(…əvvəli ötən sayımızda)

Hicrətin 60-cı ili

Hicrətin 60-cı ilidir! Müaviyə ibn Əbu Süfyan hiylə, qızıl və zor işlətməklə, oğlu Yezid üçün hakimiyyətdə vərəsəliyi qəbul etdirə bildi. Yəqin oldu ki, ondan sonra oğlu Yezid hakimiyyətə gələcəkdir.
Hicrətin 60-cı ilidir! Müaviyə İslam adı altında, tarixin başlanğıcından bütün peyğəmbər övliyaların dağıtmağa çalışdığı pis üçlüyü «qulluq, yalan və qarət»in sütunlarını var-qüvvəsi ilə möhkəmlətdi. Dünən bütün varlığı ilə haqqın batil əleyhinə apardığı müharibələrdə İslam və müsəlmanların iftixarı olan Mühacir və Ənsardan ibarət İslamın əvvəllərinin mücahidləri, onların dalınca tabiin (inqilabın ikinci nəsli) ya pulla alınır, ya zorla sakitləşdirilir, ya da qılıncla susdurulurdu. Nəticədə, xalqın din və dünyası küfr və zülmün iradəsinə tərəf fırlanırdı.
Hicrətin 60-cı ilidir! Hər bir şey qəsbkarların qüdrətinin ixtiyarındadır. Dəyərlər hökumət işçiləri tərəfindən təyin olunur. Xalqın etiqadı saxta hədislərlə tənzimlənirdi. Hər bir hədis isə xilafət aparatının qoyduğu qiymətlə bir dinardır. Nə qədər hədis düzəlməlidir? Xəlifə bilir, de, altı yüzədək, bəlkə daha artıq. Bəli, dünənədək sahəbə olmaq dəbdəbəsini yedək çəkən Əbu Hüreyrələr, Əbu Dərdalar və Əbu Musalar, bu gün Əməvi səltənəti aparatının əlində alətdirlər və hədis maşınına çevrilmişlər.
Hicrətin 60-cı ilidir! Nə sünnilik Hənəfi, Maliki, Şafei və Hənbəliyə bölünmüş, nə də şiəlik Keysaniyyə, Zeydiyyə, İsmailiyyə və isna Əşəriyyəliyə şöbələnmişdir. Əslində yalnız iki firqədirlər, ya Muhəmməd (s), ya da Əbu Süfyan nəslinin şiəsidirlər. Bir dəstə də sağ qalmağı üstün tutanlardır. Onlar, siyasətdən ayrı olan dini müqəddəslik çətirinin himayəsi altında, evlərinə çəkilmiş və ibadətlə məşğuldurlar.
Mərhum Şəriəti demişkən: «İnqilabın ilk köməkçiləri, Muhəmmədin (s) şəxsi məktəbinin bəslədikləri üç qrupa bölündülər: a) Əyriliyə tab gətirməyən bir qrup səslərini ucaltdılar və öldürüldülər. Əbuzər, Əmmar, Abdullah Məsud, Meysəm, Hücr hamısı getmişlər. b) İkinci qrup, haqpərəstliyin fədakarlar tələb etdiyi və həqiqi müsəlman qalmağın nə fəth, nə də qənimət, əksinə işgəncə və zindan olduğu çətin bir vəziyyətdə, yeni şeylər fikirləşib tapan bir dəstə idi. Onlar cənnəti cihad cəbhəsində deyil, xəlvətə çəkilməklə, zahidlik və ibadətin əmin-amanlığında tapdılar. Onlar təkliyə çəkilib zahidlik edərək uzun-uzadı oruclar və nafilə namazları qılmaqla məşğul olmağa başladılar. Onlardan nümunə olaraq, Abdullah ibn Öməri göstərmək olar. Onlar, müsəlman kütlələri Bəni-Üməyyə cəlladları və işçilərinin şallaqları altında inlədiyi vaxt gözlərini onların müqavimət və qiyamına dikdiyi böyük şəxsiyyətlər idilər ki, məscid guşələrinə çəkilib ən yaxşı müsəlman şəxsiyyətlərini küfr və zülmün xeyrinə xəlvəti ibadətə qurban verdilər. v) Üçüncü dəstə isə Bədr, Ühüd, Hüneyn, Mədinə, cihad, hicrət və İslam Peyğəmbərinin (s) yanından topladıqları iftixarları Müaviyənin yaşıl sarayında sataraq pulunu alan bir dəstə idi. Nümunə olaraq, Əbu Dərda, Əbu Musa, Əbu Hüreyrəni göstərmək olar.
Hicrətin 60-cı ilidir! Taha Huseynin «Əli və övladları» kitabında dediyi kimi, Müaviyə öz mənfur işi ilə İslamda yeni bir bidət yaratdı. Bu bidət hökmranlığın irsi olaraq oğlu Yezidə ötürülməsi idi. Bu, elə bir iş idi ki, nə Əbu Bəkr, nə də Ömər bu fikirdə olmamışdılar. Beləliklə, İslamda ilk dəfə bünövrəsi zor, təzyiq, qorxu və vəhşət olan bir hökumət bərqərar oldu.
Hicrətin 60-cı ilidir! Rəcəb ayının ortalarında Müaviyə dini dəyərlərə qarşı apardığı bir ömür mübarizədən sonra xarabalıqdan başqa bir şeyi qalmayan yaşıl sarayında dünya ilə vidalaşdı. Vəliəhdliyini atası lap son anlarda zorla ümmətə imzalatdıran oğlu Yezid qara xəz əmmaməsini başına qoyub, atasının qılıncını bağlayaraq rəsmi şəkildə taxtda oturdu.
İbn Əsəm «Əl-Fütuh»da yazır: «Şam əhalisi atasının ölümündə başsağlığı verdikdən və onu xilafətdə təbrik etdikdən və sonra beyət almaq üçün ətrafa məktublar yazılmasını əmr etdi. Mədinənin hakimi Vəlid ibn Ütbəyə aşağıdakı məzmunda bir məktub yazdı:
«Bağışlayan və mehriban Allahın adı ilə! Allah bəndəsi Yezid ibn Müaviyədən Vəlid ibn Ütbəyə.
Salamdan sonra bil ki, Müaviyə Allah bəndələrindən biri idi. Allah-Taala onu əzizləyərək Yer üzünün xilafətini ona ehsan etmişdi. İndi o, mərhəmətli Allahın himayəsindədir. Yaşadığı dövrdə tərifli həyat tərzi keçirmiş və yolunu bilən adam olmuşdur. O, öz sağlığında məni öz vəlidi edərək dünyadan getdi. Məktubun məzmunundan xəbərdar olan kimi Mədinə əhalisindən beyət al və sonra Huseyn ibn Əli, Abdullah ibn Ömər, Əbdurrəhman ibn Əbu Bəkr və Abdullah ibn Zübeyrdən beyət istə. Əgər rəğbət və itaətlə mənə beyət etsələr, çox yaxşı, əks təqdirdə onlardan məcburi şəkildə beyət al. Onlardan hansı biri beyət etməsə, boynunu vurub başını mənə göndər».

İkinci qız nəvəsi

Həzrət Zəhra (s) hicrətin üçüncü (ya dördüncü) ilinin şəban ayının 3-də öz ikinci övladını dünyaya gətirdikdə doğum müjdəsini Rəsuləllaha (s) yetirməklə yanaşı, körpəni də o Həzrətin (s) yanına gətirdilər. Rəsuləllah (s) onun sağ qulağına azan, sol qulağına iqamə oxudu və onu Huseyn adlandırdı.
Mərhum Əllamə Əmini «Sirətuna və sunnətuna, sirətu nəbiyyina və sunnətu nəbiyyina» kitabında doğum hadisəsini aşağıdakı kimi qələmə almışdır:
Hafiz Əhməd ibn Huseyn Beyhəqi deyir: «Xəbər verdi Əbul Qasim, Həsən ibn Muhəmməd müfəssir, Əbu Bəkrdən, Muhəmməd ibn Abdullah Nüfeyd, Əbul Qasimdən, Abdullah ibn Əhməd ibn Amir Tai (Bəsrədə) atasından, Əli ibn Musadan, o, öz atası Musa ibn Cəfərdən, o, öz atası Cəfər ibn Muhəmməddən, o, öz atası Muhəmməd ibn Əlidən, o öz atası Əli ibn Əl-Huseyndən, Əsma bint Ümeysdən ki, Əsma deyir:
«Mən Həsən və Huseyn doğulanda nənən Fatimənin mamaçası idim – Huseyn dünyaya gəldikdə Rəsuləllah (s) mənim yanıma gəlib buyurdu:
– Ey Əsma, övladımı gətir.
Mən Huseyni bir ağ parçada qundaqlayıb Rəsuləllaha (s) verdim. Həzrət onun sağ qulağına azan və sol qulağına iqamə oxudu. Onu qucağında tutub ağladı. Ərz etdim: «Atam-anam sənə qurban, niyə ağlayırsan?»
Buyurdu: «Bu oğluma».
Dedim: «O ki, indicə doğulmuşdur. Buyurdu: «Ey Əsma, bu oğlumu zülmkar bir dəstə öldürəcək, Allah mənim şəfaətimi onlara yetirməsin». Sonra buyurdu: «Ey Əsma, bu sözü Fatiməyə demə, çünki dünyaya yenicə uşaq gətirmişdir».
Bu rəvayəti Hafiz Əbul-Müəyyəd Xarəzmi «Məqtəlul-Huseyn» kitabında öz sənədi ilə Hafiz Beyhəqidən və yenə Hafiz Mühibbuddin Təbəri «Zəxairul-Üqba» kitabında Əbulhəsən əl-Rizanın (ə) «Müsnədül imam»ından nəql etmişdir.
Sonra möhtərəm müəllif əlavə edir: «Sanki bu, Rəsuləllahın (s) evində şəhid Huseynə tutulan ilk əza məclisi idi. O günədək dünyanın qulağı, Zəhranın (s) uşağından başqa bir yeni doğulmuş uşağa doğulduğu gün təbrik və şadlıq məclisi əvəzinə, matəm məclisi qurulmasını eşitməmişdi. Heç bir qulağa dəyməmişdi ki, dünyaya bir uşaq gəlsin və elə doğulduğu həmin saat təbrik əvəzinə, ölüm xəbərini versinlər, öldürülməsi və öldürülən yeri barəsində danışsınlar».
Əllamə Əmini məsələnin izahında buyurur: «İslam ümmətinin nəzərində sonuncu peyğəmbərlik və özünəməxsus işləri baxımından dəqiq məsələlərdən biri də bu etiqaddır ki, müqəddəs Peyğəmbər (s) özündən sonra ailəsinin başına gələn bütün arzuolunmaz hadisələrdən və fitnələrdən tam şəkildə agah idi. Ailəsinin başına gələn bütün qorxulu müsibətləri, dünyanın uyğunsuzluqları, arzuolunmaz hadisələri və qəmli müsibətləri, ən faciəli şəkildə öldürülməyi, əsir olmağı, əzabları və kədərli hadisələri az çox proqnozlaşdırırdı.
Bu agahlıq və məlumat onun bütün yaradılışa aid olan böyük mütləq vilayətindən xəbər verir. Eləcə də, bu elmə əməl etməməyi də həmin vilayətin işlərindəndir. Bəli, mütləq vilayətin işlərindəndir ki, o Həzrət (s) belə bir müsibətə dözür, özünü görməməzliyə vurur və özünü sanki olmayacaqmış kimi göstərirdi.
Belə davranış və bütün bu əziyyətlərə dözmək heç bir bəşərdə görünməmişdir. Bu elm və güzəşt Adəm övladının heç birində toplanmamışdır və «Böyük vilayət» sahibindən başqa, heç bir insan barəsində təsəvvürə sığmır.
Həzrət Əmininin (ə) sözlərinə əsasən, Muhəmməd (s) nəslinin bütün bu problem, qəm-qüssə və fitnələrini görmək və bilmək sonuncu Peyğəmbərin (s) (Böyük mütləq vilayətinin) işlərindən biri olması, özünü görməməzliyə vurması və sanki belə bir şey olmayıbmış kimi aparması ilə yanaşı, bir neçə dəlillərə əsasən bəzən bu fitnələrdən kiçik bir işarə ilə də olsa, söz salmışdır. Əvvəla, ona görə ki, o müsibətlərin şahidi olanlara höccət tamamlansın və deməsinlər ki, Rəsuləllah (s) tərəfindən buna işarə olunmamışdı və təklifinizi bilmirdik. İkincisi, bu faciəni yaradan insanların özlərinə höccətin tamamlanması üçün idi. Nəhayət, üçüncü höccəti tamamlamaq gələcək nəsil üçün idi. Çünki onlar hadisədən neçə illər sonra tarix səhifələrindən o qəmli olayları mütaliə edəcəkləri vaxt şübhə yaranmasın. Əllamə Əmini (s) adı çəkilən kitabda Əhli-sünnə kitablarına istinad edərək Peyğəmbərin (s) 20-yə qədər əzadarlıq məclisi keçirdiyini qeyd etmişdir. Biz onun ikisini burada oxucunun ixtiyarına veririk:
1. Hafiz Əbul Qasim Təbərani «Əl-Möcəmul-kəbir» kitabında Həsən ibn Abbas Razidən, Səlim ibn Mənsur ibn Əmmardan, öz atasından, digər bir yolla Əhməd ibn Yəhya ibn Xalid ibn Həyyan Riqqidən, Əmr ibn Bəkr ibn Bəkkar Qənəbildən və Məcaşidən nəql etmişdir ki, Məaz ibn Cəbəldən belə rəvayət olunmuşdur:
«Rəsuləllah (s) rəngi solğun halda bizim yanımıza gəlib buyurdu: – Mən Muhəmmədəm, həyatın başlanğıcı və sonu ilə bağlı elmi mənə vermişlər. Nə qədər ki, aranızdayam, mənə itaət edin. Bu dünyadan köçdükdə isə Allahın kitabına müraciət edin. Onun halalını halal, haramını isə haram hesab edin ki, onun nəticəsində ölüm sizə rahatlıqla və şadlıqla gəlsin. İlahi qəza belədir ki, məndən sonra fitnələr qaranlıq gecə parçaları kimi sizə tərəf gəlsin.
Rəsullar getdikdə onun yerini digər rəsullar tuturdular. Bu o vaxtadək davam etdi ki, peyğəmbərliyin həqiqi çöhrəsi pozulub səltənətə çevrildi. Allah, peyğəmbərliyi düzgün şəkildə əldə edib öhdəsindən dəqiq və sağlam şəkildə gələn şəxsə, rəhmət etsin.
Ey Məaz! Yadda saxla və say. Məaz deyir: O Həzrət sayıb beşinciyə çatdıqda buyurdu: Yezid-Allah Yezidə bərəkət verməsin. Sonra gözləri yaşla dolub buyurdu:
Huseynin şəhadət xəbərini mənə verdilər və onun qətl olunacağı yerin torpağından mənim üçün gətirdilər. Onun qatilinin kim olduğunu mənə xəbər verdilər. Canım əlində olan Allaha and olsun! Allah-Taala Huseyn öldürülən və onun öldürülməsinin qarşısını almayan cəmiyyətin sinəsi ilə qəlbi arasına bir ixtilaf atar, düşmənlərini onların canına salar və onları təfriqəyə düçar edər.
Sonra buyurdu: Ah, əfsuslar olsun Muhəmməd (s) nəslinə! Əyyaş, şəhvətpərəst və özbaşına xəlifə tərəfindən Muhəmmədin başına müsibətlər gələr, mənim balamı və onun balalarını öldürərlər.
2. Hafiz Əbul Qasim Təbərani «Əl-Möcəmul-kəbir», Hafiz Hakim Əbu Abdullah Nişaburi «Əl-Müstədrək», Hafiz ibn Əsakir «Şam tarixi», Hafiz Muhəmməd ibn Əhməd Müqəddəs Hənbəli «Sifatu rəbbil aləmin» kitablarında (hər biri öz sənədi ilə) Ümmi Sələmədən (Əllamə Əmini 15 səhifədə bu isnad, mənbə və məxəzlərə təfsilatı ilə işarə etmişdir) belə rəvayət etmişlər:
«Bir gün Rəsuləllah (s) yatmışdı. Oyananda gördüm ki, halı yaxşı deyil, pərişan görünür. Əlində qırmızı rəngli torpaq var idi. O, torpağı əlində fırladırdı. Soruşdum: Ya Rəsuləllah (s), bu torpaq nədir?» Buyurdu: «Cəbrayıl (ə) mənə xəbər verdi ki, bu Huseyn İraq torpağında öldürüləcəkdir. Mən Cəbrayıla dedim: Huseynin öldürüldüyü torpağı mənə göstər. Bu, o torpaqdır».
Yenə də o, bu hədisə azacıq dəyişikliklər edərək başqa bir hədisə əlavələr edir ki, bu hədis «Nəzmüd-dürər» kitabında əlavə ibarələrlə qeyd olunmuşdur ki, Ümmi Sələmə deyir: «O torpağı götürüb bir şüşəyə tökdüm. Huseyn (ə) şəhid olan gün o şüşəni yoxlamağa getdim. Gördüm ki, o torpaq qan şəklinə düşmüşdür».
Hörmətli müəllif kitabın sonunda yazır: «Bu yassaxlamalar ilbəil təzələnir və daha da canlanır. Onun təzəlik və təravəti heç zaman solmayacaqdır və onun dəqiq şəkildə əbədi qalmasına zəmanət verilmişdir…»
Nə qədər ki, ürəklər şəhid Huseynin (ə) məhəbbəti ilə döyünür, sinələr onun vilayət dəryasına qərq olur, eləcə müsibətlərinin qəmi də daimi və əbədi olacaqdır…
Bir neçə rəvayət bu həqiqəti göstərir ki, o, Həzrət ömrünü qəm-qüssəli və halı pərişan sona yetirdi. Daim qəm-qüssəli idi…
Hüzn və qəm həyatı boyu davam edir, əziz övladının hələ baş verməmiş ürək yandıran müsibəti onun həyat səhnəsini pozmuşdu».
Bu rəvayətdə yenə də bir xəbər gizlənmişdi ki, onun həqiqi olmasına inananlar, vilayətində sadiq olanlar və onun sünnələrinə əməl edənlərə lazım və layiqdir ki, bu ağır müsibətdə əzadarlıq edib, dərdə şərik olmalarını izhar edərək Qiyamətədək əziz Peyğəmbərin (s) ciyərparasına ağlayıb, nalə etsinlər.
(ardı var…)
(Seyid Kazım Pərpənçinin «Qədir günündən Aşurayadək» kitabından istifadə olunmuşdur)

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this