(…əvvəli ötən sayımızda)

İslam Bəni Üməyyə dövründə

Qeyd etdiyimiz saxta hədislərdən məlum oldu ki, Şamda valilik kürsüsünə oturduğu ilk gündən etibarən, Müaviyə ibn Əbu Süfyanın məqsədi islamı məhvə aparmaq idi. O, ikinci xəlifə zamanından tam səylə çalışırdı ki, xəlifədən sonra xilafət kürsüsünə oturan heç bir kəs onunla bacara bilməsin. Üçüncü xəlifədən sonra isə yüz minlərlə insanın qanı bahasına olsa da, dini və qanuni hökumətin qarşısında dayandı. Nəhayət, sülh müqaviləsinin imzalanmasından sonra ibn Əbil Hədidin 203-cü xütbənin şərhində Əbulhəsən Əli ibn Muhəmməd ibn Əbi Yusif Mədainin «əl-Əhdan» kitabından nəql etdiyinə əsasən, Müaviyə bütün məmləkətdə olan işçilərinə yazdı: «Əli və Əhli-beyt şiələrindən heç bir kəsi qəbul etməyin və Osmanın dostları, havadarları, onun fəzilətlərini nəql edənləri əzizləyərək özünüzə yaxınlaşdırıb, onları özünüzə yaxın yerdə oturdun. Onlardan hər birinin rəvayət etdiyini öz adı, atasının və tayfasının adı ilə birlikdə mənə yazın». Onlar belə də etdilər. Müaviyə onlara pul, paltar, mükafat və torpaq verdiyinə görə Osmanın fəzilətlərini saymaqda ağını çıxartdılar. Bu rəvayətlər ərəb və ətraf yerlərə yayıldı. Var-dövlət əldə etmək üçün bu məsələ hər yerdə adət oldu. Belə ki, hər bir alçaq və azğın adam Osmanın fəziləti ilə bağlı bir rəvayət nəql edərək, onu işçilərdən birinin yanına aparırdısa, adını divana yazır, onu özünə yaxın edir və şəhadətini qəbul edirdilər. Bu, uzun müddət davam etdi. Sonra Müaviyə öz işçilərinə yazdı: «Osman barədə hədis çox oldu. İndi bu məktub sizə çatan kimi xalqı səhabələr və əvvəlki xəlifələr barədə hədislər düzəltməyə dəvət edin. Həmçinin, müsəlmanların Əli barədə nəql etdiyi xəbərləri buraxmayıb, onun kimisini səhabələr üçün saxtalaşdırıb mənim yanıma göndərin. Bu iş mənim çox xoşuma gəlir və gözlərimin işıqlanmasına səbəb olur».
Axı niyə? Nə üçün Müaviyə, başda Əli (ə) olmaqla, Bəni-Haşimin əzilməsinə təkid edirdi? Nə üçün deyirdi ki, Osman və ondan əvvəlki iki xəlifə barədə saxta hədislər düzəldin? Müaviyə bu üç xəlifənin tərifini hətta o həddə çatdırdı ki, Peyğəmbərin (s) dilindən də yalanlar uydurmağa başladılar. Görəsən, o, Həzrətin (s) dilindən yalan danışmağın labüdlüyünü təhqiq etmişdimi? Müaviyə, bir müsəlman kimi, hökumətin nizama düşməsinin əsasını Əli (ə) və onun övladlarının əzilməsində görürdümü? Əsla, belə deyildi.
Əgər təsəvvür olunsa ki, Müaviyənin Əli (ə) ilə problemi yalnız hakimiyyət üstündə idi və buna görə də ona böhtanlar deyirdi, bu səhvdir. Çünki əgər Müaviyənin problemi yalnız hakimiyyət məsələsi olsaydı, onda onunla imam Müctəba (s) arasında olan sülh müqaviləsinə əsasən, İmam (ə) hakimiyyəti ona həvalə etdi və müqavilənin şərtlərindən biri də bu idi ki, Əliyə (ə) nalayiq sözlər deməkdən çəkinsin. İndi diqqət olunmalıdır ki, əgər həqiqətən Müaviyənin bu söyüş və lənətlərdə məqsədi hakimiyyətə gəlmək idisə, bu problem artıq həll olunmuşdu. Lakin gördüyümüz kimi, hakimiyyəti ələ aldıqdan sonra da qarşıdurma məsələsi əvvəldən başladı, lənətlər və nalayiq sözlər daha da kütləviləşdi və yavaş-yavaş cümə namazının xütbələrinə sirayət etdi, doğrudan da, axı niyə?
Bu da doğrudur ki, Müaviyənin proqramı fürsət axtaranlar üçün gəlir mənbəyinə çevrilmişdi. Onlar bu yolla hökumət aparatına yaxınlaşır və hansısa bir mənsəbi əldə edirdilər.
Cənab Müaviyə də bu saxta hədislərlə bacardığı qədər əvvəlki üç xəlifəni (onun yolunun təmizləyiciləri olduqlarına görə) tərifləyir, Əli (ə) və onun övladlarını isə onunla siyasi və dini rəqib olduqlarına görə vurub əzişdirirdi. Həqiqətdə Müaviyə ibn Əbu Süfyan bilərəkdən İslamın mənafeyini öz hakimiyyətinin inzibati mənafeyinə qurban verirdi. Lakin diqqət olunmalıdır ki, məsələ bir o qədər də sadə deyildir və faciənin özəyi başqa yerdə axtarılmalıdır.
Bu da aydındır ki, Peyğəmbər (s) hədisləri həm şiə, həm də Əhli-sünnə tərəfindən toplanmışdır. Şiə üslubu ilə toplanan hədislər «Kütubi Ərbəə» adı ilə məşhur olan dörd kitabda cəmlənmişdir. Bu dörd kitab aşağıdakılardır: Əbu Cəfər Muhəmməd ibn Yəqub Kuleyni Razinin (328-ci hicri-qəməri ilində vəfat etmişdir) «Üsuli-Kafi», Muhəmməd ibn Əli ibn Babəvehy Quminin «Mən la yəhzuruhul fəqih», Əbu Cəfər Muhəmməd ibn Həsən Tusinin (460-cı h.q. ilində vəfat etmişdir) «Təhzibul-ehkam» və «İstibsar» adlı kitabları. Eləcə də bu hədislər Əhli-sünnə qardaşlarımız tərəfindən «Sihahi sittə» adı ilə məşhur olan altı kitabda toplanmışdır. Bunlar Buxarinin «Səhih», Müslümün «Səhih», ibn Macə Qəzvininin «Sünən», Əbi Davud Sicistaninin «Sünən», Tirmizinin «Sünən» və Nəsainin «Sünən» kitablarıdır.
«Sihahi sittə»dən birini yazan Əbu Abdullah Muhəmməd ibn İsmayıl ibn İbrahim ibn Müğeyrə Buxaridir. O, h.q. ilinin 194-cü ilində Buxara şəhərində anadan olmuş, 256-cı ildə vəfat etmişdir. Əllamə Əmininin yazdığı «Fatimeyi Zəhra (s)» kitabının Muhəmməd Əmini Nəcəfinin yazdığı şərhdə deyilir: «O, məşhur «Səhih» kitabının müəllifidir. Onun doğrudanışan olmasına və təriflənməsinə dair məlumatlara bir çox rical və tarix mənbələrində də rast gəlmək olar».
Buxarinin tərifində Əhməd ibn Əli ibn Həcər Əsqəlani (852 h.q. vəfat etmişdir) «Fəthul-Bari» kitabının birinci cildində yazır: «O, hədisləri toplayarkən hər bir hədisi bir dəfə qüsl edib, iki rəkət namaz qıldıqdan sonra yazırdı».
Həmçinin, Şəhid Mütəhhəri «Qarşılıqlı xidmətlər» kitabında yazır: «Buxari bu kitabı on altı il müddətində yazmışdır. İbn Xəlleqaninin «Vəfyatul-əyan» kitabındakı nəqlinə əsasən, Buxari demişdir: «Heç bir hədisi qüsl edib, iki rəkət namaz qılmadan kitaba daxil etməmişəm».
Ehtiyatlı olan bu möhtərəm cənab öz «Səhih»inin birinci cildində yazır: «Mən 1080 nəfərin xahişindən sonra yazmağa başladım». Onun topladığı hədislərin sayı 600 mindən artıq olduğuna görə, öncə səhih hədisləri saxtalardan ayırmağa başlayır. Nəhayət, o, 7257 hədisi səhih hədislər kimi seçməyə nail olur. O, bunları nə zaman etmişdir? 256-cı h.q. ilindən əvvəlki illərdə, yəni təxminən Müaviyənin ölümündən 200 il sonra yazmışdır.
Qeyd etdiyimiz «Faciə bu sadəlikdə deyildir, faciənin dərinliyi başqa yerdə axtarılmalıdır» fikrində məqsədimiz budur ki, Müaviyə boş yerə pul xərcləmirdi. Onun bu işdə məqsədi İslamın yeni qurulmuş bünövrəsini laxlatmaq idi. Bir sözlə, o, istəyirdi ki, Muhəmmədin (s) dininin kökünü kəssin. Amma onu birbaşa etmək imkanı yox idi. Deməli, dünən imam Müctəbaya (ə) «müzillül möminin» (möminləri düz yoldan azdıran, zəlil edən) deyənlər bu gün cəsarət edib «İmam Müctəba (ə) islahatçı idi» yazırlar. Onlar bir mühüm məsələdən xəbərsiz idilər ki, onlar «tükü» görürdülər və görürlər, İmam (ə) isə həmin tükün dolaşdığını da görür.
Bəli, əgər Həzrət (ə) öz ətrafındakıların bir neçə yerə bölünməsi ilə üzbəüz olmasaydı, Bəni-Üməyyə küfrünün əsasını hələ rüşeym ikən boğardı. Lakin o, qarşıya çıxan problemlərə görə çarəsiz qalıb islamın əsasını qorumaq üçün məcburi sülhü qəbul etsin. Bununla da, Peyğəmbərin (s) şəhərində onun mirasının varisi kimi, İslamın və Quranın həmişəlik məhvinin qarşısını aldı.

Müaviyə ibn Əbu Süfyanın cinayətləri

İbn Əbil Hədid «Nəhcül-bəlağə»nin 44-cü məktubunun şərhində nəql edir ki, Həsən Bəsri demişdir: «Müaviyədə üç iş görmüşdü ki, onlardan birini belə etmiş olsaydı, ona kifayət idi. Biri budur ki, nakəslərlə birlikdə bu ümmətə qarşı qiyam edib, hakimiyyəti zorla öz əlinə aldı. İkincisi, Ziyadı, Peyğəmbərin (s) «Övlad yataqda olanındır, zinakarı isə daşqalaq etmək lazımdır» sözünün əksinə olaraq, özünə birləşdirdi. Üçüncüsü, Hücr ibn Üdəyyi öldürdü. Hücrü və onun tərəfdarlarını öldürdüyünə görə vay olsun ona».
Məgər Müaviyə ibn Əbu Süfyanın cinayətləri bu üç məsələ ilə tamamlanırdımı? O, imam Müctəba (ə) ilə sülh müqaviləsindən sonra İslamın müxtəlif şəhərlərində elə bir qorxu və vəhşət yaratmışdır ki, tarixdəki bütün cinayətkarların üzünü ağartmışdır. Nümunə olaraq, İbn Əbil Hədid 203-cü xütbənin şərhində Əbulhəsən Əli ibn Muhəmməd ibn Əbi Yusif Mədaininin «Əl-ehdas» kitabından nəql edərək yazır: Müaviyə imam Müctəba (ə) ilə sülh müqaviləsi imzalandıqdan iki il sonra öz bütün işçilərinə belə bir xəbər göndərdi: «Əbu Turab və onun Əhli-beytinin fəzilətlərini söyləyən hər bir kəsin amanda olması artıq boynumdan götürülmüşdür… (Bu çox müfəssəl bir tapşırıqdır və onun sonunda deyilir). Baxın, kimin Əli və onun Əhli-beytinin dostu olması dəlillərlə sübuta yetsə, onun adını divandan silsin, onun illik təyin olunmuş payını və bəxşişini kəsin… Bu qövmü sevməkdə şübhələndiyinə hər bir kəsə işgəncə verib, evini viran edin».
Belə vəhşi tapşırıqlardan sonra bütün İslam şəhərlərindəki, xüsusilə, Kufədəki Əhli-beyt dostlarının həyatı dözülməz oldu. Başda Hücr ibn Üdəyy və dostları, Əmr ibn Əl-Həməq Xüzai və həmfikirləri, Abdullah ibn Yəhya və tərəfdarları, Rəşid Həcəri, Cəriyyə ibn Müsəhhər Əbdi, Ovfi ibn Hüsseyn və şiə fikir xəttinin yolunda canlarını belə əsirgəməyən başqaları, o cümlədən Abdullah ibn Haşim Mirqal, Üdəyy ibn Hatəm Tai, Səmsəmə ibn Suhan Əbdi, Abdullah ibn Xəlifə Tai, Süleyman ibn Sürəd Xüzai, Abdullah ibn Cəfər Təyyar, Kumeyl ibn Ziyad Nəxəi, Həbib ibn Məzahir Əsədi, Müseyyib ibn Nəcbə Fəzzari, Abdullah ibn Abbas, Meysəm Təmmar və yüzlərlə digər pak müsəlmanlar bütün həyatları boyu Müaviyənin əlindən rahatlıq tapmadılar. Onların gözlərinə yuxu getmir və Müaviyənin, onun işçilərinin, casuslarının əlindən amanda deyildilər.
«Sülhül-Həsən» kitabının müəllifi Əbulhəsən Mədainidən (225-ci h.q. ilində vəfat etmişdir) və Səlim ibn Qeysdən (70-ci h.q. ilində vəfat etmişdir) çox şirin bir müsahibəni nəql edir. O, rəvayət nəql etməmişdən qabaq yazır: «Səlim ibn Qeys Müaviyənin zamanında yaşamış və ondan on il sonra vəfat etmişdir. O, özü o keşməkeşli hadisələrin şahidlərindən biri olmuşdur. Göz şahidindən də yaxşı bir şahid varmı? Odur ki, bu barədə onun sözləri daha üstündür. O, yazır:
«Müaviyə öz xilafəti zamanında, yəni Əmirəl-mömininini öldürdükdən və Həsənlə sülhdən sonra həccə getdi. Mədinə əhalisi, o cümlədən Ənsarın böyüklərindən olan Qeys ibn Səd onu qarşılamağa getdilər. Müaviyə ilə Qeys arasında bir çox söhbətlər oldu. Nəhayət, gəlib xilafət məsələsinə çatdılar. Qeys dedi: «And içirəm ki, Əli və onun övladları olan yerdə heç bir Ənsar, Qüreyş, ərəb və əcəmdən olan şəxsin xilafətdə oturmağa haqqı yoxdur». Müaviyə qəzəbləndi və bütün işçilərinə yazdı: «Bilin! Əli və övladlarının fəziləti barədə hədis nəql edən şəxsdən aman götürüldü».
Həmin səfər zamanı Müaviyə Qüreyşdən olan bir dəstənin yanından keçirdi. Onu gördükdə Abdullah ibn Abbasdan başqa hamı ayağa qalxdı. Müaviyə dedi:
– Ey Abbasın oğlu! Sənin dostların kimi ayağa qalxmamağına Siffeyn müharibəsinin kinindən başqa heç bir şey mane olmadı. Ey Abbasın oğlu, doğrudan da əmim oğlu Osman zülmlə öldürüldü.
İbn Abbas dedi:
– Ömər ibn Xəttab da zülmlə öldürüldü. Onda hakimiyyəti onun varislərinə ver. Bu, onun oğludur (Abdullah ibn Ömərə işarə etdi).
Müaviyə dedi:
– Öməri bir kafir öldürdü.
İbn Abbas dedi:
– Bəs Osmanı kim öldürdü?
Dedi:
– Müsəlmanlar.
Dedi:
– Bu, sənin höccətini batil etmək üçün daha yaxşıdır. Əgər onu müsəlmanlar öldürmüşlərsə, deməli, yerində öldürmüşlər.
Müaviyə sözü dəyişib dedi:
– Biz bütün yerlərə yazmışıq ki, heç bir kəs Əli və övladlarının fəzilətlərini danışmasın. Dilini saxla, ibn Abbas!
İbn Abbas dedi:
– Deməli, Quran oxumağı bizə yasaq edirsən?
Dedi:
– Xeyr.
Dedi:
– Onda bizi Quranın şərhindən saxlayırsan?
Dedi:
– Bəli.
Dedi:
– Onda Quranı oxuyub, Allahın məqsədinin nə olduğunu soruşmayaq?
Dedi:
– Bəli.
Dedi:
– Quranı oxumaq daha vacibdir, ya ona əməl etmək?
Müaviyə dedi:
– Əməl etmək daha vacibdir.
İbn Abbas dedi:
– Allahın məqsədini ayələrdən başa düşməmiş ona necə əməl edək?
Müaviyə dedi:
– Quranın mənasını elə bir adamdan soruş ki, sən və sənin ailənin üslubu və təfsiri olmasın.
Dedi:
– Quran mənim ailəmə nazil olmuşdur. Deyirsən ki, onun təfsirini Əbu Süfyan və Əbu Müit övladlarından soruşum?
Müaviyə dedi:
– Quranı oxuyun, amma Allahın sizin barənizdə nazil etdiyi və Rəsuləllahın bu barədə dediyindən heç bir şey rəvayət etməyin. Başqa şeylər rəvayət edin.
İbn Abbas dedi:
– Allah-Taala buyurur: «İstəyirlər ki, Allah nurunu ağızları ilə söndürsünlər və Allah qəbul etməz və kafirlər bəyənməsələr belə öz nurunu kamil edər».
Müaviyə dedi:
– Ey Abbasın oğlu, canını mənim intiqamımdan qoru və dilini məndən döndər! Əgər çarəsiz qalıb bir şey deyəcəksənsə, gizlində de və qoyma bir nəfər onu eşitsin».
Əllamə Əskəri «İki məktəbin baxışları» kitabında Təbərinin «Tarix»indən nəql edərək yazır: «Ömər bir yerə rəhbər təyin edərkən özü onu müşayiət edir və tapşırıq əsnasında təkid edirdi ki, yalnız Qurandan istifadə edin, Muhəmməddən rəvayət etməyin. Mən sizi izləyirəm».
Doktor Muhəmməd Ticani Tunisi «Zikr əhlindən soruşun» kitabında ibn Macə Qəzvininin «Sünən»indən nəql edərək yazır: «Qurzə ibn Kəəb deyirdi: «Ömər ibn Xəttab bizi Kufəyə göndərdi. Getməzdən öncə bizi müşayiət edərək Sərrar adlı məntəqəyədək gəldi. Orada bizə dedi:
– Bilirsinizmi, nə üçün sizinlə gedirəm?
Dedik:
– Yəqin ki, biz Ənsardan və Rəsuləllah (s) səhabəsi olduğumuza görə.
Dedi:
– Xeyr. Sizinlə bir mətləb barəsində danışmaq istəyirəm. İstəyirəm ki, onu unutmayasınız. Ona görə də, sizinlə buradək gəldim. Siz elə bir qövmün yanına göndərilirsiniz ki, onların sinələrində Quran qazanın içindəki suyun qaynadığı kimi qaynayır. Onlar sizi gördükləri zaman boyunlarını sizə tərəf uzadıb deyərlər: Muhəmmədin səhabələri gəlmişlər. Ayıq olun ki, Rəsuləllahdan daha az rəvayət nəql edəsiniz və bilin ki, mən sizinləyəm, yəni əgər casuslarım başqa bir şeyi xəbər versələr, həyatınızı məhv edərəm. Ona görə də Qurzə ibn Kəbə o diyara daxil olduqda camaat ona dedilər: «Rəsuləllahdan danış, onun hədislərini bizə de». Qurzə dedi: «Ömər yasaq etmişdir!».
Əllamə Əskəri «Ümmul-möminin Ayişənin hədisləri» kitabından nəql edərək yazır: «İslam Peyğəmbərinin (s) həyat yoldaşı Ümmi Sələmə Müaviyəyə yazdı: «Siz bu işinizlə (Əliyə (ə) lənət və nalayiq sözlər deməklə) Allah və onun Peyğəmbərini (s) minbərlərinizdə lənətləyir və nalayiq sözlər deyirsiniz! Çünki siz Əli ibn Əbu Talibi (ə) və onu sevənləri lənətləyir və nalayiq sözlər deyirsiniz. Mən Allahı şahid tuturam ki, Allah və onun Peyğəmbəri (s) Əlini (ə) sevirlər».
Müaviyə Ümmi Sələmənin bu məktubuna fikir vermədi».
İbn Əbil Hədid «Nəhcül-bəlağə»nin 58-ci xütbəsinin şərhində yazır: «Cahiz demişdir ki, Bəni Üməyyədən bir qrup Müaviyəyə müraciət edərək dedilər:
– Ya Əmirəl-mömininin! Sən ki, arzularına çatmısan, nə olar ki, bu adama (Əliyə) lənət və nalayiq sözlər deməkdən əl çəkəsən?
Dedi:
– Xeyr, Allaha and olsun, uşaqlar bu inamla böyüyəcək, böyüklər qocalacaqlar. Onun fəzilətindən danışmağa bir adam tapılmayanadək belə edəcəyəm.
Bu tarixi nümunələri deməkdə məqsədimiz budur ki, həqiqətən də «Müaviyə ibn Əbu Süfyanın islamın əsas sütunu ilə müharibə etmək sevdası var idi və o, kəlmeyi-şəhadəti qəlblərdən silmək istəyirdi», – fikri heç də yalan deyilməmişdir. Amma o, çox ustalıqla hərəkət edir və nə etdiyini çox yaxşı bilirdi. O, çox gözəl bilirdi ki, əgər «Şiəlik düşüncəsi» xalqın beynindən silinsə və camaat vəhyin nazil olduğu evi tanımasa, onda gələcəkdə vəhyin özünü məhv edərək, dəfn etmək olar.
Elə bu məqsədlə də sülh müqaviləsində boynuna götürdüyünə baxmayaraq, Həsən ibn Əlinin (ə) canına xəyanət etdi və Həzrəti (ə) zəhərlədikdən sonra bu qərara gəldi ki, oğlu Yezidin vəliəhdliyini təsbit etsin. O, yaxşı bilirdi ki, oğlu vəhy çırağını söndürmək və onun müdafiəçilərini aradan qaldırmaq yolunda ona varis və xələf ola bilər.
(ardı var…)
(Seyid Kazım Pərpənçinin «Qədir günündən Aşurayadək» kitabından istifadə olunmuşdur).

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this