(…əvvəli ötən sayımızda)

Müaviyənin xoş günləri

İqtidar kürsüsünə söykənərək çoxlarını pul və mənsəblə alır və alınmayan qəlbləri isə əmr edib döyünməkdən saxlayırdı. Necə istəyirdisə, eləcə də hakimiyyətini qorumaq üçün hədislər düzəldirdilər. Nə Allahdan qorxusu vardı, nə də Qiyamətə imanı. Hər şeyi hakimiyyətdə görürdü və ona da yiyələnmişdi. Bizans qeysəri və İran kəsrası kimi yaşayırdı. Amma kəsra, qeysər və padşah adı ilə deyil, müsəlmanların xəlifəsi adı altında və öz əməlləri ilə ilahi ayələri məsxərəyə qoymuş Müaviyə çox rahatlıqla deyirdi:

المال مال الله انا خلیفة الله

«Mal Allahın malıdır, mən də Allahın xəlifəsiyəm».

Təbii olaraq və Allahın dəyişilməz qaydalarına əsasən, Müaviyə bu ayənin tam əyarlı nümunələrindən idi: «Allah onu məsxərəyə qoyur və tüğyanını artırır ki, sərgərdan və heyran olsun». Gülmək üçün bəhanə axtarıb gülürdü. Bir gün Əmr As onun yanına gəlir. Onun yanında çoxlu adam var idi. Onun gəlişini görüb güldü (yanındakılar da xəlifə güldüyünə görə güldülər). Əmr As dedi: «Ya Əmirəl-möminin! Allah dodaqlarını təbəssümlü, gözlərini işıqlı etsin. Nə qədər baxıramsa, gülməyə səbəb olan bir şey görmürəm». Müaviyə dedi: «Yadıma düşdü ki, Siffeyn günü sən iraqlılarla mübarizəyə qalxmışdın. Əli ibn Əbu Talib sənə hücum etdi. O, sənə çatanda sən özünü atdan saldın və arxanı göstərdin! Doğrusu, bu fikir haradan yada düşdü? Sən o zaman böyük bir Haşimi ilə üz-üzə idin ki, əgər səni öldürmək istəsəydi öldürərdi». Əmr dedi: «Ey Müaviyə, əgər mənim vəziyyətim səni güldürürsə, daha yaxşı olar ki, öz halına güləsən! Əgər mən Əli ilə üz-üzə olduğum kimi sən olsaydın, Allaha and olsun, sənə bir zərbə vurardı ki, balaların yetim qalardı. Sərvətin tarac olar və qüdrətin aradan gedərdi. Amma sən özünü silahlı dəstənin arxasında qoruyurdun. Mən, Əli səni döyüşə çağırdığı vaxt, səni gördüm. Heç yadımdan çıxmaz, sənin gözlərin qaraldı, ağzın köpükləndi, burnun genişləndi, alnını tər basdı, paltarının altından bir şey görundu ki, adını deməkdən utanıram!» Müaviyə dedi: «Daha bəsdir… Bunlar nəyə lazımdır».

Fəxretmə əhvalatı

İbn Əbil Hədid 83-cü xütbənin şərhində bu hadisəni Zübeyr ibn Bəkkarın «Əl-mufaxirət» kitabından belə nəql edir: «Əmr ibn As, Vəlid ibn Üqbə ibn Əbi Müit, Ütbə ibn Əbu Süfyan ibn Hərb və Müğeyrə ibn Şəəbə Müaviyənin yanına toplaşdılar. Həsən ibn Əlidən (ə) xoşagəlməz sözlər eşitmişdilər. Onlardan da Həsənə (ə) xoşagəlməz sözlər çatmışdı. Onlar Müaviyəyə dedilər: «Həsən atasının adını diriltmişdir. Söz deyir, qəbul edirlər. Əmr edir, itaət edirlər. O, gəlib-qayıdarkən ayaqqabıları çıxarılır və bu işlər onu olduğundan da böyük göstərir. Ondan həmişə bəzi sözlər danışılır ki, bizə xoş gəlmir».
Müaviyə dedi: «İndi nə istəyirsiniz?» Dedilər: «Xəbər göndər və onu çağır buraya. Onu və atasını söyək, danlayaq və məzəmmət edək…» Müaviyə dedi: «Mən bu işi məsləhət görmürəm və etməyəcəyəm». Dedilər: «Səni and veririk ki, bu işi et…»
Müaviyənin əmrilə bir nəfər onun dalınca getdi. O Həzrət (ə) gələn kimi Müaviyə dedi: «Ey Əba Muhəmməd, bu adamlar mənim əmrimdən boyun qaçırıb, səni çağırtdılar». İmam Müctəba (ə) buyurdu: «Subhanəllah, ev sənin evindir və bu evdə sənin əmrlərin icra olunur. Allaha and olsun, əgər onlarla öz istədikləri və ya qəlblərində olduğu kimi belə rəftar etsən, sənin güzəştindən həya edirəm. Bu işlərdən hansını etiraf, hansını inkar edirsən?.. » Müaviyə dedi: «Mən səni çağırmaq istəmirdim, bunlar məni vadar etdilər. Hər halda mənim və bunların sualına insafla cavab verə bilərsən. Biz səni çağırmışıq ki, Osmanın zülmlə öldürülməsini etiraf edəsən. İndi onların sözlərini eşit və cavab ver. Onların çoxluğu və sənin təkliyin səni tam arxayın cavab verməkdən çəkindirməsin».
Əmr As sözə başladı və öncə Allaha həmd, onun Peyğəmbərinə (s) salamı dilinə gətirdi. Sonra Əliyə (ə) irad tutmağa başladı. Heç bir şeydən çəkinməyib dedi: «Atan Əbu Bəkri söyürdü, onun xilafətindən xoşu gəlmirdi. Öncə ona beyətdən boyun qaçırdı, sonra ikrahla ona beyət etdi. Ömərin qanında şərik idi və Osman da zülmlə öldürüldü. Ona aid olmayan bir xilafəti iddia etdi…» Nəhayət, dedi: «Əgər bir yerdə yalan dediyimi fikirləşirsənsə, onu bizə de, əks təqdirdə sən və atan hər ikiniz zülmkarsınız».
Sonra Vəlid ibn Üqbə ibn Əbi Müit sözə başladı və dedi: «Ey Bəni-Haşim, siz Osmanın dayıları idiniz… Amma ona həsəd aparan ilk adamlar siz oldunuz… Allaha and olsun, Bəni-Üməyyə Bəni-Haşimlə müqayisədə sizin üçün daha yaxşı olmuşdur və Müaviyə sənin üçün özündən daha yaxşıdır».
Sonra Ütbə ibn Əbu Süfyan dedi: «Ey Həsən, sənin atan Qüreyş üçün qəbilənin ən pis adamı idi. Onların ən qantökəni, qohumluq tellərini qıranı, qılıncı və dili uzun olmuşdur. Dirini öldürür, ölüyə eyib tuturdu və sən özün də Osmanı öldürənlərdənsən. Biz də səni onun qanı müqabilində öldürərik. Sən ki, xilafətə ümid bəsləyirsən, onda sənin payın yoxdur. Sənin alışqanın onu avlolandırmaz. Ey Bəni-Haşim, siz Osmanı öldürdünüz və haqq da budur ki, səni və qardaşını onun qanının müqabilində öldürək…»
Sonra Müğeyrə ibn Şəəbə danışaraq Əliyə söyüş söyüb dedi: «Allaha and olsun, mən ona etdiyi heç bir hökm və qeyri düzgün hakimliyinə görə eyib tutmuram. Amma o, Osmanı öldürmüşdür. Hamı susmuşdu».
Bu zaman Həsən ibn Əli (ə) sözə başladı: Öncə Allaha həmd edib Rəsuluna (s) və onun ailəsinə salam göndərdi. Sonra dedi: «Ey Müaviyə, məni bunlar deyil, sən söydün və bu bəyənilməz iş sənə məxsusdur. Bu bir pis düşüncədir ki, sən onunla tanınırsan, bir pis xasiyyətdir ki, onunla möhkəmlənirsən. Bu, sənin Muhəmməd (s) və onun ailəsinə zülm və düşmənçiliyindir. İndi ey Müaviyə, eşidin. Sənin və onların barəsində bir söz deyəcəyəm ki, sizdə olanların az bir hissəsidir.
Ey dəstə! Sizi Allaha and verirəm, məgər bilmirsiniz ki, bu gün söydüyünüz həmin adam hər iki qibləyə namaz qılmışdır? Halbuki, sən ey Müaviyə, o iki qibləyə qarşı çıxaraq onu azğınlıq hesab edirdin və öz azğınlığınla Lat və Uzzaya sitayiş edirdin! Sizi Allaha and verirəm, bilmirsiniz ki, o, hər iki beyəti – Fəth və Rizvan beyətlərini – yerinə yetirmişdir? Halbuki, sən ey Müaviyə, onların biri barəsində kafir və ikincisi barəsində peymanpozan oldun… Sizi Allaha and verirəm, bilmirsiniz ki, o, Bədr müharibəsində Peyğəmbərin (s) bayraqdarı idi? Halbuki, müşriklərin bayraqdarı Müaviyə və onun atası idi. Sonra Ühüd və Əhzab müharibələrində sizinlə üz-üzə gəldi. Eləcə, Peyğəmbərin (s) bayrağı onun çiynində idi, ancaq allahsızların bayrağı sənin və atanın çiynində idi… Ey Müaviyə, səni Allaha and verirəm, o gün yadındadırmı ki, atan qırmızı dəvəyə minib gəlirdi, sən dəvəni sürürdün və qardaşın Ütbə onu çəkirdi. Peyğəmbər (s) sizi görcək dedi: «İlahi! Dəvəyə minənə, onu sürənə və onu çəkənə lənət et…»
Və ey dəstə, sizi Allaha and verirəm, bilmirsinizmi ki, Peyğəmbər (s) Əbu Süfyana yeddi yerdə nifrin və lənət etmişdir. Onu ki, rədd edə bilməzsiniz. Birincisi, Taifə gedən gün… İkincisi, Qüreyş karvanı dənizin sahilindən qaçan gün… Üçüncüsü, Ühüd müharibəsi günü… Dördüncüsü, Əbu Süfyan Əhzabla gələn gün… Beşincisi, Əbu Süfyan Qüreyşlə gələn gün… Altıncısı, Əbu Süfyan qırmızı rəngli dəvəyə minən gün… Yeddincisi, bir qrup Peyğəmbərin (s) dəvəsini hürkütmək üçün gəldikdə pusqu qurulan gün. Onlar 12 nəfər idilər. Əbu Süfyan da onlarla idi. Ey Müaviyə, bunlar sənin cavabların idi. Amma sən, ey Asın oğlu, öncə deyim ki, sənin nütfəndə bir neçə adamın iştirakı vardır. Anan səni zinakarlıqla dünyaya gətirdi. Qüreyşdən dörd nəfər hansının sənin atan olması barədə bir-biri ilə mühakimə etdilər. Sonda nəsil baxımından hamıdan əskik olan Qüreyşin qəssabı sənin barəndə digərlərinə qalib gəldi. Sonra atan durub dedi: «Mən Muhəmməd Əbtəri söyürəm və Allah-Taala ona lazım olanı nazil etdi…»
Sən hər yerdə Rəsuləllahla (s) vuruşdun və Məkkədə onlara həcv (istehzalı, kinayəli söz) dedin… Sonra gəmidə oturanlarla birlikdə Nəcaşinin yanına gedib Cəfər və dostlarını Məkkəyə qaytarmaq istədin… (ki, Allah səni rüsvay etdi).
Amma Osman barədə dediklərinə gəldikdə, dünyanı onun üçün cəhənnəmə döndərən sən idin. Sonra da Fələstinə gedib onun ölüm xəbərini eşitcək dedin: «Mən Əbu Abdullaham. Çibanı deşib onun qanını tökərəm». Sonra da özünü Müaviyəyə calayıb, dinini onun dünyasına satdın…
Amma sən ey Vəlid, Allaha and olsun, mən səni Əli (ə) ilə düşmənçiliyinə görə məzəmmət etmirəm. Çünki o, sənə içki içdiyinə görə səksən qamçı vurmuşdur. Atanın boynunu Rəsuləllahın (s) yanında vurmuşdur. Sən Allahın pozğun adlandırdığı adamsan. Halbuki, Allah Əliyə (ə) mömin deyə müraciət etmişdir. Bu o zaman idi ki, siz iki nəfər bir-birinizlə iftixar edirdiniz və sən dedin: «Ey Əli, sakit ol, çünki mən səndən daha şücaətli və natiqəm!» Əli (ə) sənə buyurdu: «E Vəlid, sakit ol, mən möminəm, sən pozğunsan». Allah-Taala da Əlinin (ə) sözlərinə uyğun bu ayəni nazil etdi:
«Mömin olan adamla pozğun adam birdirmi? Xeyr, onlar bərabər deyildirlər…» («Səcdə» surəsi, ayə 18).
Amma ey Ütbə! Sən ağıllı adam deyilsən ki, cavabını verim və səninlə söhbət edim. Sənin nə ümid bəsləməli xeyrin, nə də qorxmalı şərin vardır. Səninlə kənizinin ağlı eynidir. Tutaq ki, sən bir cəmiyyətdə Əlini söydün, ondan Əliyə heç bir ziyan gəlməz. Məni ölümlə hədələməyə gəlincə isə, ey kaş, o uzunsaqqal kişini öz yatağında görəndə öldürəydin…
Sənin qılıncından necə qorxmaq olar ki, səni rüsvay edən bir adamı öldürmədin? Səni Əliyə olan kin-küdurətinə görə necə məzəmmət etmək olar ki, o sənin dayın Vəlidi Bədr günündə təkbətək döyüşdə, baban Ütbəni Həmzə ilə birlikdə və qardaşın Hənzələni də orada öldürmüşdür.
Amma sənin Müğeyrə, bu və buna bənzər söhbətlərdə iştirak etməyə ləyaqətin yoxdur. Sənin məsələn bir milçəyin məsələsinə bənzəyir ki, xurma ağacına dedi: «Ehtiyatlı ol, istəyirəm ki, sənin budağından uçam». Xurma ağacı dedi: «Məgər sən oturanda mənim xəbərim olmuşdu ki, uçmağından da ehtiyat edim?» Allaha and olsun ki, biz heç vaxt sənin düşmənçiliyinə diqqət yetirməmişik. Əgər ondan xəbərdar olsaq da, narahat olmarıq və sənin sözün bizim üçün ağır deyildir. Agah ol ki, Allahın hökmünə uyğun olaraq sənin zinakarlıqda günahın sübut olunubdur və Ömər onu sənin barəndə icra etməyi təxirə saldı. Allah da onu bu barədə sorğu-sual edəcəkdir… »
Sonra imam Həsən (ə) ayağa qalxıb oradan çıxdı. Əmr As onun paltarının ətəyindən yapışıb Müaviyəyə dedi: «Onun sözlərinə şahid oldun, mənim anamı zinakarlıqda günahlandırdı və mən də tələb edirəm ki, onun barəsində böhtan atmağın həddi icra olunsun!!!»
Müaviyə dedi: «Burax onu» və əlavə etdi: «Mən sizə dedim ki, o, elə adamdır ki, onunla mübahisə etmək mümkün deyildir. Sizi onu söyməkdən çəkindirdim, amma mənim sözlərimi eşitmədiniz. Allaha and olsun, evi mənə qaranlıq etməmiş yerindən durmadı. Durun və mənim yanımdan gedin. Allah sizi rüsvay etdi».

Saxta hədis düzəltmə əhvalatları

İbn Əbil Hədid 56-cı xütbənin şərhində yazır: «Şeyximiz Əbu Cəfər Əskafi deyirdi: «Müaviyə bir dəstə səhabə və rəiyyətdən olan adamları vadar etdi ki, Əli (ə) barədə bir sıra çirkin xəbərlər düzəltsinlər ki, həmin xəbərlər ona tənə vurmağa və möminləri ondan uzaqlaşdırmağa səbəb olsun. Onlar üçün qiymətli bir mükafat da təyin etdi. Bu adamlar da onu razı salacaq şeylər düzəltdilər. Səhabələrdən Əbu Hüreyrənin, Əmr Asın və Müğeyrə ibn Şəəbənin, rəiyyətdən isə Ürvə ibn Zübeyrin adlarını çəkmək olar».
Sonra əlavə edir: «Zühəri nəql edir ki, Ürvə ibn Zübeyr demişdir: «Ayişə mənə dedi ki, Peyğəmbərin (s) yanında idim. Bu vaxt Abbas və Əli gəldilər. Peyğəmbər (s) buyurdu: «Ey Ayişə, bu iki nəfər mənim millətimdən başqa bir millət, ya mənim dinimdən başqa bir dində öləcəklər».
Əbdürrəzzaq Mömərdən nəql edir ki, demişdir: «Ürvə ibn Zübeyrin Ayişədən nəql etdiyi və Əlinin (ə) məzəmmətinə aid olan iki hədisi Zühəri bilirdi. Bir gün o iki hədis barədə Zühəridən soruşduqda dedi: «Sənin Ayişə, Ürvə və onların hədisləri ilə nə işin var? Onlarla nə etmək istəyirsən? Allah o iki nəfəri daha yaxşı tanıyır. Mən o iki nəfəri Bəni Haşim barəsində nəql etdikləri hədislərə görə ittiham edə bilmərəm».
Sonra ibn Əbil Hədid yazır: «Birinci hədis həmin bu qeyd etdiyimiz hədis idi. İkinci hədis budur ki, Ürvə iddia edir ki, Ayişə onun üçün belə nəql etmişdir: «Mən Peyğəmbərin (s) yanında idim. Birdən Abbasla Əli gəldilər. Peyğəmbər (s) mənə buyurdu: «Ey Ayişə, əgər iki cəhənnəm əhlini görmək istəyirsənsə, gələn bu iki nəfərə bax».
Amma Əmr Asdan bir hədis nəql olunmuşdur ki, onu Buxari və Müslüm hər ikisi öz «Səhih»lərində Əmr Asa istinad etməklə yazmışlar. O, demişdir: «Eşitdin, Peyğəmbər (s) buyururdu: «Agah olun ki, Əbu Talib ailəsi mənim övliyalarım deyillər. Mənim dostum Allah və saleh möminlərdir».
İbn Əbil Hədid əlavə edir: «Yenidən Şeyx Əbu Cəfər Əskafinin sözlərinə qayıdıram. O, deyir: «Əməş nəql edirdi ki, Əbu Hüreyrə «Camaat ili»ndə Müaviyə ilə birlikdə İraqa gəldi. O, Kufə məscidinə daxil oldu. Onu qarşılamağa gələnlərin çoxluğunu görüb diz üstə oturaraq bir neçə dəfə əlləri ilə alnına vurub dedi: «Ey İraq xalqı, mənim Allaha və Rəsuləllaha (s) yalan danışaraq, özümü oda atmağımı təsəvvür edirsinizmi? Allaha and olsun, eşitdim ki, Peyğəmbər (s) buyururdu: «Hər bir peyğəmbərin hərəmi vardır. Mənim də hərəmim Mədinədə – Eyr ilə Surun arasındadır. Orada yenilik edən hər bir kəs bidət etmişdir və Allahın, onun mələklərinin və bütün insanların lənəti ona olsun». Allahı şahid tuturam ki, Əli onda bidət qoydu. Əbu Hüreyrənin bu sözü Müaviyəyə çatanda onu əzizlədi, mükafat verdi və Mədinəyə hakim qoydu.
Yenə də Əbu Cəfər nəql edirdi: «Müaviyə Süməyyə ibn Cündəbə 400 min dirhəm göndərdi ki, «Bəqərə» surəsinin 207-ci ayəsinin ibn Mücləm barəsində nazil olduğunu desin.

وَمِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاةِ اللَّهِ

«İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər».
Əllamə Əskəri «İki məktəbin baxışları» kitabında Əbu Osman Cahizdən nəql edərək yazır: «Müaviyə İraq, Şam və digər yerlərin əhalisinə göstəriş verdi ki, Əlini (ə) söysünlər. Bu təhqirlər müsəlmanların minbərlərində icra olunur və Bəni Üməyyə hakimiyyətində Ömər ibn Əbdüləzizin xilafətinədək sünnə kimi adət halını almışdı. Ancaq Ömər ibn Əbdüləziz hakimiyyətə gələn kimi bunu qadağan etdi».
Eləcə də, Təbəridən nəql edərək yazır: «Müaviyə Müğeyrə ibn Şəəbəni Kufə hakimiyyətinə namizəd təyin edərək dedi: «Sənə bir neçə iş tapşırmaq istərdim. Amma onların hamısını sənin ağlına və düşüncənə həvalə edib, yalnız bir şeyi tapşırıram. O da budur ki, Əlini söymək və ona pis sözlər deməkdən əl çəkmə. Osmana da ürək yanğısı, rəhmət göstər və onun üçün bağışlanmaq diləməyi də unutma…»
Müğeyrə dedi: «İmtahan edilib, sınanmışam və səndən öncə başqaları üçün də iş görmüşəm və onların etimadını doğrultmuşam. İndi yenidən sınaq imtahanına girirəm, görək nə olacaq».
(ardı var…)
(Seyid Kazım Pərpənçinin «Qədir günündən Aşurayadək» kitabından istifadə olunmuşdur).

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this