(…əvvəli ötən sayımızda)

İki zinadan əmələ gələnin törətdikləri

Ömər ibn Səd öz sərkərdəliyi altında 4000 nəfər əsrgərlə Kərbəlaya tərəf yola düşdü. Kərbəlaya çatdıqdan sonra onun ordu komandiri sayılan Hürrün qoşunu da daxil olmaqla artıq 5000 nəfərə sərkərdəlik edirdi. Ömər ibn Səd əvvəlcə qərara aldı ki, Huseyn ibn Əlinin (ə) yanına bir nümayəndə göndərərək Kufə tərəfə gəlmələrinin səbəbini öyrənsin. Çünki o, xoşagəlməz hadisə ilə nəticələnməyən bir yol axtarırdı. Öncədən də bu ümidlə sərkərdəliyi öz boynuna götürmüşdü. Ömər ibn Səd qərarını ordu komandirləri arasında müzakirə etdi. Lakin onlardan heç biri xəcalətdən nümayəndə kimi İmamın (ə) yanına getməyə razı olmadı. Çünki onlar özləri məktub yazaraq İmamı (ə) Kufəyə dəvət edən həmin namərdlər idilər.
Sonra Kəsir ibn Ubeydullah adlı bir nəfər bu işə razı oldu. Lakin etdiyi şeytanlığa görə İmamla (ə) görüşə nail ola bilmədi. Ondan sonra Qürrət ibn Qeys (Həbib ibn Məzahirin bacısı oğlu) bu işə məmur oldu. O, İmamın (ə) yanına gəlib, elçiliyini yerinə yetirdi. Həzrət (ə) buyurdu: «Sizin şəhərin adamları çoxlu məktub yazaraq, məni buraya dəvət etmişlər. İndi əgər mənim buraya gəlməyimdən narahatdırlarsa, qayıdım».
Bu görüşdə İmam (ə) Həbib ibn Məzahirin bacısı oğlunu xeyirxah işlər görməyə dəvət etməsinə baxmayaraq, Qürrət onun sözünü çatdırmaq və sonra da onların ordusuna qayıtmaq bəhanəsilə Ömər ibn Sədin qoşununa tərəf getdi.
Ömər ibn Səd İmamın (ə) fikrindən xəbərdar olduqdan sonra öz-özünə dedi: «Ümidvaram ki, Allah məni onunla vuruşmaqdan azad edər». O, vaxt itirmədən Ubeydullah ibn Ziyada yazdı: «Allaha çox şükür ki, fitnə sakitləşdi və döyüş baş vermədi. Huseyn ibn Əli aşağıdakı üç yoldan birini qəbul etməyə razıdır:
1. Məkkəyə qayıdıb digər müsəlmanlar kimi yaşamaq;
2. Hicaz və İraqdan başqa bir məmləkətə getmək;
3. Şama gedib Yezidə beyət etmək». (Seyid Cəfər Şəhidi «Huseynin (ə) qiyamı»; Seyid Möhsin Əmin Amili «Əyanul-şiə»)
Tarixdə qeyd olunan bütün mənbələrdə bu məsələdə vahid fikir var ki, İmamın (ə) cavabı qəti və açıq-aydın olmuşdur: «Kufəlilər məktub yazıb dəvət etmişlər, indi əgər peşmandırlarsa, mən qayıdım». «Qayıdım» sözündə bəlkə də Məkkəyə, Mədinəyə və ya hər hansı bir naməlum nöqtəyə qayıtma nəzərdə tutula bilərdi. Amma Şama gedib Yezidə beyət etmək məsələsi əsla işlənməmişdir. Bu fikri yəqin ki, Ömər ibn Səd ya müharibə olmasın deyə, bu iki nəfər arasında sülh yaratmaq üçün yazmışdır, ya da sonralar Əməvilərdən bəziləri İmamın (ə) adını ləkələmək üçün bunu etmişlər.
Hər halda əvvəla, olan hadisələr bu mətləbin əksini göstərir. Əgər İmam (ə) beyət etmək istəsəydi, bu qədər cəncəl lazım gəlməzdi. İkincisi, bu söz İmamın (ə) ilkin bəyanatlarına yaddır. İmam (ə) Yezid hakimiyyətini qeyri-İslami hesab edir və ummətin işlərini izah etmək üçün hərəkət etmişdi. Üçüncüsü, Həzrətin (ə) dəfələrlə və təkidlə buyurduqları bu həqiqətdən xəbər verir ki, Şama getmək təklifi onun azadlıqsevərliyindən və şənindən uzaq bir məsələdir. O, buyururdu:

انی لااری الموت الاّ سعادة، والحیاة مع الظالمین الابرما

«Mən ölümü səadətdən və zülmkarlarla yaşamağı ardan və başqa bir şey hesab etmirəm».
Dördüncüsü, belə bir təklif Rəsuləllah (s), Əli Murtəza (ə) və həzrət Siddiqeyi Kubranın qabaqcadan dediklərinin əksinədir. Onları əsla hesaba gətirməmək olmaz. Beşincisi, Şimr ibn Zilcuşənin Ubeydullahın məclisində dediyindən, habelə Ubeydullahın Ömər ibn Sədə yazdığı məktubundan (aşağıda qeyd ediləcəkdir) dəqiq şəkildə məlum olur ki, İmamın (ə) bəyanatında Şama getmək təklifi barədə söhbət olmamışdır.
Bu məlumatın yalan olmasının dəlillərindən biri də tarixçilərin Üqbə ibn Səmandan nəql etdikləri mətləbdir. O, deyir: «Mən Mədinədən Məkkəyə, Məkkədən İraqa və Huseynin (ə) şəhadətə çatdığı anadək o Həzrətin yanında olmuşam. Bu müddətdə Huseynin (ə) şəhadətədək olan bütün xütbə və söhbətlərini eşitmişəm. Huseyn (ə) heç vaxt demədi ki, beyət əlini Yezidin əlinə versin. Ya da icazə versinlən, İslam sərhədlərindən kənara getsin. Huseynin (ə) buyurduğu bu idi ki, məndən əl çəkin, imkan verin əsl vətənimə gedim, ya da bu geniş Yer kürəsinin bir güşəsində yaşayım və görüm ki, xalqın vəziyyəti necə olacaq. Huseynin (ə) dediyi söz bu idi, ondan qəbul etmədilər». (Muhəmməd Mehdi, Səmsəddin «İmam Huseynin (ə) həyatı» kitabında Təbərinin «Tarix», ibn Əsirin «Kamil» və «Əyanul-şiə» əsərlərindən nəql etməklə)
Seyid Cəfər Şəhidi «Huseynin (ə) qiyamı» kitabında Ömər ibn Sədin məktubunu nəql etdikdən sonra yazır: «Şübhəsiz ki, bu təklifin üçüncü bölməsi doğru deyildir. Bəzi tarixçilərin yazdığı kimi, Sədin oğlu döyüşdən vaz keçmək və məsuliyyətin altından çıxmaq üçün bunu əlavə etmişdir».
İbn Ziyad Ömər ibn Sədin məktubunu oxuduqdan sonra dedi: «Bu, xeyirxah bir məktubdur və fikirləşdi ki, təkliflərdən hər biri araşdırılmalıdır. Lakin Şimr ibn Zilcuşənin rəy və fikirləri Ubeydullaha daha çox təsir göstərdi və o dedi: «İndi ki, əmirin caynağı onu tutmuşdur, istəyir özünü xilas etsin. Əgər bu hadisədə özünü azad etsə, sən zəif, o isə qüvvətli olacaqdır və gələcəkdə qəti şəkildə Əmirəl-möminin üçün böyük bir təhlükəyə çevriləcəkdir».
İbn Əsəm «Əl-Fütuh»da, Seyid Möhsin «Əyanul-şiə»də və başqaları Ubeydullah ibn Ziyadın Ömər ibn Sədə yazdığı cavabda bu cümlənin olması barədə yekdil fikirdədirlər. O, yazmışdı: «Huseyn (ə) və onun tərəfdarlarını Yezid ibn Müaviyəyə beyət etməyə çağır. Əgər beyət etsələr, onda mənə məlumat ver ki, bu barədə öz rəyimi bildirim».
Sanki bu mərdanə cavab polad çəkic kimi Ziyadın oğlunun başına vuruldu. Odur ki, zinanın acı və zəhərli meyvəsi, ən pis ailənin, ən nəsafətli və alçaq ünsürü olan ibn Ziyad (atası məşhur fahişə Süməyyənin balası, anası Şirazlı Mərvanədir) istəyir ki, ali nəsəb sahibi, Zəhranın (ə) ürəyinin meyvəsini zəlil kimi öz qarşısına gətirsin və beləliklə, öz alçaq nəslinin intiqamını Peyğəmbər (s) övladının nəcabətli nəslindən alsın.
O, Huseynin (ə) 8 min silahlı qoşunun mühasirəsində təslim olmadığını gördükdə, hirs və qəzəblə qərara alır ki, silahlı qüvvələri bir az da artırsın və mühasirə dairəsini daha da daraltsın. Odur ki, təxirə salmadan Ömər ibn Sədə yazır: «Huseynin (ə) işini çətinləşdir. Suyu onun və tərəfdarlarının üzünə bağla, yalnız mənim iştirakımla Yezidə beyət etdikdən sonra azad burax». («Huseynin (ə) qiyamı barədə yeni təhqiqat». Seyid Cəfər Şəhidi)

Qoşunun sayı

Tarixdə yazılıb: «Sonrakı hadisələr göstərdi ki, fəsad dağarcığı olan Ubeydullah ibn Ziyad kimisindən ötrü Zəhra (s) balasını rəzalətlə öz qarşısına gətirmək istəyi təbiidir. O, öz nəhs sözləri ilə Həzrətin (ə) əzəmət, böyüklük və şəxsiyyətini istehza atəşinə tutaraq onu təhqir edirdi. Necə ki, Aşuradan sonra da Peyğəmbər (s) Əhli-beyti (ə) ilə də bu cür rəftar etdi.
Ubeydullahın xəyalından keçirdi ki, əlinə düşən fürsətdən çox məharətlə istifadə edərək, öz ləyaqətini «Əmirəl-möminin»ə – Yezid ibn Müaviyəyə göstərsin və Yezid kimisinə sübut etsin ki, xilafəti hədələyən çox mühüm bir problemi çox sürətlə və istədiyi kimi həll etdi.
O, daim ordunun sayını çoxaltmaq fikrində idi və çalışırdı ki, orduya səfərbərlik edib dəstə-dəstə qoşunu Kərbəlaya göndərsin. Məgər Ubeydullah bilmirdi ki, Huseyn ibn Əlinin (ə) ətrafında neçə nəfər vardır? Görəsən, 100 nəfəri (bir qədər az, yaxud bir az çox) darmadağın etmək üçün 8000 nəfər kifayət etmirdimi? Bəzi mənbələrdə qoşunun sayı 36 min nəfərədək göstərilmişdir. Bu, şişirtməyə oxşayır. Lakin dəqiq olanı budur ki, bu fəsad mücəssəməsi dirhəm və dinardan, vədə və hədələrdən, hökm və fitvadan və xülasə, mümkün olan bütün hiylə variantlarından istifadə edib çox az bir müddətdə 12000 nəfərədək adam səfərbər edib Kərbəlaya göndərə bildi. Nə üçün? Çünki:
1. İstəyirdi Yezid ibn Müaviyəyə məlumat versin ki, sənin fədakar nökərin, Bəni-Haşim Peyğəmbərinin (s) oğlunun tərəfindən qalxmış qiyamı darmadağın etmək üçün, onların 100 nəfərdən artıq olmasına baxmayaraq, qarşılarına 12000 şiə və Bəni-Üməyyə sadiqləri hazırlayıb çıxara bilər.
2. Məgər Huseynə (ə) məktub yazıb, onu Kufəyə dəvət edənlər kufəlilər deyildi? İndi ki, valı Bəni-Üməyyənin xeyrinə fırlatmışdır, onda nə üçün hamını səfərbər edərək, ən azı hər evdən bir nəfərin əlini bu qana bulaşdırmasın ki, sabah üçün höccət tamamlansın. Yəni gələcəkdə heç kimin «Aslanın quyruğu ilə oynamağa» cürəti olmasın.
3. Müslüm ibn Əqilin təşəkkül tapmış 18000 nəfərlik tərəfdarlarının bir gecədə pərakəndə olmasına baxmayaraq, ehtiyatı əldən vermək olmaz. Müslüm və Haninin öldürülməsi və yüzlərlə adamın həbs olunması ilə camaatın gözünün qorxudulmasına baxmayaraq, Huseyn ibn Əlini (ə) sevənlər casusların gözündən uzaqda mütəşəkkil olub, qəfildən ümummilli partlayışla nəticələnən bir hadisə törədə bilərlər. Onda yaxşısı budur ki, elə həmin fərarilərdən bir ordu təşkil edib Huseynlə (ə) döyüşə göndərilsin və beləliklə də Kufədə baş verə biləcək qarışıqlığın qarşısı alınsın.
4. Əgər bu iş 1000 nəfərlə tamamlanarsa, yəqin ki, müharibə qurtardıqdan və ordu Kufəyə qayıtdıqdan və «sular dəyirmandan qayıtdıqdan» sonra müharibədə iştirak edənlər digərləri tərəfindən təhqir olunacaqlar. Eləcə də yəqin ki, Peyğəmbər (s) övladını öldürmək günahına görə onları təcrid edəcək və ailələri ilə əlaqəni kəsəcəklər. Onlarla müamilə etməyəcək və minlərlə başqa fəsadlar yaranacaqdır. Onda elə bir fənd işlətmək lazımdır ki, bu ağır günahın ağırlığı bütün qəbilələr arasında bölünsün.
5. Kərbəlaya 12000 nəfər toplanmışdı, bu dəstənin mənası budur ki, ən azı 12000 ata-ana öz övladlarının salamatlığına görə dua edəcək, 12000 bacı öz qardaşlarının müharibədən sağ-salamat qayıtması üçün nəzir-niyaz deyəcək, 12000 övlad öz atasının müharibə qənimətləri ilə birlikdə görüşünü gözləyəcək, 12000 qadın dəf əlində öz həyat yoldaşlarını qarşılamağa çıxacaqdır.
İbn Əsəm Kufi «Əl-Fütüh»da bir hadisə nəql etmişdir ki, orada Ubeydullahın ümumi səfərbərliyi barədə son sözü demişdir. O, yazır: «Ubeydullah Şəbəs ibn Rəbiə tapşırıq verdi ki, Kərbəlaya yola düşmək üçün hazırlaşsın. (Şəbəs İmama (ə) məktub yazanlardan idi). Şəbəs hiylə işlədib özünü yatağa yıxdı və Ubeydullaha xəbər göndərdi ki, əmirin əmrinə itaət edirik, lakin bərk xəstəyəm. Ubeydullah, bir nəfəri onun yanına göndərib hiyləsini başa düşdüyünü çatdırdı: «Lakin bil ki, itaət etməyə məcbursan və heç bir üzr qəbul olunmur». Şəbəs vaxtı itirmədən namazda əmirin hüzuruna gəldi. Ubeydullah ona mərhəba deyib, sabah min süvari ilə Ömər ibn Sədə qoşulma göstərişini verdi.
Əllamə Əskəri «İslamda iki məktəbin görüşləri» kitabında Məsudinin «Muruc Əzzəhəb» əsərindən bir hadisəni nəql edir ki, çox heyrətamiz hadisədir. O, yazır: «Peyğəmbər (s) Əhli-beyti (ə) ilə düşmənçilikdə ad qazanmış Həccac ibn Yusif Səqəfinin mənfur hakimiyyəti illərində (Həccac hicrətin 41-ci ilində anadan olmuş və 95-ci ildə vəfat etmişdir. Əbdül Məlik ibn Mərvanın xilafəti illərində onun əmri ilə Məkkəni daşa basdı və Abdulla ibn Zübeyri öldürdü. Şiənin böyüklərindən çoxu, o cümlədən Hüməyyə ibn Ziyad Nəxəi, Həzrət Əlinin (ə) qulamı Qənbər, Əbdürrəhman ibn Əbi Leyla Ənsari, Səid ibn Cübeyr və Yəhya ibn Ümmüttəvil (Həzrət Zeynul-abidinin (ə) səhabəsi) onun əmri ilə öldürüldülər. «Oud» qəbiləsindən olan bir nəfər Həccacın qarşısında öz qəbiləsini tərifləyirdi. O, dedi: «Bizim qəbilənin fəzilətlərindən biri də budur ki, qəbiləmizin bütün qadınları nəzir etmişdilər ki, əgər Huseyn (ə) öldürülərsə, 10 dəvə nəzir edəcəklər və onlar öz nəzirlərini yerinə yetirdilər!» Həccac dedi: «Allaha and olsun ki, bu, böyük bir iftixardır». Yersiz deyildir ki, Aşura ziyarətində oxuyuruq.

ولعن الله امة سمعت بذلک فرضیت به

«Allahın lənəti o ümmətə olsun ki, sizin müsibətlərinizi eşidib onunla razılaşdılar».
«Müntəhəl-amal» kitabında Şeyx Kuleyninin Həzrət imam Sadiqdən (ə) nəql etdiyi bir hədis qeyd olunmuşdur ki, çox təəccüblü bir hədisdir. O Həzrət (ə) buyurub: «Tasua günü bir gün idi ki, cənab imam Huseyn (ə) və onun səhabələrini Kərbəlada mühasirəyə aldılar. Ubeydullah ibn Ziyad və Ömər ibn Səd qoşunun çoxluğundan şadlandılar və Həzrət Əba Abdullahı (ə) zəif hesab etdilər». Sonra əlavə etdi: «Atam o zəif qəribə qurban. Odur ki, Aşura ziyarətində oxuyuruq:

وهذا یوم فرحت به آل زیاد و آل مروان بقتلهم الحسین

«Aşura elə bir gündür ki, Huseynin (ə) qətlinə görə Ziyad və Mərvanın nəsli şadlıq etdilər».

Mərcanənin oğlunun vəhşi fərmanı

Məhərrəm ayının 7 və ya 8-ci günlərinin birində İmam (ə) Əmr ibn Qərzə Ənsari ilə Ömər ibn Sədə bir xəbər göndərdi. Xəbər bu məzmunda idi: «Səninlə görüşmək istəyirəm. Gecə iki qoşunun arasında səni gözləyirəm».
Gecə vaxtı ibn Səd 20 nəfər tərəfdarı ilə İmam (ə) da 20 nəfər öz tərəfdarları ilə görüşdülər. Müzakirələr məxfi şəkildə keçirdi. Odur ki, İmam (ə) öz tərəfdarlarından xahiş etdi ki, bir az aralıda dayansınlar. Yalnız Abbas və Əli Əkbər onun yanında qaldılar. İbn Səd də oğlu Həfsədən və xidmətçilərinin birindən başqa digərlərini uzaqlaşdırdı. İmam (ə) buyurdu:
«Vay olsun sənə, ey ibn Səd, sonda görüşəcəyin Allahdan qorxmursanmı? Mənim kim olduğumu bilə-bilə vuruşursanmı? Gəl, bütün bu qoşunu buraxıb mənə qoşul. Belə etsən, Allaha daha yaxın olacaqsan». («Əyanul-şiə» əsərindən)
Ömər ibn Səd dedi: «Ey Əba Abdullah, qorxuram ki, sənə qoşulsam, evimi dağıdarlar». Buyurdu: «Subhanəllah, əgər bu dünyada sənin evini Peyğəmbər (s) ailəsi ilə dostluğuna görə dağıtsalar, uduzmuş sayılarsanmı?!» Dedi: «Qorxuram ki, əmlak və varidatımı qarət etsinlər». Buyurdu: «Onlardan daha yaxşılarını sənə cənnətdə söz verirəm». Dedi: «Arvad-uşağıma görə qorxuram». İmam (ə) daha cavab vermədi. Müzakirə bitdi. İmam (ə) yola düşərkən buyurdu: «Ümidvaram ki, İraqın buğdasını çox yeməzsən». İbn Səd istehza ilə dedi: Buğda əvəzinə arpadan istifadə edərəm».
Tasua günü günorta vaxtı Şimr ibn Zilcovşən 4000 nəfərlə, Ubeydullah tərəfindən yeni bir fərmanla ibn Sədin yanına gəldi. İbn Ziyad məktubunda yazmışdı:
«Mən səni Huseyn ibn Əli (ə) ilə döyüşdən boyun qaçırmaq, onu yaşamağa ümidvar etmək və onun tərəfindən üzrxahlıq edərək mənim yanımda ona vasitəçilik etmək üçün göndərməmişdim. Əgər Huseyn və onun tərəfdarları mənim göstərişimə təslim olsalar, onları zəlil şəkildə mənim yanıma göndər. Yox, əgər qəbul etməsələr, vuruşmağa başla və onlar öldürülənədək vuruş. Sonra da onların burun, qulaqlarını kəs. Çünki onlar bu cəzaya layiqdirlər. Elə ki, Huseyn öldürüldü, onun sinə və kürəyini atların dırnağı altında tapdaq altına sal. Mən bilirəm ki, bu öləndən sonra ona əziyyət verməz. Lakin bu bir sözdür ki, demişəm onu öldürsəm, belə edəcəyəm. Əgər sən mənim əmrimə itaət etsən, itaət edənlərin mükafatını alacaqsan. Əgər yerinə yetirməsən, öz məqamından azadsan və qoşun başçılığını Şimr ibn Zilcovşənə həvalə et ki, biz ona öz göstərişimizi vermişik. («Əbədi şəhid» Saleh Nəcəfabadi; «Qəbəsat min tarixi beyt ən-nübüvvə» Şeyx Əli Cəmal. Dəməşq çapı)
Burada bir anlığa keçmişə qayıdaq. Unutmayaq ki, bu qoşunçəkmələr, göstərişlər, vəhşi fərmanlar Peyğəmbərin (s) qızının balası barədə verilir ki, Allah-Taala bu haqda buyurmuşdur:

قُلْ لا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلا الْمَوَدَّةَ فِي الْقُرْبَى

«De, risalət təbliğinin qarşılığı olaraq, sizdən Əhli-beytimə məhəbbətdən başqa heç bir bəxşiş istəmirəm». («Şura» surəsi, ayə 23)
Ömər ibn Səd məktubu oxuduqdan sonra dedi: «Vay olsun sənə, islah olunmasına ümid etdiyimiz işi xarab etdin. Allaha and olsun, mən belə güman edirəm ki, ibn Ziyadı mənim təklifimi qəbul etməkdən sən çəkindirmisən. İslah olunmasına bel bağladığım bir işi xarab etdin. Amma bilin ki, Huseyn ibn Əlinin təslim olmayan böyük ruhu vardır. O, əsla təslim olmayacaqdır». Şeytanlıq mücəssəməsi olan Şimr ibn Zilcovşən amiranə bir səslə dedi: «Bu sözləri burax. İndi de görüm, nə edirsən? Əmirin fərmanını icra edirsən, ya sərkərdəliyi mənə həvalə edirsən?»
Ötən bir neçə gün ərzində dünya və axirət seçimi qarşısında valeh və sərgərdan qalan və öz vicdanını tovlamaq üçün özünü sülh və barışıq ümidi ilə ümidvar edən Ömər ibn Səd, əmirin fərmanı və Şimrin danışığı ilə özünü elə uduzdu ki, ani bir qərar qəbul etməklə axirət rüsvayçılığını dünyanın zahiri şirinliyinə dəyişib dedi: «Mən özüm buna hazıram və piyada qoşun sərkərdəliyini sənə tapşırıram».
Buradək hadisələr Şimrin öz nəhs batinində götür-qoy etdiyi kimi də oldu. İndi də qərara aldı ki, Həzrət Əba Abdullah Huseynin (ə) kiçik ordusuna ikinci bir zərbə vuraraq, bu köməksiz ordunu parçalasın. Odur ki, qürurla xeyməgaha tərəf gəlib «Təlli-zeynəbiyyə»nin arxasından səsləndi: «Mənim bacımın uşaqları – Abbas, Cəfər, Abdullah və Osman haradadırlar?!» (Bu cənablar Həzrət Əlinin (ə) övladlarıdır. Anaları Ummul-Bənin tərəfindən Şimrin qəbiləsi ilə qohumluqları vardır).
İmam (ə) öz qardaşlarına buyurdu: «Fasiq olmasına baxmayaraq, onun çağırışına cavab verin. Çünki onun sizinlə qohumluq əlaqəsi vardır». Qardaşlar Şimrin yanına gəldilər: «Nə deyirsən, nə istəyirsən?» Dedi: «Bacı uşaqları, sizin üçün zəmanət gətirmişəm. Canınızı təhlükəyə salıb Huseyn üçün özünüzü ölümə verməyin və Yezidin fərmanına qol qoyun». Qardaşlar bir səslə cavab verdilər: «Allah sənə və zəmanətinə lənət eləsin. Rəsuləllahın (s) oğlu amanda olmadığı halda bizə aman verirsənmi?» Cənab Abbas ibn Əli (ə) buyurdu: «Əlin kəsilsin və gətirdiyin zəmanətə lənət olsun, ey Allahın düşməni! Sən bizə aman verirsən ki, qardaşımız və sərvərimiz Huseyn ibn Fatiməni tək qoyaq və lənətlənmişin oğluna tabe olaq? («Əyanul-şiə» əsərindən)
Şimr qəzəbli halda öz yerinə qayıtdı. Digər tərəfdən də Ömər ibn Səd Übeydullaha onun səhlənkarlığı barədə xəbər veriləcəyindən ehtiyatlanıb, dərhal öz çadırından çıxdı və «hazır ol» əmrini verdi.

یا خیل الله ارکبی و ابشری بالجنه

Qəribədir! Qadisiyyənin fatehinin oğlu dünən atası Səd ibn Əbi Vəqqas İrana (atəşpərəst ölkəsinə) hücum edərkən həmin Kufə ordusuna, İslam süvarilərinə həmin bu şüarla xitab edərək hücum əmrini vermişdi. Bu gün 50 ilə yaxın bir zaman keçmiş, bərabərliyi olmayan bir döyüşdə, bir tərəfdə nübüvvətini qəbul etmiş Peyğəmbərin (s) balası 100 nəfərdən bir az çox ordu ilə, digər tərəfdə isə 12000-lik özünü müsəlman hesab edən orduya (1 nəfərə qarşı 100 nəfər) fərman verilir ki, «Ey Allahın süvariləri, atlanın ki, sizi cənnətlə müjdələyirəm». Bu müjdənin başqa mənasını bilirsinizmi? Yəni ey yüz adama oxşar yırtıcı və qaniçən canavarlar, bir Peyğəmbər (s) qızı Fatimənin (ə) balası həqiqi bir insana hücum edib onu öldürün ki, cənnətə daxil olasınız!!!
Bunlar Neynəvanın həmin yırtıcılarıdır ki, İmam (ə) Məkkədən çıxarkən dediyi öz tarixi xütbəsində ona işarə etmişdi.

کانی باوصالی تتقطعها عسلان الفلوات بین النوا ویس و کربلا

«Sanki Nəvavis və Kərbəla arasındakı səhrada həris qurdların mənim bədən üzvlərimin oynaqlarını tikə-tikə etdiyini görürəm».
İmam (ə) qardaşı cənab Əbulfəzl Abbasa buyurdu ki, düşmənin yanına gedib bu qəfil hücumun səbəbini soruşsun və bu gecəni onlara möhlət verilməsini istəsin. Əgər istəsələr, döyüş sabah başlansın. Həzrət Abbas İmamın (ə) xəbərini onlara çatdırdıqda ibn Səd cavab vermədi. Həccac dedi: «Subhanəllah! Allaha and olsun, əgər türk və ya Deyləmdən bir nəfər belə bir şey istəsəydi, qəbul edərdik. Peyğəmbər (s) balasının sözünü necə qəbul etməyək?» Qeys ibn Əşəs də Ömər ibn Sədə dedi: «Huseynin (ə) istəyini qəbul et. Lakin bil ki, bunlar sabah səninlə vuruşacaqlar. Onlar heç vaxt sənə təslim olmazlar». Beləliklə, Ömər ibn Səd öz yerinə qayıtdı.
(ardı var…)
(Seyid Kazım Pərpənçinin «Qədir günündən Aşurayadək» kitabından istifadə olunmuşdur).

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this