Xəzan otaqda var-gəl edə-edə yenə «meydan» gəzintisini xatırladı. Bu dörd il əvvəl baş vermişdi.

Ağ köynəkli, qara şalvarlı gənc bir oğlan çiynindəki kamera ilə onu çəkdikdən sonra kameranı yerə qoyub, gülümsər baxışlarla yavaş-yavaş Xəzana sarı addımlayır. Xəzanın vücudu əsməyə başlayır və qucağındakı çiçəklər yerə dağılır…

…Necə də xoşbəxt idim o gün… Xəzan o görüşün gerçək, yaxud xəyal olduğunu hələ də ayırd edə bilmirdi. Əgər xəyal idisə, bəs onun mənə bağışladığı çiçəklər nə idi?! Albomumda indi də o çiçəklərin qurusu durur. Yuxu da ola bilməz. İnsan ayaq üstə, gəzə-gəzə necə yuxu görə bilər… Yox əgər həqiqət idisə, bəs o hara qeyb oldu? Niyə məni sonralar axtarmadı? Bəlkə fırıldaqçı alçağın birisi olub, saxta məhəbbətiylə neçə qızı aldadıb? Yox, o cür mehriban baxışların, nurlu simanın sahibi olan insan heç vaxt belə bir işi görə bilməz…

…Görəsən, bu həkim nə vaxtdan burada işləyir… Nə olaydı bu elə həmən meydanda gördüyüm oğlan olaydı, özü də indiyə kimi subay olaydı… Görəsən, məktəb həyətinə girəndə onu görən oldumu. Xəzan durub pəncərəyə sarı getdi. Yaxşı ki, müəllimlərdən, xadimələrdən heç kim burada yox idi. Yoxsa elə bilərdilər ki, mənim onunla yaxın əlaqəm var. Kənddə adıma min cür söz qoşardılar… Görəsən, Araz maşının burada dayandığını, onun su istədiyini evdə danışarmı? Əgər bu haqda soruşsalar, nə deyəcəyəm, hər şeyi olduğu kimi deyimmi? Yox, onda onlar mənə şəkk gətirərlər. Mənim hərdən məktəbdən gec qayıtmağımı bununla əlaqələndirərlər. Evdə soruşsalar, yalan danışmağa məcburam. Deyəcəyəm «bilmirəm, görməmişəm, dolçanı da geri qaytarmayıblar». Elə yaxşı ki, dolça da sındı.

Xəzan bu cür fikirlərdən bezikibmiş kimi köks ötürüb, öz-özünə: «Gör bir nələr düşünürəm. Adi yoldan ötəndi, maşını xarab olub, su lazım olub gəlib aparıb. Nə olar, bunda nə var ki, məgər bizim başımıza heç belə iş gəlməyib?!» O, saata nəzər salanda yenə də evə gec qaldığını gördü.

O evə çatanda artıq saat altıya işləyirdi. Babası qonşu kişilərlə çardağın altında oturub domino oynayırdı. Məğrur da odun doğrayırdı. Xəzan onlarla salamlaşıb, hal-əhval edə-edə pillələrdə yubandı. Araz onun səsini eşidən kimi tez qapıya çıxıb səsləndi:
– Bibi, o kişi dolçanı qaytardımı?
Xəzanın ürəyindən elə bil bir tel qırıldı: «Nə dolça, haçan» – deyə, tez özünü bilməməzliyə vurdu.
– Bu gün də. Bayaq sənə yemək gətirəndə su aparmadım?
– Hə…hə… yadıma düşdü. Yox qaytarmayıblar. Kimə verdin ki?
– Bir əmiyə verdim. O mənə dedi ki, tələsirsənsə, sən get, mən özüm aparıb verərəm. Axı, baba mənə siqaret tapşırmışdı.
Xəzan onun əlindəki oyuncağa işarə edib soruşdu:
– O əlindəki nədi, Arko?
– Bunu da o verdi də mənə.
– Demək, sən dolçanı verib bunu almısan? – Xəzan zarafatla söylədi.
– Ata canı yox, bibi. O özü bunu mənə verdi – deyə Araz tutuldu.
Bayaqdan onların söhbətinə qulaq asan Məğrur da Xəzanın bu zarafatlarına qoşularaq Arazı hövsələdən çıxarmağa başladı:
– Hə-hə… Elədi ki, var. Demək, sən dolçanı verib bu oyuncağı almısan, hə?
– Yox ata, Qurana and olsun, mən ona heç nə demədim. O özü bunu mənə verdi. Mən dedim istəmirəm, dolçanı verin aparım, o dedi ki, yox götürməsən, inciyərəm…
Araz Məğrurla danışıb özünün günahkar olmadığını sübuta yetirməyə çalışdıqda Xəzan da sumkasını içəridə qoyub yenə bayıra çıxdı və yenə də Araza sataşaraq:
– Mən bilmirəm Araz, sabah neyliyirsən elə, gedib dolçamı kimə satmısansa, elə də al gətir.
Bu dəmdə Məğrur həyətdən səsləndi:
– O kim idi ki, Xəz?
– Nə bilim, görmüşəm ki, bilim? Allah bilir hansı yoldan ötən olub.
– Doğrudan dolçanı qaytarmayıblar? – deyə, Lamiyə mətbəxdən səsləndi.
Xəzan gülümsünə-gülümsünə pəncərədən başının hərəkətiylə «yox» dedi.
Məğrur həyətdən Arazın fikrə getdiyini görüb səsləndi:
– Eybi yox bibi, Araz da əvəzində bir qızıl qartal alıb. Onu satsaq, neçə elə dolça alarıq.
– Deyirəm də, neyliyib Araz eliyib. Araz bu «qızıl qartalı» almasaydı, o yazıq sürücü də dolçanı aparmazdı. Eybi yox, bu dəfə güzəştə gedirəm, gələn dəfə daha belə eləməz – deyə Xəzan əyilib, qorxusundan gözləri dolmuş Arazın üzündən öpdü.

Xəzan dolça haqqında ona verilən suallara yarı zarafat, yarı gerçək cavab verərək söhbətə son qoydu. Sonra öz otağına keçib paltarını dəyişə-dəyişə yenə dolçanın sınma anını xatırladı və bunun üstü açılarsa vəziyyətdən necə çıxacağı haqqında düşünməyə başladı.

ardı var…

Müəllif: Kəklik Ayağıqanlı

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this