Biz, Peyğəmbər (s) səhabələri və o dövrdə yaşayan müsəlmanların həyat tərzinə diqqət etsək görərik ki, onlar çətin, məşəqqətli anlarda belə, ibadətlərində yer üzərinə edilən səcdəyə üstünlük vermişlər. Məşhur səhabələrdən sayılan Cabir ibn Abdullah əl-Әnsaridən nəql edilən hədisdə deyilir: “İstinin şiddətindən əlimdə bir ovuc torpaq tutdum ki, soyudum və Peyğəmbərlə (s) birlikdə zöhr namazını yerinə yetirim.”

Әnəs ibn Malik rəvayət edir ki, çox isti günlərin birində Peyğəmbərlə (s) birlikdə namaz qılırdıq. İstinin şiddətindən əlimdə çınqıl saxlayıb soyudurdum ki, onun üzərinə səcdə edə bilək.

Bu iki hədis vasitəsilə belə bir nəticəyə gəlirik ki, səcdə yalnız yer üzərinə edilməlidir. Әgər döşənmə əşya kimi istifadə edilə bilən və geyim üzərinə səcdə düzgün hesab edilsəydi, səhabələr əbalarının və ya əmmamələrinin üzərinə səcdə edərdilər. Çünki istinin şiddətində bu cür əşyalar üzərinə edilən səcdə, isti torpaq və çınqılı əldə soyutmaqdan daha asandır.

Xəttab ibn əl-Әrt adlı səhabə belə deyir: “Әllərimizin və alnımızın səcdə edərkən istidən yandığını Peyğəmbərə (s) bildirib bu haldan şikayət etdikdə, Peyğəmbər (s) şikayətimizi qəbul etmədi.”

Artıq aydın oldu ki, şəriətdə səcdə vacib ediləndən bəri, onun mənası və məğzi alnı yer üzərinə qoymaq olmuşdur. Hətta qızmar günlərdə yerin şiddətli istiliyi, çətinliklər və səhabələrin şikayətinə baxmayaraq, Peyğəmbər (s) müsəlmanlara paltar və əmmamə kimi əşyalar üzərinə səcdəni qadağan etmişdir. Çünki bu cür əşyalar “yer” adlanmır.

Bəni-Üməyyə belə nəql edir: “Әbu-Bəkr namaz qılarkən yer üzərinə səcdə edirdi.”

Әbi Übadə deyir: “İbn Məsud (ibadət edərkən) yalnız yerə səcdə edərdi.”

Digər səhabə Übadə ibn Samit namaz qılarkən əmmaməsini alnının üstündən qaldırardı.

Burada qeyd edilənlərə tarix səhifələrində çox rast gəlmək olar. Məsələn: Məsud ibn Әcdəə adlı tabii (tabii-Peyğəmbər (s) səhabələrini görmüş, lakin Peyğəmbərin özünü görməyən şəxsdir) Abdullah ibn Məsudun arif tələbələrindən biri idi. Bu şəxs Mədinə torpağından özü üçün türbət düzəldərək (namaz qılanda) onun üzərinə səcdə edərdi. Səfərə çıxarkən, ələlxüsüs gəmi ilə bir yerə səfər edəndə bu türbəti özü ilə götürərdi.

 

http://sualcavab.ge

 

 


more post like this