(…əvvəli ötən sayımızda)

İmam (ə) nə üçün şəhadəti seçdi?

Hədis və rəvayətlərdən başqa, Kufədə xilafətin acı təcrübələrini nəzərə almaqla məlum oldu ki, sonda seçilən yol şəhadətdir. Bəs, nə üçün İmam (ə) bu yolu seçdi? «Nə üçün»ün fəlsəfəsini bilməkdən ötrü öncə o günkü Kufənin simasına nəzər salmalıyıq. Doktor Şəhidi «Huseynin (ə) qiyamı» kitabında yazır:
«Bu şəhəri Səd ibn Əbi Vəqqas 17-ci hicri ilində, ordudakıları yerləşdirmək üçün, tikdirdi. Əvvəlcə məqsəd əsgərlər üçün yaşayış yeri salmaq idi. Çox keçmədi ki, Peyğəmbər (s) səhabələrindən bir qrupu, habelə digər adamlar bu şəhərə üz tutdular. Şərqdə yeni torpaqların fəth olunması ilə həmin ərazilərdən daha çox insan dəstə-dəstə Kufəyə gəlirdilər.
Bəsrə müharibəsindən sonra Əli (ə) Kufəni özünə qərargah etdi. Bu tarixdən Kufə İslam şəhərləri arasında xüsusi əhəmiyyət kəsb etməyə başladı. Qeyd etdiyimiz illərdə bu şəhərin əhalisini müxtəlif adamlar təşkil edirdilər. Hər bir dəstənin özünəməxsus adət-ənənəsi, əqidəsi və digər dəstələrə zidd ayinləri var idi. Fəth olunmuş ərazilərdən tədricən sənətkarlar, ziyalılar, müəyyən vəzifə və sərvət əldə etmək istəyənlər, habelə öz peşəsini və ya istedadını nümayiş etdirmək həvəsində olanlar Kufəyə üz tuturdular. İslamın fəthindən qabaq müxtəlif din və fəlsəfələrə malik olan bu adamların Kufədə məskunlaşması ilə cürbəcür mübahisələr üçün meydan açıldı. Yaxşı məlumdur ki, bu mübahisələrin genişlənməsi müsəlmanlar arasında ixtilafların baş verməsinə səbəb oldu. Fərat hövzəsinin müxtəlif yerlərindən bu şəhərə üz tutan adamların əhval-ruhiyyəsi və əxlaqı da Hicazda yaşayanlarla üst-üstə düşmürdü. Hisslərin kəskin şəkildə büruzə verilməsi, təhrikçilik qabiliyyəti, sonu düşünmədən hərəkət etmək, tələsik qərar qəbul etmək və qəbul olunmuş qərardan dərhal peşman olmaq, bu adamların başlıca xüsusiyyətlərindən idi».
O, «İslam mədəniyyəti tarixi»ndən nəql edir: «Müaviyə ibn Kəvvadan soruşdu: «İslam şəhərlərindəki adamların xasiyyətləri necədir?» O, Kufə əhalisi barədə dedi: «Onlar bir işə birgə qoşulurlar, ancaq sonra isə dəstə-dəstə özlərini kənara çəkirlər».
O, əlavə edir: «Kufə xilafət mərkəzinə çevrildikdən sonra İraq öz keçmiş arzusuna yaxınlaşdı. Amma bir nüansı nəzərdən qaçırmamalıyıq ki, Şam əhalisi nə qədər öz hakimlərinin itaətində yekdil idisə, İraq əhalisi o qədər işləri pozmaqda, hökumət işlərinə yersiz müdaxilə etməkdə, ani qərar qəbul etməkdə və ondan dönməkdə, habelə öz başçılarına problemlər yaratmaqda möhkəm idi. Ona görə də, İmam (ə) Kufə əhalisinin bu pərakəndəliyini, özbaşınalığını və aqibəti düşünməməyini görüb deyirdi: – Şamlılar öz batil işlərində də yekdildirlər, siz isə haqq tərəfdarı ola-ola öz haqqınızda pərakəndəsiniz. Odur ki, sizin on nəfərinizi Müaviyənin tərəfdarlarından bir nəfərlə dəyişməyə razıyam».
Müaviyə imam Həsənlə (ə) sülh müqaviləsi bağladıqdan və imam Hicaza getdikdən sonra, o, İraqda silahlı qüvvə ilə üz-üzə gəlməkdən xilas oldu və bacardığı qədər yerli əhaliyə əziyyət verməkdən çəkinmədi. Bir çox mömin və dindar adamları məkr və hiylə ilə, yaxud aman verməklə tələyə saldı, sonra da müsəlman qaydalarına zidd olaraq onları öldürmək barədə göstəriş verdi. Şamlıların qarşısında İraq böyükləri xeyli təhqir edildi. İraqlılar yavaş-yavaş bütün bu zülmlərdən cana doydular. Müaviyə ölən kimi Kufə əhalisi bildi ki, yeni bir iş üçün münasib fürsət yaranmışdır.
Şübhəsiz ki, bu zaman həmin şəhərdə qəlbi təmiz müsəlmanlar heç də az deyildi və onlar Peyğəmbərin (s) sünnəsinin pozulmasından cana doymuşdular. Onlar ürəkağrısı çəkir və istəyirdilər ki, adil bir imam hakimiyyət başına gəlib, mövcud eybəcərlikləri aradan qaldırsın. Amma bu iddiada olmaq çoxları üçün öz keçmiş məğlubiyyətlərinin, o cümlədən Siffeyn döyüşündəki məğlubiyyətin intiqamını almaq, habelə yəmənlilərin misirlilərə olan kinlərinin əvəzini çıxmaq üçün bir bəhanə idi».
Xülasə, Doktor Şəhidi öz ümumi təhlilində bu nəticəyə gəlir ki, iraqlı və şamlılar arasında olan düşmənçilik alovu daha da qızışdıqca, Kufə qiyama hazırlaşmağa başladı və deyildiyi kimi, Huseynə (ə) məktub yazdılar. Ancaq İmamı (ə) İraqa kömək etmək məqsədilə çağıranların heç birinin din dərdi yox idi. Bu dəvətlərin başında din adı altında siyasi məqsədlər gizlənmişdi. İraq Şama öz gücünü göstərməli və bacardığı təqdirdə xilafət mərkəzini Dəməşqdən Kufəyə köçürməli idi.
Bu, medalın bir üzü idi. Digər üzü isə Zəhra (s) balasıdır. Şübhəsiz ki, Aşura qiyamı barədə düşünən hər bir kəs öz təhlilində «Huseyn (ə) hakimiyyəti əldə etmək üçün İraqa gəldi. Lakin təəssüf ki, məğlub oldu» nəticəsinə gəlsə, qayıdıb tarixi bir daha mütaliə etməlidir. Axı, Həzrətin (ə) zülmkar hökumət başçısı əleyhinə qiyamı nə vaxtdan hakimiyyəti ələ almaq kimi dəyərləndirilməlidir? Bu cür naşı və mənasız təhlillər insafsız və şəhadət fəlsəfəsindən uzaq olan Qərb tarixçi və təhqiqatçılarının əlinə düşdükdə isə onlar belə nəticəyə gəlirlər ki, Peyğəmbər (s) mirasını bölmək üstündə əmioğlular arasında ixtilaf oldu və nəticədə Yezid ibn Müaviyə qələbə qazandı, Huseyn ibn Əli (ə) isə öldürüldü!
Gələcək səhifələrdə təfsilatı ilə izah olunacağına baxmayaraq, burada Həzrətin (ə) Məkkədən İraqa getmək qərarına gələrkən bəyan etdiyi sözləri dinləyək ki, qiyamın məqsədinin nə olduğunu da anlayaq.

بسم الله الرحمان الرحیم خط الموت علی ولد آدم مخط اقلادة علی جید الفتاة…

«Ölüm hər bir Adəm övladı üçün məcburidir və bu, cavan gəlinin sinəsindəki boyunbağıtək gözəl bir xətdir. Mən öz babalarımın Yəqubun Yusifi gözləməsi kimi hərəkətlərinə valehəm…» Hər kəs qanını bizim yolumuzda tökməyə hazırdır və özünü Allahla görüşə hazırlamışdırsa, mənimlə köç etsin. Mən bu səhər yola düşəcəyəm, inşəallah.
Bir sözlə, o, şəhadət yolunu bilərəkdən seçdi. Çünki bilirdi ki, Yezidə beyət etməkdən nə qədər imtina etsə, Yezid hökuməti islamı və qanuni don geyməyəcəkdir.

Aşuranın ehtiramını saxlamaq və əzadarlıq

Deyirlər: «O Həzrətin (ə) şəhadəti bəşəriyyətin günahlarının kəffarəsi kimi qəbul edilir…»
Şiənin bu barədə dəfələrlə təkrarlanan çoxlu hədis və rəvayətləri vardır ki, əzadarlıq, Aşura xatirəsini yaşatmaq, o Həzrətin (ə) və onun tərəfdarlarının müsibətlərinə ağlamaq məsələsi təsdiq edilir. Lakin diqqət yetirmək lazımdır ki, əgər sırf əzadarlıq mərasimi keçirilsəydi, onda bu, öz-özlüyündə təbii olaraq digər dəyərləri də öz təsiri altına alardı. Deyirlər: «İsa (ə) bəşəriyyətin şəhadəti üçün özünü xaç mehrabında qurban etdiyi kimi, imam Huseyn (ə) də, İslam ümmətinin günahdan paklanması məqsədilə, özünün Kərbəla səhrasında şəhid olmasına razılıq verdi».
Bizim xristianların Həzrət İsa (ə) ibn Məryəmin çarmıxa çəkilməsi barəsində olan fikir və düşüncələrlə heç bir işimiz yoxdur. Amma özünü müsəlman olması ilə öyən, Quranın hakimiyyətini həyatın bütün sahələrində qəbul edən və onu bəşəriyyətin şəfası və səadət rəmzi bilən bir cəmiyyətdə insanların «Məsih insanların səadəti üçün çarmıxa çəkilməsinə razılıq verdi» deməsi nə dərəcədə doğrudur? Bu, Muhəmmədin (s) Quranıdır ki, buyurur:

وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَكِنْ شُبِّهَ لَهُمْ وَإِنَّ الَّذِينَ اخْتَلَفُوا فِيهِ لَفِي شَكٍّ مِنْهُ مَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ إِلا اتِّبَاعَ الظَّنِّ وَمَا قَتَلُوهُ يَقِينًا
بَلْ رَفَعَهُ اللَّهُ إِلَيْهِ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا

«(Onların lənətə düçar olmalarının bir səbəbi də): «Biz, Məryəm oğlu İsa Əl-Məsihi öldürdük» – demələridir. Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqda ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onlar İsanı öldürməmişlər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət və hikmət sahibidir!» («Nisa» surəsi, ayə 157-158)
Bu ayələrin təfsirində deyilir: «Quranın bəyanı ilə incillər arasında açıq-aşkar ixtilaf olan məsələlərdən biri də Həzrət Məsihin həyatının sonu barəsindədir. Mövcud incillərə tabe olan xristianların əqidəsi budur ki, yəhudilər İsanı dara çəkib öldürdülər və o, xalqın günahlarının qurbanı oldu. Lakin Quran açıq-aşkar elan edir ki, Məsihi öldürmədilər və onu dara çəkmədilər. Əslində, onlara belə gəldi».
Xristianlar İsanın çarmıxa çəkilməsini çox təkidlə deyirlər və İsanın çarmıxa çəkilməsi nişanı olan xaçı müqəddəs sayırlar. Onu özlərinə şüar etmişlər ki, həmişə İsanın çarmıxa çəkilməsini xatırlasınlar. Digərlərini xristianlığa dəvət edənlərin irəli sürdükləri başlıca fikir, yalnız bu sözlə bağlıdır və o da İsanın öz ardınca gələnlərin günahının qurbanı olması məsələsidir. Onların əqidəsinə görə, bütün insanlar fitri olaraq günahkardırlar. Belə ki, Həzrət Adəm yaradılışın əvvəlində yasaq olunmuş meyvədən yeyərək Allahın sözünə baxmadığına və cənnətdən qovulduğuna görə, bu günah onun bütün nəsli boyu davam edir. Yəni, anadan olan hər bir kəs günahkardır və onun günahlarının təmizlənməsi üçün onu qüsl edirlər. Onların əqidəsincə, İsa çarmıxa çəkilmiş və qətlə yetirilmişdir ki, insanları pak etsin və xalqın günahlarının əvəzini versin. O, özünü insanlara fəda etdi.
Bu söz sadəlövh adamların, xüsusilə, günaha batmış insanların xoşuna gəlməsinə baxmayaraq, məntiq və idrak baxımından düzgün deyildir, eləcə də insan ağlına zidd olan bir sözdür. Onun çox pis örnəkləri vardır və bu, insanların günaha batmasına səbəb olur. Hətta, bu sözün özü adamları günaha dəvət etməkdir ki, günah etsinlər, yəni qorxmasınlar. Çünki Məsih onların qurbanı olmuş və bu işlərdə onların günahlarının bağışlanmasına səbəb olmuşdur.
Qurani-Kərim İsanın aqibəti barədə digər mənbələrdə yazılanları rədd edir və vurğulayır ki, Məsih öldürülməmiş, çarmıxa çəkilməmişdir. Əslində, Allah onu öz yanına aparmış və Məsihin işi yəhudi və xristianlara qaranlıq qalmışdır. İsanı tutmaq və onu çarmıxa çəkmək üçün əsgərlərin hücumu barədə mövcud incillərdə, habelə İslam tarixində və rəvayətlərdə gələn hədislər toplusundan aydın olur ki, başqa birisinin İsanın yerinə tutulması səhvi üçün də zəmin mövcud idi. Bu hücum gecə baş verdiyinə və hücum edənlərin İsanın zahiri görkəmini tanımadıqlarına görə, onların səhv etməsi mümkün idi. Matvey incilində qeyd olunanlara əsasən, düşmənlər onu tanımırdılar. İsanın öz tərəfdarlarından biri olan Yəhuda İsxəryuti çoxlu pul aldıqdan sonra onu həmin adamlara göstərmişdir.
Yazıçı «Təfsir əl-Mənar»dan nəql edərək əlavə edir: «Hərçənd, Matvey incilinin davamında qeyd olunmuşdur ki, İsanın düşmənləri onu tutdular və Yəhuda da öz etdiyindən peşman oldu, lakin xristianların digər rəvayətlərində qeyd olunur ki, Yəhuda İsxəryuti zahiri görkəmi baxımından İsaya oxşayırdı. Bu hadisədən sonra o, bir daha görünmədi.
Sonra Təbərsinin «Məcməul-Bəyan» təfsirinə istinad edərək əlavə edir: «Bu məsələni bəzi İslam rəvayətlərinə bir ibrət kimi göstərmək olar. Həmin rəvayətlərdə deyilir ki, Yəhuda İsanın yerini düşmənlərə göstərdikdən sonra onlar o yeri gəzdilər. Amma İsanın yerinə Yəhudanın özünü tutdular. O, nə qədər qışqırdı ki, «mən İsa deyiləm, onun yerini sizə göstərən adamam» onlar qəbul etmədilər və onu İsanın yerinə öldürdülər.
Müəllif Allahın Quranda buyurduğu «İsanı öz tərəfinə, yuxarı aparmışdır» sözünə gəldikdə yazır: «Bu ayələrdə «ucaltmaq» dedikdə, məqsəd İsanın peyğəmbərlərdən bəzisi barədə deyildiyi kimi, onun məqamını və dərəcəsini ucaltmaq deyildir. Əslində, ayələrin üslubuna, habelə Quranın buyurduğu «Onu öldürmədilər və çarmıxa çəkmədilər. Əslində, Allah onu öz yanına ucaltdı» kəlməsinə və əlimizdə olan çoxlu rəvayətlərə diqqət yetirdikdə görürük ki, məqsəd İsanın ruhunu və cismini Allahın göylərə aparmasıdır və o ölməmişdir. Əslində, eləcə yuxarı aləmdə diridir və rəvayətdə deyilir ki, o, axirəzzamanda, Həzrət Mehdinin (ə.c) hakimiyyəti zamanı yenidən Yer aləminə enəcəkdir. Əlbəttə, Quranın buyurduğu «Öz tərəfimə ucaldıram» sözü ilə rəvayətdə deyildiyi kimi, İsanın yeri bizə məlum olmayan dördüncü göyə qaldırılması nəzərdə tutulur. Şübhəsiz ki, Allah məkansızdır və yalnız yuxarı aləmdə deyildir. Deməli, Allaha tərəf yuxarı getmək, yəni onun xüsusi rəhmətinə daxil olmaq, Allahın yanında heç kəsin malik olmadığı bir məqam əldə etmək və dördüncü göyə qalxıb orada keyfiyyəti bizə məlum olmayan şəkildə diri qalmaqdır.
Bütün bunlara əsasən, İslam və Quranın baxışında İsa (ə) çarmıxa çəkilməmişdir. Əslində, çarmıxa çəkilən şəxs Yəhuda olmuşdur. O, Allahın peyğəmbərinə etdiyi xəyanətə görə Allahın qəzəbinə tuş gəldi. Bu iş, İsanın (ə) düşmənləri üçün çətin oldu və onlar o Həzrətin əvəzində Yəhudanı öldürdülər. Beləliklə, nə İsa öldürülmüş, nə də onun şəhadəti bəşəriyyətin günahlarının kəffarəsi olmuşdur.
Təəssüflə qeyd etməliyik ki, bu, tamamilə düzgün olmayan fikir insanların cürbəcür günahlara batmasına səbəb olmaqla yanaşı, həmin səhv baxış xristianlıqdan şiə əqidə və inamına da keçmiş və «İmam Huseyn (ə) də özünü şəhadətə çatdırdı ki, İslam ümmətini günahlardan təmizləsin» formasında işlənmişdir.
Digər bir mühüm məsələ isə Aşura günü ilə bağlı mərasimin necə keçirilməsidir. Bu barədə bədii bir rəy söylənilmişdir. Bu rəyi cənab Həmid İnayət «Müasir İslamda siyasi düşüncə» kitabında Misir yazıçısı Xalid Muhəmməd Xalidin yazdığı «Peyğəmbər balaları Kərbəlada» əsərindən nəql etmişdir. O, yazır:
«Deyirlər: Siffeyn müharibəsinə gedərkən Həzrət Əli (ə) Kərbəla səhrasını müşahidə edib belə dedi: «Bura onların şəhadət və merac yeridir». Beləliklə, Kərbəla qəhrəmanlığı məhərrəm ayının onunda başlayıb, həmin gündə başa çatan birpərdəli tamaşa deyildi: Əslində, bu hadisənin uzun bir tarixçəsi var idi ki, hicrətin 61-ci ilindən bir qədər əvvəl başlayıb və onun nəticələri sonrakı illərdə də özünü göstərmişdir. Kərbəla hadisəsinin ən böyük dərsi budur ki, fədakarlıq, əməl özünə görə təriflənməlidir. Necə ki, haqqı öz hədəfi baxımından öyrənib tərifləmək lazımdır. Huseynin (ə) şəhadət xatirəsi ağlamaq və ya matəm saxlamaqla bağlı deyil. Müsəlmanların fədakarlıq xatirəsi olan böyük Qurban bayramı (zilhiccənin 10-da) da şənlik mərasimi kimi bərpa olunmalıdır».
Bu, Xalid Muhəmməd Xalidin təklif etdiyi bir ehtiram və münasibət bildirmək formasıdır. O, deyir: «Aşura xatirəsi əbədi olaraq yaşadılmalıdır. Lakin bu, matəm və ağlamaqla deyil, bayram etmək və şənlənməklə həyata keçirilməlidir». Bəlkə də o, demək istəyir ki, Aşura gününü qanın qılınca qələbəsi günü kimi, şənlik və bayram mərasimi şəklində keçirmək lazımdır.
Lakin unutmamalıyıq ki, bir az öncə izah etdiyimiz kimi, bu barədə «bizim yol və üslubumuz, Peyğəmbərimizin yolu və üslubudur». Əvvəla, İslamda ta qədimdən əzizlərin ölümü, ildönümü adəti bayram və şənlik formasında deyil, matəm mərasimi şəklində keçirilir. İkincisi, bildiyimiz kimi, Rəsuləllah (s), onun sevimli qızı Fatimə (s) və Həzrət Əli (ə) bu hadisə baş verməmişdən qabaq dəfələrlə o günü yad etmiş və bu xatırlama zamanı göz yaşları tökmüşlər. Üçüncüsü, Aşura hadisəsindən sonra, təkrarlanan hədislərə əsasən, məsum İmamlar (ə) o günün ildönümü mərasimi kimi keçirilməsini təkid etməklə yanaşı, özləri də Aşuranı anma və matəm mərasimləri kimi təşkil edirdilər. Necə ki, yazmışlar: «Həzrət imam Zeynul-abidin (ə) öz atasının şəhadətini yad edərək 40 ilə yaxın bir müddətdə ağlamışdır. İmam Sadiq (ə) öz babasının müsibətini xatırlayarkən ağlayırdı. İmam Kazım (ə) həmişə məhərrəm ayının əvvəlindən qəm-qüssəli olar və əsla gülümsəməzdi. Dördüncüsü, tarix bizə deyir ki, Bəni-Üməyyə o günü bayram və şənlik keçirməklə yad etmiş və həmin tarixi mübarək hesab edərək şadlıq etmişlər.

هذا یوم فرحت به آل زیاد و آل مروان بقتلهم الحسین صاوات الله علیه

Aşura bir gündür ki, o gün Ziyad və Mərvanın ailəsi Huseynin (ə) öldürülməsi münasibətilə şadlıq etmişlər.
Bəs, o günün xatirəsi necə əzizlənməli və necə yaşadılmalıdır? Böyük müəllim bir Aşura axşamı söhbətində deyir: «Hazırda şəhidlər ölmüşlər, biz ölülər isə diriyik. Şəhidlər öz sözlərini biz karlara xitabən dedilər. Onların bu cəsurluğu var idi ki, sağ qala bilmədikdə ölümü seçdilər və getdilər. Biz utanmazlar isə qaldıq, yüz illərdir ki, qalmışıq. Dünyanın bizə gülməyə yeri vardır: zillət və zəiflik göstəricisi olan bizlər həyat və izzət göstəriciləri olan Huseynə (ə) və Zeynəbə (ə) ağlayırıq. Bu da tarixin yeni bir zülmüdür ki, biz məhv olmuşlar o əzizlərin əzadarı və yaslıları olaq…»
Biz İslam tarixində böyük insani dəyərlər, şəhadətlər və cihadlarla yaranmış ən əziz əmanətlərin varisləriyik, bütün bunların varisləri bizik. Biz özümüzdən bəşəriyyətə nümunə olacaq bir ümmət yaratmaqda məsuliyyət daşıyırıq… Amma necə də zirəkliklə Huseyn (ə) və onun tərəfdarlarının bütün insanlara olan sözlərini pozdular.
Bütün əzizlərinin şəhadətindən sonra «varmı bir kömək edən?» – deyə hayqıran Huseyn (ə) məgər ona kömək edəcək bir nəfərin olmadığını bilmirdi? Bu sual bəşəriyyətin sabahkı tarixinə ünvanlanan sualdır… Amma onun bu dəvətini, onun bu kömək intizarını və Huseynin (ə) bu «şiə istədiyi» sözlərini (şiədən istədiyi) biz söndürdük. Belə ki, dedik: Huseyn (ə) göz yaşından başqa heç nə istəmir.
Halbuki, hər bir inqilabın iki üzü vardır. Qan və söz… Əgər bir qanın sözü olmazsa, tarixdə lal qalar. Əgər bir qan öz sözünü bütün nəsillərə çatdırmazsa, onda cəllad şəhidi bir əsr və bir zaman kəsiyində həbs etmişdir… İndi ey bu ailə ilə bağlılığı və müqaviləsi olan… Kərbəla şəhidlərinin sözlərini dinlə!
O adamlar yaxşı yaşaya bilirlər ki, yaxşı ölməyi bacarırlar. Bizim ailəmizin sizə sözləri budur: «Ey bizdən sonra gələn adamlar, bütün bəşəriyyətə yaxşı yaşamağı və yaxşı ölməyi öyrədən, bu ailədir. Çünki hər kəs yaşadığı kimi də ölür:

اللهم اجعل محیای محمد و آل محمد و محمد و مماتی ممات محمد وآل محمد

Daha bir dəfə bu cümləni oxuyuruq: «İlahi, həyatımı Muhəmməd (s) və onun ailəsinə yaxın et, həmçinin, ölümümü də Muhəmməd (s) və onun ailəsinin ölümü kimi et. Doğrudan da, kim bu cümlənin mənasını bilmir? Onu başa düşməyən ya quru, ya da axmaq adam olmalıdır. Əks təqdirdə, gün kimi aydındır ki, əgər Aşura müsibətinə ağlamaq tufanı insanların həyatını dəyişdirən, cism, can, düşüncə və fikrində dəyişiklik yaradan bir ağlamaq, eləcə də ölümü asan və mübarək edən bir ağlamaq deyilsə, təbii ki, Yezid və onun tərəfdarlarının dəyirmanına su tökən bir ağlamaqdır. Belə olan halda, müsbət təsəvvür olunan əməllər mənfi nəticə verəcəkdir.
Deyirlər: «Bu təsəvvürün zərərsiz olması üçün belə bir siyasi baxışı başa düşmək kifayətdir. Bir həqiqətə diqqət edək ki, həm səfəvilər, həm də qacarilər əzadarlıqdan xalq üzərindəki hakimiyyətlərini möhkəmləndirmək üçün bir vasitə kimi istifadə edirdilər. Nəsrəddin şah kimi bir diktator öz hakimiyyətinin zalım üslubları ilə əzadarlıq keçirməklə xalq üçün ən yaxşı və inkişaf etmiş imkanları yaratmaq arasında heç bir fərq görmürdü» (Həmid İnayət, «Müasir İslamda siyasi düşüncə»).
Bəli, əgər əza məclisi məscidlər, müqəddəs yerlər, Huseyniyyələr və xalqın ümumi mərkəzlərində deyil, rüşvətxorların, başqasının malını yeyənlərin və əməlləri İslam və Quran təlimləri ilə bağlı olmayan adamların şəxsi mənzillərində keçirilərsə, şübhəsiz ki, bunun daha çox zərəri olacaqdır. Əvvəla, belə bir fikir yaranacaqdır ki, əzadarlıq məclisləri qurmaqla şəriətə zidd olan əməlləri aradan qaldırmaq mümkündür. İkincisi, yadların qəlbini ələ almaqdansa, onları öz əməllərimizə güldürəcəyik.
Deyirlər: «Bir alim yuxuda imam Huseyni (ə) görür ki, Kərbəlada ona dəyən bütün yara və zərbələr sağalmışdır. Soruşur: «O yaralar hansı möcüzə ilə şəfa tapmışdır?» İmam (ə) buyurur: Əzadarlarımın göz yaşı ilə».
Doğrudan da, sırf məclisdəkiləri ağlatmaq məqsədilə belə məsələləri söyləmək faciə deyilmi? Quran bizə buyurur:

وَلا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ
فَرِحِينَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِنْ خَلْفِهِمْ أَلا خَوْفٌ عَلَيْهِمْ وَلا هُمْ يَحْزَنُونَ

«Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, ardlarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər». («Ali-İmran» surəsi, ayə 169-170)
Bu ayəyə əsasən, Allah yolunda öldürülənlər həqiqətdə öldürülməmişlər və onları öldürülmüş hesab etməməliyik. Əksinə, onlar Allah yanında ruzi yeyirlər. Buna oxşar bir xəbər «Bəqərə» surəsinin 154-cü ayəsində də vardır. Orada buyurulur:

وَلا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاءٌ وَلَكِنْ لا تَشْعُرُونَ

«Allah yolunda öldürülmüşlərə «ölü» deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz».
Qurani-Kərim Allah yolunuda şəhid olanlar üçün mühüm, fikirləşməli və dərin bir şey bəyan etmişdir. O da budur ki, şəhidlər həqiqətdə ölməmişlər, əksinə, onlar bir növ yaşayırlar. İndi baxılmalıdır ki, bu yaşamağın məqsədi nədir və onlar öldürüldükdən və ruh bədəndən ayrıldıqdan sonra necə yenə də diridirlər?»
Əgər bir nəfər «Onların diri olması ad və xatirələrinin xalqın qəlbində yaşaması məqsədilə deyilmişdir», – deyərsə, səhv söz demiş olar. Çünki bu etibarlı bir işdir və şəhidin halına heç bir faydası yoxdur. Ayədə deyilir ki, siz onların diri olmasını dərk etmirsiniz.
Halbuki, biz onların adlarının və xatirələrinin diri qalmasını dərk edirik. Deməli, məlum olur ki, həyat və yaşamaq sözünü deməkdə məqsəd o deyil, həyatın bir növüdür ki, bəşər onun həqiqətini dərk edə bilməz.
Deməli, şəhidlər doğrudan da diridirlər. Amma biz onların həyatının necəliyini və növünü dərk etmirik. Bu, bir növ həyatdır ki, bizim indiki həyatımız və bütün bəşəriyyətin axirət aləmindəki olacaq həyatından fərqlidir və şəhidlər elə diridirlər ki, Allahın yanında ruzi yeyir, Allahın nemətlərindən istifadə edir və onlara verilənlərdən şad və razıdırlar. Hələ onlara qovuşmayan digərlərini də müjdələyirlər. Amma bu təmas, xəbər və müjdələmək birtərəfli olduğuna görə bizim onu dərk etməyə gücümüz çatmır.
Allah yanında və onun razılığına görə şəhid olanlar diridirlər. Özü də elə diridirlər ki, Allahın yanında ruzidən bəhrələnirlər. Belə isə Quran ayələrinin hökmünə əsasən məsələ heç də «Riyazül-Qüds» kitabında deyildiyi kimi deyildir. Çünki əgər şəhidlərin yaraları əzadarların göz yaşı ilə sağalsa, iki problem yaradacaqdır: Birincisi budur ki, o cənablar Aşura günü şəhid olduqdan sonra, Qurani-Kərimin açıqladığına əsasən, diri olan və ruzidən bəhrələnən zaman (Allaha pənah) üzvlərində naqislik olmuş və bədənlərində çoxlu yaralar olmuşdur. Tədricən əzadarların göz yaşları ilə sağalmışdır. İkincisi isə budur ki, əgər bir alim yuxuda görüb yaraların sağalması müjdəsini gətirmişsə, onda daha ağlamağa lüzum olmayacaqdır.
Buna əsasən yaraların sağalması məsələsi həqiqi mənada deyil, məcazi mənada qəbul olunmalıdır. Bəli, Huseynə (ə) və pak məsum Əhli-beytə (ə) ağlamayan gözlər kor olsun. Amma ağlamaq düşməni şadlandıran ağlamaq olmamalıdır. Nəsrəddin şahlar Huseynə (ə) ağlamaqla arxayınlıq hiss etməməlidirlər. Diktatorların mənafeyini təhlükə altına salan, faiz yeyənlərin dükanını bağlayan, rüşvətxorun əlini dağlayan, cəmiyyəti allahsızlıqdan, ikiüzlülükdən, nifaqdan, yalandan, fəsaddan, pozğunluqdan, qeyrətsizlikdən, riyakarlıqdan, hiyləgərlikdən, özbaşınalıqdan, abırsızlıqdan, namussuzluqdan, itaətkarlıqdan, başqasına əl açıb dilənçilik etməkdən saxlayan bir ağlamaq şəhidlərin yaralarına məlhəm ola bilər.
Cəmiyyəti dinə, ədalətə, qanunsevərliyə, insaniyyətə, insafa, paklığa, ismətə, şərəfə, şərafətə, düşüncə və əməldə şücaətə, doğru söz və rəftarda şəhadətə, əl tutmağa, eşq və fədakarlığa tərəf sövq edən bir ağlamaq şübhəsiz ki, yaradıcı və qurucu bir ağlamaqdır.
(ardı var…)
(Seyid Kazım Pərpənçinin «Qədir günündən Aşurayadək» kitabından istifadə olunmuşdur)

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this