(…əvvəli ötən sayımızda)

Doğum tarixi

Doğulduğu yer Mədinə şəhəri, doğulduğu tarix isə məşhur nəzəriyyəyə görə, hicrətin ikinci, ya üçüncü ili Ramazan ayının 15-nə təsadüf edir. İmam Müctəba (ə) dünyaya gəldikdən sonra Fatimeyi Zəhra (ə) öz həyat yoldaşından ona ad qoymasını istədi. Amma Əli (ə) buyurdu: «Mən ona ad qoymaqda böyük İslam Peyğəmbərindən (s) qabağa keçmərəm». Rəsuləllah (s) onların evinə gəldi. Körpəni onun yanına gətirdilər. Onun sağ qulağına azan, sol qulağına isə iqamə oxudu. Onu «Həsən» adlandırdı. Bu ad həmin vaxtadək eşidilməmişdi.
Muhəmməd ibn Əli ibn Babəveyh Qumi mötəbər sənədlərlə dördüncü imamdan nəql edir: «Həzrət Müctəbanı (ə) Peyğəmbərin (s) yanına gətirdilər. O, uşağa ad qoymağı təxirə saldı. Cəbrayıl nazil olub ərz etdi: «Əlinin sənə nisbəti Harunun Musaya olan nisbəti kimidir». Harunun oğlunun adı «Şəbər» olduğundan. Rəsuləllah (s) da uşağın adını Həsən qoydu. (Qardaşı da Harunun digər oğlu ilə adaşdır: «Şubeyr-Hüseyn»).
«Üsdul Gabə» kitabında Ənəs ibn Malikdən nəql olunmuşdur ki, Rəsuləllaha (s) imam Həsəndən (ə) daha çox oxşayan yox idi. Bu oxşarlığı Qəzzali «Ehyaul-ülum» kitabında Rəsuləllahdan (s) olan bir hədislə təsdiq edir. O, qeyd edir ki, Peyğəmbər (s) buyurdu: «Ey Həsən, sən yaradılış, rəftar və əməlində mənə oxşayırsan». («İmam Həsən və imam Hüseyn (ə) əsəri. Seyid Möhsün Əmin əl-Amilinin «Əyanul Əşşiə» kitabından tərcümə).
Tirmizi öz əsərində Ənəs ibn Malikdən rəvayət edir ki, Peyğəmbərdən (s) soruşdular: «Ailənizdə ən çox sevdiyiniz kimdir?» soruşulduqda, cavab verdi: «Həsən və Hüseyn».
Nəsai «Xəsais»də Usamə ibn Zeyddən nəql edir ki, Rəsuləllah (s) Həsən və Hüseyn onun ayaqları üstündə oturduğu halda buyururdu: «Bu iki uşaq mənim və mənim qızımın oğlanlarıdır. İlahi, sən bilirsən ki, mən bunları sevirəm. Sən də onları sev». (Yenə orada).
Şeyx Rəzi Alyasin «Sülhül-Həsən» kitabında deyir: «Onun həyat yoldaşları aşağıdakılardan ibarətdir: Təlhə ibn Ubeydullahın qızı Ummul Həqq, Əbdurrəhman ibn Əbu Bəkrin qızı Həfsə, Suheyl ibn Əmrin qızı Hind və Əşəs ibn Qeysin qızı Cödə. Bu axırıncısı Müaviyənin təhriki ilə onu zəhərləyib şəhid edən qadındır.
Camaat onun çox evləndiyini qeyd etmiş və hətta bu barədə mübaliğə etməkdən də çəkinməmişdir. Bir sıra izdivaclar isə məxfi qalmışdır ki, onların işarə etdikləri və bəzilərinin də eyib tutmağa adət etdikləri bu izdivaclar əgər olmuşdusa da, müştərək yaşamaq üçün deyil, bir sıra hadisələrdən irəli gəlmişdir. Bunu şəri vəziyyət tələb edirdi və burada evlənmə, yaxud boşanma bir-birindən ayrı deyildir. Bu özü də həmin izdivacların xüsusi vəziyyətinə dəlildir.
O Həzrət (ə) iyirmi beş dəfə piyada həccə getdi. (Halbuki nəcib atları onun üçün yedəkdə gətirirdilər). Ölümü, qəbri, siratdan keçidi xatırlayanda ağlayar, haqq-hesaba dayanmağı yadına salanda isə nərə çəkib bihuş olardı. Dəstəmaz alıb namaza duranda bədəni titrəyər və rəngi saralardı.
O, behişt cavanlarının ağası və Peyğəmbər (s) nəslini davam etdirən iki nəfərdən biridir. O, Peyğəmbərin (s) Nəcran nəsraniləri ilə mübahiləyə gətirdiyi dörd nəfərdən biridir. O, Kisa əshabının beş nəfərindən biri və Allahın onlara tabe olmağı vacib etdiyi on iki nəfərdən biridir. O, Quranda ən pak varlıq kimi qeyd olunmuşlardan biridir. Nəhayət, Allah-Taalanın Həzrət Peyğəmbərin (s) risalətinin mükafatı olaraq onları sevməyi buyurduğu ləyaqətlilərdən biridir».

Məktublaşmalar

Müaviyə Əmirəl-mömininin şəhadətini və camaatın imam Müctəbaya (ə) beyət etməsi xəbərini eşitcək, məxfi şəkildə Hümeyra qəbiləsindən bir nəfəri Kufəyə və Bəni əl-Qeyn qəbiləsindən də bir nəfəri Bəsrəyə tərəf göndərdi ki, həmin şəhərlərin daxili vəziyyətlərindən onu məlumatlandırsınlar və Həsən ibn Əliyə (ə) qarşı təxribat törətsinlər. İmam (ə) bu casusların göndərilməsindən xəbərdar olduqda, göstəriş verdi ki, bir qəssabın yanında qalan hümeyralı kişini tutub gətirsinlər. Həmin kişi tutulan kimi İmam (ə) onun boynunun vurulmasını hökm etdi. Sonra da Bəsrəyə bir məktub yazaraq fərman verdi ki, Müaviyənin casusunu tutub boynunu vursunlar.
İbn Əbil Hədid 31-ci xütbənin şərhində Əbul Fərəc İsfahanidən nəql edərək yazır: «İmam Həsən (ə) Müaviyəyə yazdı:
– Casuslarını mənim yanıma göndərirsən, sanki üz-üzə gəlməkdən və müharibədən xoşun gəlir. Mənim buna şübhəm yoxdur. Allahın istəyilə, gözlə. Sonra da mənə belə xəbər çatmışdır ki, heç bir ağıllı adamın şad olmadığı bir şeydən şadlıq etmisən (yəni Əmirəl-mömininin (ə) öldürülməsinə), bil ki, bu məsələdə bir şairin dediyi bu sözə bənzəyirsən: «Bilin ki, bizimlə ölənlərin məsələsi buna bənzəyir ki, bir nəfər gecə yola düşmüş, digəri isə yerində yatmışdır ki, səhər yola düşsün».
Müaviyə məktuba belə cavab yazdı:
– Məktubun çatdı və yazdıqlarını anladım. Mən də baş verən hadisədən xəbərdar oldum. Buna nə şad oldum, nə qəmləndim, nə sevindim, nə də heyfsləndim. Bil ki, sənin atan Əli (ə) Əşi ibn Qeysin yazdığı şeirdəki kimidir: «Sən, ürəyin sinəni doldurduğu həmin səxavətli və bəxşiş verən bir kəssən».
İbn Əbil Hədidin bildirdiyinə əsasən, bu qısa yazışmadan sonra imam Həsən (ə) müfəssəl bir məktub yazıb onu Hərb ibn Abdullah Əzdi ilə Müaviyəyə göndərdi. Bu məktubda İmam (ə) yazmışdı:
«Həsən ibn Əli Əmirəl-möminindən Müaviyə ibn Əbu Sufyana. Salam olsun sənə, səninlə birlikdə ondan başqa Tanrı olmayan bir Allaha sitayiş edirəm. Məlumun olsun ki, Allah-Taala Muhəmmədi bütün dünyadakılara rəhmət göndərdi və bununla da bütün möminlərə və insanlara minnət qoydu. O, bunu göndərdi ki, «Ürəyi diri olanları qorxutsun və kafirlərə əzab gerçəkləşsin». («Yasin» surəsi, ayə 70). O, Allahın risalətini təbliğ etdi, onun əmrilə qiyam etdi. Allah-Taala onun əliylə haqqı qalib və allahsızlığı məhv etdikdən sonra o Həzrət (ə) həyatını Onun əmrində süstlük etmədən sona çatdırdı. Allah-Taala onun vasitəsilə Qüreyşə xüsusi bir şərəf verib dedi: «Bil ki, Quran və din sənin və sənin qövmünün şərəf sərmayəsidir». («Zuxruf» surəsi, 44-cü ayədən bir hissə). Peyğəmbər (s) vəfat edən kimi ərəb hakimiyyət davasına qalxdı. Qüreyşlilər dedilər: «Biz onun yaxınları və qəbiləsiyik. Sizə Peyğəmbərin (s) haqqı və hakimiyyət barədə bizimlə mübahisə etmək rəva və caiz deyildir». Ərəblər gördülər ki, doğru söz elə Qüreyşin dediyidir və burada haqq onlarındır, təslim olub hakimiyyəti onlara həvalə etdilər. Biz də Qüreyşin ərəblərə söylədiyi həmin dəlili Qüreyşə dəlil gətirdik. Lakin Qüreyş ərəblərin onlara etdiyi insafı bizə etmədi. Məgər Qüreyş elə bu dəlillə hakimiyyəti ərəblərdən almadı? Amma biz Muhəmmədin (s) həqiqi ailə üzvləri və onun övliyaları həmin bu dəlili gətirib onlardan insaf istədikdə, bizdən uzaqlaşdılar və hamılıqla bizə zülm, sitəm və düşmənçilik etməkdə əlbir oldular. Bizim vədə yerimiz Allah qarşısındadır və Allah bizim vəlimiz və yardım edənimizdir. Biz də bizim Peyğəmbərimizin (s) hakimiyyəti barədə bizimlə vuruşanlardan bərk heyrətləndik. Axı, onların İslamda fəzilətləri və parlaq xidmətləri var idi. Dini qorumaq, habelə Rəsuləllahın (s) düşmənlərinin və münafiqlərin dində fəsad və ayrı-seçkilik salmasına yol verməməkdən ötrü biz hər hansı bir mübahisədən vaz keçdik. Bu gün də sənin həmin mübahisəyə qoşulmağından heyrətlənənlər sənin heç vəchlə layiq olmadığın işinə heyrətlənməlidirlər. Çünki sənin nə dində tanınmış bir fəzilətin, nə də İslamda bəyənilən bir işin vardır. Sən partiya başçılarından birinin və Qüreyşdən Allahın Rəsulu (s) və Onun kitabına ən qatı düşmən olan birinin oğlusan. Allah sənin hesabını çəkəcəkdir. Tezliklə o biri dünyaya geri dönəcək və görəcəksən ki, bəyənilən sonluq kiminkidir. Allaha and olsun, çox az bir zamandan sonra Allahına tərəf dönəcəksən və sənə gördüyün işlərə görə layiq olduğunu verəcəkdir. O, bəndələrinə qarşı zülm etməz. Bil ki, Əli (Allahın ona rəhməti olsun) vəfat edərkən özündən sonra müsəlmanların işini mənə tapşırdı. Mənə vilayət verdi. Allahdan arzum budur ki, bu dünyada bizə elə bir şey verməsin ki, o dünyada onun qarşısında kəramətdən məhrum olmağa səbəb olsun. Məni bu məktubu yazmağa vadar edən özümlə Allah arasında sənin işin barədə höccəti tamamlamaq oldu. Əgər məktubda yazılanlara əməl etsən, çox fayda əldə edəcəksən və müsəlmanların işi də islah olunacaqdır. Elə indi batildə israrlı olmağını buraxıb, xalqın etdiyi kimi, sən də mənə beyət et və bilirsən ki, mən Allah qarşısında, Allaha tərəf gedərək öz dinini qoruyanların və qəlbini Allaha verənlərin nəzərində hakimiyyətə səndən daha layiqəm. Allahdan qorx, düşmənçiliyi bir kənara qoy və müsəlmanların qanını qoru. Allaha and olsun, sənə, bundan da artıq müsəlman qanı boynunda olduğun halda, Allahla üz-üzə dayanmağının heç bir xeyri yoxdur. Sülhə və itaətə gəl, hakimiyyətə səndən daha layiqliləri ilə onun uğrunda vuruşma ki, Allah fitnə odunu söndürsün, söz birliyi yaratsın və islah etsin. Əgər yenə də iki ayağını bir başmağa salıb öz azğınlığına davam etsən, müsəlmanlarla sənin üstünə gələcək və hökm edənlərin ən yaxşısı olan Allah aramızda hökm edənədək səninlə müharibə edəcəyəm».
Şeyx Rəzi Alyasin «Sülhül-Həsən» kitabında bu məkubu nəql etdikdən sonra imam Müctəba (ə) ilə Müaviyənin bir-birinə yazdıqları məktubların ümumi təhlilinə keçərək yazır:
– Gördüyünüz kimi, məktubun sonu açıq-aşkar təhdiddir və imam Həsənin (ə) bundan başqa çarəsi yox idi. O, öncə düşməni batil yolu tərk edərək başqaları kimi beyət etməyə dəvət edir. Bu, tədbirli, siyasi bir gedişdir ki, düşmənin ruhiyyəsini və iradəsini zəiflətmək üçün istifadə olunur. Həmçinin, bu sözləri o zaman deyir ki, qabaqca dəlillərlə Muhəmmədin nəslini Qüreyşlə və onunla müqayisə etmiş və onunla bu dəlillərlə danışmışdır…
Şamda Əməvilərin bayrağı yenə də Haşimilər xilafətinə düşmənçiliklə dalğalanırdı. Onlar qədimdə Əliyə (ə) beyət etməkdən boyun qaçırdıqları kimi, imam Həsənə (ə) beyət etməkdən də boyun qaçırırdılar. Xeyirxah və izahlı məktubların bir faydası olmadı. Bu məktublardakı ağıllı üslub və möhkəm dəlillər onların boyun qaçırmalarının qarşısını ala bilmədi.
Biz imam Həsənin (ə) Müaviyəyə yazdığı məktubları araşdırdıqda, belə bir şəxsiyyətə yad olan doğru-düzgün və möhkəm dəlillərdən kənara çıxan bir şey görmürük… Əksinə, Müaviyənin ona yazdığı məktublarda çox vaxt mövzunun mahiyyətinə diqqət yetirilməkdənsə, onun haşiyəsi barədə danışılır və onlardan çoxu müsəlmanlar arasında təfriqə və nifaq salmağa xidmət edən unudulmuş düşmənçilikləri xatırlamaqdan ibarətdir… Müaviyənin məktublarında bu məktubların yazılma məqsədləri ilə əlaqədar olaraq, yalnız bir şey çatmırdı. O da xilafət haqqının və bu müqəddəs kürsünün ələ keçirilməsinin isbatı üçün ağıllı bir dəlilin olmaması idi… Həsən ibn Əliyə (ə) yazdığı məktublarda Müaviyənin yeganə dəlili bu idi ki, yazırdı: «Mənim hakimiyyətdə xidmətlərim səndən daha çoxdur və səndən daha təcrübəliyəm, səndən yaşda böyüyəm və bu qədər..».
«Nəhcül-bəlağə»nin 31-ci məktubunun şərhində ibn Əbil Hədidin nəql etdiyinə əsasən, Müaviyənin Həzrət imam Həsən Müctəbaya (ə) yazdığı məktub belədir: – Allahın bəndəsi Müaviyədən Həsən ibn Əliyə. Allahın salamı olsun sənə, əvvəla səninlə birlikdə Ondan başqa tanrı olmayan Allaha sitayiş edirəm. Məktubun mənə çatdı və orada yazdığın Muhəmməd Rəsuləllahın fəziləti barədə olanları anladım. Başa düşdüm ki, o, böyüklü-kiçikli bütün keçmiş və gələcəkdəkilərdən fəzilətə daha layiqlisidir. Bəli, Allaha and olsun ki, o, öz risalətini çatdırdı. Xeyirxahlıq və hidayət etdi. Allah onun vasitəsilə xalqı məhv olmaqdan xilas etdi, zülmətdən işıqlığa, nadanlıq və azğınlıqdan hidayətə çatdırdı. Allah ona ən layiqli mükafat versin və öz peyğəmbərinə ümməti tərəfindən ən layiqli mükafat olaraq doğulan və peyğəmbərliyə seçilən gün, Allaha qovuşduğu və yenidən dirildiyi gün Allahın salamı ona olsun.
Məktubda Peyğəmbərin (s) vəfatından, müsəlmanların hakimiyyət uğrunda davasından və onların sənin atana qalib gəlməsindən danışmış, Peyğəmbərin (s) Əbu Bəkr Siddiq, Ömər Faruq və Əbu Ubeyda kimi etibarlı tərəfdarlarına, eləcə də Mühacir və Ənsardan olan saleh adamlara açıq-aşkar böhtan atmışdın. Bu işi səndən gözləməzdim. Çünki sən bizim xalqın nəzərində pisliyi güman olunmayan bir adamsan. Sən ədəbsiz adam deyilsən. Mən istərdim ki, sən ciddi söz deyərək, yenə də yaxşı adla məşhur olduğun kimi qalasan.
Bu ümmət öz Peyğəmbərinin (s) vəfatından sonra ixtilafa düşərkən sizin fəzilət, xidmətləriniz, yaxınlıq və qohumluğunuzu, eləcə də müsəlmanlar arasında olan əhəmiyyətinizi danmadı. Xalq belə məsləhət gördü ki, Qüreyşin Peyğəmbərə nisbətinə və Qüreyşin xeyrinə görə özlərini hakimiyyətdən kənara çəksinlər. Sonra da Qüreyş, Ənsar və digərlərinin salehləri, eləcə də xalq kütləsi belə məsləhət gördülər ki, xilafəti Qüreyşdən olan elə bir şəxsə versinlər ki, İslamda hamıdan qabaqdır, Allahı hamıdan çox tanıyır, onun qarşısında hamıdan çox sevilən və onun fərmanını yerinə yetirməkdə hamıdan qüdrətlidir. Bu səbəblə də, Əbu Bəkri seçdilər. Bu, ümmətin xeyirxah və ağıllı dindarlarının fikri idi. Lakin bu fikir sizin ürəyinizdə onlara qarşı bədgümanlıq yaratdı. Halbuki, onlar müttəhim deyildirlər və etdikləri işdə səhv etməmişlər. Əgər müsəlmanlar sizin aranızda Əbu Bəkr kimi İslamı müdafiə edə bilən bir adam olduğunu görsəydilər, onu seçər və ondan üz döndərməzdilər. Çünki onlar gördükləri işdə İslam və müsəlmanların mənafeyini nəzərə almışlar. Allah onları İslam və müsəlmanlar tərəfindən mükafatlandırsın.
Sülh və barışıq üçün etdiyin dəvəti də anladım. Amma bu gün mənimlə sənin aranda olan vəziyyət, Peyğəmbərin (s) vəfatından sonra sizinlə Əbu Bəkr arasında olan vəziyyət kimidir. Əgər sənin rəiyyət üçün daha ağıllı, ümmət üçün daha ehtiyatlı, siyasətdə daha bəyənilmiş, mal toplamaqda daha bacarıqlı və düşmən qarşısında daha tədbirli olduğunu bilsəydim, vaxt itirmədən sənin dəvətinə müsbət cavab verər və səni buna layiq bilərdim. Lakin mən çox yaxşı bilirəm ki, mənim vilayətim səninkindən daha uzun olmuş, bu ümməti idarə etməkdəki təcrübəm səninkindən daha qədimdir. Yaşda da səndən böyüyəm. Daha yaxşı olardı ki, həmin təklifi sən məndən qəbul edib, mənim itaətimə gələsən. Məndən sonra da hakimiyyət səninki olacaqdır. İraq Beytul-malında olanlar, hansı məbləğdə olursa-olsun, sənin olacaqdır və onu hara istəsən, apara bilərsən. Sonra da xərcləri ödəmək üçün İraqın hər hansı bir hissəsinin xəracını və hər il öz inandığın bir adamın onu toplamasını istəsən, sənin üçün bu hüquq da qorunmuşdur. Əsla sənə qarşı ədəbdən kənar bir iş görməz, səninlə məsləhətləşmədən bir addım atmaz və Allahın itaətini nəzərə alaraq, sənin verdiyin fərmanları rədd etmərik. Allah sənə və bizə öz itaətində kömək etsin, O, duaları eşidən və yerinə yetirəndir, vəssalam».
Şübhəsiz ki, Müaviyənin düzəltdiyi cəfəngiyyatdan başqa deyiləsi və qəbul ediləsi bir dəlili olsaydı, onu bəyan edər və öz müvəffəqiyyəti üçün köhnə düşmənçilik hisslərini oyatmağa əl atmazdı.
«Sülhül-Həsən» kitabının müəllifi bu məktubların təhlili zamanı yazır:
– Beləliklə, düşmənçilik Müaviyə tərəfindən başlandı. O, öz itaəti vacib olan İmamı ilə müxalifətçilik edərək, ona itaətdən boyun qaçırdı. Elə bir İmam (ə) və rəhbərlə müxalifətçilik etdi ki, Müaviyə və onun yetirmələri istisna olmaqla, hamı ona beyət etdi. Kufə Müaviyənin hədələrini eşidir, onun İraqa hücum etmə xəbərini bilirdi və şiə cəngavərlərinin dili ilə marş oxuyurdu. Məsələ çox ciddi şəkil almışdı və Rəhbər də bu qəfil yaranmış vəziyyətə cavab verməli idi…
Müaviyənin törətdiyi Şam müharibələri İslam üçün ən pis və ziyanlı müharibələr olmuşdur. Bu müharibələrdə tökülən qanlar, pozulan haqlar, təcavüzə məruz qalan həqiqətlər, düşüncəsi aşağı olanların əldə etdiyi qələbələr və maddi həvəslərə nəsib olan inkişaflar hələ heç bir İslam tarixindəki müharibədə görünməmişdi… O cəhətdən görünməmişdi ki, bu cür müharibələr müsəlmanların birliyini aradan qaldırır və müsəlman qrupları arasında düşmənçilik toxumu səpirdi.
(ardı var…)
(Seyid Kazım Pərpənçinin «Qədir günündən Aşurayadək» kitabından istifadə olunmuşdur).

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this