Xəzanın başı yazmağa elə qarışmışdı ki, Ramalın onu çağırmasını da eşitmirdi.
Ramal onu iki-üç dəfə səsləyib, cavab eşitmədikdə, elə bildi ki, Xəzan onunla zarafatlaşır başını söykənəcəyə söykəyib: “Ahaa mənimlə gizlənpaç oynamaq istəyirsən, eləmi?” – deyə, zarafatla səsləndi. Bir qədər dinmədən gözlədi. Xəzandan bir qımıltı eşitmədikdə yenə davam etdi:
– Onsuz da bilirsən ki, gözbağlıca səni tapa bilmərəm. Məni qorxutma, hardasan səsini çıxart.

Xəzandan yenə heç bir səs eşidilmədi. Ramal sarığın altındaca, heyrətlənmiş kimi bir neçə dəfə qaşlarını düyünləyib alnını qırışdırdı. Elə bil beynində hansısa bir düyünün açıldığını duydu. Eyni hərəkəti üç-dörd dəfə yenə təkrarladı. Və bu məqamda elə bil beyninin görmə nahiyyəsində ulduz-ulduz işıq yanıb sönməyə başladı və hansısa (kapilyar) neyron ani olaraq gizildədi. Ona elə gəldi ki, gözləri də işıqlandı. O, sevinclə:
– Xəz, elə bil beynim işıqlanır, gözlərimə nur gəlir.
Xəzandan yenə bir cavab eşidilmədi. O, yenə həyəcanla:
– Xəz, hardasan, eşitmirsənmi?!. Mən zarafat eləmirəm. Gəl sarğını aç! Mənə elə gəlir ki, gözlərim artıq görür!

Bu dəfə də cavab eşitmədikdə həyəcanı bir az da artdı. Elə bu məqamda xəstəxanada gördüyü yuxusu yadına düşdü. Öz-özünə düşündü: “Bəlkə, Xəzan yuxuda gördüyüm kimi özünə qəsd etmək fikriylə doğrudan da özünü dənizdə qərq edib. Bayaqdan hıçqıra-hıçqıra ağlamağı da yəqin əbədi ayrılığımıza görə olub.”

Bu bir an içində Ramalın beynindən min cür fikirlər keçdi. Vücudunda bir süstlük duydu. Bütün qüvvəsini toplayıb birtəhər ayağa durdu. Sarğını başından çıxartdı. Gözlərini açmağa qorxurdu. İndi gözlərinin görüb-görməməyi onu elə düşündürmürdü. Qorxurdu ki, gözlərini açdıqda Xəzanın başına bir iş gəldiyini gördükdə gözləri partlasın.

Bir qədər tərəddüddən sonra gözlərini açdı. Açan kimi də dənizin mavi şöləsi gözlərini qamaşdırdı. Əvvəlcə inanmadı. Gözlərini yumub yenidən açdı, yenə dənizin uzaq sahillərinə, ətrafına göz gəzdirdi.

Yox, gözləri artıq görürdü. Əvvəllər gördüyü kimi, yenə hər şeyi aydın görürdü. Bu onunçün böyük bir sevinc idi. Ancaq onun bu sevincini Xəzanla bağlı nigarançılığı boğurdu.
Yenə həyəcanla:
– Xəz! Xəzan! Xə-zaan! – deyə çağırdı. Yenə heç bir səs eşitmədi. Dönüb uzaqda dayanmış yaşıl rəngli avtomobilə baxdıqda Xəzanın ona sarı yüyürdüyünü gördü. Kədəri böyük bir sevinclə əvəz oldu. O da Xəzana sarı yüyürərək:
– Xəzan! Xəzim, həyatım mənim, gözlərim daha görür! – deyə var səsiylə qışqırdı.
Hər ikisinin gözlərindən sevinc yaşları axırdı.
– Şükür! Şükür sənə, Ulu Tanrım! Kərəminə min şükür! – deyə Xəzan baxışlarını onun üzündə gəzdirə-gəzdirə sevinclə səsləndi.
Ramal da heyrətlənibmiş kimi baxışlarını onun üzündə gəzdirə-gəzdirə:
– Xəzanım, sən niyə bu qədər dəyişilmisən? Özünü nə kökə qoymusan, əzizim! Heç cür inana bilmirəm ki, sən bir ay əvvəl gördüyüm həmin Xəzansan. Gör nə qədər, nə qədər arıqlamısan, əzizim. Əgər bu halın olmasaydı…
Ramal daha sözünün dalını gətirmədi. İstədi desin ki, əgər bu halın olmasaydı, səni bayaq haqqında danışdığımız o cüllütə oxşadardım. Amma yenə demədi. Qorxdu Xəzan bayaqkı kimi onu yenə ötən xatirələrinə qısqansın, kövrəlib ondan incisin.

Xəzan onun nə demək istədiyini, nəyə görə onun üzünə bu dərəcədə heyrətlə baxdığını anladı. Ağlamaqdan üz-gözünün boyası təmizlənsə də, gözlərinin işvəsi yenə yeddi il əvvəlki kimi idi.

Ramal danışdıqca Xəzan baxışlarını Xəzərin mavi sularına dikib susurdu. Ramal sözünü bitirdikdə yenidən Xəzan göz yaşlarını silə-silə:
– Bağışla məni, əzizim, bağışla məni, – deyə udqunaraq yenə davam etdi: – Bağışla məni, Ramalım, bağışla ki, indiyə qədər sənə aça bilmədiyim bir sirri indi böyük ürək ağrısıyla sənə açmalı oldum… Ancaq səndən bir xahişim var, əzizim, həyəcanlanıb narahat olma, sənin gözlərinə pis təsir edə bilər, əzizim.
Xəzan bir qədər susduqdan sonra yenə aramla davam etdi:
– Görünür Tanrı bilərəkdən bu qədər sıxıntını, əzabı bizə bəxş edirmiş ki, bu sirrin açılması üçün məhz belə bir gün gəlib çatsın.
Xəzanın tez-tez işlətdiyi “sirr” kəlməsi Ramalın beynində doğrudan da sirli xatirələri çözələyir, onu qəribə bir heyrətlə dondururdu. Xəzan davam etdi:
– Neynək, əzizim, bu da taleyimizin qəm naxışlarından biri kimi xatirələrimizə əlavə olunacaq.
Sonra üzünü azacıq dənizə sarı çevirib əlavə etdi:
– Məni kimə oxşatdığını mən yaxşı başa düşürəm, Ram. Bayaqdan taleyindən nigaran qaldığımız, həyatıyla maraqlandığımız həmən yazıq qız, “Şikəst cüllüt” indi sənin qarşındadır, əzizim.
Başını qaldırıb zorla gülümsünərək onun üzünə baxıb davam etdi:
– Amma o indi “Şukəst cüllüt” deyil, xatirələrində özünü həmişə “Kəklik ayağı qanlı” kimi qələmə verib. Sən də onu Kəklik kimi tanımısan, ilk tanıyandan. Həm bu sirri səndən indiyə qədər gizlətdiyim üçün, həm də o vaxt sənə qarşı elədiyim kobudluğum üçün səndən üzr istəyirəm, Ram. Bağışla məni!
O, sözünü bitirib Ramaldan aralandı. İçini çəkə-çəkə asta addımlarla maşına sarı irəlilədi. Ramal isə onun sözlərindən şaşırıb yerindəcə donub qalmışdı.

O, 10-15 metr aralanmışdı ki, Ramal xəyalında xatirəsinə son qoyub, arxadan diqqətlə onun yerişinə baxdı. Butün bunların yuxumu, həqiqətmi olduğunu hələ də anlaya bilmirdi. Xəzanın yerişi az da olsa o “şikəst Cüllütün” yerişini xatırladırdı. Boy-buxunu, qəd-qaməti də eynən onunki kimi idi.
O, yuxuda olub-olmadığını yoxlayırmış kimi əvvəlcə başını buladı, sonra bir-iki addım atdı, bunun yuxu olmadığını anlayanda Xəzana sarı qaçaraq:
– Dayan, Xəz! Dayan! – deyə qışqırdı.
Xəzan dönüb ona baxdıqda Ramal onun ayaqlarına düşdü:
– Xəz, əzizim, bizi yaradan o müqəddəs ruhumuza – Ulu Tanrımıza and iç. And iç məni inandır ki, sən həmin qızsan. And iç, əzizim, and iç, yalvarıram!
Xəzan onun kövrələrək ayaqlarına düşdüyünü görüb özü də əyilib onun çiyinlərindən tutdu:
– Ramal, mənim bu çapılmış ayağım məgər buna şəhadət deyilmi? Əyani sübut ola-ola and içməyə bir ehtiyacmı var, əzizim? Dur, dur ayağa, əzizim, dur gedək.
Hər ikisi ayağa durdu. Ramal sevincindən yaşarmış gözlərini bir qədər onun üzündə gəzdirəndən sonra pıçıltıyla söylədi:
– Xəzanım mənim, sən məni nə qədər xoşbəxt etdiyini təsəvvürünə gətirə bilirsənmi, əzizim? Sən bu gün sevincimə sevinc qatıb məni ancaq xəyallarımda yetə bildiyim bir xoşbəxtliyə qovuşdurmusan, gülüm.
Onlar maşının yanına çatanda Xəzan dedi:
– Ram, maşını sən sürəcəksən eləmi?
– Yox, gülüm, qorxuram, özün sürərsən.
– Nədən qorxursan, mən də yanındayam da?
– Qolum incidər birdən. Həm də qorxuram gözlərim…
Xəzan onun sözünü yarımçıq kəsərək fikrini təsdiqlədi:
– Düz deyirsən, əzizim. Mən sürərəm, amma evə yaxınlaşanda sən sürərsən. Qoy evdəkilər sükanda səni görsün.
– Mən razı. Amma gərək birinci bizim evimizə gedək.
– Yox, Ram, birinci bizə.
Onlar maşına oturdular.
– Doğrudan, biz evdəkilərə niyə xəbər eləmirik, bu tək bizim sevincimizdimi, Xəz?
– Doğurdan ha, bayaqdan başımız qarışıb, evdəkiləri də yaddan çıxarmışıq – deyə Xəzan gülümsündü.

Onlar əvvəlcə professora zəng etdilər. Ramalın gözlərinin açılması xəbərini onun vasitəsiylə evdəkilərə çatdırdılar. Sonra da Nəzringilə zəng edib bu şad xəbəri Xəzangilin ailəsinə də çatdırmağı xahiş etdilər.

Onlar söhbəti bir yerə qoyub, bu günkü günü qeyd etmək üçün axşama Nəzringilə yığışmağı qərarlaşdırdılar.

Axşam hamı Nəzringilə yığışmışdı. Bu münasibətlə Nəzrin bu günkü ziyafətə böyük tədarük görmüşdü. Çay süfrəsi təzəcə yığılmışdı ki, Ramalın atasının əl telefonuna zəng gəldi. O, bayıra çıxıb cavab verəndən sonra yenə geri döndü: “Deyəsən, qonaqlarımızdan biri də artır. Süfrəni açın, mən də on-on beş dəqiqəyə indi qayıdaram” – deyib harasa getdi.

Artıq süfrə hazır idi. Hamı yemək stolunun arxasına keçməyə hazırlaşırdı. Bu dəmdə qapının zəngi səsləndi. Nəzrin durub qapını açmağa getdi. O, qapını açan kimi:
– Ohooo, kimi görürük, Qəzənfər əmi. Xoş gördük sizi!
Onların səsinə Ramal da, anası da dəhlizə çıxdı. Onsuz da qaynatası yanında sıxılan Xəzan naməlum qonağın gəldiyini eşitcək narahatlığı bir az da artdı. Başını aşağı salıb bir az da anasının böyrünə qısıldı.

Qonaq içəri girdikdə hamı kimi Xəzan da ayağa qalxdı. Görüşüb tanış oldular. Növbə Xəzana çatanda ikisinin də heyrət dolu gülümsər baxışları çaşqınlıqla bir-birinə baxdı. Ramalın atası bu çaşqınlığı aradan qaldırmaq üçün tez səsləndi:
– Qəzənfər müəllim, bu bizim sevimli qızımız, istəkli gəlinimiz Xəzan xanımdır.
– Aha, mənim Xəzan qızım, sevimli tələbəm, təbrik edirəm sizi, – deyə mehribancasına onun əlini sıxdıqda Xəzan da:
– Bağışlayın, Qəzənfər müəllim, əvvəl inana bilmədim – deyib böyük səmimiyyətlə müəlliminin əlini sıxdı.

Hamı yenə stol arxasına keçdi. Elə süfrə arxasındaca Qəzənfər müəllim ona verilən suallara səmimiyyətlə cavab verə-verə söhbətə başladı. Ramalın atasını tənələyirmiş kimi dedi:
– Dostum, deyəsən, Nəzrin qızımızın toyuna gələ bilməməyimə görə Ramalın toyunda da məni saymamısan hə…?
– Qəzənfər müəllim, Ramal hələ təzə-təzə toya hazırlaşır – deyə Ramalın atası fərəhlə cavab verdi:
– Başa düşmədim, deyəsən, mən nəyisə çaş salıram hə? – Qəzənfər müəllim çaşqınlıqla bir Xəzana, bir Ramala, bir də atası Rafiq kişiyə baxdıqda, Rafiq kişi tez səsləndi:
– Yox, yox, siz çaşdırmayın özünüzü, düz tapmısınız. Amma hələ toy eləməmişik. Sənsiz toymu ötərdi, dostum?

Süfrə yığılandan sonra Ramalın atası bugünkü ziyafətin nəyə görə olduğunu söyləyərək Ramalın başına gələn qəzavü-qədəri Qəzənfər müəllimə danışdı. Bütün bu söylənilənləri dinlədikdən sonra ona bəyan oldu ki, bayaqdan Ramalın yanında oturan qonaq (həkimi) nəyə görə tez-tez ona təkidlə “Ramal, sən get bir az dincəl” deyir və anası Dilşad xanım da niyə narahatlıqla tez-tez onun sağına-soluna keçirmiş.

Qəzənfər müəllim əvvəl bir qədər narahat oldusa da, sonra tez də adəti üzrə qaşlarını bir-iki dəfə yuxarı qaldırıb endirərək köks ötürüb dedi:
– Artıq narahat olmağa dəyməz. Allaha çox şükür ki, salamatçılıqdır, uşağın görmə qabiliyyəti də bərpa olunub – deyə Allaha şükür edərək evdəkilərə təsəlli verdi.
Sonra Qəzənfər müəllim Xəzanın işləriylə, şəxsi yaradıcılığıyla maraqlandı. Tələbəlik illərindən söz salaraq “Meydan” gəzintisini xatırladı. Daha sonra isə Moskvadakı vəziyyətdən (o, Moskva Dövlət Universitetində müəllim işləyir və orada ailəvi yaşayırdı) və bir ildən sonra təqaüdə çıxıb Azərbaycana dönəcəyindən danışdı.

Məclis dağılandan sonra hərə öz evinə getdi. Ramalın atası Xəzanı onun anasıyla evlərinə ötürdükdən sonra yenə Ramalla bərabər geri döndü.

Elə o gecəki ziyafətdə qərara alındı ki, 15-20 günə Xəzanın da Ramalın da toyları keçirilsin. Əvvəl Xəzanın toyu kənddə olmalı, sonra da Bakıya gəlin köçməli idi…
***

Xəzanın Ramalla qapıdan qoşa girməsi hamıdan çox Təmənna ananı sevindirdi. Araz Ramalın gəldiyini ona söyləyəndə elə bil gözlərinə işıq, gücdən düşmüş dizlərinə taqət gəlmişdi. Bir ay əvvəl Ramalın gözlərinin tutulmasını eşitdikdə: “Vay! Balam yenə bədbəxt oldu” deyib, o qədər başına, dizinə vurmuşdu ki, özünü illərin xəstəsi kimi yorğan-döşəyə salmışdı. İndi onların qapıdan girdiyini görən ana, qeyri-adi bir qüvvənin təsiriylə yerindən qalxmaq istədikdə Ramal onu salamlayıb cəld hərəkətlə:
– Narahat olmayın! – deyib, onun qalxmağına macal vermədən qucaqlaşıb onunla öpüşdü. Sonra da əyilib başını doğma övladı sayağı onun dizinə qoydu. Xəzan da yaxınlaşıb fərəhlə nənəsinin üzündən öpdü. O da eynən Ramal kimi əyilib başını onun o biri dizinə qoydu.
Sevincindən uçmağa qanadı olmayan ana kövrək səslə:
– İndi ölsəm də, daha dərdim yoxdur, əziz balalarım. Şükür Yaradanın kərəminə ki, arzuladığım bu xöşbəxt günü mənə nəsib etdi. Onun kölgəsi üstünüzdən bir an belə əskik olmasın. Görüm bir an belə üzünüzün təbəssümü, qəlbinizin sevinci tükənməsin. Qoşa yarıyanlardan, qoşa yarıdanlardan olasız, əziz övladlarım! – deyə ana hər ikisinin başını oxşaya-oxşaya öpüb əzizlədi.

Ramalın gözlərinin açılması və Xəzanın toyunun bu həftə olması xəbərini bu neçə günü ancaq quru təsəlli kimi qəbul edən ana, indi Ramalı öz gözləriylə gördükdə inandı ki, doğrudan da bu təsəlli deyilmiş, həqiqətən də Xəzan balası ona bir neçə günlük qonaqdır…

Bəli, bir neçə gündən sonra Xəzan “Məkan” dünyasına – Rəvanına əlvida deyib, “Zaman” dünyasındakı xoşbəxt ailə səadətinə qovuşacaqdı və iztirablı məhəbbət kövrək bir xatirə kimi keçmişdə qalacaqdı…

SON

Müəllif: Kəklik Ayağıqanlı

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir


more post like this