(…əvvəli ötən sayımızda)

Quranın əbədilik zəmanəti

Lütfən, bu xütbəni daha bir dəfə oxuyaq ki, Həzrətin (ə) hansı sübutlarla şəhadəti seçməsi və zülmkarlarla birgə yaşamağı bədbəxtlikdən başqa bir şey hesab etməməsi daha yaxşı aydın olsun:
– Ölüm Adəm övladına gənc qızın boynundakı boyunbağının yaraşdığı kimi yaraşır;
– Mən Yəqubun Yusifi gözlədiyi kimi, öz ata-babalarımla görüşü necə də gözləyirəm;
– Sanki baxıram və görürəm ki, bədən üzvlərimi Kərbəla səhrasında parçalayırlar;
– Biz Əhli-beytin razılığı elə Allahın razılığıdır;
– Bu orduya yazılmağın başlıca şərti nəfsi istəklərdən keçmək və Allahın görüşünə hazır olmaqdır.
Doktor Şəriəti öz sehirli bəyanı ilə bu fədakarlığın ən ali dərəcəsi və eyni zamanda tarixin ən qəmli hadisəsini necə də gözəl vəsf edir:
«İndi hicrətin 60-cı ilidir. Hər şey əldən getmişdir. Yarım əsr bundan qabaq yaranmış bir hərəkatın bütün uğurları və müvəffəqiyyətləri ayaqlar altında qalmışdır. Peyğəmbərə (s) nazil olan müqəddəs Quran kitabı Bəni-Üməyyə nizələrinin başına vurulmuş, İslami təlaş və cihadla insanların beyninə və ürəyinə hopmuş əqidə və mədəniyyət Əməvi hakimiyyətinin təsdiqi üçün bir vasitəyə çevrilmişdir. Bütün məscidlər allahsızlıq, zülm, saxtakarlıq və mənəviyyatdan kənar bir yuvaya dönmüş, cihad qılıncları cəlladların ixtiyarına keçmişdir. Bütün zəkat və qənimətlər isə Müaviyənin yaşıl sarayının beytulmalına axırdı. Həqiqət, tövhid, peyğəmbər, sünnə, Quran və vəhydən söz deyənlərin qapısı Müaviyə və onun rejiminin ixtiyarında idi. Bütün din adamları, qazilər, təfsirçilər, Quran oxuyanlar, alimlər və digər söz sahibləri ya öldürülmüş, ya da zahidliklə məşğul idilər. Muhəmməd (s) nəslindən olan məsumların heç bir mehrabı və minbəri yox idi. Bizans, İran və Ərəbistanı əhatə edən bütün bu böyük ərazi onun xilafətinin ixtiyarındadır. Bu ərazidə yaşayanların heç biri Peyğəmbərin (s) öz ailəsindən və nəslindən olan bir nəfər kimi inqilaba vəfalı deyildir. Mühacir və Ənsarın bütün zəhmətləri hədər getmiş və əldə olunan var-dövlət Müaviyənin sarayının beytulmalına qatılmışdır. Keçmiş inqilabçıların bir qismi Rəbəzə səhrasında öldürülmüş, bir qismi isə soyqırıma məruz qalmışdılar.
İndi Huseyn (ə) bu fikirlərlə din, Quran, qüdrət, pul, qılınc, təbliğat, silah-sursat, bütün beytulmal və Peyğəmbərin (s) tam vərəsəliyi əlində olan bir iqtidar qarşısında əliyalın dayanmaq istəyir.
O, iki iş edə bilər: Bəni Üməyyə ilə siyasi mübarizə aparmaq üçün lazımi qüvvəsi olmadığına görə oturub elmi və fikri mübarizə apara bilər. Huseyn (ə) belə bir addımı ata bilməz. Çünki o, bilir ki, cəmiyyətdəki hər bir işin dəyəri düşmənin ondan çəkdiyi zərər qədərdir. Nə etməli? Qiyam etməli, silahlı qiyam etməlidir. Amma silahlı qiyam bacarıq istəyir. Huseyn isə bunu edə bilmir.
Amma o, bunu bacarmadıqda başqa bir işə əl atır və Zilhiccə ayının 8-də axşam vaxtı hacıların hamısının başı həcc ayinlərinin icrasına qarışdığı zaman elan edir ki, mən ölümə tərəf gedirəm.

خط الموت علی ولد آدم مخط القلادة علی جید الفتاة

Siyasi qiyam etmək istəyən bir adam belə söz deməz. «Vurarıq», «öldürərik», «qalib gələrik», «düşməni məhv edərik» kimi sözlər deyər. Amma Huseyn (ə) yola düşdükdə xalqa etdiyi müraciətində deyir ki, «Ölüm Adəm övladına gənc qızın boynundakı boyunbağının yaraşdığı kimi yaraşır». Ölüm kişinin bəzəyidir. Sonra da Məkkədən ölümə tərəf yola düşür. Sanki o, özünü məsul bir rəhbər kimi görür və bilir ki, əgər sakit qalarsa, bütün İslam dini bir «dövlət dini» formasına düşəcəkdir. İslam bir siyasi qüdrətə çevriləcək və ondan başqa heç bir şey olmayacaqdır! Əvvəlcə bir hadisə, sonra bir rejim və bir hakim qüdrət olaraq Monqol-tatarların, Sülukinin, İsgəndərin və ya Çingizxanın canişinlərinin qüdrəti kimi görünəcəkdir. Sonra da bu qüdrət, xilafətin özü aradan gedəcək və məhv olan ordunun özü kimi tarixdə yalnız və yalnız xatirələrdən başqa heç bir əsər əlamət qalmayacaqdır.
Odur ki, Huseyn (ə) indi iki iş arasında məəttəl qalmışdı. Sakit qala bilmirdi, çünki vaxt əldən gedirdi, hər şey kökündən çıxarılıb atılırdı, yaddaşlardakı və vicdanların dərinliyindəki hisslər, düşüncələr unudulurdu, məscid və mədrəsələrdə, cəmiyyətlərdə hər şey məhv edilirdi. Bütün dəyərlər və imanlar, hədəf və məfhumlar, ideallar, habelə Muhəmməd Peyğəmbərin (s) gətirdiyi və İslamın dəyərləndirdiyi cihadlarda əldə olunanlar pozulub gedirdi.
Eləcə də hər bir kəs qüdrət və yalanın təsiri altına düşür və bütövlükdə hamı zamanın sükut və iztirabının ixtiyarında idi.
O, sakit otura bilmirdi, çünki zülmlə mübarizə məsuliyyətini daşıyırdı. Digər tərəfdən də mübarizə apara bilmirdi. Çünki mübarizə aparmağa qüvvəsi yox idi və özü də hakimin zor qüvvəsinin əlində idi. Nə fəryad edə, nə sakit otura, nə təslim ola və nə də hücum edə bilmirdi. Yalqız və əliboş qalmışdı. Amma bütün bu məsuliyyətlərin ağır yükü onun çiyinlərində idi. Babası, atası və qardaşının qüdrətindən və bütün əvvəlki cihadların səmərəsindən ona heç bir şey çatmamışdı. Ona qalan yalnız iftixar, əziyyət və ağır məsuliyyət idi. Yalqız və silahsız qalmışdı. Bununla belə, onun qarşısında dünyanın ən qüvvətli və vəhşi bir imperatoru dayanmışdı. O, ən gözəl və aldadıcı təqva və tövhidin müqəddəs paltarında səltənət və qüdrət taxtına söykənmişdi. O isə yalqızdı…
Amma şəhadətdən başqa heç bir silahı olmayan İmam (ə) bütün tənhalığı ilə istəyirdi ki, öz «yaxşı ölümü» ilə insanlar üçün «yaxşı yaşamağın» proqram və nizamnaməsini yaşatsın. Elə bu tarixi həssas məqam bizi belə deməyə vadar edir.

أن الاسلام علوی و التشیع حسینیّ

İslam ələvi, şiəlik isə Huseyndir. Hətta Əhli-sünnə qardaşlarımız da Aşura məsələsi ətrafında dərin təhlillər aparsalar görəcəklər ki, Huseyn ibn Əliyə (ə) borcludurlar. Çünki əgər Huseynin (ə) qanı Muhəmməd (s) dininin damarlarında axmasaydı, İslamın kitabı Bəni-Üməyyənin min aylıq xilafəti zamanında bağlanacaqdı. Aşura gecəsi, dəyəri o min aydan artıq olan həmin Qədir gecəsidir.
Ümumiyyətlə, «Adəmin varisi olan Huseyn» Quranı yaşatmaq naminə ölmək istəyir. Bu, onun ata-babasından miras qalan «bir bilgi» idi. Onun qüvvətli düşməni isə bütün qüdrəti ilə bu «bilgi»dən məhrum idi. Yolboyu ona rast gələn insanların hamısının onu qaytarmaq təklifi də yersiz deyildi. Amma o, təkcə özü getmir, hətta arvad-uşağını da özü ilə aparırdı.

Şəhadət karvanı

İmamın (ə) karvanı hicrətin 60-cı ili, zilhiccə ayının 8-də çərşənbə axşamı Məkkədən İraqa tərəf yola düşdü. Hələ şəhərdən uzaqlaşmamış Səd ibn Asın Yəhya ibn Səidin rəhbərliyi altında göndərdiyi elçilər özlərini karvana yetirdilər. Onların getməyinin qarşısını alaraq karvanı Məkkəyə qaytarmaq istədilər. Lakin İmam (ə) qayıtmağa razı olmadı. İş o yerə gəlib çatdı ki, bu iki dəstə arasında toqquşma baş verdi. Hökumət nümayəndələri həyasızcasına dedilər: «Allahın əzabının səni tutacağından qorxmursanmı ki, cəmiyyəti buraxıb ümmət arasında ikitirəlik yaradırsan?» Buyurdu: «Bizim hər birimiz öz işinin mükafatını alacaqdır. Mənim sizin işlərinizdən, sizin isə mənim işlərimdən bəraət varımızdır».
Beləliklə, hələ karvan birinci mənzilə çatmamış məlum oldu ki, İmam (ə) Məkkədən çıxmaqla əvvəla, Məkkədə onun qanının tökülməsi ilə Allahın evinin hörmətdən salınmasını istəmədi. İkincisi, İmam (ə) həcc ayinlərini yerinə yetirərkən izdiham arasında şəhid olsaydı, qanı hədər gedər və öz tarixi risalətinə əməl edə bilməzdi.
Amma bütün bunlardan daha əhəmiyyətlisi budur ki, yoladüşmə vaxtının təyin edilməsində başqa bir mühüm sirr də gizlənmişdi. O da bu idi ki, həmin il Müaviyənin ölümündən sonra keçirilən ilk həcc mərasimi ili idi. Camaat İslam cəmiyyətində yeni hadisələrin baş verəcəyini gözləyirdi. Odur ki, xalq arasında bu sual çox ciddi və geniş planda müzakirə obyektinə çevrildi ki, Peyğəmbərin (s) nəvəsi olan Huseynin (ə) qarşısına hansı mühüm bir hadisə çıxmışdı ki, bütün zəvvarlar həcc ayinlərini yerinə yetirmək üçün Məkkəyə üz tutduqları halda Həzrət (ə) tələsik Məkkədən çıxdı. Özü də həcc ayinlərini yerinə yetirmək məqsədilə ehram bağladığı halda, birdən həcc ehramını ümrəyə çevirərək ehramı tərk etdi. Şübhəsiz ki, zilhiccənin 8-ci günü onun qəti şəkildə bəyan etdiyi sözləri eşidənlər həmin sözləri təkrarlayır və bu müəmmanı müzakirə edirdilər. Görəsən, nə üçün Zəhra (ə) balası özünün öldürülməsi barədə fikirləri bəyan etdiyi halda Kufəyə yola düşdü? Lakin bu gizlin sirrin açılması bir o qədər də çox çəkmədi.
Süfah adlı ikinci məntəqədə İmam (ə) məşhur ərəb şairi Fərəzdəqlə görüşdü. «Əyanul-şiə»nin müəllifi yazır: «Fərəzdəq bu görüşü belə təsvir edir:
«Hicrətin 60-cı ilində həcc ayinlərini yerinə yetirmək üçün anamı Məkkəyə gətirdim. Hələ karvan müəyyən olunmuş yerə çatmamışdı ki, Həzrət Huseyn ibn Əlinin (ə), qılınc və qalxanlarla silahlanmış halda, öz tərəfdarları ilə Məkkədən çıxdığını gördüm. Heyrətə gəlib Həzrətin (ə) yanına getdim. Salamdan sonra dedim: –Allah arzu-istəklərinizi versin, atam-anam sənə qurban, ey Rəsuləllahın (s) oğlu. Sizi bu qədər tələsməyə təhrik edən nədir? İmam (ə) buyurdu: –Əgər Allahın əmin-aman evindən tələsik çıxmasaydım, tutulardım. Sonra əlavə etdi: Kufə camaatı barədə nə bilirsən?
Dedim: –Hazırda Kufə camaatının qəlbi sizinlədir… Sonra həcc qaydaları barədə bir neçə sual verdim. Sualları cavablandırdıqdan sonra karvan öz yoluna düşdü».
Karvan dayanmadan irəliləyərək Zati İraq və Hacər məntəqələrini geridə qoydu, Vaqisə məntəqəsində isə İmamın (ə) karvanı Osmanın tərəfdarlarından olan və əvvəlcədən İmamın (ə) karvanı ilə eyni məntəqədə düşərgə salmamağa çalışan Züheyr ibn Qeyn Bəclinin kiçik karvanının qonşuluğunda düşərgə saldı. İmam (ə) tərəfdarlarından birini Züheyri onun çadırına dəvət etmək üçün göndərdi. «Züheyr heyrətdə qalıb, nə deyəcəyini bilmədi. Birdən həyat yoldaşı ona dedi: «Sübhanəllah, Rəsuləllahın (s) oğlu səni çağırır. Sən getməkdən imtina edirsənmi?» Züheyr qəlbində razı olmamasına baxmayaraq, İmamın (ə) çadırına getdi. Çox qısa bir müddətdə onların arasında nə oldu, İmamın (ə) sözləri ona necə təsir etdi, bunu bir Allah bilir. Amma tarix bunu deyir ki, Züheyr şad-xürrəm və gülərüz şəkildə öz çadırına qayıtdı və həyat yoldaşına dedi: «Sən mənim həyat yoldaşım olmaqdan azadsan». Sonra o, öz əmlakını bölüb bildirdi: «Mən qərara aldım ki, Huseynə (ə) qoşulum və öz canımı ona fəda edim».
Cənab Züheyr ibn Qeyn İmamın (ə) ordusuna qoşulduqdan sonra karvan yola düşdü. Xüzeymiyyədə bir sutka dayanaraq yoluna davam edən karvan Sələbiyyədə düşərgə saldı. Kufənin böyüklərindən Abdullah ibn Səlim və Mənzər ibn Müşməəl adlı iki nəfər həcc əməllərini nigarançılıqla başa vurub qərara aldılar ki, bacardıqları qədər tez özlərini İmamın (ə) karvanına yetirsinlər. Yolda öz qəbilələrindən bir nəfərlə rastlaşdılar. Ondan Kufənin daxili vəziyyəti barədə bir neçə sual soruşdular. O, dedi: «Müslüm və Haninin öldürülərək, cəsədlərinin Kufə bazarlarında gəzdirildiyini öz gözlərimlə görməyənədək Kufədən çıxmadım».
Abdullah və Mənzər özlərini Sələbə məntəqəsində İmamın (ə) karvanına yetirdilər. Ərz etdilər ki, Allah Sizə rəhmət göndərsin. Bir xəbər vardır. O xəbəri sizə təklikdə deyək, yoxsa aşkarda? Buyurdu: «Mən bu dəstədən bir şeyi məxfi saxlamamışam». Bu zaman Kufənin vəziyyəti barədə eşitdiklərini İmama (ə) söylədilər.
İmam (ə) bir neçə dəfə

إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ

buyurdu. Sonra dedik: «Sizi ailəniz və öz canınıza and veririk ki, elə buradan qayıdın və yəqin bilin ki, Kufədə heç kəs sizə kömək etməyə tələsmir. Hətta, biz qorxuruq ki, Kufə camaatı sizin əleyhinizə qiyam etsinlər». İmam buyurdu: «Bu əzizlərdən sonra yaşamağın bir dəyəri yoxdur».
Əvvəldə Aşura hadisəsini İmamın (ə) Məkkədən Kufəyə orada hökumət təşkil etmək məqsədilə çıxdığı tərzdə inkişaf etdirən cənab Saleh Nəcəfabadi Müslümün şəhadət xəbərinin İmama (ə) bildirilməsi mətləbinə çatdıqda çarəsiz qalıb «Səhra müşavirəsi» başlığı altında yazır: «Müslüm və Haninin şəhadət xəbəri İmam (ə) və onun səhabələrinin fikrində qəribə bir inqilab yaratdı. Çünki Kufəyə səfər Müslümün məktubuna arxayınçılıqdan başlandı. İndi Müslüm öldürüldükdən sonra yenə Kufəyə ümidvar olmaq olarmı? Bu halda əgər İmam (ə) Kufəyə getsə, Müslüm kimi problemlə qarşılaşar, yaxud Həzrətin (ə) əzəmətli şəxsiyyəti xalqı cəzb edər və hazır qüvvələr də xalqın köməyinə gəlib onu hökumət işçilərinin təhlükəsindən qoruyarlarmı?
Əgər İmamın (ə) karvanı Mədinəyə qayıdarsa, hökumət aparatının təcavüzündən qorunacaqmı? Mədinə və Məkkədəki Yezid hökuməti Peyğəmbər (s) balasının toxunulmazlığını rədd etdi. Ona görə də o, çarəsiz qalıb Mədinədən gecə vaxtı, məxfi şəkildə narahatlıq və nigarançılıqla çıxdı. Məkkədə də təhlükədən yaxa qurtarmaq üçün tələsik yola düşdü və yenə də Məkkədən kənarda hakim qüvvələr tərəfindən təqibə məruz qaldı. («Əbədi şəhid» əsərində)
Sonra o, bu müqəddimələrin ardınca belə bir nəticəyə gəlir: «Qəribə bir vəziyyətdir, qarışıq bir məsələdir, başdan-başa müəmmadır, nə etməli? Problemin həll yolu nədir? Halbuki, həqiqətdə heç bir gözlənilməz hadisə baş verməmiş və İmamın (ə) fikrində heç bir qəribə dəyişiklik baş verməmişdir. Eyni zamanda məsələ, yazıçının təsəvvür etdiyi dərəcədə İmam (ə) üçün qarışıq və müəmmalı olmamışdır. Əslində bəlkə İmamın (ə) tərəfdarlarından bir qrupu üçün anlaşılmaz bir müəmma baş vermişdi. O da tezliklə həll olundu və vəzifələri aydınlaşdı.
Hər halda Karvan Sələbə məntəqəsindən çoxlu su ehtiyatı götürüb yola düşdü. Sonrakı məntəqə Zübalə idi. Orada İmamın (ə) süd qardaşı olan Abdullah ibn Yəqtirin şəhadət xəbəri o Həzrətə (ə) çatdı. Abdullah ibn Yəqtir Müslüm tərəfindən Kufənin vəziyyətinin dəyişilməsi xəbərini İmama (ə) çatdırmaq əmri almışdı. Lakin yolda tutulub şəhid edilmişdi.
Zübalə məntəqəsində İmam (ə) elə bir iş gördü ki, yalnız o Həzrətin qiyamı zamanı deyil, cəsarətlə demək olar ki, bütün tarix boyu bənzəri olmayan incə bir nüans hesab olunur. O da budur ki, həmin vaxt göstəriş verib, tərəfdarlarını bir yerə topladı. Onlara aşağıdakı məzmunda bir məktub oxundu:
«Bağışlayan və mehriban Allahın adı ilə! Mən Müslüm ibn Əqil, Hani ibn Ürvə və Abdullah ibn Yəqtirin acı şəhadət xəbərini almışam. İndi hər kəs istəyirsə, geri qayıtsın. Onun heç bir qorxusu yoxdur və ona tənə vurulmayacaqdır».
«Əyanul-şiə»nin müəllifinin sözləri ilə desək, bu məktub qısa və yığcam bir məktubdur. Hamı bilirdi ki, gələcək necədir və bu karvanın sonu haradır. Məkkədə və yolboyu qoşulan, əksəriyyəti qənimət, sərvət və vəzifə əldə etmək fikrində olan adamlar tədricən dağılışmağa başladılar. İmam (ə) öz pak və sayca az olan tərəfdarlarının arasında qaldı.
Öncə izah etdik və indi də onun üstündə dayanırıq ki, İmam (ə) hakimiyyəti ələ almaq məqsədilə hərəkət etməmişdi. Bunun sübutu onun Mədinədən Kərbəlayadək getdiyi yolun müxtəlif yerlərində gizlənmişdir. Qiyamın məqsədi parçalayıb hökm sürmək deyil, ümmətin işlərinin islah edilməsi və xeyirxah işlərə dəvətdən ibarət olmuşdur.

انما خرجت لطلب الاسلام فی أمة جد ی

«Yalnız ona görə qiyam etdim ki, bünövrəsini babam qoyan İslam ümmətini islah edim və nəzərdə tutmuşam ki, insanları xeyirxah işlər görməyə çağırım və onları pis əməllərdən qoruyum».
Mən belə demək istəmirəm ki, İslam hökumətinin təşkil edilməsi İmamın (ə) məqsədi deyildi. Əslində demək istəyirəm ki, bu, mümkün deyildi və bu qeyri-mümkünlüyü İmam (ə) özü hamıdan daha çox, daha yaxşı və daha ətraflı şəkildə bilirdi. Bütün tarixçilər yazmışlar ki, o Həzrət (ə) Zübalədə öz tərəfdarlarını saf-çürük edib buyurdu: «Hər kəs qayıtmaq istəsə, onun qalmasına israr etmirik». Amma görürük ki, o, öz tərəfdarlarını azad etdikdən sonra «Bəni-Məqatil qəsri»nə çatdıqda bir çadır görür. İmam (ə) soruşur: «Bu kimindir?» Deyirlər: «Ubeydullah ibn Hürr Cöfinin çadırıdır». İmam (ə) onun ardınca bir adam göndərir, o, gəlmir. İmam (ə) özü onun yanına gedib ondan bu səfərdə ona tərəfdar olmasını istəyir. O, qəbul etmir, amma təklif edir ki, ondan atını və qılıncını qəbul etsin. İmam (ə) isə daha ona əhəmiyyət verməyib qayıdır.
İndi siz deyin, bu necə qiyam və parçalayıb hökm sürmək məqsədi güdməkdir ki, öz tərəfdarlarından onlarca adamları azad edib «Beyəti sizdən götürdüm» – deyir, sonra isə bir nəfərin ardınca gedir? Özü də həmin bir nəfər onun elçisini qaytarıb demişdir: «Biz Kufədən ona görə çıxmışıq ki, fitnəyə düşməyək». O, Ubeydullah ibn Hürr Cöfinin ardınca Züheyr ibn Qeynin sorağına getdiyi kimi gedir. Amma Züheyr şəhadətə müvəffəq oldu, Ubeydullaha isə bu iftixar nəsib olmadı. Əlbəttə, Aşura hadisəsindən sonra o, daim heyfslənirdi ki, nə üçün belə böyük bir müvəffəqiyyəti əldən qaçırmışdır.
Bəzi tarixçi və şərhçilərin fikirlərinin digərlərindən 180 dərəcə fərqlənməsi onların öz dünyagörüşləri ilə bağlıdır. Aşura hərəkatına siyasi nəzərlə baxanlar bu nəticəyə gəlirlər ki, bu hərəkatın məqsədi hökumət təşkil etmək idi və təəssüf ki, məğlubiyyətlə nəticələndi.
Halbuki, bəziləri bu hərəkata dini nöqteyi-nəzərdən yanaşıb deyirlər: «Heç bir siyasətçinin fikrinə gələ bilməz ki, yolboyu məğlubiyyət və öldürülmək xəbərini eşitdikdən sonra da geri dönməyəsən. Fikirləşməyəsən ki, qayıdıb sabah üçün qüvvə toplayım, bu gün isə iş-işdən keçmişdir və nə baş verəcəksə, qoy versin».
Amma əgər din siyasətdən ayrıdırsa, ayrılığın sərhədi dəqiq olaraq bu nöqtədədir ki, dinin məntiqində siyasətçilərin anladıqları kimi siyasi şəkildə nəticəni hesablamağın heç bir dəyəri yoxdur. Əgər olsaydı, onda İbrahim (ə) təkbaşına Nəmrudun qarşısında dayanmazdı. Musa (ə) əsasına söykənib Firona qarşı çıxmazdı. İsa (ə) yəhudi xaxamlarının fikirlərini istehza atəşinə tutmazdı, Muhəmməd (s) təkbaşına Qüreyş soyuqqanlılarının qarşısında dayanmazdı. Əli (ə) Təlhə və Zübeyri özündən narazı salmazdı. Deməli, dinin əsasları, təqvanın sütunlarının hesabı ilə hakimiyyət meyilləri və siyasi oyunlarının hesabı ayrı-ayrı şeylərdir.
Siyasətdəki adam yalnız bunu fikirləşir ki, necə qalsın və düşmənə necə qalib gəlsin. Əgər bacarmazsa, bir guşəyə çəkiləcəkdir. Amma dinin hesabında Huseyn (ə) necə yaşamağın ardınca deyil, əslində necə ölmək yollarını tapmaq və bu ölümlə belə bir düşməni tarixdə həmişəlik olaraq rüsvay etmək istəyir.
Odur ki, Zəhra (s) balası siyasətçilərin məsləhət edib Kufə camaatının vəfasızlığını xatırlayaraq, İmamın (ə) oraya getməməsini israr etmələrinə baxmayaraq, gedir və yolboyu eşitdiyi xoşagəlməz xəbərlər də onu məyus etmir. Əksinə, bütün bunların əleyhinə olaraq tərəfdarlarına deyir: «Hər kəs istəsə qayıtsın, onun üçün heç bir qorxu yoxdur və tənə altında qalmayacaqdır».
Nə üçün? Çünki istəyirdi ki, xalis olmayan işləri silib atsın və şəhidliyə çatanlar xalis və tam əyarlı olsunlar. Çünki bundan sonra təkcə imam və övliyalar deyil, adi insanlar da onlara tabe olaraq bu şəhidlərin qarşısında baş əyərək deyəcəklər: «Atam-anam sənə qurban».

بابی انت و امّی

Hökumət aparatının reaksiyası

Şəhadət karvanı mənzil-mənzil irəliləyirdi. Bir tərəfdən Yezidlə o qədər də yaxşı münasibəti olmayan və digər tərəfdən də Müaviyənin siyasi müşaviri Sərcunun tövsiyəsi ilə Kufə hakimiyyətinin ona tapşırıldığı Ubeydullah ibn Ziyad istəyirdi ki, hər hansı yolla olursa-olsun baş verən hadisələrdən bacardıqca daha çox istifadə etsin. Ona görə də, Kufədə böyük maliyyə vəsaiti sərf edərək ümumi səfərbərlik etdi. Camaat dəstə-dəstə səhralara səpələnmişdi ki, Huseyn ibn Əlinin (ə) karvanını harada görsələr, dərhal Ubeydullaha xəbər versinlər. Onların ikinci tapşırığı isə karvan yollarını, cığırları bağlamaq idi. Çünki Kufə və Bəsrədən İmamın (ə) qoşununa kömək gəlməsi mümkün idi. Bu səfərbər olunmuşlardan biri də Hürr ibn Yezid Riyahinin başçılığı altında olan min nəfərlik qoşun idi ki, tapşırıq üzrə hərəkət edirdi.
İmamın (ə) karvanı Şərafda istirahət etdikdən və su ehtiyatı götürdükdən sonra səhər erkən oradan yola düşüb günortayadək yol getdi. Birdən karvanda olanlardan biri təkbir dedi. Soruşdular: «Nəyə görə təkbir dedin?» Dedi: «Gözüm xurma ağaclarına düşdü. Yanındakılar dedilər: «Allaha and olsun, biz bu ərazidə xurma ağacı olduğunu bilmirdik. Diqqətlə baxdıqdan sonra qışqırdılar: «O qaraltı at boyunlarından və nizə başlarından başqa bir şey deyildir».
Deməli, xurmalıq sandıqları qaraltılar düşmən qoşununun görüntüləri idi. Şadlıq və təkbir deməklə öz əziz qonağını qarşılamalı olan camaat silahlanıb müharibəyə hazırlaşmışdılar. Doğrudan da, nə qəribə bir dünya və nə zəif peymanlı bir camaat!
Doktor Şəhidi deyir: «Faciə bu görüşlərdən sonra başlandı. Hürr ibn Yezid Riyahi min nəfərlik ordu ilə yolu İmamın (ə) karvanının üzünə bağladı. İmam (ə) dedi: «Bu camaat məni öz yerlərinə çağırmışdır ki, onların köməyi ilə dində yaranmış bidətləri aradan qaldırım. Bu da onların məktublarıdır». Hürr dedi: «Mən məktub yazmamışam və bu məktublardan xəbərim yoxdur. Əmirim məni göndərmişdir ki, səni harada görsəm qarşını kəsib onun yanına aparım».
Təbii ki, bu danışıq və mübahisələr vaxt aparırdı. Günorta oldu. Hər iki dəstə müsəlman deyildimi? Odur ki, yüklər açıldı və günorta namazı üçün hazırlandılar. Hürrün adamlarının su ehtiyatı qurtarmışdı. İmamın (ə) tapşırığı ilə onlara su verdilər. Hamı dəstəmaz aldı ki, namaz qılsın. İmam (ə) Həccac ibn Məsruqa buyurdu ki, azan versin. Sonra Hürrdən soruşdu: «İstəyirsən, öz dəstənlə namaz qıl». Hürr dedi: «Biz hamımız sizə iqtida edəcəyik».
Namaz qıldıqdan sonra İmam (ə) xütbə demək üçün qalxdı ki, Yezid ibn Müaviyənin valisi Ubeydullah ibn Ziyada itaət edən bu müsəlmanlara öz mövqeyini açıqlasın. Həmçinin, Kufəyə gəlişinin məqsədini desin. Tərif və bəzək-düzək yeri deyildi. İmam (ə) buyurdu:
– «İndi ki, siz namazda mənə iqtida etdiniz, deməli, qəbul edirsiniz ki, mən nəinki dindən çıxmamışam, əslində Rəsuləllahın (s) balası mövqeyində camaata imamlıq etmək üçün hətta, sizin ordu başçınız və sərkərdənizdən də daha layiqəm. Onda qulaq asın camaat, Rəsuləllah (s) dedi…»

من رأی سلطاناً جائراً مستحلاً لحرم الله ناکثاً لعهد الله مخالفاً لسنة راسول الله یعمل فی عبادالله بالاثم و العدوان فلم یغیر علیه بفعل و لا قول کان حقاً علی الله أن یدخله مدخله

(Mərhum Ayətullah Taleqaninin dediyinə görə, imamların qaydası bu idi ki, əgər bir məsələni öz şiələri və tərəfdarları üçün açıqlamaq istədikdə, ünvanı özlərinə verirdilər. Lakin qeyri şiə və ya tərəddüddə, şəkk-şübhə içində olanlar üçün demək istədikdə, Peyğəmbər (s) hədislərindən birini nəql edirdilər).
«…Hər kəs bir zülmkar başçının Allahın əhdini hörmətsiz etdiyini, Rəsuləllahın (s) sünnəsi ilə müxalifət etdiyini, xalq arasında zülm və günahla davrandığını görüb bu başçının üslubunu dəyişmək üçün sözü və ya rəftarı ilə çalışmazsa, onda Allah-Taala onu həmin zülmkarı apardığı yerə aparacaqdır».
Sonra buyurdu:

الا أن هولاء قد لزموا طاعة الشیطان …

«Agah olun ki, bu hökumət, bu iqtidar, hakimiyyətdə olan bu adam Allaha itaəti buraxıb şeytana itaət etməyə başlamış, fəsada düşmüş, dini qaydaları buraxmış, beytulmalı özünə məxsus etmiş, Allahın halalını haram, haramını isə halal etmişdir. Belə bir vəziyyətdə əgər bütün müsəlmanlar sussalar da, mən mövcud şəraiti dəyişməyə hamıdan daha layiqəm.
Siz mənə məktub yazdınız, məktublarınızı göndərdiyiniz adam mənə çatdırdı. Siz əhd etmişdiniz ki, mənə kömək edəcək, tənha qoymayacaqsınız. İndi əgər öz əhd və beyətinizə sadiq qalsanız, irəli gedib səadət yolunu tutmuş olacaqsınız. Çünki mən Rəsuləllahın (s) qızı Fatimənin (s) oğlu Huseyn ibn Əliyəm (ə). Mənim canım sizin canınızla, ailəmsə sizin ailənizlədir».

نفسی مع انفسکم واهلی مع اهلیکم

(ardı var…)
(Seyid Kazım Pərpənçinin «Qədir günündən Aşurayadək» kitabından istifadə olunmuşdur)

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this