadan ölsə, cahiliyyət dövründə ölmüş kimidir” (“Üsuli-Kafi”, 2/308; “Qeybəti- Nömani”, 130).

 

Başqa yerdə buyurur: “hər kəs Mehdinin qiyamını inkar edərsə, həqiqətən kafirdir” (“Yənabiul-Məvəddət”, 447; “əl-Burhan fi əlamatil-Mehdi axirəzzəman”, 12-ci bab, “əl- Ülfülvərdi fi əxbaril-Mehdi”, 2/83).

 

Biz Quran ayələri və Peyğəmbərimizin (s) sünnəsinin təlimləri əsasında bütün varlığımızla etiqad bəsləyirik ki, dünyanı bürüyən böhran­ların çarəsi yalnız elə bir İslamdadır ki, onda həzrət Mehdiyə (ə) aşkar və doğru inam təcəlli etsin. Elə bir Mehdiyə ki, onun bütün dəvəti, proqramları Allahın Kitabı və Peyğəmbərinin (s) təlimləri əsasındadır.

 

Həzrət Mehdiyə (ə) inam, bu etiqada dəvət, adının hər yerdə çəkilməsi, onun varlıq aləmində və İslam dünyasında ifa etdiyi rolun və təsirinin araşdırılması sadəcə bir fərdin və ya xüsusi bir qrupun vəzifəsi deyildir. Çünki İslamın əsaslarından olan mehdilik dərin köklərə və dolğun məzmuna malik olan əqidələrdən sayılır.

 

Həzrət Peyğəmbərimiz dünyanı tərk edərkən Quran və Əhli-beyti (ə) bir-birindən ayırmamağı tapşırmışdır. Bu gün Quranın həqiqi təfsirçisi və Peyğəmbərimizin (s) son əmanəti, İslam və müsəlmanların vəhdət rəmzi həzrət Mehdi (ə) müsəlmanlar arasındadır. Amma kimsə belə bir dərin əqidəyə və nicat sahibinə diqqətli deyil.

 

Hələ əsrlər öncə cəddi İmam Əli (ə) dövrün hərc-mərcliliyi haqda buyurmuşdu:

 

“Necə də qəribədir bu həqiqətlər!! Əcəba, bu camaatın öz aralarında, bir-biri ilə bu barədə icad etdikləri əyrilikdən, ikitirəlikdən heyrətdə olmayım?! Nə Rəsuli-əkrəmin (s) dininə itaət edirlər, nə də ondan sonra onun canişininin tövsiyələrinə qulaq asırlar! Nə qeyb aləminə etiqadları var, nə də çirkinliklərdən uzaq olurlar! Qəlblərini şübhəli və naməlum şeylərə bağlayıb, nəfsani istəklərinin yerinə yetirilməsi yolunda başlarından-canlarından keçirlər. Hər nəyi çox istəyirlərsə nəzərlərində yaxşı cilvələndirir və hansı şey xoşlarına gəlməsə, onu inkar edib xoşagəlməz bilirlər. Çətinliklər tufanında öz xəstə ruhlarının sığınacağına pənah aparırlar. Məchul və qarışıq məsələlərdə öz gümanlarına arxalanırlar. Sanki onların hər biri təklikdə özünə İmamdır. Zahiri gözləri ilə gördüklərinə iman gətirir, öz puç xəyallarına əsasən dəlillər düzəldib onlara istinad edirlər və beləliklə özlərini sakitləşdirirlər” (“Nəhcül-bəlağə”, 87-ci xütbə).

 

Əsrimizdə yeganə məsum, ilahi rəhbər, qeyb aləminin vasitəsi, bütün peyğəmbərlər və ilahi övliyaların şəriksiz varisi, bütün asimani kitabların bəyanedicisi olan həzrət Mehdi (ə) əsaslı şəkildə tanınmalıdır.

 

Həzrət Mehdiyə (ə) etiqad bəsləmək təkcə dini xüsusiyyətlərə malik olan islami bir inanc deyil, eyni zamanda bütün bəşərin arzu ünvanıdır. Mövcud din və məzhəb fərqlərinə baxmayaraq, insanların fitri ilhamlarının təzahürü olan bu əqidə müəyyən fərqlərlə insaniyyət üçün vəd edilmiş bir günün gəlib çatacağını, həmin gündə böyük asimani-ilahi kitabların son məqsəd və hədəflərinin gerçəkləşəcəyini xəbər verir.

 

Belə bir gələcəyin intizarı təkcə qeyb aləminə etiqadlı şəxslər üçün deyil, həm də qeybi varlıqları qətiyyətlə inkar edən və bunlara qarşı ciddi mübarizə aparan ideologiyalarda da görmək olar.

 

Misal üçün, tarixi sinfi təzadlar əsasında açıqlayan dialektik materializmdə bütün təzad və ziddiyyətlərin aradan qalxacağı, insanlar arasında qarşılıqlı anlaşma və əmniyyətin hökm sürəcəyi bir gündən söz açılır.

 

Beləliklə görürük ki, bəşəriyyət tarixində bu hisslər barəsində daxili bir təcrübə mövcud olmuşdur və burada sair ruhi təcrübələr arasında daha genişmiqyaslılıqdan istifadə olunur. Din də bu hərtərəfli və ümumbəşəri hisslərə möhkəmlik bəxş etməklə yanaşı, yer üzünün zülm və haqsızlıqla dolduğu kimi ədalətlə dolacağını bəyan edən bu əqidəyə təbii bir dəyər bağışlamış, bu etiqada inananların təfəkkür yolunu iman tərəfinə istiqamətləndirmişdir.

 

Belə bir iman təkcə təskinlik və dözüm amili deyil, həm də böyük bir ruhi sərmayənin yaradıcısıdır. Bu da böyük və əbədi bir müdafiə qüvvəsinin yaranmasına səbəb olur, dünyanın hər yerində olursa-olsun, zülm və zülmkarlığa qarşı mübarizəni, həmişə mümkün hesab edir. Çünki bu, ümid çırağının işıqlarını qəlblərə elə saçır ki, insanın ruhunda ümidsizlik zülmətini daim məhv edir və belə bir etiqadı elan edir:

 

Əgər acınacaqlı, dəhşətli hadisələr bir-birinin üzərinə toplansa, dünya qaranlıqların, zülmətlərin içərisində itib-batsa, yenə də ümid məşəlini qəlblərdə yanar saxlamaq, ədalət tərəfinə getmək lazımdır. Çünki vədəsi verilən günün varlığı göstərir ki, ədalət zülm və haqsızlıqla dolu olan bir dünya ilə qarşılaşmaq qüdrətinə malikdir. Ədalət dərinliklərə kök atmış nəhəng və qorxunc zülümləri lərzəyə gətirə bilər və dünyanın hər yerində baş alıb gedən haqsızlığa son qoyar. Sanki bu sabit və həyata keçməli bir həqiqətdir ki, hökmən zülm məğlub edilməli, hətta özünün ən yüksək zirvəsinə çatsa belə, aradan getməlidir.

 

Buna əsasən, bu əqidə hər bir məzluma, habelə zülm altında inləyən xalq kütlələrinə böyük bir ümid verərək bildirir ki, özlərini cəmiyyətin bünövrəsini dəyişdirməkdə və onu yenidən qurmaqda qüdrətli hiss etsinlər.

 

İmam Mehdiyə (ə) etiqad daha uzaq keçmişlərə gedib çatdığına və hətta İslamdan da geniş səviyyəli bir etiqada malik olduğuna görə təbiidir ki, onun islami hədd-hüdudları tarixin əvvəlindən bu etiqada göz dikilən bütün arzu və ümidlərə özündə yer vermiş, ona elə güclü və qüdrətli mədəniyyət bağışlamışdır ki, məzlum kütlələr üçün böyük ruhi sərmayə ola bilmiş, zülm altında inləyən bütün insanların hisslərini coşdurmaq, təhrik etmək və onların haqq-ədalətə istiqamətləndirilməsində daha artıq qüdrətə yiyələnmişdir. Çünki İslam bu etiqadın mövzusunu təsəvvür aləminin hüdudlarından reallığa, gerçəkliyə gətirmiş, onu gələcəkdən hazırkı dövrə nəql etdirmişdir. Yəni insanlar gələcəkdəki naməlum bir qüvvəyə ümid bəsləmək yerinə elə bir nicatvericiyə iman bəsləsinlər ki, hazırda var və vəd edilən günün gəlib çatmasını, o gün üçün lazım olan şəraitləri gözləyən insanların böyük hədəflərini əməli olaraq həyata keçirməyə imkan versin.

 

Buna əsasən, Mehdi (ə) məsələsi hələ doğulmamış və ya doğulması gözlənilən şəxsin intizarını çəkmək, yaxud sadəcə bir uzaqgörənlik də deyildir ki, onun nümu­nəsinin intizarında olaq. Əksinə o real və konkret bir şəxsdir. Onun özü də fəaliyyətlərinin başlanmasının intizarını çəkməkdədir və bizim aramızda öz fiziki bədəni ilə yaşayır, bizi görür, biz də onu görürük. O, bəşəriyyətin dərdləri, əzabları, arzuları fəzasındadır, qəm-qüssələrimizdə bizimlə şərikdir. Əzab çəkənlərin işgəncələrini, yer üzü zülmkarlarının törətdikləri bədbəxtlikləri, zalımların tüğyanlarını uzaqdan-yaxından görür və vədəsi verilən günün gəlib çatmasını gözləməkdədir. O zaman gəlib çatdıqda isə özünün qüdrətli əllərini məhrumlara, zülm altında inləyənlərə, bədbəxt millətlərə tərəf uzadacaq, zalımların kökünü yer üzündən kəsəcək.

 

Əlbəttə, intizarı çəkilən bu rəhbər barədə Allahın məsləhəti onun hələlik özünü aşkar etməməsindədir. O, da başqaları kimi o günün intizarını çəkməkdədir.

 

Aydındır ki, bu təfəkkürün islami xüsusiyyətləri məxluqlarla onlara nicat verəcək intizarı çəkilən rəhbər arasındakı fasiləni azaldır. Bu müştərək ruhi duyğular zülmə məruz qalanlarla onlara nicat verən şəxsin arasında sanki bir körpüyə bənzəyir ki, vüsal duyğusu hicranın uzun körpüsünü qısaldır. Əgər bizdən Mehdinin (ə) hazırda mövcud olan gerçək bir insan kimi təsvir etməyi­mizi və onun bizim kimi yaşamağına etiqadımız, vəd edilən günün intizarını çəkməyimiz barədə bir şey soruşsalar (deməliyik ki,), bu inanc həqiqətdə bizi nəhayətsiz bir düşüncə və bütün sitəmlərin sərhəddinə sövq etdirir ki, Mehdi (ə) onun bir rəmzidir. O, hazırda zülmün kökünü kəsəcək bir rəhbər kimi saxlanmaqdadır. O, hədislərdə qeyd olunduğu kimi, hazırda həmin günün intizarını çəkir və həmin gündə aşkar olacaq. O (Allahdan başqa) heç kəsin fərmanını qəbul etmir. Ona iman gətirmək, həm zülmün kökünün kəsilməsinə iman, həm də onunla eyni təfəkkürdə olmaq deməkdir.

 

Hədislərdə də həzrət Mehdinin (ə) zühurunun intizarını çəkmək, zühurun tezləşməsini istəmək məsələsinə çoxlu təşviq və tövsiyələr edilmiş, mömin­lərin həmişə onun yolunu gözləməsinə təkid olunmuşdur. Bu təşviq zühuru gözləyənlərlə onların rəhbərləri arasında ruhi və mənəvi bir bağlılıqdır. Bu bağlılıq həzrət Mehdini (ə) hazırda var olan bir insan kimi təcəssüm etdirmədən mümkün deyildir.

 

Biz görürük ki, Mehdinin (ə) mövcudluğu o həzrətin intizarını çəkmək fikrinə təzə bir ruh bağışlayır, ona daha artıq yaradıcılıq və qüdrət bəxş edir. Bundan əlavə, zülmün kökünü kəsmək istəyən və intizarı çəkilən rəhbəri özünə həmfikir və həmdərd hesab edən insanda, ona məhrumiyyət nəticəsində çəkdiyi dərdlərin və bəlaların qarşısında bir növ müqavimət, istiqamət və dözüm yaradır.

 

“İmam Mehdi haqqında tədqiqat”

 

Şəhid Məhəmmədbaqir Sədr

 

 

http://sualcavab.ge

 

 


more post like this