(…əvvəli ötən sayımızda)

Eşq qurbangahı

السلام علیک و علی الارواح التی حلت بفنائک

Bəlkə də heç bir əsrdə və heç bir zaman, gecə o qədər ağır bir gecə olmamışdı. Sanki ağırlığı çiyinlərində hiss edirdi. Addımlarını güclə atırdı. Özünü aydın gündüzə çıxarmağa heç də meyli yox idi. Çünki Peyğəmbərin (s) Əhli-beyti (ə), Peyğəmbər (s) ümmətindən yalnız o gecəni möhlət istəmişdi. Odur ki, o, istəyirdi ki, səhər açılmasın və bu yolla da həmişəlik olaraq, Rəsuləllahın (s) itrətinə öz parlaqlığı ilə sığınacaq və pənah olsun.
Gündüz özü də, qabaqcadan xəcalət çəkərək fikrə qərq olmuşdu ki, kaş yaradılmayaydım. Yaranandan bəri daim çalışırdı ki, hər səhər öz parlaq nurunu dünya səhrasına saçaraq qaranlıqları aydınlaşdırsın. Amma indi nəinki o, eləcə də bütün səma mələkləri cərgəyə düzülüb baxırlar ki, həqiqi nur gecənin qaranlığında raz-niyazla məşğuldur və yaradanın qarşısında üzünü torpağa qoyub təhəccüdə (gecə namazına) oturmuşdur. Buna görə də, gün öz gəlişi ilə nəinki bu əzəməti o varlıqdan alacaq, hətta özü də əbədi nifrin qazanacaqdır.

هذا یوم فرحت آل زیاد و آل مروان

Gecənin üzündən qara rəng getməklə istər-istəməz Aşura cüməsinin dan yeri ağardı. Şəhadət bağçasının gülləri öz axırıncı sübh namazını qılmaq üçün İmamın (ə) arxasında cərgəyə durdular. Sanki bütün insanlar şəhidlər ağasının Yaradan qarşısında əzəmətli namazda ərz etdiyi

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ

kəlməsinə tamaşaya durmuşdular.
Namazdan sonra İmam (ə) qoşunu nizamlamağa başladı. Bu, zahirən az olan qoşun batində o qədər qüvvətli və möhkəm idi və məna aləmində o qədər qüdrətli idi ki, əbədiyyət tarixində həmişəlik olaraq Muhəmmədin (s) dinini qoruyub saxlayacaqdır.
Qoşunun sağ cinahını Züheyr ibn Qeynə, sol cinahını isə Həbib ibn Məzahirə tapşırdı. Mərkəz xəttini qardaşı Abbas ibn Əliyə tapşırdı və göstəriş verdi ki, Aşura axşamı çadırların içindəki qamış və oduna od vursunlar ki, arxadan edilən hücumun qarşısı alınsın.
Sonra, İmam (ə) Rəsuləllahın (s) əmmaməsini başına qoyub, əbasını geyinərək dəvəyə mindi ki, əvvəla hündürdə olsun və hamı onu görsün. İkincisi, bilsinlər ki, onun məqsədi müharibə etmək deyildir və üçüncüsü isə məqsədi bu idi ki, müharibə başlanmamış özünü bu xalqa əvvəlkindən daha artıq tanıtsın. Daxilən təmiz olanlar ayılsınlar və qəlbi kor olanların sabah – Qiyamət günü bəhanələri olmasın ki, görmədik, tanımadıq və baş verməli olmayanlar baş verdi.
Bir qədər əvvəl qeyd etdik ki, əgər dinlə siyasətin arasında bir sərhəd olarsa, düz bu nöqtədə gizlənmişdir. Peyğəmbər (s) balasının mehriban ürəyi bu aldanmış camaatın məhəbbəti ilə döyünür və ürəyi yanan bir ata kimi onların yolu azmalarından, hökumət aparatının axmaq həvəslərinin əsirinə çevrildiklərindən əziyyət çəkirdi. Onlara nəsihət verərək, özünə tərəf çağırır, dəvət edirdi. Say və hesabdan söz getmir, əgər belə olsaydı, onda Zübalə məntəqəsində öz tərəfdarlarına «qayıdın» deməzdi. Deməli, o, müdafiə və bu cazibənin məqsədi yalnız saflaşdırmaq idi. Səlahiyyəti olmayanlar Məkkədən onlarla birlikdə olmalarına baxmayaraq, dəf edilməli, səlahiyyəti olmayanlar isə indi 12000 nəfər aldadılmışların arasında olsalar da, cəlb olunmalıdırlar.
Qoşun başçıları rüsvayçılıq qorxusundan, adamlar İmamın (ə) səsini eşitməsinlər deyə, qışqıraraq əmr etdilər ki, səs-küy yaratsınlar. İmam (ə) o qədər səbir edərək dayandı ki, səs-küy salanlar yorulub əldən düşdülər. Sonra öz tarixi nitqini (şəhadəteyni) etdikdən sonra belə dedi:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ ایها الناس اسمعوا قولی و لا تجعلوا حتی اعظکم حق لکم علی …

«Camaat, sözlərimi eşidin, mənimlə döyüşə tələsməyin, qoyun sizə layiq olduğunuz nəsihəti verim və sizə tərəf gəlməyimin əsas səbəbini açıqlayım. Əgər insaflı olub sözlərimə qulaq assanız, səadətə çatacaqsınız və mənimlə müharibə etməyə heç bir sübutunuz yoxdur. Əgər insafsızlıq edib qəbul etməsəniz, onda siz və əhd-peyman bağladıqlarınız əlbir olub mənim barəmdə nə istəsəniz edin».
Sonra buyurdu: «Camaat, mənim kim olduğumu yadınıza salın. Özünüzə müraciət edib, özünüzdən soruşun və görün ki, məni öldürmək, hörmətimi sındırmaq sizə layiqdirmi? Məgər mən sizin Peyğəmbərinizin (s) qızının, onun əmisi oğlunun, vəsisinin, ilk iman gətirənin, Rəsuləllahı (s) və onun gətirdiyini təsdiq edənin oğlu deyiləmmi? Məgər şəhidlər ağası Həmzə atamın əmisi deyilmi? Məgər cənnətdə iki qanadla pərvaz edən Cəfər Təyyar mənim əmim deyilmi? Məgər öz aranızda məşhur olan Rəsuləllahın (s) mənim və qardaşım barədə buyurduğu «Bunlar cənnət cavanlarının ağasıdırlar» kəlamını eşitməmisinizmi? Mənim bu sözümün həqiqət olduğunu təsdiqləyərsiniz ki, «Allah yalançılarla düşməndir və yalançılar ziyandadırlar» – kəlamını eşidən vaxtdan əsla yalan danışmamışam. Əgər sözümü təsdiqləməsəniz, onda hələ də sizin aranızda bir sıra adamlar vardır ki, soruşsanız, onlar sizə xəbər verərlər. Cabir ibn Abdullah Ənsaridən və ya Əbu Səid Xidridən, ya Səhl ibn Səd Saididən, ya Zeyd ibn Ərqəmdən, ya Ənəs ibn Malikdən soruşun. Görəsən, sizin mənim qanımı tökməkdən saxlamaq üçün təkcə bu hədis kifayət deyilmi?
Bu çox təəccüblüdü. Görəsən nə üçün İmam (ə) öz tarixi xütbəsində hər şeydən əvvəl şəhadəteyni dilinə gətirdi. Fəlsəfi və elmi bəhslər olan vilayət və vəsayət bəhslərinin dəlilləri əvəzinə, çox aydın və sadə dildə özünü tanıtmağa başladı.
Məgər o, Peyğəmbər (s) balası deyilmi, vəhy onların evində nazil olmayıbmı, atası Peyğəmbərin (s) çağırışına «ləbbeyk» deyən ilk şəxs olmayıbmı, anası Fatiməni Peyğəmbər (s) öz nənəsinin ləqəbi ilə iftixarlandırmayıbmı? O və qardaşı Həsəni (ə) Rəsuləllah (s) «cənnət cavanlarının ağası» kimi tanıtdırmayıbmı? Məgər indi onun müsəlman olmasında bir şəkk-şübhə yaranmışdı ki, zülm və fəsad əhlinin qarşısında nitqini hər şeydən əvvəl kəlmeyi-şəhadətlə başlayır?
Tarix bütün öz çatışmazlığı ilə yanaşı, bu həqiqəti də öz sinəsinə yaxşı həkk etmiş və bizə çatdırmışdır. Bilin ki, hər hansı bir zamanda, hər hansı bir məkanda, şeytan tərəfdarları Allah tərəfdarlarına qarşı qiyam etmək istəmişlərsə, hər vaxt allahsızlar haqq yolu göstərən imamları məhv etmək istəmişsə, hər vaxt bir batil haqqı aradan qaldırmaq istəmişsə və nəhayət, hər vaxt bir Allah dostunu öldürmək istəmişlərsə, o zaman onları camaatla üz-üzə, göz-gözə danışaraq etməmiş, həmişə xalqı axmaq yerinə qoyub, onları aldadaraq bu işləri görmüşlər.
İbrahimi yandırılmağa məhkum edərkən, camaata dedilər ki, o, sizin ata-babalarınızın Allahlarını inkar edir. Musa hələ Turi Sinadan qayıtmamışdı ki, xalqı aldadaraq, Musanın Allahı əvəzinə, onları Samirinin çəpişinə pərəstiş etməyə vadar etdilər. Yəhyanı dinsizlikdə ittiham edib başını kəsdilər. Salehin dəvəsini Səmud qövmünün batil meyillərini üzə çıxartdıqlarına görə öldürdülər. İsanı Bəni-İsrailin etiqadlarını qəbul etməməsinə görə, yəhudi xaxamları kafirlik üstündə çarmıxa çəkmək istədilər. Nəhayət, vəhy xəbərini söndürməyi qərara aldıqları gün dedilər ki,

کفانا کتاب الله!!!

«Allahın kitabı bizə bəsdir».
İndi, hicrətin 61-ci ilinin Aşura günüdür. Allahın seçdiyi Adəmin Allahın nəbisi Nuhun, İbrahimin, Xəlilullahın, Musa Kəlimullahın, İsa Ruhullahın və Muhəmməd (s) Rəsulullahın varisi olan Huseyn, yəni bütün İlahi peyğəmbərlərin nümayəndəsi (Böyük və şəriət gətirən peyğəmbərlər beş nəfərdir, qalan peyğəmbərlər isə onların gətirdiyi şəriətə rəvac verənlərdir) indi Kərbəla çölündə, dəvə belində şəhadət verir ki, mən müsəlmanam. Nə üçün? Ona görə ki, şayiə yaymışdılar ki, o, xaricidir. Yəni o, özünü müsəlman cəmiyyətindən kənarlaşdırmış və Muhəmmədin (s) dininin əleyhinə qiyam qaldırmışdır. O, müsəlman cəmiyyətinin birlik və vəhdət sıralarında yarıq əmələ gətirmişdir. Bu şayiəni hökumətin rəsmi qazısı da təsdiqləyərək, fitva vermişdi ki, «Huseyn xaricidir və qanı hədərdir!!»
Buna görə də o, tarix məhkəməsi qarşısında öz müdafiəsinə çalışaraq deyirdi: «Məni öldürməyə tələsməyin. Çünki mən sizin Peyğəmbərinizin (s) qızının oğlu olmaqdan əlavə, sizdən heç bir kəsi öldürməmişəm, malınızı tələf etməmişəm, siz özünüz məni dəvət etmisiniz. İndi əgər sizdən soruşulsa ki, mən dində bir bidət qoymuşammı və ya Muhəmmədin (ə) dinini qorumaqda bir səhvə yol vermişəmmi? Nə cavab verəcəksiniz?
Doktor Şəhidinin dediyinə əsasən, İmam (ə) şübhəsiz ki, bu sözləri düşmən çəngindən azad olmaq üçün və ya öldürülmək qorxusundan deməmişdir. O, əgər belə bir şey istəsəydi, bir neçə gün qabaq bunun üçün daha yaxşı imkan vardı. Xəstə olmayan və düzgün qavrama qabiliyyəti olan hər bir kəs bu sözlərdəki xeyirxahlığı, insansevərliyi və sülhsevərliyi çox gözəl hiss etməlidir. Bu, tarixdə belə bir şəraitdə deyilən bir neçə nitqdən biridir. Bu, İlahi adamların sözləridir. Bu, yatmış vicdanları oyatmağı özünə vəzifə, borc hesab edənlərin sözləridir. Bu, özünü bir neçə cahilin alovlandığı qəzəb və şəhvət tüğyanının alovları arasına atıb, oradan heç olmasa bir-iki nəfəri xilas etməyi fikirləşənlərin sözləridir.
Bu xütbəni bir daha oxuyun. Onda heç bir söz düzümü, bəyan sənətkarlığı işlədilməmişdir. Natiq burada məntiqi dəlillərə diqqət etməmişdir. Bu, çox sadə və hamının anladığı, lakin özünü ondan xəbərsiz kimi göstərənləri də əhatə edən bir bəyanatdır. Elə bir danışıqdır ki, orada olan ən sadə və avam adam da onun dərinliyini başa düşər: «Camaat, mən sizin xeyirxahınızam. Mən ayrı-seçkilik salmaq üçün gəlməmişəm. Hamınız məni tanıyırsınız və bilirsiniz ki, mən yalan danışan deyiləm. Niyə məni öldürmək istəyirsiniz? Kim sizə bu haqqı vermişdir?»
Burada fitnəkarlar və müharibə istəyənlər qorxuya düşdülər ki, birdən bu sözlər camaatın daş qəlbinə təsir edər. Qorxdular ki, döyüşçülər İmamın (ə) sözlərinin təsiri altına düşər və o zaman onlar istədiklərinə (fitnə salmağa) nail ola bilməzlər. Odur ki, həmin alçaq xislətli, qanasusamış namərdlərdən biri dedi: «Əgər nə dediyini başa düşdümsə, Allaha batil pərəstiş edim». Bu sözü elə bir adam dedi ki, ömrü boyu Allaha nə haqq, nə də batil yolla pərəstiş etməmişdir. Onun əsla Allahla işi yox idi. Biz bu adamın həyatına Kufədə özünü Əliyə (ə) bağlayan gündən indi Əlinin (ə) oğlunu öldürmək istədiyi günədək yaxşı bələdik. Bu şəxs Şimr ibn Zilcovşəndir.
O, insanların əziyyətindən ləzzət alan yırtıcılardandır. Onlar təqvalı bir adamın ömür çırağını öz əlləri ilə söndürdükləri zaman sevinirlər. Təəssüflər olsun ki, belələri tarix boyu heç də az olmamışdır.
Şimrin sərxoş nərəsi, düşmən ordusunun Kərbəla səhrasını səs-küylə doldurmasına səbəb oldu. İmamın (ə) məqsədi bu idi ki, son bəyanatla höccəti onlara tamamlasın. Odur ki, səbir edib gözlədi. Nəhayət, yenidən düşmən ordusu bir-birini danlayaraq sükut etdilər. İmam (ə) buyurdu:

تبالکم ایتها الجماعة و ترحاً…

«Ay camaat, ar olsun sizə ki, məni öz tərəfinizə çağırdınız. Sizin istək və çağırışınızı qəbul edib tərəfinizə gəldikdə üzümə qılınc çəkdiniz, bizim və sizin düşmənlərimizin yandırdığı fitnə odunu alovlandırdınız, öz rəhbər və dostlarınızın ziddinə ayağa qalxıb, düşmənlərinizə kömək etməyə hazırlaşdınız. Siz bütün bunları düşmən ədalətli bir addım atmadan və hər hansı bir arzunuzu yerinə yetirmədən etdiniz. Yalnız payınıza düşən dünyanın haramı və ürək bağladığınız alçaq, zillətli bir həyatı istisna etməklə, heç bir arzuya çatmadan etdiniz…
Məhv olun, ey kəniz qulları, əhzabdan qalanlar, küfr və fəsad, Quranı atıb şeytanı tutanlar, günah sevənlər və Allah kitabını təhrif edənlər, sünnəni söndürənlər, Peyğəmbər (s) canişinləri və övladlarının qatilləri, atalarını tanımayan natəmizlər, möminlərə əziyyət verənlər, dini oyuncağa çevirən və Quranı parçalayan batil rəhbərlərin sadiq köməkçiləri. Ey döyüş qızışdırıcıları, bu gün iş o yerə gəlib çatmışdır ki, bizim düşmənlərimizə kömək edir, bizə kömək etməkdən boyun qaçırırsınız?
Niyə belə edirsiniz? Allaha and olsun ki, sizin vəfasızlığınız məşhur olacaqdır. Sizin varlığınızın bünövrəsi möhkəm vəfasızlıq üzərində qurulmuş, canınızın fidanları o vəfasızlıqdan su içmiş, qəlbiniz onunla uyğunlaşmış, sinələriniz vəfasızlıqla sakitləşmişdir. Siz bir ağacın elə ən acı meyvəsisiniz ki, bağban onu ağzına qoymaq istədikdə, boğazını tutur, oğru onu yemək istədikdə isə yaxşı tamlı olursunuz. Bilin ki, Allah əhd-peyman bağlayandan sonra o peymanı pozanlara lənət edəcəkdir. Siz öz əhd-peymanınıza Allahı şahid tutdunuz, halbuki zülmkarsınız.

الا وان الدعی بین قد اثنتین بین اثنتین بین السلة وهیهات مناً الذلة

Agah olun, zinadan əmələ gəlmişin biri məni iki işə məcbur etmişdir: qılınc çəkmək, ya da xar olmaq. Amma xar olmaq bizdən çox uzaqdır. Allah və onun Rəsulu (s) bunu bizim üçün bəyənmirlər. Bizi bəsləyən mömin və paklar ona razılıq verməzlər. Alçaqlara itaət edib onlara qulluq göstərmək o qədər dəyərli deyildir ki, buna görə mərd adamlarla torpağa düşməkdən vaz keçəsən. Bu mərd adamların torpağa düşməsinin hansı gözəlliyi və savabı yoxdur ki, ondan keçmək mümkün olsun? Nakəslərə itaət etməyin nə dəyəri vardır ki, ondan vaz keçmək mümkün olmasın? Bilin ki, höccəti sizə tamamladım. Üzr yolunu sizin üzünüzə bağladım. İşinizin aqibətindən sizi qorxutdum. İndi ki, tərəfdarlarım məni atmışlar, mən ailəmdən olan az adamla sizinlə döyüşəcəyəm».
Nəhayət, baş verməli olmayan iş baş verdi. Quranın yarım əsr öncə xəbər verdiyi bir səhnə yarandı: «Əgər Muhəmməd ölsə, ya öldürülsə, siz keçmişə qayıdacaqsınız? Əgər belə etsəniz, Allaha heç bir zərər dəyməz». («Ali-İmran» surəsi, ayə 144) Bu camaat 50 ildən sonra öz əvvəlki hallarına-cahilliyə qayıtdılar. Bu, elə bir həyatdır ki, qəzəb və şəhvətdən başqa bir rəhbəri yoxdur.
Ömər ibn Səd ordunu nizama salmaq üçün döyüş bayrağını öz qulamı Züveydə tapşırdı və özü bir oxu kamana qoyub İmamın (ə) tərəfdarlarına tərəf atdı və uca səslə dedi: «Siz şahid olun və əmirin yanında şəhadət verin ki, onlara tərəf ilk ox atan mən olmuşam». Sonra hər tərəfdən oxlar yağış kimi vilayət həriminin müdafiəçilərinə tərəf uçmağa başladı… Bir neçə saatdan sonra çadırları qarət etmək üçün Həzrətin (ə) yasaq olan otaqlarına tərəf düşmən yürüş edərkən, müqəddəs bədəni başdan ayağadək qana bulaşmış İmam (ə) fəryad qopararaq dedi:

ویلکم شیعة آل أبی سفیان ان لم یکن لکم دین و کنتم لا تخافون یوم المعاد فکونوا حراراً دنیاکم

«Vay olsun sizə, ey Əbu Süfyan ailəsinə tabe olanlar. Əgər sizin dininiz yoxdursa və Qiyamət günündən qorxmursunuzsa, heç olmasa öz dünyamızda azad olun».
(Seyid Kazım Pərpənçinin «Qədir günündən Aşurayadək» kitabından istifadə olunmuşdur).

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this