(…əvvəli ötən sayımızda)

Tasua axşamı

Yavaş-yavaş sakitlik yarandı və ələ bir fürsət düşdü ki, İmam (ə), «sirati müstəqim» yolunu qət edən aşiqlər və Allahın layiqli və arif bəndələri ilə birlikdə Yarın camalı ilə görüş üçün raz-niyaza otursunlar. Tarixin o həssas ləhzələrində sözə belə başladı:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم أثنی علی الله احسن الثناء…

«Ən yaxşı səna ilə öz Allahıma səna edirəm. İlahi, sənə şükür edirəm ki, bizi Muhəmmədin (s) nübüvvəti ilə əziz etdin. Bizə Quranı öyrətdin, bizim üçün gözlər, qulaqlar və qəlblər yaratdın. İlahi, bizi nemətlərinə şükür edənlərdən hesab et (Sonra öz səhabələrinə xitabən dedi). Mən öz tərəfdarlarımdan yaxşı tərəfdar və ailəmdən başqa qohumluq əlaqələrinə bağlı olan belə bir ailə tanımıram. Allah sizin hamınıza mənim tərəfimdən yaxşı mükafatlar versin. Bilin ki, mənə elə gəlir ki, sabah biz bu adamlarla üzbəüz olacağıq. Mən sizin hamınıza icazə verdim, hamınız mənim razılığımla gedin, mənim sizin boynunuzda heç bir haqqım olmayacaqdır. İndi gecədir, bu gecəni özünüz üçün istifadə edin və hər biriniz mənim ailəmdən birinin əlindən tutub bu ərazidəki şəhər və kəndlərə dağılışın. Allah bir yol açanadək belə pərakəndə yaşayın. Onlar yalnız məni axtarır. Əgər məni əldə etsələr, digərlərindən əl çəkərlər. («Aşuradan ərbəinədək», «Nihayə əl-ərəb» və «Vəqəfə Əl-Təff»dən nəql olunmaqla, «Tarixi-Təbəri», «Biharül-ənvar» əsərlərindən)
Bundan öncə İmam (ə) Zübalə məntəqəsində buyurmuşdu ki, «Kim istəyirsə, qayıtsın və heç bir qorxusu yoxdur». Bir çoxu həmin yerdə xudahafizləşib getdilər. Utananlar isə karvan gedərkən geridə qalıb, tədricən yollarını dəyişdilər. Xülasə, getməli olanlar getmişdilər, qalanlar isə Allahın sədaqətli bəndələri idilər. Bir neçə səmimi bəndə isə şəhadətə müvəffəq olmağa layiq olduqlarına görə həmin yerdə İmama (ə) qoşulmuşdular.
O gecə İmamın (ə) buyurduqları aşiqlərin və şəhadət yolunu qət edənlərin canını alovlandırdı. Artıq getməli olanlar getmiş və qalanlar da bilirdilər ki, bu gecə göyün qübbəsi onların ayağının intizarını çəkir. Bunlar özləri ərşin zinətləri idilər. İnsanlıq kəramətinin tam mənada nümunələri olan bu adamlar Məşuqun vüsalının arzusunda anları sayırdılar. Bunlar necə qayıda bilərdilər? Məgər Huseyn (ə) eşqinin qucağından başqa bir yer tanıyırdılarmı ki, getsinlər?!
Hamıdan öndə olan söz deməyə başladı. O, qardaşının varlığının cazibələri arasında elə fani olmuşdu ki, hətta öz hazırlığını elan etmək üçün söz deməyə xəcalət çəkirdi. Axı, nə desin? Gözlərində yaş damlaları halqalandığı halda dedi:

لم نفعل انبقی بعدک لاارنا الله ذلک ابدأ

– Bu işi nə üçün edək? Yalnız səndən sonra sağ qalmaq üçünmü? Allah eləməsin. («Müntəhəl Amal» Şeyx Abbas Qumi; «Aşuradan Ərbəinədək» «Hikayətul-ədəb»dən nəql edərək)
Nə qədər ki, Bəni-Haşim bir-bir qalxıb öz ağalarının qarşısında fədakarlığa hazır olduqlarını elan edirdi, ədəb icazə vermirdi ki, Bəni Haşimdən olmayanlar söz danışsın. Hamı öz ürəyindən keçənləri dedikdən sonra Müslüm ibn Oscə durub dedi: «Səni buraxaq və Allah qarşısında sənin haqqını qorumamaq barədə dəyərli bir üzrümüz olmasınmı? Allaha and olsun, öz nizəmi onların sinəsində sındıranadək, qılıncımın dəstəsi əlimdə ikən onlara zərbə vuranadək və əgər döyüşməyə silahım olmasa, səni müdafiə etmək üçün öldürülənədək səndən ayrılmaram».
Ondan sonra başqa bir nəfər sözə başladı. O, Kufənin başbilənlərindən biri idi. Həcc səfərindən qayıdırdı. Yolda fikrini dəyişdi. Bütün müvəqqəti ehtiramlar və qəbilə başçılığından əl çəkmişdi. Sərvət və firavan həyat bütün gözəllikləri ilə onu bu səadətdən saxlaya bilməyən Züheyr ibn Qeyn dedi: «Öldürüldükdən sonra minlərlə dəfə dirilib yenə də cihad etməyi sevirəm. Təki siz salamat qalın və mənim belə öldürülməyimlə Allah bəlanı səndən və sənin nəslinin cavanlarından uzaq etsin».
Hər kəs söz dedisə, beləcə aşiqanə və fədakarcasına danışdı. Nəhayət, İmam (ə) bütün o ağalara vüsal müjdəsi verdi.

Kərbəla Məşərul-həramı

İmam (ə) göstəriş verdi ki, çadırları bir-birinə yaxın etsinlər və onun kəndirlərini bir-birinə bağlasınlar. Çadırların arxa tərəfindən bir xəndək qazıldı və odunla dolduruldu ki, qarətçi əmirin cinayətkarları ilə Rəsuləllah (s) hərəmi arasında arakəsmə olsun. Belə ehtiyat tədbirlərini gördükdən sonra Kərbəla Məşərul-Həramında gecələməyə oturdular. Allah evinin zəvvarları kimi Qurban bayramı axşamı Məşərul-Həramda dayanaraq, elə orada gecələdilər. Sabah Aşuradır – «qan bayramı». Allahın zəvvarları beytullaha deyil, qurbangaha gedəcəklər ki, əbədiyyətə qovuşsunlar. Yalnız bu gecəni Məşərul-Həramda dayanmışlar ki, Allahla raz-niyaz etsinlər. Əgər mahir bir rəssam o gecənin şəklini çəkmək istəsə, aşağıdakı kimi bir tablo yaranar: «Bir səhnədə səhabə və rəiyyət yığıncaq keçirmişlər. Müzakirə obyekti səhər müdafiəsidir. Hər kəs bir rəy fikirləşir. Amma sözün canını Müslüm ibn Oscə dedi: «Sabah düşmən döyüşə qalxan kimi can sizin və can Zəhra balalarının, diqqətli olun ki, bizim bir nəfərimiz sağ qalanadək Bəni-Haşimdən bir nəfər belə şəhid olmasın. Budur Allahın bizə əmr etdiyi məvəddətin mənası. Biz bir neçə saatlığa olsa belə onların sağ qalmalarını öz həyatımızdan üstün tutmalıyıq».
Digər bir yığıncaqda Bəni-Haşim toplaşmışdır. Onlar Bəni-Haşimin nurlu simasının başına toplaşmışlar. O cənab buyurdu: «Əvvəla, səhabə və rəiyyət bizim qonaqlarımızdır. Bu dəlillə ki, Quran bizim evimizdə nazil olmuşdur və biz ev sahibiyik. İkincisi, onlar bizim İmamımızın (ə) köməkçiləri kimi ətrafımıza toplaşmışdılar. Buna əsasən, sabah döyüş başlananda onların bizdən qabaq ölümə getməsinə icazə verməməlisiniz».
Beləliklə, hər iki yığıncaqda söz vəfadarlıqdan və birinci şəhid olmaqdan gedir. Sonra hamısı Allah qarşısında son dəfə çöhrələrini torpağa dikib, səsləri bir-birinə qarışaraq, bir ahənglə Allahın zikrinə qərq olmuşdular. Bu eşq və məstliyi bəzi təbirlərdə arı pətəyinə bənzətmişlər.

فباتوا ولهم دوی کدوی النحل مابین راکع وساجد و قائم

Niyə də belə olmamalıdır? Bu mərd adamlar ömürlərinin son səhərlərinin açılmasının intizarında idilər və ömürlərinin ən iftixarlı günlərini təəccüblə keçirirlər. Namaz, dua və Allahın kitabı ilə vidalaşır və Quranlarının səsləri mələklərin ruhunu oxşayırdı.
Amma «Məşərul-Həram»da başqa bir məclis də qurulmuşdu. Bu məclis üç nəfərin arasında qurulmuşdu: Huseyn (ə), Əli ibn Huseyn (ə) və Zeynəb (ə). Bu yığıncağın ərşi macərası və mələksima şəkli vardır ki, nə bizim idrakımızın onun əzəmətini düşünmək imkanı vardır, nə də qələm onu təsvir edə bilər. Dünya olandan yaşıl günbəzin altında, heç zaman və heç bir məkanda belə bir əzəmətli mənəvi toplantı təşkil olunmamışdır. İmam (ə), İmamın övladı (ə) və İmamın bacısı (ə)». Müzakiə olunan məsələ isə Zeynəbin yolasalınma proqramı və imamətlə vidalaşmanın çatdırılması idi.
İmam (ə) yavaş-yavaş söhbət açır:

یادهراف لک من خلیل، کم لک بالاشراق و الاصیل…

«Ey ruzigar, vay olsun sənə. Nə pis həmsöhbətsən, gecə-gündüz öz əzizlərini əldən verirsən. Həqiqətdə, insan bir yolun yolçusudur ki, sonu ölümdür. İndi köçmək vaxtı gəlib çatmışdır. Bir neçə saatdan sonra Allaha qovuşacaqdır.
Zeynəb qardaşının zümzüməsinə qulaq verərək, taqətdən düşüb fəryad qopardı:

لیت الموت اعدمنی الحیاة

«Ey kaş, ölüm mənim həyatımı əlimdən alaydı». Doğrudan da, Huseyn Zeynəbin bütün ümidi idi. Sonra da Zeynəb həm anası Fatimənin (s), həm də atası Əlinin (ə) dilindən bu hadisəni eşitmişdi. İndi qardaşının eşq nəğməsini zümzümə etdiyini eşidəndə anladı ki, o böyük müsibətlərin tufanı əsməyə başlamışdır.
Yadına düşdü: «Bir gün atası Quranın təfsirində Kərbəla faciəsindən ona danışanda, Zeynəb (ə) ərz etdi: – Bilirəm, anam mənə bu hadisəni xəbər vermişdir».
Bəlkə də ən çox buna görə idi ki, Zeynəb (ə), ömrü boyu heç vaxt Huseyndən ayrılmadı. Hətta evlənməsi də bu iki nəfəri ayıra bilmədi. Qardaşı Kufəyə səfər əzmində olduqda, üç oğlu (Ubeydullah, Oun, Muhəmməd) ilə yol yoldaşı oldu. Amma həyat yoldaşı Abdullah ibn Cəfər Məkkədə qaldı. Kərbəla faciəsi, qardaşının şəhadətində yaşanan müsibət Zeynəbi (ə) o qədər sındırdı ki, il yarımdan çox davam gətirmədi.
Aşuradır. Hicran gecəsi, son görüş, məxfi sirr. Onun ağırlığı o qədərdir ki, Huseyn və Zeynəbdən başqa heç bir can ona dözə bilməzdi. Zeynəbin qəlbi müsibətin şiddətindən döyündü.
İmam (ə) buyurdu: «Bacım, ehtiyatlı ol. Öz səbrini əldən vermə». Ərz etdi: «Necə səbir edim ki, səni öldürmək intizarında olanların olduğunu görürəm». İmam (ə) buyurdu:

لو ترک القطالنام

«Əgər qətaya əziyyət verməsələr o, öz yuvasında rahatlanar».
Zeynəb üzünə bir sillə vurub huşdan getdi. İmam (ə) onun üzünə su səpdi. Təsəlli əlini bacısının sinəsinə qoyduğu halda buyurdu: «Bacım, İlahi təqvanı qoru. Allahdan səbir və təsəlli istə. Özünü qarşıdan gələn daha ağır çətinliyə dözməyə hazır et».
Təsəvvür edirəm ki, o tarixi gecədə bacı-qardaş bir-biri ilə necə raz-niyaz etmişlər. Tarixin bu barədə susmağa üstünlük verməsinə baxmayaraq, guya, İmam (ə) buyurub: «Allahın istəyi budur ki, oğlum Əli-imamət mirasının varisi bir neçə gün xəstə olsun. Buna əsasən, köməksiz uşaqlarla yanaşı, oğluma baxmaq da sənin öhdəndədir». Zeynəb göz yaşı tökdü. İmam (ə): «Bilirsən, sabah karvanın bütün kişiləri şəhid olacaqlar. Sabah günortadan sonra Kufə namərdləri xeymələrə od vuracaq, var-yoxumuzu qarət edəcəklər. Ehtiyatlı ol ki, xeymələr yananda köməksiz uşaqlara, xüsusilə sizin dövrünüzün İmamına bir zədə toxunmasın». Zeynəb gözü yaşlı dedi: «Nigaran olma, qardaş».
İmam (ə): «Sabah gecəni yarı yanmış xeymələrin altında qalacaqsınız. Məbadə günün yorğunluğu gecə namazının unudulmasına bais olsun». Dedi: «Gecə namazını əsla unutmaram».
İmam (ə): «Sizi Kufəyə yola salan vaxtı qətligahın yanından keçirərlər. Qadınlara tapşır ki, qanlı bədənləri görəndə yaxalarını cırıb, düşməni sevindirməsinlər». Zeynəb göz yaşı tökə-tökə deyirdi: «Tapşıracağam».
İmam (ə): «Sabahkı son xudahafizləşmədən sonra bizim görüşümüz Kufə bazarında olacaqdır. Orada nizə başında Quran oxuyacağam…»

أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًا

Zeynəb gözüyaşlı deyirdi: «Bilirəm qardaş». İmam (ə): «Məbada, zinakar Ziyadın oğlu qarşısında özünü uduzasan. Bil ki, bu şəhadətin əzəmətini sənin Kufədəki xütbən aşkar edəcəkdir». Zeynəb dedi: «Arxayın ol. Öz alovlu sözlərimlə Kufə əmirinin sarayını onun başına uçuracağam».
İmam (ə): «Kufə cəlladları sizi Kufədən Şamadək əsir aparacaqlar. Yolboyu şəhidlərin dul qadınlarından və yetimlərindən muğayat olun». Zeynəb göz yaşı tökə-tökə ərz etdi: «Nigaran qalma, qardaş».
İmam (ə): «Ehtiyatlı ol ki, məbada Bəni-Haşim yetimləri bilmədən camaatdan sədəqə götürsünlər». Zeynəb (ə) ərz etdi: «Qardaş bilirəm, sədəqə Bəni-Haşimə haramdır».
İmam (ə): «Məbada, Yezidin məclisində ciyəryeyənin oğlu dodaqlarıma çubuqla vurarkən özünü itirəsən. Yezidin məclisində elə söz deməlisən ki, Aşura igidlərinin fədakarlığı əbədiyyətə qovuşsun». Zeynəb (ə) dedi: «Yezidi elə çırpacağam ki, bu şəhidliyin əbədiyyəti qarşısında həmişəlik tarixdə rüsvay olsun».
İmam (ə): «Balam Ruqəyyə dəhşətli yorğunluqdan sonra Şamda qalar. O, Haşimilər nəslinin əbədiyyət bayrağı kimi Yezidin xilafətində ehtizaza gələcək və sonralar Müaviyə balasının viran qalmış sarayının yanında, şiələrin pənahı olacaq mələksima bir ocağa çevriləcəkdir». Dedi: «Bilirəm, qardaş». İmam (ə): «Anam Zəhranın öz əli ilə toxuduğu köynəyi!…» Zeynəb (ə) göz yaşı tökdüyü halda dedi: «Gətirmişəm, Huseyn!»
Amma imamət əmanətinin ötürülməsi barəsində biz heç bir şey bilmirik və bilməməliyik də. Çünki cismani fikir istedadının ruhani aləmə yolu yoxdur. Çünki bu hiss olunan, o isə hiss olunmazdır. Maddinin o qədər tutumu yoxdur ki, fikir, mahiyyət aləmində nələr baş verdiyini bilsin və anlasın. Təkcə bizim yox, hətta eşq vadisinin aşiqlərinin, vilayət ocağını ürəkdən sevənlərin də bu müqəddəsliyə yolu yoxdur. Elə buna görə də, bu irfani məclis üç nəfərin arasında olmuşdur. Digərlərinin isə başları raz-niyaza qarışmışdı. Çünki burada söhbət «elmul-kitab»dan gedir. Biz isə hələ «kitabın» nə olduğunu bilmirik. Onda «elmul-kitab»ın necə köçürüldüyünü necə anlaya bilərik? Biz onu bilməliyik ki, Rəsuləllahdan (s) sonra imamlar 12 nəfərdir. Əvvəli Əli (ə), axırı isə Məhdidir (ə.c). Onlardan doqquzu Huseynin (ə) övladlarıdır. Doqquzuncusu onların Qaimidir. Hər bir imam özündən sonrakı imamı tanıtmalıdır.
İndi isə Aşura gecəsidir. «Elmul-kitab»ın köçürüldüyü gecədir. Bu kitabın «üçüncü»sündən «dördüncü»sünə keçən gecədir. Bu parlaq sima 34 il vəsilik, vilayət, imamət və ismət bayrağını öz çiynində daşıyacaqdır.

Böyük hicrət

Şübhəsiz ki, «Təlli Zeynəbiyyə»nin arxa tərəfində düşərgə qurmuş Ömər ibn Sədin sərkərdəliyi altında olan 12000 qoşunun hamısının Huseyn ibn Əliyə (ə) yazılan dəvət məktublarında imzaları olduğunu deməsək də, yəqin etmək olar ki, bu məktubların altında əksəriyyətinin imzası var idi. Xüsusilə də, qəbilə başçılarının və Kufə şeyxlərinin tarix boyu həmişə olduğu kimi, öz başçılıqlarını qoruyub-saxlamaq üçün ixtilafda olan tərəflərin məktublarına öz möhürlərini vurduqları məlumdur. Amma Hürr ibn Yezid Riyahi bir neçə gün qabaq Əba Abdullah Huseynlə (ə) ilk görüşündə ərz etdi: «Mən məktuba imza edənlərdən deyiləm».
Bu nüansda da şübhə yoxdur ki, məktubların altında imzası olmayanlar da ən azı bilirdilər ki, kiminlə döyüş və müharibəyə gedirdilər. Kufədən Kərbəlaya nə məqsədlə gəlmişlər? Yalnız bir neçə cavana bəraət qazandırıb, onları istisna etmək olardı. Lakin əlbəttə ki, Aşura ziyarətində bəraət qazanmamışlar.

ولعن الله امة اسرجت والجمت و تنقبت لقتالک…
اللهم العصابة التی جاهدت الحسین و شایعت و بایعت تابعت علی قتله

Deməli, məsələdən xəbərdar olanlar qəti olaraq Aşura gecəsini narahat keçirmişlər. Hətta ordunun sərkərdəsi olan Ömər ibn Səd də. Zarafat deyil, bir gecəlik möhlət verilən adam Zəhranın (ə) ürəyinin meyvəsi və Rəsuləllahın (s) nəvəsidir. İyirmi il bundan qabaq Mavərənnəhrdən Nilin aşağısınadək hakim olan Əli ibn Əbu Talibin (ə) oğludur. O, indi «Təlli Zeynəbiyyə»nin o tərəfində öz tərəfdarları ilə birlikdə raz-niyazla məşğuldur. Bunlar ona bir gecəlik möhlət vermişlər. Sabah isə ya qəbul edərək, Kufədə əlini ibn Ziyadın əlinə verib, Yezid ibn Müaviyəyə beyət etməlidir, ya da bərabər olmayan bir döyüşdə iştirak etməlidir.
Bu dəstədən bir azı, təqribən 32 nəfəri, özlərinin qarışıq fikirlərinə çox sürətlə cavab tapdılar. Bəlkə də, bu dəstə əvvəlcədən 12000 nəfərin fikir dairəsinə daxil deyildirlər. Bəlkə də, bu dəstə əvvəldən özlərini yerləşdirmək üçün Kufə ordusunda 5-ci sütun kimi olmuşlar. Bunların hamısını Allah bilir. Lakin açıqlanan budur ki, o gecə bu dəstə işin-işdən keçdiyini görüb, yoldaşlarını yuxuya verib özlərini şəhidlər ağasının xeymlərinə çatdırmağı qərara aldılar.
Amma Hürr ibn Yezid Riyahi bunların arasında deyildi. Hürr hökumətin rəsmi olaraq adlı-sanlı məmuru idi və 1000 nəfərlik bir orduya başçılıq edərək bu məntəqəyə gəlmişdi. Bir az öncə qeyd etdiyimiz kimi, o, özünü satanlardan deyil, hökumətin rəsmi xidmət zabiti idi. Çünki əgər özünü satanlardan olsaydı, namazda İmama (ə) iqtida etməzdi.
Hürrün ən yaxşı işi bu idi ki, o, mövqeyini bilən adam idi. Kərbəlada olanlardan çoxları sonralar peşman oldu, amma nə faydası? Hətta əgər Aşura günü günortadan sonra da peşman olsaydılar, faydası yox idi. Hürrün qəhrəmanlığı burdadır ki, o, dəqiq olaraq tam zamanında aralarındakı fasilənin iki rəmzindən birini seçə bildi.
O, bir tərəfdən Qadisiyyə övladının özbaşınalıqla nərə çəkərək: «Ey Allahın süvariləri, atlanın» – deməsini görürdü. Digər tərəfdən isə Zəhra (ə) balasının: «Mənə bir kömək edən varmı?» – deyən məzlum səsini eşidirdi. O, bir tərəfdən bilirdi ki, dərəcəsi, rütbəsi və məqamı ordu sərkərdəliyinədək ucala bilər. Digər tərəfdən isə Peyğəmbər (s) balasına kömək etsə, ölümdən başqa bir hədiyyə olmayacaqdır. Ya da qulaqlarına pambıq tıxayıb, özünü laqeydliyə vurmalı idi. Bu üç haldan başqa yol yox idi: «pislik, paklıq və puçluq». Necə ki, bu üç yol təkcə insan üçün, hər bir zamanda və hər bir nəsildə gizlənmişdir. İmam Sadiqin (ə) dediyi kimi: «Hər gün Aşura, hər yer Kərbəla və hər ay məhərrəmdir».
O, arzu edirdi ki, ey kaş, həm öz işini, həm də şərəfini qoruya biləydi. Odur ki, döyüş komandirinin yanına gedib dedi: «Müharibənin taleyini sülhlə həll edə bilmirsənmi?» Ömər ibn Səd dedi: «Əgər mənim əlimdə olsaydı, edərdim. Lakin sənin əmirin belə bir fərman vermişdir ki, ya müharibə, ya təslim. Nə bilmək olar, bəlkə sabah Huseyn qorxub təslim oldu».
Hürr dedi: «Əgər təslim olmasa və mənə elə gəlir ki, təslim olmayacaqdır, onda nə olacaq?» Ömər ibn Səd dedi: «Elə bir müharibə edəcəyəm ki, onun ən sadə yolu başların uçması və qolların kəsilməsidir».
Hürr susub fikirli-fikirli çadırına qayıtdı.
Ürəyi bərk döyünürdü, nə qədər fikirləşirdisə, bir həll yolu tapa bilmirdi. Birdən qəlbinə bir nur işıq saldı.

يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشَاءُ

«Allah istədiyi hər bir kəsi hidayət edər». («Nur» surəsi, ayə 35)
Soruşula bilər ki, Allah-Taala nə üçün başqalarını hidayət etmədi? Cavab veririk. Başqaları elə bir şəhvət quyusunda əsir olmuşdular ki, hidayət olmaq istəmirdilər. (Bu, çox uzun bir məsələdir). Hürr həqiqəti anlamaq istəyirdi. O, öz etdiklərindən peşman idi. Birdən qəlbinə işıq saçdı. Yadına bir neçə il qabaq ustadının onun sualının cavabında dediyi sözlər düşdü: «O, ustadından soruşduqda ki, əgər bir nəfər iki yol ayrıcında qalıb həqiqət yolu ilə batil yolu ayırd edə bilməsə, nə etməlidir?
Ustadı cavab vermişdi: «Əgər ayırd etmək üçün heç bir yol qalmasa, bu iki yoldan hansı birinin onu səadətə və maddi imkanata çatdıra biləcəyini fikirləşsin. Qəti olaraq, ikinci yol haqq və fəzilət yoludur».
İndi Hürrün qarşısında iki yol var idi: Birincisi burada qalıb mükafat alaraq, maddi imkanlar əldə etmək və Yezidlə Ubeydullahın dilindən afərin eşitmək və s.
İkinci yol isə öldürülüb əbədiyyətə qovuşmaq. Hansı yolu seçsin, mədinəlilərə qoşulub doğrulardanmı olsun, ya kufəlilərlə qalıb əbədi nifrət qazansın?
Onlar Mədinədən gəlmişlər, doğrudanmı Mədinədən Kərbəlaya bir yol yoxdur? Amma doğrudur ki, Hürr Kufə ordusunun bir zabitidir. Lakin özü Nəvavisdə dünyaya göz açmışdı (Nəvavislə Kərbəlanın arası bir fərsəxdən artıq deyildi). Amma yox, xeyli yoldur. Batildən mühacirət edib haqqa çatanadək böyük bir yoldur. Hürr də böyük hicrətə əl atmış bir mühacirdir. Məgər Rəsuləllah (s) buyurmadı ki, nəfslə cihad böyük cihaddır? İndi də o, istəyirdi ki, Yezid kimisinin qulluğundan, Huseyn (ə) kimisinin hürrlüyünə mühacirət etsin.
O, qarşısına məqsəd qoydu və səhər tezdən – namazdan sonra atına minib, atı suvarmaq bəhanəsilə inzibati məntəqəni tərk etdi. O, İmam Huseynin (ə) düşərgəsinə yaxınlaşanda, öz qalxanını bir yana atdı (yəni aman üçün gəlmişəm), əllərini başına qoydu. İmamın (ə) yanına çatdıqda xəcalətdən boğazı qurudu, bir neçə kəlmədən artıq deyə bilmədi. Təslim olmasını bildirib, günahından keçilməsini istədi.

انا الذی جعجعت بک یا حسین

İmamın (ə) «atdan düşüb, rahatlan» dəvətini qəbul etmədi. Bir saat sonra isə İmam (ə) ona «azadlıq medalı»nı verib buyurdu:

انت الحرکما سممّتک امک

«Sən azad adamsan, necə ki, anan adını Hürr qoymuşdur».
(ardı var…)
(Seyid Kazım Pərpənçinin «Qədir günündən Aşurayadək» kitabından istifadə olunmuşdur)

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this