(…əvvəli ötən sayımızda)

Qan bayramı – Aşura

Kərbəla: (Kərb, bəla) lüğətdə hər iki söz qəm-qüssə mənasında işlədilmişdir. Rəvayətlərin müxtəlifliyinə görə, hicrətin 61-ci ilinin məhərrəm ayının ikisi, ya da üçündə şəhadət karvanı Kərbəla torpağına çatdı. İmam Huseyn (ə) «Bu yerin adı nədir?» soruşduqda ərz olundu ki, bura Kərbəladır. İmam (ə) buyurdu:

اللهم انی اعوذ بک من الکرب و البلا

«İlahi, qəm-qüssədən sənə pənah gətirirəm». Sonra buyurdu: «Enin, bura bizim düşüb düşərgə saldığımız, adamlarımızın öldürüldüyü və qanlarımızın töküldüyü yerdir. («Əl-Fütuh» İbn Əsəm Kufi, «Əyanul-şiə» Seyid Möhsün Əmin Amili)
Cənab Saleh Nəcəfabadi «Əbədi şəhid» kitabında «Əl-Əxbar Əttəval» əsərindən nəql edərək yazır: «Karvan Kərbəla ərazisinə çatdıqda İmam (ə) öz tərəfdarları və yoldaşlarına buyurdu: «Atam Əli (ə) Siffeyn müharibəsinə gedərkən mən onunla idim. Bura çatdıqda dayandı, buranın adını soruşdu. Bu yerin adını ona dedilər. Onda o Həzrət (ə) buyurdu:

ههنا محط راکابهم و ههنا مهراق دمانهم

«Burada onlar düşərgə salar və burada qanları tökülər». Atamdan soruşdular ki, burada qanları tökülənlər kimlərdir? Cavab verdi: «Rəsuləllah (ə) ailəsindən olan əzizlərdir, onlar bu ərazidə yerləşəcəklər».

Karvanın yolunun dəyişilməsi

Şəhadət karvanının Kərbəla ərazisində düşərgə salması hadisəsi belə baş verib. Hürr ibn Yezid Riyahinin komandanlığı altında olan qoşun zöhr və əsr namazlarını İmamın (ə) başçılığı ilə qıldıqdan sonra İmam (ə) öz yoldaşlarına yola düşmək əmrini verdi. Bu zaman Hürr dedi: «Mənə tapşırılıb ki, bu karvanı əmir Ubeydullah ibn Ziyadın yanına aparım». İmam (ə) buyurdu: «Sənə tabe olmayacağıq». Beləcə mübahisə başladı. Sonda Hürr təklif etdi ki, elə yolla gedək ki, Kufəyə çatmamış mən də əmir Ubeydullahdan nə edəcəyim barədə məlumat əldə edim. Ümidvaram ki, Allah elə şərait yaratmaz ki, mən sizinlə döyüşməli olum. Karvan yoldan çıxıb sol tərəfə Qadisiyyə səmtinə üz aldı. Hürrün elçisi Kufəyə yola düşdü.
Beləliklə, Kufə əsgərlərinin nəzarəti altında olan Hicaz karvanı Üzeyb məntəqəsinə çatdı. Burada kufəlilərdən Əmr ibn Xalid Seydavi, Məcməul Aizi və oğlu Cünadə ibn Haris Səlmani adlı dörd nəfər özlərini İmamın (ə) karvanına çatdırdılar. Onlar sevincdən bilmirdilər ki, nə etsinlər. Eləcə də, Hürr ibn Yezidin ordusu ilə üzbəüz olmamış, Kufənin pak adamlarından olan bir sıra şəxslər, o cümlədən Həbib ibn Məzahir Əsədi, Müslüm ibn Oscə, Abbas ibn Şəbib Şakiri, Nafe ibn Hilal Cəməli, Hübab ibn Amir Timi, Müslüm ibn Kəsir Əzdi və başqaları və habelə bəsrəlilərdən Amir ibn Müslüm Əbdi, Seyf ibn Malik, Ədhəm ibn Üməyyə, Həccac ibn Bədr Bəsri, Qənət ibn Əmr Əzzi, Yezid ibn Subeyd və iki oğlanları Abdullah və Ubeydullah İmamın (ə) karvanına qoşuldular. Tarixin bütün şahidləri bundan xəbər verirlər ki, bu ləyaqətli, fədakar və şəhadət aşiqləri Kufə və ya Bəsrədən yola düşərkən və açıq-aşkar olaraq, hər hansı guşədən olursa-olsun, bir fədakar əsgər (adətən Zübalə məntəqəsindəki hadisədən və İmamın (ə) öz yoldaşlarını mürəxxəs etdikdən sonra) İmamın (ə) azsaylı ordusuna fəda olmaq məqsədilə qoşulurdular. Bu müddəanın dəlili aşağıdakılardır:
1. Yuxarıda Kufənin daxili vəziyyəti barədə qeyd edəndə gördük ki, Ubeydullah ibn Ziyadın gəlməsi ilə Kufə əhalisinin hərəkatı süqut etdi. Xüsusilə də Müslüm ibn Əqil və Hani ibn Ürvənin şəhadətindən sonra (dəqiq şəkildə Həzrət Əbu Abdullahın karvanının Məkkədən yola düşməsi ilə eyni vaxta düşür). Kufənin başçıları, tayfa başçıları, qəbilə şeyxləri, böyüklər və hərəkat iştirakçıları istər-istəməz əməli olaraq üç yerə bölündülər və üç mövqedə qərar tutdular.
a) Bir qrup adamı Ubeydullah həbs etdi. Muxtar ibn Əbi Übeydə Səqəfi, Süleyman ibn Surəd Xüzai, Müseyyib ibn Nəcibə Fəzzari, Abdullah ibn Səd Əzdi, Abdullah ibn Val Təmimi, Rüfaə ibn Şəddad Bəcli və başqaları bu qəbildəndirlər.
b) İkinci qrup adamlar, əmirin vədləri ilə dirhəm, dinar və vəzifə ilə aldadılaraq axirətlərini özlərinin və başqalarının dünyası bahasına satanlar idi. Bunlar Şəbs ibn Rəbi, Hicar ibn Əbcər, Qeys ibn Əşəs, Yezid ibn Haris və başqaları idilər. Bu adamlar İmamın (ə) Aşura günü öz tarixi xütbəsində mühakiməyə çəkərək rüsvay etdiyi namərdlərdir. İmam (ə) buyurdu: «Ey Şəbs ibn Rəbi, ey Hicar ibn Əbcər, ey Qeys ibn Əşəs, ey Yezid ibn Haris və s… məgər siz mənə yazmamışdınız ki, meyvələr yetişmiş, bağlar yaşıllaşmış və quyular su ilə dolmuşdur. Sən hazır bir qoşuna tərəf gələcəksən?»
c) Amma üçüncü qrupa daxil olanlar o adamlar idilər ki, ibn Ziyadın casuslarının qorxusundan Kufədən çıxmışdılar. Məsələn, Abdullah ibn Hürr Cöfi (Yuxarıda onun «Qəsri Bəni Məqatil»də İmamla (ə) görüşü barədə bəhs etdik). Bu adamlar risalət xanədanını sevməklə yanaşı, canlarını axirət səadətindən çox istədiklərinə görə İmamın (ə) köməyinə gəlmədilər və sonradan da peşman oldular. Sonrakı peşmançılığın isə faydası yoxdur.
Bu üçüncü qrupa daxil olanların heç də az olmayan başqa bir hissəsi isə canlarının qorxusundan gizləndilər. Bu qrup öz ləyaqətləri ilə bağlı olaraq iki dəstəyə ayrılırlar. Bunların böyük bir hissəsi gizlin yaşamaqla kifayətləndilər. Bəlkə də bunlar köməksiz qaldıqlarına, vəziyyətdən xəbərsiz olduqlarına görə, ya da ailələrinin və başqa amillərinin təsiri altına düşüb başqa bir çarələri qalmamışdı. Bunlar Aşura hadisəsindən sonra aşkara çıxıb bir-biri ilə görüşəndən sonra şəhadət hadisəsini olduğu kimi eşidib gizlində dəyirmi stol keçirərək öz əməllərini tənqid edib özlərini danlayan adamlardır. Öz aralarında əhd-peyman bağladılar ki, mümkün olan şəkildə bu ləkəni öz üzərlərindən təmizləsinlər. Bu da «Təvvabinin qiyamı» ilə nəticələndi.
Amma bu gizlənənlərin pak niyyətliləri və ləyaqətliləri İmamın (ə) Məkkədən çıxması xəbərini eşitcək, yaşamaq eşqlərinə əlvida deyib, mümkün olan bütün yollarla Kufədən qaçaraq yolboyu karvanın dayandığı məntəqələrdə özlərini İmamın (ə) ordusuna çatdırırdılar. Rəsuləllahın (s) yaşlı səhabəsi, fəqih və müctəhid, Həzrət Əli ibn Əbu Talibin (ə) sirdaşı olan Həbib ibn Məzahir də belələrindən biri idi. Bu böyük şəxsiyyət nəinki özünün şəhid olacağından, hətta Meysəm Təmmarın da necə şəhid ediləcəyindən xəbərdar idi. Bir gün oturduqları yerdə Meysəm ona dedi: «Qırmızı üzlü və gur saçlı bir kişi tanıyıram ki, Peyğəmbər (s) balasına kömək etmək yolunda şəhid olacaqdır və başını Kufə şəhərində gəzdirəcəklər. Bu müjdəni Rəşid ibn Həcəriyə xəbər verərkən o dedi: Allah Meysəmə rəhmət eləsin, yəqin unutmuşdur ki, desin: Onun (Həbib ibn Məzahirin) başını gətirən şəxs başqalarından yüz dirhəm çox mükafat alacaqdır».
İndi deyin görüm, cənab Həbib kimi böyük şəxsiyyət öz şəhadət hadisəsini Həzrət Əli ibn Əbu Talibin (ə) mübarək dilindən eşitmişdi, necə ki, Rəşid Həcərinin, Meysəm Təmmarın, Əmr ibn Həməqin, Cəririyyə ibn Müsəhhərin, Humeyl ibn Ziyadın, Hücr ibn Üdəyyin və başqalarının şəhadət macəralarını eşitmişdi, Əlinin (ə) şəhadətindən uzun illər sonra isə şahid olmuşdu ki, hadisələr mövlasının dediyi kimi, biri digərinin ardınca həqiqətə çevrilir və indi də özü hərəkat başçılarından biri hesab olunur, Kufədə ümumi şəkildə bildiyimiz siyasi vəziyyətdən xəbərdardır, bununla belə, gecə vaxtı Müslüm ibn Oscə ilə birlikdə İmamın (ə) karvanına qoşulmaq məqsədilə Kufəni tərk edir. Amma bilmir ki, ölümə gedir? Belə bir şey mümkündürmü?
2. Ubeydullah ibn Ziyad Kufəyə gəlməmişdən qabaq Bəsrənin hakimi idi. İndi də o, əvvəlki vəzifəsini saxlamaqla Kufəyə vali təyin olunur. O, dərhal qardaşı Osmanı Bəsrədə səlahiyyətli nümayəndəsi təyin edib, özü Kufəyə yola düşdü. Təbiidir ki, Ubeydullahnın hökuməti sayəsində Əli ibn Əbu Talibin (ə) şiələri necə günlər yaşayacaqdılar. İndi İmamın (ə) karvanının Məkkədən Kufəyə tərəf yola düşməsi xəbəri Bəsrə şiələrinə çatdıqda məxfi şəkildə Əbdülqeys tayfasından olan Mariya bint Münzər adlı bir qadının evində kiçik bir yığıncaq təşkil olunur. Bu, məxfi bir yığıncaq idi. Çünki ibn Ziyadın yazılı fərmanına əsasən, Bəsrənin valisi şəhərdən çıxan fərdlərə nəzarət etməli və bir nəfərin belə Huseyn ibn Əlinin (ə) ordusuna qoşulmasına imkan verməməli idi.
Təşkil olunan yığıncaqda Yezid ibn Subeyt Əbdi qısa bir söz dedi və sonra da özünün İmam Huseynin (ə) karvanına qoşulmağa hazırlığını elan etdi. O, yalnız oğlanlarından kömək istəyib dedi: «Hansınız atanızla gələcəksiniz?» Onun on oğlundan yalnız iki nəfər – Abdullah və Ubeydullah hazır olduqlarını bildirdilər. Məclisdəkilər əvvəlcə nəinki hazır olduqlarını bildirmədilər, hətta Yezid ibn Subeytə də dedilər ki, hökumət tərəfindən sənin üçün nigaranıq. Lakin elə ki, o və iki oğlu yola düşməyə hazırlaşdılar, Amir ibn Müslüm Əbdi və onun ağası Salim, Seyf ibn Malik, Ədhəm ibn Üməyyə də onlara qoşuldular və deyildi ki, Həccac ibn Bədr Bəsri və dostu Qənəb ibn Əmr Əzzi də sonradan İmamın (ə) ordusuna gəldilər.
Deyirlər, Bəsrənin 7 nəfərlik karvanı özlərini «Əbtəh» məntəqəsinə yetirdikdə eşitdilər ki, İmamın (ə) karvanı da buraya çatmışdır. Odur ki, azacıq istirahətdən sonra Yezid ibn Subeyt Rəsuləllahın (s) balasını ziyarət etmək məqsədilə Həzrətin (ə) düşərgəsinə tərəf yola düşdü. Oraya çatanda ona dedilər ki, Həzrət (ə) səni görmək üçün sizin məntəqənizə getmişdir. Odur ki, dərhal qayıtdı. Gördü ki, İmam (ə) oturub. Yezid ibn Subeytin daxil olması ilə İmam (ə) bu ayəni oxudu:

قُلْ بِفَضْلِ اللَّهِ وَبِرَحْمَتِهِ فَبِذَلِكَ فَلْيَفْرَحُوا

«Allahın fəzli və rəhməti ilə şadlanarlar». («Yunis» surəsi, 58-ci ayə)
Tarixçilərin yazdıqlarına görə, Bəsrənin həm Yezid ibn Subeytlə olan 7 nəfərlik dəstəsi, həm də həmin iki nəfər bəsrəli Aşura günü sübh tezdən başlayan ilk hücumda uca şəhidlik məqamına nail oldular. (Allah onlara rəhmət eləsin.)

Kərbəla səhrası

Nəql edirdik ki, Üzeyb məntəqəsində İmamın (ə) tərəfdarlarından 4 nəfər ona kömək məqsədilə Mədinə karvanına çatdılar. Yazmışlar: «Hürr ibn Yezid Riyahi dedi: Sizi ya əli bağlı ibn Ziyadın yanına aparmalıyam, ya da özünüz Kufəyə qayıtmağa söz verməlisiniz». İmam (ə) buyurdu: «Bu dəstəkilər mənim dostlarımdır və mənim yoldaşlarım hesab olunurlar. Mən var qüvvəmlə onları müdafiə edərəm. İndi əgər sən öz sülh peymanına vəfalısansa, bu dəstəyə əziyyət verməməlisən. Əks təqdirdə, çarəsiz qalıb səninlə müharibə edəcəyəm».
Məhərrəmin ikisi, cümə axşamı günü səhər tezdən sübh namazı qılındıqdan sonra karvan yola düşdü və gəlib Neynəvaya çatdı. Uzaqdan bir atlı gördülər ki, tələsik Kufə tərəfindən gəlir. Yaxınlaşıb Hürr və onun tərəfdarlarına salam verdi. O, Ubeydullah ibn Ziyad tərəfindən bir məktub gətirmişdi. Məktubun məzmunu belə idi:
«Huseynin işini çətinləşdir. Mənim elçim gəlib məktubu sənə çatdıran kimi Huseyni su və abadlığı olmayan bir səhrada düşür. Mən öz elçimə tapşırmışam ki, göstərişimi icra edənədək səndən ayrılmasın və sənin işlərin barədə mənə məlumat versin».
Hürr İmamın (ə) yanına gedib bu ərazidə düşərgə salmağı tapşırdı və dedi: «Daha getməyə icazəmiz yoxdur». İmam (ə) buyurdu: «Məgər biz razılaşmadıq ki, yoldan kənara çıxıb gedə bilərik?» Hürr, İmamın (ə) cavabında dedi: «Amma indi mənə yeni bir göstəriş gəlmişdir. Məcburam ki, əmrə itaət edim». İmam (ə) buyurdu: «Heç olmasa ətraf kəndlərin birində – Neynəva, Ğaziriyyə və ya Şəfiyyə kəndlərinin birində düşək». Hürr cavab verdi: «Əmirin fərmanından çıxa bilmərəm. Çünki o, mənə gözətçi təyin etmişdir».
Elə bu vaxt İmam (ə) bu ərazinin adını soruşdu. Dedilər ki, buranın adı Kərbəladır. İmam (ə) dedi:

اللهم انی اعوذ بک من الکرب و البلا

«İlahi, qəm və bəladan sənə pənah aparıram». O, tərəfdarlarına göstəriş verdi ki, düşsünlər.
Ola bilsin bəziləri belə bir sual verə bilərdilər ki, nə üçün Hürrün və ona tabe olan dəstənin qarşısında dayanmadılar? Deyirik: Hürr ibn Yezidin dəstəsindəki adamların sayı bütün tarixi mənbələrdə 1000 nəfər qeyd olunmuşdur. Bəs, İmamın (ə) tərəfdarları neçə nəfər idi?
İmam Muhəmməd Baqirdən (ə) nəql olunmuş bir rəvayətə əsasən (O, Aşura günü Kərbəlada olmuşdur və rəvayətlərdə qeyd olunduğuna görə, İmamın (ə) 4 və ya 5 yaşı olmuşdur) İmamın (ə) Aşura günü bütün qoşunu 45 süvari və 100 piyadadan ibarət olmuşdur. Bunu Hacı Şeyx Abbas Qumi ibn Caizinin «Təzkirə» kitabından nəql etmiş və «Əyanul-şiə» kitabının müəllifi isə onun səhih olduğunu təsdiq etmişdir. Digər tərəfdən də rəvayət olunmuşdur ki, Aşura gecəsi Ömər Sədin qoşunundan 32 nəfər ayrılıb İmamın (ə) ordusuna qoşuldular. (Sonralar bu barədə danışacağıq). Hər halda qəti şəkildə bizə elə gəlir ki, karvan Kərbəlaya çatarkən karvandakıların sayı 115 nəfərdən artıq deyildi. Odur ki, üz-üzə gəlmək çətin idi və xüsusilə də Hürr bütün işlərini əmirin göstərişləri üzərində qurmuşdu və deyirdi ki, sizinlə müharibə etməyə əmr olunmamışam. Deməli, bu yüz nəfərin min nəfər qarşısındakı bərabərsizliyində döyüş İmam (ə) tərəfindən başlanmalı idi. Təbiidir ki, nəinki bu meydanda, bundan əvvəl də qeyd etdiyimiz kimi, hətta Cəməl, Siffeyn, Nəhrəvanda da heç bir vaxt Əli ibn Əbu Talibin (ə) ordusu müharibəni birinci başlamamışdır. O gün də İmamın (ə) bəzi tərəfdarları, xüsusilə Züheyr ibn Qeys döyüş təklifini irəli sürməsinə baxmayaraq, Həzrət Əba Abdullah qəbul etmədi və səbirli olaraq düşərgə salmağa göstəriş verdi.

Orduya səfərbərlik

Bir az öncə işarə etdik ki, Kufənin valisi olaraq Ubeydullah ibn Ziyadı təyin etmək Sərcun Ruminin Yezidə məsləhəti idi. Oxu da hədəfə dəydi. Çünki Ubeydullah bağlılıqları gözəl tanıyırdı. O, imam Huseynin (ə) Kufəyə tərəf yola düşməsinin bağlanğıcında Ömər ibn Səd ibn Əbi Vəqqası İmamın (ə) hərəkatını darmadağın etmək üçün namizəd seçmişdi. Amma öz məqsədini həyata keçirmək üçün çox qəribə bir hiylə işlətdi. O, Rey vilayətinin fərmanını Ömər ibn Sədin adına imzaladı. (O dövrün bölgüsünə əsasən, Elbrus dağlarının ətəyindən İsfahanadək və eni Qəzvindən Şahrudadək olan ərazi Rey vilayəti kimi məşhur idi). Bu seçimin və əsas etibarilə Rey və Təbəristan məsələsini gündəmə gətirməyin müxtəlif səbəbləri ola bilərdi. Bu səbəblərdən biri də o idi ki, Ubeydullah Kufə camaatının özlərinin dəvət etdikləri əmirin əleyhinə onların öz daxilindən hərbi qüvvə səfərbər etmək istəyirdi. Digər dəlillər isə aşağıdakılardır:
1. Ömər ibn Səd Qadisiyyə döyüşünün qalibi Səd ibn Əbi Vəqqasın oğludur. Rəsuləllah (s) səhabələrinin tanınmış simalarındandır. Səd saxta Əşəreyi mübəşşərə hədisinə əsasən, cənnətlə müjdələnmiş 10 nəfərdən biridir və guya, Peyğəmbər (s) dünyadan köçəndə bu 10 nəfərdən razı olmuşdur.
2. Ömər ibn Səd Qüreyşdəndir və Qüreyşin önündə daha yaxşı dayana bilər. Əgər Huseynin (ə) atası Əşəreyi mübəşşərədəndirsə, Ömər ibn Sədin də atası onlardandır. Ən azı müvazinət saxlanılmalıdır ki, onun vasitəsilə kütlə özünü söz-söhbətdən xilas edə bilsin və iş tamamlansın.
3. Ən əhəmiyyətlisi budur ki, Ömər ibn Səd Rey tərəfə hərəkət etmək üçün qüvvə toplayır. Odur ki, az bir zamanda 4 minə yaxın ad yazdırır və qoşun Rey və Təbəristana yola düşmək üçün hazır olur.
4. Digər tərəfdən Hürr ibn Yezid Riyahinin Huseyn ibn Əlinin (ə) karvanını ələ keçirmək barədə göndərdiyi məktub Ubeydullaha çatdıqda, təbii olaraq casuslar vasitəsilə karvandakı kişilərin sayını da bildi və gördü ki, hər şey istədiyi kimidir.
5. Görürük ki, qoşun başçılarından bir neçəsi İmama (ə) məktub yazaraq, onu Kufəyə dəvət edən adamlardır. Rəvayətdə oxuyuruq ki, Aşura axşamı Ömər ibn Sədin qoşunundan 32 nəfər ayrılıb İmamın (ə) qoşununa qoşuldular və Aşura günü elə ilk hücumda onlar xəzan yarpağı kimi yerə töküldülər. Bütün bunlar onların Rey və Dilman tərəfə getmək üçün səfərbər olmalarına sübutdur.
Ubeydullah ibn Ziyad hətta Ömər ibn Sədi Kərbəlaya göndərmək istəyəndə onun özü ilə də məsləhətləşmədi. O, öz istəyini yazılı şəkildə, həm də inzibati göstəriş kimi ona çatdırdı. Ömər ibn Səd məktubu açdıqda titrədi. Axı necə ola bilər ki, Peyğəmbər (s) səhabəsinin oğlunu, Peyğəmbərin (s) nəvəsini öldürsün?! Bundan başqa, o, Huseyn ibn Əlini (ə) çox yaxşı tanıyırdı və dəfələrlə eşitmişdi ki, Peyğəmbər (s) necə Zəhra balasının çənəsinin altını öpüşlərə qərq etmişdir. O gecə gözünə yuxu getmədi. Öz-özünə danışırdı:
«Allaha and olsun, bilmirəm, başımı itirmişəm, öz işimin qarşısında olan iki təhlükə barədə fikirləşirəm. Görəsən, çox rəğbət bəslədiyim Rey hakimliyindən əl çəkim, ya Huseyn ibn Əlini (ə) öldürməkdən?»
«Getsəm, daim danlaq yeri olacağam, əgər Huseyn ibn Əlini (ə) öldürməyə əl atsam, cəhənnəm odu…»
«Cəhənnəmi özüm üçün hazırlamışam. Amma nə etməli, Rey hökuməti bütün vücuduma hakim olan arzu və ümidimdir».
Ömər ibn Sədin məsləhətçiləri onun bu böyük cinayətə əl atmasının əleyhinə olmalarına baxmayaraq, Rey vilayətinin hakimliyi onu sərməst etmişdi. Birdən ibn Ziyadın məktubu sanki onu bu məstlikdən ayıltdı və o, sərxoş kimi Ubeydullahın iqamətgahına gəldi. Xahiş etdi ki, onu bu işdə üzrlü saysınlar. Ancaq öz seçimini yaxşı tanıyan ibn Ziyad dərhal dedi: «Eybi yoxdur, amma bu şərtlə ki, Rey vilayətinin fərmanını geri qaytarasan».
Bu, bir imtahan mərhələsidir. Həzrət Əlinin (ə) buyurduqlarından biri də budur ki, vəziyyət dəyişəndə kişinin əsl qiyməti tanınar. Ömər ibn Səd dedi: «Ya Əmir, sən mənə bir ənam vermisən ki, yaxın-uzaq hamı ondan xəbərdardır və hamı bilir ki, mən Rey vilayətinin fərmanını almışam. Odur ki, mənə çoxlu təbriklər deyilmişdir. Huseynlə vuruşmaq üçün çoxlu sərkərdələrin vardır. O cümlədən Əsma ibn Xaricə, Məhəmməd ibn Əşəs, Kəsir ibn Səhab və s. Ubeydallah qəti şəkildə dedi: «Mən səndən orduya sərkərdə təyin etmək üçün məsləhət istəmirəm. Deyirəm ki, əgər meylin varsa, qoşuna sərkərdəlik etməyi öhdənə götür. Əks təqdirdə Rey valiliyindən azadsan, vəssalam».
Ömər ibn Səd dedi: «Gəlmişdim ki, əmirdən Kərbəlaya getmək üçün icazə alım!!!»
Buna rəyasət deyilir. O, dost-düşmən tanımır. Görəsən, Sədin oğlu bilmirdi ki, kiminlə və nə üçün müharibəyə gedir? O, bəlkə də yalnız bir söz deyə bilərdi. O da bu idi ki, camaata nə deyəcəyik? Amma ibn Ziyad bu barədə də fikirləşmişdi. Dəlicəsinə xərclədiyi dirhəm və dinara görə, «təyin olunmuş qazılar qazısı Şureyh» fitva vermişdi: «Bir nəfər Əmirəl-möminin «Yezidə» qiyam qaldırmış və hərc-mərcliyə səbəb olmuşdur. Ona görə də, bu şəxsin qanının hədər olması təsdiq olunur və onu dəf etmək vacibdən vacibdir, vəssalam».
(ardı var…)
(Seyid Kazım Pərpənçinin «Qədir günündən Aşurayadək» kitabından istifadə olunmuşdur).

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this