(…əvvəli ötən sayımızda)

Yezid ibn Müaviyənin vəliəhdliyi

İbn Əsəm Kufi «Əl-Fütuh»da yazır: «Müaviyənin 55-ci ilədək əməli şəkildə oğlu Yezidin vəliəhdliyi barədə bir iş görməməsinə baxmayaraq, ardıcıl olaraq çalışırdı ki, bu mühüm məsələni münasib bir vaxtda qaydasına qoysun. Odur ki, həmin il Kufə, Bəsrə, Misir, Mədinə və başqa İslam şəhərlərinin böyüklərini Şama çağırdı ki, bu məsələ ilə bağlı onlarla məsləhətləşmə aparsın.
Tarix boyu hökumət başçıları o qədər belə məşvərət məclisləri təşkil etmişlər ki, bu iclasların iş qaydaları və yerinə yetirilməsinin necəliyi qabaqcadan məlum idi. Bu da bütün digərləri kimi idi, belə ki, çağırılanlar paytaxta toplandıqdan sonra Müaviyə Şamın darğası (bütün ölkə şəhərlərinin başçısı) Zöhhak ibn Qeysə buyurdu: «Elə ki, iclas rəsmiləşdi, hər dəfə mən susanda məni söhbətə çəkib Yezidin vəliəhdliyi məsələsini ortaya at». O da cavab verdi: «Eşidib itaət edirəm».
İclas rəsmiləşdi. Müaviyə öncə bir həmd-səna deyib Rəsuləllaha (s) salam göndərdi.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الأمْرِ مِنْكُمْ

(«Nisa» surəsi, ayə 59) ayəsinin mahiyyəti barədə bir neçə mərhəmətli söz buyurdu! Sonra Yezidin söhbətini araya gətirib, onun fəzilət, şücaət, elm, mərdlik və səxavətindən bir neçə kəlmə xatırlatdı.
Zöhhak gecikmədən qalxıb dedi: «Ya Əmirəl-möminin! İndi ki, söhbət bizim hamımızın sərvətindən düşdü, icazə verin, bir kəlmə də mən deyim. Əgər qulaqlara qurğuşun, bir gün sizin üçün… rəiyyətə bir vali olması labüddür. Bu gün Yezid, əsil-nəcabətdə, uzaqgörənlikdə, igidlikdə, səxavətdə, elm və şücaətdə hamıdan üstündür. Onu özünüzə vəliəhd edin və beləliklə də islahatçılar asudə, fəsad əhli isə narahat olsunlar. Muhəmməd ümmətinin boynuna bir minnət olsun ki, sizin sayənizdə rəhbərsiz qalmasınlar».
Ondan sonra Səd ibn As ayağa durub dedi: «Ya Əmirəl-möminin! Yezid doğrudan da sənin üçün məmləkəti idarə etməkdə və hakimiyyət işlərini yoluna qoymaqda xələf olacaq bir övladdır». Müaviyə dedi: «Afərin, doğru deyirsən».
Sonra Yezid ibn Müqnə Əl-Kindi qalxıb dedi: «Ya Əmirəl-möminin! Bu, ümmətin vəliəhdi (Yezidə işarə etdi) və əgər kimsə razı olmasa, budur (qılınca işarə etdi)». Nəhayət, Huseyn ibn Nümeyr qalxıb dedi: «Ya Əmirəl-möminin! Vallah, əgər sən Yezidi vəliəhd etməmiş dünyadan getsən, Muhəmməd ümmətini məhv etmiş olarsan!»
Yazıq Muhəmməd (s) ümməti, onun gələcəyi ilə bağlı vəzifələr Müaviyənin yaşıl sarayında təntənəli şəkildə «Əhsən» deyənlər tərəfindən məlum oldu və Yezid ibn Müaviyəyə beyətlə iclas öz işini başa vurdu. Ertəsi gün bütün ətrafa xəbər göndərildi ki, yerlərdə Yezidin vəliəhdliyi üçün camaatdan beyət alınsın. Həmişə olduğu kimi, Mədinədən başqa bütün şəhərlərdən təbriklər Şama tərəf axdı. Mədinənin valisi Mərvan ibn Həkəm idi. O, Şama məktub yazıb beyət olunmadığını bildirdi. Müaviyə Mərvanın məktubunu cavabsız qoyaraq qərara aldı ki, münasib bir vaxtda həcc ziyarəti məqsədilə gedib Mədinənin məsələsini də həll etsin.
Müaviyə yola düşməyi qərara almazdan qabaq, Huseyn ibn Əli (ə), Abdullah ibn Abbas, Abdullah ibn Zübeyr və Abdullah ibn Cəfərə məktub yazaraq, onları Yezidə beyət etməyə dəvət etdi. O, imam Huseynə (ə) göndərdiyi məktubda yazmışdı:
«Səndən mənə əsla güman etmədiyim sözlər çatır. Mən səni belə bilməzdim. Vəfadarlığa hamıdan çox layiq olan o adamdır ki, mövqe, şərəf və məqamda sənin həddində olsun. Ayrılığa çalışma, Allahdan qorx, bu ümməti fitnəyə salma… Özünü, dinini və Muhəmməd ümmətini fikirləş. Ehtiyatlı ol ki, əqidə əhli olmayanlar səni qiyama təhrik etməsinlər!»
«Sülhül-Həsən» kitabının müəllifi Müaviyənin bu məktubunun cavabını ibn Qüteybə Deynurinin «Əl-İmamə və əl-Siyasə» kitabından nəql etmişdir. Eləcə də Seyid Möhsin Əmin Amili «Əyanul-şiə» kitabında azacıq fərqlə eynilə nəql edərək əlavə etmişdir: Kəşşi də «Ər-rical» kitabında onu həmin formada qeyd etmişdir. Cavab budur:
«Sənin «Səndən mənə əsla güman etmədiyim sözlər çatır» məzmununda olan məktubun mənə çatdı. Əsla Allahın hidayəti və köməyi olmadan yaxşı işə yol tapmaq olmaz. Amma yazdığın «məndən sənə xəbərlər çatmışdır» sözünə gəldikdə, şübhəsiz ki, onu sənə söz gəzdirənlər və qızışdırıcılar xəbər vermişlər. Bu dindən çıxmış azğınlar yalan deyirlər. Mən səninlə düşmənçilik etmirəm və müharibəyə qalxmamışam. Bu işi tərk etdiyimə görə, səninlə və şeytanın dostları olan sənin zalım və xilafkar tərəfdarlarınla müxalifətə girişməmişəm. Allahdan qorxuram. Məgər Hücr ibn Üdəyy və onun səhabələrinin qatili sən deyilsənmi? O abid adamları və insanları xeyirxah işlər görməyə, pis əməllərdən qorumağa çalışan adamları sən öldürmədinmi? Halbuki, onlarla müqavilə, əhd-peyman bağlamışdın. Amma düşmənçilik və zalımlıqla onları öldürdün. Allaha cürət edib onun əhd-peymanını yüngül hesab etdin. Məgər Allaha ibadətdən cismi qurumuş və dərisi soyulmuş o əzəmətli kişinin – Əmr ibn Həməqin qatili sən deyildinmi? Halbuki, onunla elə əhd-peyman bağlamışdın ki, əgər belə möhkəm əhd-peyman ceyranlarla bağlansaydı, dağlardan enərdilər. Məgər sən deyilmisən ki, İslam əhdində Ziyadı özünə aid edərək onu Əbu Süfyanın oğlu etdin? Halbuki, Rəsuləllah (s) hökm etmişdir ki, «Övlad yataqda olanındır, zinakara isə daşdan başqa bir şey düşmür». Sonra da müsəlmanları öldürmək, onların əl-ayağını kəsmək və onları xurma ağacının budaqlarından asmaq üçün onu onların üstünə saldın. Subhənəllah! Müaviyə, sanki sən bu ümmətdən deyilsən və bu ümmət səndən deyildir!
Məgər sən Həzrəminin qatili deyilsənmi? Ziyad onun barəsində sənə yazmışdı ki, o, Əlinin dinindədir. Əlinin dini elə həmin əmisi oğlu Muhəmmədin (s) dinidir ki, sən indi onun kürsüsündə oturmusan. Əgər bu din olmasaydı, indi sənin və atanın iftixar etməyi üçün iki səfərin əziyyəti var idi, qış və yay səfərləri ki, Allah-Taala bu dinin vasitəsilə sizə minnət qoyaraq o əziyyəti sizdən götürdü.
Yazdığın məktubda deyirsən ki, «bu ümməti fitnəyə salma!» Mən bu ümmət üçün sənin hakimiyyətindən böyük fitnə tanımıram. Yenə də deyirsən ki, «özünün və Muhəmməd ümmətinin dininin qeydinə qal…» Allaha and olsun, mən səninlə döyüşmək və cihad etməkdən böyük bir məsləhət tanımıram. Əgər buna əl atsam, Allaha yaxınlaşmağına səbəb olacaqdır, yox əgər əl atmasam, öz günahımın Allah dərgahında bağışlanmasını istəyir və Ondan arzu edirəm ki, məni Onun istədiyi və bəyəndiyi kimi əməl etməyə müvəffəq etsin.
Yenə də deyirsən: «Mənimlə nə qədər düşmənçilik etsən, düşmənçilik edəcəyəm…» Nə qədər bacarırsansa, düşmənçilik et. Onsuz da yaxşılar və ləyaqətli adamlar həmişə sənin düşmənçiliyinlə üzbəüz olmuşlar. Ümidvaram ki, özündən başqa heç kəsə ziyan vurmayacaq, öz əməlinlə başqa heç bir əməli batil etməyəcəksən, nə qədər bacarırsansa, düşmənçilik et.
Allahdan qorx, ey Müaviyə! Bil ki, Allahın bir kitabı vardır ki, orada böyüklü-kiçikli bütün işlər yazılmışdır. Və bil ki, Allah sənin bu işini unutmayacaq ki, günahsız adamlara böhtan atır və içki içib, itlə oynayan oğlunu (Yezidi) hakimiyyətə gətirirsən!
Özünü bədbəxtliyə düçar etmiş, dinini əldən vermiş və rəiyyəti məhv etmisən. Vəssalam».

Müaviyənin Mədinəyə gəlişi

Həzrət Əli Abdullah Huseynin (ə) məktubu Müaviyə üçün gözlənilməz oldu. O, elə zənn edirdi ki, «Camaat ili»ndən sonra yaratdığı qorxunc ab-hava dəyirman sularını sakitləşdirmişdir. Ona görə də, bu məktub onu yenidən oynatdı, yuxusu qaçdı və dərhal qərara aldı ki, Mədinəyə tərəf yola düşsün. Digər tərəfdən də, Müaviyə özü girişməsə, Zəhra (s) balasının qəlblərdə olan mənəvi nüfuzu onun zülm ruhiyyəsini Mədinənin digər soyuqqanlılarına da sirayət edəcəkdir.
Şeyx Razi Əlyasin «Sülhül-Həsən» kitabında və «Əyanul-şiə» kitabının müəllifi adıçəkilən kitabında Müaviyə ibn «Əl-İmamə və əs-Siyasə» kitabından nəql etmişlər. O, yazır: «Müaviyə xeyli sayda Şamlı ilə (ibn Əsir onların sayını min süvari göstərmişdir) Mədinəyə gəldi.
O, ertəsi gün iclas keçirtdi və katibləri elə oturtdu ki, verdiyi hər bir fərmanı eşitsinlər. Hacibə əmr etdi ki, heç kəsə içəri gəlmək icazəsi verməsin. Sonra bir nəfəri Huseyn ibn Əli və Abdullah ibn Abbasın ardınca göndərdi. İbn Abbas daha tez gəldi. Müaviyə onu sol tərəfində oturtdu və Huseyn gələnədək onu söhbətə tutdu. Huseyn daxil olduqda Müaviyə onu sağ tərəfində oturtdu. O, imam Həsənin balalarının halını, yaşlarını soruşdu və Huseyn onun cavabını verdi.
Sonra Müaviyə bir xütbə söylədi. Öncə Allah və Peyğəmbərinə həmd-səna etdi. Sonra ilk iki xəlifəni və Osmanı xatırladı. Sonra da Yezid barədə danışdı və onun beyəti vasitəsilə ictimai pərakəndəliyin qarşısını almağa çalışdığını vurğuladı. Onun Quran və sünnəsi yaxşı bildiyini dedi, helmindən söz açdı və onların yaşda böyük olmalarına və Peyğəmbərlə (s) daha yaxın olmalarına baxmayaraq, siyasətdə onlardan üstün olması barədə danışdı. Sonra da Rəsuləllahın (s) «Zatüs-səlasil» müharibəsi zamanı Əmr Ası Əbu Bəkr, Ömər və böyük səhabələrə əmir təyin etdiyini deyib, onlardan onun sözünə cavab vermələrini xahiş etdi».
İbn Qüteybə yazır: «İbn Abbas söz deməyə hazırlaşırdı ki, Huseyn (ə) ona dedi: «Tələsmə! O, məni nəzərdə tutur». (Çünki əvvəla, hamı bilirdi ki, bu barədə Rəsuləllahın (s) açıq-aşkar hədisi vardır. İkincisi, sülh müqaviləsində deyirdi ki, Müaviyənin özündən sonra canişin təyin etmək haqqı yoxdur. Ondan sonra xəlifə Həsən ibn Əlidir (ə) və əgər onun başına bir iş gələrsə, Huseyn ibn Əli (ə) müsəlmanların xəlifəsidir).
Huseyn (ə) ayağa durub öncə Allaha sitayiş edib, Peyğəmbərə (s) salam göndərdi. Sonra buyurdu:
«Rəsuləllahın (s) keyfiyyətlərindən söz açan nə qədər qüvvətli sözlər desə də, onun fəzilətlərinin yalnız çox az bir hissəsini deyə bilər. Mən sənin Peyğəmbərdən (s) sonrakı canişin barəsindəki cəfəngiyatından anladım ki, söz tapa bilmirsən və sözü beyət məsələsinə gətirmək üçün çabalayırsan. Heyhat, ey Müaviyə, sübhün açılması gecənin qaranlığını rüsvay etmiş, günəş çıraqların işığını məhv etmişdir. Sən bu sözlərində elə adamları təriflədin ki, ifrata vardın, mənsəbi elə kəslərə məxsus etdin ki, həddini aşdın, haqqı sahibindən alıb, ona paxıllıq etdin, zülm və təcavüzə yol verdin, haqqı olanın payını və nəsibini özünə vermədin, nəhayət, şeytan bu işdən mükəmməl şəkildə bəhrələndi.
Yezid və onun kamalı, Muhəmməd (s) ümməti ilə bağlı onun siyasəti barədə dediklərindən başa düşdüm ki, bu sözlərlə xalqı aldatmaq istəyirsən. Guya tanış olmayan adam barədə danışır, ya gizlin bir şeyi vəsf edirsən. Ya da elə bir şeydən xəbər verirsən ki, səndən başqa o barədə məlumat alan yoxdur. Yezid özü barədə məlumat vermişdir! Yaxşısı budur ki, onun özünün dalınca düşdüyü əməllərindən danışasan, ov itlərini döyüşdürməyindən, göyərçin uçurtmağından, onun xanəndə və ifaçı kənizlər kolleksiyasından və digər işrətlərindən söz açasan… Onda düz söz demiş olarsan…
Fikirlərindən əl çək! Sənə Allah dərgahına bundan artıq günahları aparmaq məsləhət deyildir.

Müaviyənin ölümü

Ürəyim istəyir ki, iki imamın – imam Həsən (ə) və İmam Huseynin (ə) gövhər kimi sözlərini oxucu ilə birlikdə yenidən oxuyaq. İmam Müctəba (ə) Kufədə Kufə və Şam əhalisinin izdihamı qarşısında Müaviyəyə xitab edərək dedi: «Ey Əlinin adını tutan adam, mən Həsənəm, atam Əlidir. Sən Müaviyəsən, atan Səxrdir. Mənim anam Fatimə, səninki isə Hinddir. Mənim babam Peyğəmbərdir (s), sənin baban isə Ütbədir. Mənim nənəm Xədicədir, sənin nənən isə Fətilədir. Allah biz iki nəfərdən birinə – ad-sanı daha alçaq, əsil-nəsəbi daha xəcalətli, keçmişi daha pis, küfr və nifaqlı keçmiş şəxsə lənət etsin».
Həmçinin, imam Huseynin (ə) Müaviyənin məktubuna cavab yazarkən işlətdiyi bu cümlə ilə ona belə xəbərdarlıq etdi: «Sən deyirsən ki, hər iki mətləb bir həqiqətdən danışır: «Mən bu ümmət üçün sənin hakimiyyətindən daha böyük bir fitnə tanımıram… Allaha and olsun, mən heç bir məsləhəti səninlə müharibə və cihad etməkdən üstün hesab etmirəm… Bil ki, Allah sənin bu işini unutmayacaq, sən günahsızlardan şübhələnir, onlara böhtan atırsan və əyyaş, itoynadan oğulcığazını isə hakimiyyətə gətirirsən».
Hər iki Həzrətin (ə) sözünün canı bu idi ki, onun (Müaviyənin) xəcalətli əsil-nəsəbini ona xatırlatsınlar. Yəni, sənin əsil-nəsəbin baxımından keçmişin elə idi, mənsəb və məqam baxımından belə. Buna əsasən hər kim o məlum keçmişindən azca vaxt keçdikdən sonra gəlib yaşıl sarayda otursa, dini hökumət ruhiyyəli bir adam ola bilməz.
Sonrakı mühüm məqam budur ki, həmin iki bəyanat arasında təxminən 18 il zaman fasiləsi var idi. Belə ki, imam Müctəbanın (ə) buyurduqları 41-ci ilin ortalarında deyilmiş, imam Huseynin (ə) məktubu isə Müaviyənin ömrünün sonlarında, yəni 58-ci h.q. ilinə yaxın bir vaxtda yazılmışdır. Hər iki məsumun buyurduqları bunu göstərir ki, Müaviyə bu 18 ildə müsəlmanlara İslam adı ilə hakimlik etməsinə baxmayaraq, əqidəsində azacıq dəyişiklik belə etməmiş və etməməli idi də.
Eləcə də «İmam Həsən islahatçı idi, imam Huseyn isə davakar» – deyən dardüşüncəli adamlara bir cavabdır. Çünki bu zaman fasiləsi (Tarix bizə deyir ki, imam Müctəba (ə) məşhur fikrə əsasən, hicrətin 50-ci ilinin səfər ayının 28-də şəhid olmuşdur) bir çox digər məsələlərə də aydınlıq gətirir:
1. İmam Həsən (ə) öz imamət dövrünün əvvəllərində qiyam etdi, sonra isə dayandı. İmam Huseyn (ə) isə öz imamət dövrünün əvvəlində uzun-uzadı sükut edib, sonra qiyam etdi və bu da onun şəhadəti ilə nəticələndi. Hər iki İmam (ə) təxminən öz imamət dövrünün on ilini Müaviyə ilə müasir olmuşlar.
2. Hər şeydən əhəmiyyətlisi budur ki, bu iki İmamın (ə) arasında yaş fərqi bir ildən də azdır. Çünki imam Həsən (ə) hicrətin ikinci, ya üçüncü ilinin ramazan ayının ortalarında, imam Huseyn (ə) isə hicrətin üçüncü, ya da dördüncü ilinin şəban ayının 3-də doğulmuşlar. Hər ikisi beş Ali Əbadan biri, cənnət cavanlarının ağası, Əli Mürtəzanın (ə) və Fatimə Zəhranın (s) balalarıdır. İtaəti vacib olan məsum İmamlardır (ə) və ümumiyyətlə, həyatın bütün maddi və mənəvi işlərində bərabər imtiyaza malikdirlər. Bu müddəa müqəddəs peyğəmbərlikdən gələn aydın ifadələrlə öz yerində sübut olunmuşdur. Biz də öz iddiamızı sübuta yetirmək üçün yüzlərlə hədisin arasından birini deməklə kifayətlənirik:
Böyük Əllamə Əmini (r) «Fatimeyi Zəhra» kitabında «Bağdadın tarixi», Xarəzminin «Mənaqib», «Kifayətül-mətalib», «Dəməşq şəhərinin tarixi», ibn Əsakirin «Tarix»indən nəql edərək ibn Abbasdan belə rəvayət edir ki, Peyğəmbər (s) buyurdu:

لیلةعرج بی الی السمائة رایت علی باب الجنة مکتوباً: لا اله لا الله،محمد رسول الله،علی حبیب الله،الحسن وحسین صفوة الله فاطمة خیرة الله،علی مبغضیهم لعنة الله

«Göyə merac etdiyim gecə cənnətin qapısına bu kəlmələrin yazıldığını gördüm. Tək Allahdan başqa Allah yoxdur, Muhəmməd (s) Allahın peyğəmbəridir, Əli Allahın sevimlisidir, Fatimə, Həsən və Huseyn Allahın seçdikləridir. Onlara kin bəsləyib düşmənçilik Allahın lənəti edənlərə olsun».
3. Nə imam Həsən (ə) qorxaq idi, nə də imam Huseyn qorxmaz idi. Lakin onların dövrləri elə idi ki, Həsənin (ə) düşməni çoxbilmiş, Huseynin (ə) düşməni isə küt və axmaq idi. Təqdir də belə idi: İmam Huseynin (ə) düşdüyü vəziyyətdə şəhadət piyaləsi içilməli, imam Həsənin (ə) düşdüyü vəziyyətdə isə sülh vasitəsi ilə həyat mənbəyi qorunmalı idi. Bu iki mahiranə plan Bəni-Üməyyənin İslamın kökünü kəsmək niyyətini aşkara çıxardı və İslam məktəbinin dünyanın sonunadək əbədi saxlanılmasını təmin etdi.
Müaviyə Həsənlə (ə) sülhdən sonra İslamı və Muhəmmədin (s) adını aradan qaldırmaqla qarşıda xoş günlərinin başlanacağını təsəvvür etməsinə və zahirən Müaviyənin Mavərənnəhrdən Nilin mənsəbinədək olan böyük bir ərazidə hakimiyyətdə olmasına baxmayaraq, bu iki alicənabın varlığı onun həyatını elə zəhərləyirdi ki, «Əl-Fütuh»un müəllifinin birdirdiyinə əsasən, o, ölüm yatağında da davamlı olaraq deyirdi: «Mənimlə sənin məsələn uzun çəkəcəkdir, ey Hücr, mənim səninlə nə işim vardı, ey Əmr ibn Həməq, nə üçün sənə müxalifətçilik etdim, ey Əbu Talibin oğlu?»
(ardı var…)
(Seyid Kazım Pərpənçinin «Qədir günündən Aşurayadək» kitabından istifadə olunmuşdur)

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this