Məğrur Bakıdan qayıdandan iki gün sonra Ramalın korbağırsaqdan cərrahiyyə olunduğunu bəhanə edərək, Xəzanı da götürüb Bakıya gətirmişdi.

Artıq bir ay idi ki, Ramal xəstəxanada yatırdı. Ramalın üzündəki və əl-qolundakı yaraları demək olar ki, tam sağalmışdı. Qipsdə olan qolundan da artıq heç bir narahatlıq duymur, barmaqlarını tam hərəkət etdirə bilirdi. Bircə, zərbənin təsirindən tutulmuş gözlərinə görə çox narahatlıq keçirir – özünün əbədi kor qalacağından qorxurdu.. Tək o deyil – bütün doğmaları, yaxınları bundan ötrü narahat idilər. Amma həkim söz vermişdi ki, onun görmə qabiliyyəti bərpa olunacaq. Əgər müəyyən müddətə özbaşına bərpa olunmazsa, cərrahiyyə əməliyyatı ilə o, buna nail olacaq.

Ramalın gözlərinin tutulması və gələcəyə ümidini itirərək, daim bədbin danışması Xəzanı da çox düşündürürdü. Ramalın yanında qaldığı bütün bu müddət ərzində ona bəlli olmuşdu ki, Ramal onun ayağının şikəstliyi barədə hələ də heç nə bilmir, bacısı Nəzrin də Xəzanın ona danışdığından bir kəlmə də olsun ona danışmayıb. O, öz-özünə düşünürdü:“Əgər Ramal mənim vəziyyətimi bilsəydi, yəqin ki, özünün belə olmağı ilə məni bədbəxt edəcəyi barədə düşünüb bədbin-bədbin danışmazdı…. Görəsən, öz şikəstliyimi indi ona desəm necə olar, o, bunu özünə təsəlli edərmi? Yoox, onun indiki vəziyyətində bu ona pis təsir edə bilər, bu bəlkə də onun üçün ikiqat zərbə olar…. Yox, o, özünü bu qədər bədbəxt sayıb, məni də bədbəxt etdiyini düşündüyü bir təqdirdə, mən özümün belə olmağımı niyə yenə ondan gizlətməliyəm. Axı o, ilk görüşlərimizin birində “şikəst cüllüt” haqqında danışarkən ona yazığı gəldiyini, sonra da az qala ona vurulduğunu söyləmişdi. Bəlkə indi o, mənim həmin “Cüllüt” olduğumu biləndən sonra buna sevinəcək və bu sevinc də ona öz dərdini unutduracaq?”

Xəzan bu cür düşüncələrlə qəlbində götür-qoy etməkdə ikən qapı ehmalca aralandı.Gələn tibb bacısı idi. Ramalın yuxuya getdiyini görüb, barmağını dodağına apararaq Xəzanın da səssiz hərəkət etməsinə işarə etdi. Dərmanları Ramalın tumbasına qoyandan sonra qayıdıb Xəzanın əlindəki kitabın üstünə baxdı, astadan “fantastika” – deyərək gülümsünə-gülümsünə başını buladı.

Tibb bacısı çıxandan sonra Xəzan bayaqdan əlində tutduğu kitabı stolun üstünə qoyaraq dərindən köks ötürdü. Elə bu anda Ramal da oyandı. O: “Xəz! Xəz!” – deyə həyəcanla səslənərək qalxmaq istədi.
Xəzan: “Burdayam Ram, burdayam, narahat olma” – deyə tez onun kürəyindən yapışıb qalxmağına köməklik etdi.
– Zəhmət olmasa, bir az su ver, ciyərim yanır – deyə Ramal yenə təlaşla səsləndi.
Xəzan stolun üstündəki şirədən bir stəkan ona verdi:
– İç Ram, indi çay da gətirərəm.
– Yox, daha heç nə lazım deyil, gəl əyləş yanımda. Bir də mənə bir siqaret ver.
Xəzan qutudan bir gilə çıxarıb ona verdi, alışdırandan sonra stulunu çəkib onun yanında oturdu. Ramal siqaretindən dərin bir qullab vurub, xəstə qolunun barmaqlarını oynatmağa başladı. Xəzan onun əlini əlləri arasına alaraq:
– Keyiyibmi, Ram? – deyə ehmalca ovuşdura-ovuşdura səsləndi.
Ramal səsini çıxartmadan inkarla başını buladı. Xəzan onun fikirli olduğunu görüb ehtiyatla səsləndi:
– Ram, niyə bikefsən? Bir yerinmi incidir səni?
Ramal heç bir cavab vermədən siqaretinə bir də dərin qullab vurub tüstüsünü daxilinə ötürdü. Tüstü onun burun pərlərindən aramla çıxdıqda, Xəzan yenə köks ötürüb siqareti onun əlindən aldı, külqabıya basaraq sakit səslə:
– Bəsdir daha bu acı tüstünü ciyərlərinə çəkdiyin. Tərgitməkdənsə günü-gündən sayını artırırsan, Ram. Nə görmüsən axı bu acı zəhərdə?
Ramal uzanmaq istədi. Xəzan onun yerini rahatlayıb yenə uzanmağına kömək elədi. Stulunu bir az da ona tərəf çəkib qayğıkeşliklə səsləndi:
– Ram, niyə eynin açılmır, əzizim? Elə bil bayaqkı Ramal deyilsən. Həkimi çağırımmı?
– Yox, Xəz, heç nə lazım deyil.
– Axı niyə narahatsan? Sənə belə durmaq yaraşmır, əzizim. Səni həmişə şən görmək istəyirəm. Yaraşmır sənə belə durmaq.
Ramal Xəzanın qayğıkeşliyindən xoşhallandısa da, daxilindəki kədər Xəzanı eyni nəvazişlə cavablandırmağa qoymadı. O, qəhərini boğmağa çalışaraq kədərlə səsləndi:
– Xəz, xahiş edirəm səndən, düzünü söylə. Sən məni yenə əvvəlki məhəbbətlə sevirsənmi?
Xəzan bu sualı ondan gözləmirmiş kimi heyrətlə onun üzünə baxdı. Bir qədər susduqdan sonra dedi:
– Bu nə sualdı mənə verirsən, Ram?! Məgər səni necə sevdiyimi sən hələ də anlaya bilmirsənmi?! Şübhən varmı məhəbbətimə, əzizim?!
– Xəz, həmişə bu cür məhəbbətlə sevəcəksənmi məni? Hər bir əzabımı çəkib ömür boyu qayğıma qalmağı, mənə bu cür nəvaziş göstərməyi boynuna götürəcəksənmi?
Xəzan onun narahatlığını yatırmağa, onu xoş bir sözlə ovundurmağa macal tapmamış Ramal yenə həyəcanla davam etdi:
– Sevgilinin indi bu kökə düşməsi səni sarsıtmırmı?! Əgər mən ömrüm boyu belə qalsam, gözlərim əbədi olaraq dünya işığına həsrət qalsa, sən neyniyərsən, əzizim?! Sən yenə o müqəddəs xəyal dünyanı göz görə-görə bu əzablı dünyanla dəyişməyə razı olarsanmı, əzizim mənim?!
– Sən sağalacasan, Ram! Mən buna əminəm! Sən tam sağalacaqsan! Sən yenə əvvəlki Ramalım olacaqsan, əzizim. Mən daha səndən ayrı yaşaya bilmərəm, Ram. Səndən ayrı yaşaya bilmərəm!
Xəzan artıq göz yaşlarını saxlaya bilmədi. Ramal da kövrəlmişdi.

Bir qədər ötəndən sonra hər ikisi sakitləşdi. Xəzan göz yaşlarını silibkədərlə sözə başladı:
– Sən nə danışdığını anlayırsanmı?! Niyə bu cür bədbin düşüncələrinlə məni də, özünü də üzürsən, ruhum mənim. Sən ilk görüşdə məndə olan qüsürları görə-görə varlığıma-qəlbimə vurulduğun halda, yolumda bütün əzablara dözüb cəfamı çəkdiyin bir halda mən səni sevməyə bilərəmmi, əzizim? Ömrümün məşəqqətlərinə, qəlbimin əzablarına dözə-dözə Rəvanıma qovuşmaqdan ötrü məgər bu vücudumu qurban vermirdinmi, Ram? Məni yaşadan, həyatı gözümdə ucaldan, məni xoşbəxt aləmlərə aparan bir varlığı unutmağa, sevməməyə haqqım varmı, varlığım mənim? Məhəbbətimi ürəyimdə müqəddəsləşdirən, eşqinə sadiq qalan Rəvanıma mən ömür boyu sədaqətlə xidmət etməyi özümə müqəddəs bir borc bilirəm, ruhum mənim.

Xəzanın bu şirin sözləri, xoş nəvazişi demək olar ki, Ramalın bütün kədərini ona unutdurdu, sevincinə qanad taxıb, onu səmalara yüksəltdi. Xəzanın “ilk görüş” kəlməsi Ramala ilk Meydan görüşünü xatırlatdı, yenidən o anları ona yaşatdı və onun ruhunu mövhumi dünyasına çəkdi.
O, haradan biləydi ki, Xəzan, “ilk görüşdən məndə olan qüsurları görə-görə” kəlməsini işlətməklə ona vaxtıyla, “Xəzər” sanatoriyasında olarkən, “Şikəst cüllütlə” ilk görüşü nəzərdə tutur, bununla da öz şikəstliyini ona bəyan etməklə ona təskinlik vermək istəyir. O, haradan biləydi ki, Xəzanın qəlbi onunla danışa-danışa yenə ruhu şirin xəyal dünyasının ənginliklərində dolaşaraq gah Rəvanlı dünyasında, gah da Ramallı dünyasında gəzişir.
Sükutu Ramal pozdu:
– Mən bir az əvvəl yuxuda gördüm ki, sən gözlərimin tutulduğuna görə məndən üz döndərmisən. Mən səni başa salmaq istəyirəm ki, mənim gözlərim daha görür. “Rəvanın daha sənə əzab olmaz, heç vaxt daha sənə əziyyət verməz” – deyə qışqırıram. Sən isə heç nəyə əhəmiyyət vermədən qaçır, qışqıra-qışqıra: “Yox! Sən mənim Rəvanım deyilsən” deyərək, özünü dənizdə qərq edirsən. Elə sənin qışqırığına oyandım, Xəz. İndi də elə bil səsin mənim qulağımdadır, əzizim… Nə yaxşı ki, bu yuxu idi, nə yaxşı ki, sən mənim yanımda idin, əzizim, yoxsa ürəyim partlayacaqdı.

Xəzan gözlərinin nəmini sildikdən sonra durub çayniki cərəyana qoşdu. Gedib əl-üzünü yaxaladıqdan sonra gəlib çay dəmlədi. Ramal da maqnitafona bir kaset qoyub düyməni basdı. Xoş musiqi səsi otağa yayılanda qapı yenə döyüldü.
Gələn Ramalın həkimi idi. O, içəri girən kimi əlindəki qəzeti yellədə-yellədə:
– Bəh-bəh-bəh, bax varam da buna – deyə şən-şən səsləndi.
– Ramal bəy, görürsünüz də Xəzan xanım sizə necə xidmət edir.
O, stolun üstünə nəzər yetirib davam etdi:
– Bir yandan qoz ləpəsi, bir yandan mer-meyvə, təzə gül-çiçəklər, kənd balı, bir tərəfdən də musiqi. Daha niyə darıxarsan, balam. Əlbəttə, dünyanın hər naz-nemətinin özünə görə dadı-tamı var. Amma onu öz nişanlının əlindən alıb yeməyinin ayrı ləzzəti var. Özü də necə nişanlı, sevgilisinin başına əsim-əsim əsən, qəlbi onun məhəbbətiylə döyünən və bu məhəbbətdən ilhamlanan qəlbini gur çeşməyə döndərən istedadlı, ağıllı və ləyaqətli bir xanım!
O, stulu çəkib oturdu. Qəzeti stolun üstünə qoyub soruşdu:
– Hə, de görüm özünü necə hiss edirsən, bir narahatlığın yoxdur ki?
– Xeyr, professor heç bir narahatçılığım yoxdur. Yuxudan bir az əvvəl oyanmışam. Ümumi vəziyyətim gün-gündən daha da yaxşılaşır. Bircə gözlərim…
– Gözlərinə görə qətiyyən narahat olma – deyə həkim Ramalın sözünü bitirməyinə macal verməyib səsləndi:
– Şükür Allaha, sənin gözlərin heç bir zədə almayıb. Özün də həkimsən, bilirsən ki, zərbədən gözlər müəyyən müddət tutula bilir. Mən əminəm ki, cərrahiyyə əməliyyatı keçirilmədən gözlərinin görmə qabiliyyəti bərpa olunacaq. Sən bununçün özünü heç darıxdırma. Xəzan xanım, oxumusanmı şeirini Ramal bəyə? – O, qəzeti aça-aça Xəzana müraciət etdi.
Xəzan maraqla bir həkimə, bir də qəzetə baxıb başını bulaya-bulaya: “Xeyr, nə şeir” – deyə səsləndi. Və bir neçə ay əvvəl “Müəllim” qəzetinə göndərdiyi şeirini yada salıb, gülə-gülə: – “Yəqin “Müəllim” qəzetidir, hə?” – deyə yenə səsləndi.
– Bəli, “Müəllim” qəzetidir, Xəzan xanım. Mən sizin poeziya ilə məşğul olduğunuzu bilmirdim. Həyat yoldaşım müəllimədi. Axşam bu qəzetdən bir şeir oxudu. Çox dərin mənalı şer olduğundan hamımızın xoşuna gəldi. Müəllifini soruşduqda, “Lerikdəndir, adı da Xəzan Rzazadədir” deyə səsləndi, “özü də biologiya müəllimidir” dedi. Müəllifin adını eşidən kimi bu Xəzan xanım yadıma düşdü. Odur ki, axşam zəng edib tibb bacısı vasitəsiylə Ramaldan familinizi öyrəndim. Familiyalar düz gələndən sonra əmin oldum ki, elə bu Xəzan xanımdır.
Həkim danışdıqca Ramalın üzü qəribə görkəm alırdı. O, məhz indi anladı ki, axşam tibb bacısı Xəzanın familiyasını nəyə görə soruşurmuş.

Ramal da Xəzan kimi bayaqdan şeiri oxumaq intizarında idi. Professor da elə bil onların ürəyini oxuyurdu. Odur ki, xalatının cibindən eynəyi çıxararaq tezliklə onların bu intizarına son qoymağa çalışdı. Üzünü Xəzana tutub: “İcazə verirsinizmi, Xəzan xanım?” – deyə onların qabağına çay qoymaqda olan Xəzandan soruşdu. Xəzan əlacsızlıqdan məcbur qalıb: “Buyurun doktor, buyurun” – deyə razılığını bildirdi.
Həkim qəzeti açıb həvəslə şeirlərdən birini oxumağa başladı:
Hifz et məni bu aləmdən
Dərgahına apar məni
Gəl al yenə məni məndən
Gəl Özünə qaytar məni
Bir zaman özün bəxş etdin
Bu varlığa az zərrəni
Gəl qaytar sən bu torpaqdan
Cana dönmüş o zərrəni
Sorağdadır “canım” hər an
Səni arar hər an, hər dəm
Unutsan bu canı bir an
Silinərmi könlümdən qəm?!
Xəyallara çəkdin məni
Xəyalımda tapdım səni
Gəl cansız et bu bədəni
“Özlüyümə” qaytar məni
Hifz et məni bu aləmdən
Dərgahına apar məni
Gəl al yenə məni məndən
Gəl Özünə qaytar məni
Həkim şeiri oxuyub qurtarandan sonra eynəyini çıxarıb yenə xalatının cibinə qoydu. Ramalın düşüncələr aləminə qapıldığını görüb:
– Hə, nədi Ramal bəy, deyəsən, sizin də xoşunuza gəldi bu şeir. Olmaya siz də birinci dəfədir bu şeiri eşidirsiniz?
– Elədir, professor.
– Yəni siz Xəzan xanımın yaradıcılığı ilə indiyə qədər maraqlanmamışdınız? Bundan xəbərsiz idiniz?
– Niyə, ara-sıra mətbuatda maraqlı yazılarına, şeirlərinə rast gəlirdim, amma bu şeirindən xəbərim yox idi.
– Bilirəm, Ramal bəy, sizin də çox incə duyum qabiliyyətiniz var. Xəzan xanım kimi həssas qəlbli bir insanı sizdən yaxşı başa düşən olmaz. Tanrı elə bil sizi bir-biriniz üçün xəlq etmişdir. Siz doğrudan da xoşbəxt olmağa layiq övladlarımsınız, əzizlərim.
Həkim ayağa qalxıb bir ata səmimiyyəti ilə əlini Xəzanın çiyninə qoydu: “Həmişə bu cür bir-birinizin qayğısına qalın, bir-birinizi belə sevin-qoruyun, qızım. Bu şeirinizə görə də sizi təbrik edir və ailəmiz adından təşəkkürümüzü bildirərək yeni yaradıcılıq uğurları arzulayıram. Qaldı ki, Ramal bəyə” – o, yaxınlaşıb Ramalın sarıqlı qolunu əlinə aldı:
– Ramal bəyin qolunu da bu gün langetdən həmişəlik azad edərik. Sabah istirahət günüdür. İstəsə, bir günlük yenə evinə gedə bilər. İynə-dərmanlarını da elə evdə qəbul edər. Amma birinci gün saat səkkizdə burda olsun. Səhər atanızla da danışmışam, Ramal bəy. Bircə səs-küylü yerdə çox olmayın, bir də müalicələri vaxtında qəbul eləyin. Qalanı hər şey keçib gedər.
Xəzan ancaq gündüzlər Ramalın yanında qalardı. Axşam saat 6-da Ramalın anası gəlib növbəni Xəzanla dəyişir və səhərə kimi oğluyla xəstəxanada qalırdı. Hər həftənin sonunda olduğu kimi, bu gün də saat 6-da Ramalın atası gəlib onu evə apardı.

Xəstəxanadan çıxmazdan əvvəl Ramal Xəzanla şərtləşmişdi ki, sabahkı istirahət gününü bir yerdə keçirtsinlər. Odur ki, Xəzan Ramala şəhərdən kənar, dostlarının gözündən uzaq bir yeri – Xəzərin sahilini təklif etmişdi. Ramal da böyük məmnunluqla buna razı olaraq demişdi: “Sabah Elməddinin maşınıyla sizə gələcəyəm, ordan da səninlə bərabər plyaja gedərik”.

Ramal xəstəxananın qapısında atasının maşınına oturanda Xəzan da Məğrurun maşınında evə döndü. Yol boyu Xəzan sabahkı gün barədə düşünürdü, sabahkı görüş üçün ürəyində təkrar-təkrar planlar cızır, yenə pozurdu.

Kənddən gələni, o, yaman dəyişilmişdi, çox arıqladığından ovurdları xeyli batmışdı, üzü əvvəlkindən çox kədərli, gözləri çox qayğılı görünürdü. Başının sağ tərəfində – gicgah payında, sol tərəfinə nisbətən ağ tüklər çox nəzərə çarpırdı. Elə bil birinci dəfə idi Məğrur onu bu qədər kədərli, bu qədər dərdli görürdü. Ona elə gəlirdi ki, nə əmisinin, nə Elvinin ölümündə, nə də digər kədərli çağlarında Xəzanın üzü indiki qədər ona belə qəmli-qüssəli görünməyib. Bu fikir bəlkə də Xəzanın saçında orda-burda nəzərə çarpan ağ tükləri birinci dəfə görməsindən irəli gəlirdi onda. Axı o heç vaxt bacısının saçında ağ tükün olmasını görməmişdi. Nəinki o, demək olar ki, Xəzanın özündən başqa onun saçında ağ tüklərin olmasını heç kim bilmirdi. Axı o, həmişə ağ tüklərini maqqaşla çıxarırdı. Bu ağ tüklərini hər dəfə gördükdə kədərləndiyi üçün, valideynlərinin də görüb kədərlənməsini istəmirdi. Sonuncu dəfə dartıb çıxartdığı ağ tüklərin sayı 21 idi. Sonralar təbii boyalarla tez-tez rənglədiyi üçün heç saymağa hövsələsi də qalmırdı. Ramal xəstəxanaya düşəndən bəri, o, gecə-gündüz onu düşünürdü. Heç nəyə həvəsi olmadığı kimi, saçının qayğısına qalmağa da həvəsi yox idi. Hərdən güzgüdə ağ tüklərini gördükdə öz-özünə düşünərdi: “Razıyam, qoy bütün saçım ağappaq qara dönsün, təki Ramalımın gözləri tezliklə açılsın, təki, o, dünya işığına məhrum qalmasın”. Gecə-gündüz, namaz üstdə də, xəyala daldığı tənha vaxtlarında da ancaq Ramalın gözlərinin açılmasını Allahdan diləyirdi.

Onlar evə çatanda qapını Təhminə onlara açdı. O, doğuşla əlaqədar xəstəxanada yatdığından 20 gündən artıq idi ki, Xəzanı görmürdü. Bu gün 12 günlük körpəsiylə xəstəxanadan çıxıb bir başa atasıgilə gəlmişdi. Xəzan iki-üç dəfə onun yanına xəstəxanaya getmişdisə də, onu hər dəfə yatmış görüb oyatmağa qıymadan geri dönmüşdü. İndi onun görkəmi Xəzana qəribə gəlməsə də, Xəzanın bu görkəmi onu heyrətləndirirdi.

Məğrur içəri keçəndən sonra Təhminə bir də bacısını qucaqlayıb kövrək səslə səsləndi:
– Gör özünü nə günə salmısan, Xəz? Şükür Allaha, indi Ramal da yaxşıdı. Həkim deyib ki, gözləri də, inşaallah, açılacaq. Dərd çəkib, saç ağartmaqla ona nə xeyir verərsən, əzizim?
– Narahat olma, Təmiş, saçım çoxdan ağarmışdı, rəngləmədiyim üçün indi nəzərə çarpır – deyə Xəzan zarafata salmaqla bacısını toxtatmaq istədi.

Xəzan qərarını qətiləşdirmişdi, o, bu son qərarını yerinə yetirmək üçün artıq hazırlıq işləri görürdü. Ramalın bu gün ona danışdığı yuxu elə bil ona böyük inam vermişdi. Elə bil Ramal o anda yuxu görməmişdi, o məqamda onun yanında oturmuş Xəzanın qəlbindən keçən düşüncələri oxumuş və yenidən onun qulağına söyləmişdi.

Xəzan yenə öz-özünə düşünürdü: “Qəribə sirdir, beynimdən ötənlər, ürəyimdən keçənlər gör necə də yuxuda onun beyninə həkk olunub. Axı doğrudan da ondan bir qədər əvvəl ürəyimdən keçmişdi ki, sabah onunla dəniz qırağına gedib özümü suda qərq etməklə onu qorxudum, onu sevmədiyimi söyləməklə bilərəkdən onu həyəcanlandırım və bununla da bəlkə onun gözlərinin açılmasına nail ola bilim. Axı mən bir kinoda belə bir fantastik epizoda rast gəlmişdim. Məhz ona görə də… Yox. Ola bilməz! Sadəcə olaraq bu boş düşüncə idi. O isə bu düşüncələrimə oxşar yuxuyla o anda narahatlıq keçirirmiş”.

Xəzan hamamın aynasında görə bildiyi ağ tükləri çıxarıb qutarandan sonra anasının bir neçə gün əvvəl aldığı saç boyalarından birini – şabalıdı rəngi seçib, saçına qoymaq üçün hazırlamağa başladı. Və elə bu anda da Təhminənin bayaq qapı ağzında dedikləri yadına düşdü.

Təhminənin o sözlərinə cavab olaraq qəlbində bir neçə misra şeir yaranmağa başladı:
Dərdimə dərd calananda,
Qəlbim oda qalananda
Dərdli-dərdli dolananda
Ağarmasın saç neyləsin?

Xəzan gedib öz sumkasından qələm-kağız götürdü. Hamı yatdığından yenə asta addımlarla geri dönüb elə hamamdaca qəlbinə gələnləri ağ kağıza köçürtdü:
Göz gülürsə, qəlb ağlayır
Ürək kədərdən çağlayır.
Fələk yolumu bağlayır
Ağarmasın saç neyləsin?
Bu taleyin naxışıdır
Yanar qəlbin atəşidir
Bu, Tanrımın bəxşişidir
Ağarmasın saç, neyləsin?

Əbəttə, bu Tanrımın bəxşişidir. Xəzan şeirinin sonuncu nöqtəsini qoyandan sonra öz-özünə pıçıldadı: “Tanrının qismətindən qaçmaq olmaz. Şükür Onun məsləhətinə. Amma mən deyəcəyəm, sabah mütləq öz şikəstliyimi ona deyəcəyəm. Nə olur, qoy olsun… “Xəzanın özünü qərq etdi” – deyib onu dəli edəcəyəm. Bəlkə doğrudan da bu hərəkətlərimlə onun gözlərinin işığını geri qaytara bilərəm. Yox, əgər Allah eləməmiş onun ürəyi dözməyib başına bir iş gələrsə, onda mən də elə o dəqiqə özümü dənizdə qərq edəcəyəm! Edəcəyəm, bunu mənə günah yazsan da, yazmasan da, edəcəyəm, ulu Tanrım! Daha məndə dərdə dözməyə taqət qalmayıb, Tanrım mənim!

Qoy bitsin bu bəlalı eşqin sonu! Qoy bir dəfəlik son qoyulsun bu əzablı məhəbbətimizə! Onun da, mənim də canım bir dəfəlik bu əzabdan qurtarsın!”
O, bu cür dərdli düşüncələr, acı göz yaşları axıdaraq saçını rəngləyir, bəlkə də sonuncu görüş olacaq, sabahkı görüşə hazırlıq görürdü.

ardı var…

Müəllif: Kəklik Ayağıqanlı

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this