Xəzan Bakıdan qayıdandan sonra cəmi iki dəfə rayon mərkəzinə getmişdi. Bir dəfə oraya Məğrurla, bir dəfə isə Gülzarla getmişdi. Hər dəfə də orada Elvinlə rastlaşmışdı. Birinci dəfə Xəzan Məğrurla maarif şöbəsinin həyətindən çıxanda Elvin öz maşınıyla içəri daxil olmuş və başının hərəkətiylə Məğruru salamlamışdı. Məğrur da elə başının hərəkətiylə onun salamını almış və sakitcə maşını sürüb yoluna davam etmişdi.

İkinci dəfə isə Xəzan rayona Gülzarla getmişdi. Maarif müdiriylə işini qurtarıb bayıra çıxandan sonra Elvinlə dəhlizdə rastlaşdı. Bu gözlənilməz görüşdən əvvəlcə Elvin tutulsa da, sonra özünü ələ alıb həyəcanını biruzə verməməyə çalışaraq astadan səsləndi:
– Salam. Necəsiz, Gülzar bacı?
– Salam. Çox sağ olun, Elvin. Evdəkilər necədir?
– Yaxşıdırlar, çox sağ olun. Nə işdi?
– Heç, Xəzanın müdirlə işi vardı.
– Bir köməklik lazımdırmı?
Elvinin baxışlarını üzərində hiss edən Xəzan başını qaldırmadan cavab verdi:
– Çox sağ olun, elə bir iş deyildi.
Onlar sağollaşıb həyətə düşdülər. Bayaqdan Xəzanın hərəkətlərinə göz qoyan Gülzar dilləndi:
– Xəz, görürdünmü necə həyəcan keçirirdi. Bizimlə danışanda üzü qıp-qırmızı pörtmüşdü. Altdan-altdan sənə baxanda əlləri həyəcandan əsirdi. Sən isə, insafsız, bircə dəfə də başını qaldırıb onun üzünə baxmadın. Bilirsənmi, sənin bircə baxışına indi o necə ehtiyac duyur, Xəz?…
– Bəsdir, Gülü, sən allah, burax bu sözləri.
– Niyə, ay qız? Əvvəl-axır qismətin o olacaq. Niyə özünü ona qarşı bu qədər soyuq aparırsan?
– Bilmirəm, Gülü, özümdən asılı deyil, danışmaq belə istəmirəm bu haqda.
Gülzar binanın girəcəyində Elvinin dayanıb onlara sarı baxdığını görəndə pıçıltıyla səsləndi:
– Xəz, dön bir bax necə baxır sənə.
– Dedim ki, bəsdir, Gülzar!
Gülzar Xəzanın üzünün səyirdiyini və gözlərinin dolduğunu görüb daha heç nə demədi. Səssizcə yollarına davam etdilər…
Axşam ibadətindən sonra Xəzan da evdəkilərlə birgə orucluğun yeddinci gecəsinin iftarını açdı. Üzdə deyib-gülsə də, daxilindəki kədəri unuda bilmirdi.

Yatmaq vaxtı gələndə hər kəs öz otağına keçdi. Xəzan da öz otağına girib, bir az mütaliə edəndən sonra işığı söndürüb yatağına uzandı.

Yenə bayaqkı kədər onun qəlbini sıxmağa başladı. Yenə Elvini, rayon maarif şöbəsində olan bu günkü görüşü və Gülzarın ona dediyi sözləri yadına salaraq kövrəlməyə başladı.
Gözlərinin yaşını silib sakitləşəndən sonra pıçıltıyla Allaha yalvarmağa başladı:
“Ya Rəbb, məni bu müqəddəs orucluq gecələrinə bağışlayaraq əhv et. Qəlbimdəki bu kədəri ya Elvinin məhəbbətiylə əvəz et, ya da bu müqəddəs gecələr xatirinə tezliklə canımı alıb məni elə Rəvanımın müqəddəs məhəbbətiylə bu dünyadan apar… Özümə söz vermişdim ki, Elvini görəndə hökmən onun üzünə, gözlərinin içinə baxacağam, onun qəlbinə sevinc bəxş edib, öz qəlbimdə isə onun məhəbbətini cücərtməyə çalışacağam. Amma bu dəfə də mən özümlə bacarmadım. Onu görüb həyəcanlandımsa da, onun üzünə baxmağa cürət etmədim, üstəlik Gülzarın da xətrinə dəydim…”

Xəzanı bu soyuq qış gecəsində bir tərəfdən otağın temperaturunun aşağı olması üşüdürdüsə, digər tərəfdən onun daxilini qəribə bir soyuqluqla üşüdən, ürəyini buz kimi kəsən, Elvinə olan soyuq məhəbbəti idi.

O, neçə gecə idi ki, xəyal dostunu – sevgilisi Rəvanı Elvinlə əvəz etməyə çalışır, xəyalən onun məhəbbətiylə isinmək istəyirdi, amma bacarmadı…

Elvinsə Gülzarla Xəzanı kədərli baxışlarıyla örütəndən sonra çox narahat halda öz otağına döndü. Təzəcə ağzını açdığı siqaret qutusundan birini çıxarıb damağına qoyandan sonra qutunu əsəbi halda stolun üstünə atdı. Dərindən “ah” çəkib, otaqda var-gəl edə-edə siqareti acgözlüklə sümürməyə başladı. Olanları xatırlayıb öz-özünə düşündü:

“Yox, doğrudan da onun qəlbində mənə qarşı zərrə qədər də məhəbbət yoxdur. Tutaq ki, o gün qardaşı yanında olduğu üçün mənə baxmağa cürət etmədi, bəs bu gün? Bu gün niyə bircə dəfə də olsun üzümə baxmadı? Bu gün də Gülzardan çəkinirdimi? Yox, sevən adam heç nəyə baxmazdı. Əgər onun mənə meyli olsaydı, baxışlarının qarşısını heç nə ala bilməzdi.

Bircə oğrun baxışıyla qəlbini mənə oxutdurardı… Yox, belə məhəbbət mənə lazım deyil. Mən Xəzanın məcburiyyət qarşısında qalıb izdivacımıza razılıq verməsini istəmirəm… Bəlkə də əmisinin ilindən sonra elçi göndərməyimi də heç o deməyib. Narahat olmayım deyə, bunu da Fidan özündən uydurub… Yox, mənə əsl məhəbbət lazımdır…”

İş yoldaşları onun kədərini sezib səbəbini soruşsalar da, Elvin dalğınlığının, bikefliyinin səbəbini ancaq başının ağrısıyla əlaqədar olduğunu söyləmişdi O, işdə qərar tuta bilmədi. Restorana gedib bir qədər içmək qərarına gəldi. Elvin maşını sürərkən də kədərli düşüncələrindən ayrıla bilmədi və düşündükcə də başının ağrısı daha da şiddətlənirdi. Özünü nə qədər ələ almağa, toxtamağa çalışırdısa da, bacarmırdı. Ağlamaq – göz yaşı tökmək istəyirdi…

O restoranda sifariş verdiyi yeməyi və spirtli içkini götürüb maşına əyləşdi. Sakit bir yerə gedib orada içmək istəyirdi. Axır ki, belə bir yeri tapdı.

Maşını yolun kənarına verib saxladı. Ətrafda heç kimin olmadığını görüb, bayaq restoranda səliqə ilə bükdürdüyü yeməyi və içki şüşəsini götürdü. Fikirli-fikirli yolun sağ tərəfindəki meşə ətəyi ilə dərəyə sarı getdi.

Hava günəşli olsa da, torpaq nəm idi. On-on beş gün əvvəl yağan qar dağların zirvələrində və meşə ətəklərinin kölgəli yerlərində ləpir-ləpir görünürdü.

Elvin dərə ilə bir qədər yuxarı gedib güney bir yer seçdi. Özü ilə gətirdiyi döşəkçəni yerə qoyub oturdu. Yeməyə iştahası olmasa da, ləvəngi toyuğu gördükdə bir qədər iştahlandı. Yemək yeyərkən yenə xəyala daldı.
Əlində tutduğu çörək tikəsini süfrəyə qoyub eynəyini çıxartdı. Kipriklərindən süzülməkdə olan göz yaşlarını silə-silə öz-özünə pıçıldadı:
“Yox, bu cür evlənib ailə qurmaq mənə lazım deyil. Mənə ideal məhəbbət lazımdır, ideal məhəbbət. Zorla qəlbinə hakim kəsilib, ürəyinə sahib durmaq istəmirəm. Sənin qarşında qat-qat əyilməyə hazıram. Amma sevmədən mənə ərə gəlməyini və ürəyini mənə görə əzaba salıb, sonra da mənə əzab verməyini istəmirəm…”

Elvin gözlərinin yaşını silib, dərindən köks ötürdükdən sonra butulkanın ağzını açdı. Orucluq ayı olduğu yadına düşəndə yenə butulkanı yerə qoydu, bir qədər etinasızlıqla baxıb başını tərpədəndən sonra: “Yox, içməyə bilmirəm” – deyə yenə butulkanı əlinə aldı. “Onsuz da Allah elədiyini mənə eləyib, qaradan tünd rəng yoxdur. Bu yolda ya olum olmalıdı, ya ölüm. İçki düşkünü olmasam da, onun məhəbbəti artıq məni içkiyə alışdırıb. Bu kədəri ancaq içki mənə unutdura bilər”.

Elvin bu cür düşüncələrlə yarım saat ərzində toyuqla çörəyin hamısını yeyə bilməsə də, bir litrlik butulkanı başına çəkib boşaltdı. Sonra süfrəsini yığıb fit çala-çala yenə dərəylə üzü aşağı gəlməyə başladı. Gün əyiləndə artıq başı gicəllənir, ayaqları yer tutmurdu. Sükana oturub maşını işə saldı.

Rayona çatmasına bir kilometrdən də az məsafə qalmışdı. Başı dumanlı olduğundan maşını yolun lap qırağıyla – 20-25 metr hündürlüyü olan yarağanın kənarı ilə sürürdü. Ətrafda əlavə maşın-zad görünməsə də, yarağanın ətəyindən axan çayın sol sahilindəki yamaclıqda bir çoban öz sürüsünü otarırdı.

Maşının yarağanın başından aşıb diyirlənməsiylə çobanın vahiməli qışqırtısının çöllərdə əks-səda verməsi bir oldu…

ardı var…

Müəllif: Kəklik Ayağıqanlı

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!

Unudulmaz bayram

Babam məni məktəbdən götürməyə gəlmişdi. Adətən, məni anam götürürdü, lap çox işi olanda isə babam gələrdi. Bəlkə bizə qonaq gələcək? Yanılmamışdım. Qalya xala bizə qonaq gələcəkdi. O gələndə elə sevinirdim ki! Axı, heç vaxt əliboş gəlmirdi, həmişə bir nağıl kitabı alırdı, bir də rəngləmək üçün kitabça. Hərdən şokoladdan – zaddan da alırdı. Onu çox istəyirdim.

Onun gəlişi evdə hamını sevindirmirdi. Atam bir bəhanə tapıb evdən çıxır, anam isə qonaq kimi hər cür hörmət eləyib, çay-çörək hazırlamasına baxmayaraq, mətbəxdə oturmağı üstün tuturdu… Rəhmətlik nənəmin də Qalya xaladan xoşu gəlmirdi. Elə ona görə də, nənəm sağ olanda Qalya xala bizə gec-gec gəlirdi. Deyəsən, bircə babamla mən sevinirdim. Qalya xala babamın iş yoldaşının bacısı idi. Həmin iş yoldaşı isə çoxdan ölüb. Düzü, mən əvvəllər çox fikirləşirdim ki, nə yaxşı babam iş yoldaşının bacısı ilə əlaqə saxlayır! Amma biləndə ki, onun burada heç kimi qalmayıb, babama haqq qazandırdım. Qalya xalanın bütün qohumları «İsrail» adlanan yerə köçüblər. Qalya xala isə getmək istəməyib.

Bir dəfə babamdan soruşdum ki, niyə Qalya xalanın qohumları özgə yerə köçüblər? Babam dedi ki, onlar yəhudidirlər. Yəhudilər də bir neçə il əvvəl, (o vaxt babam uşaq imiş) bir dövlət yaradıblar, indi də dünyadakı bütün yəhudilər evlərini satıb oraya köçürlər. Mən soruşdum ki, onlar köçən yerdə bəyəm heç kəs yaşamır? Babam dedi: «Əvvəllər orada ərəblər yaşayıb. İndi daha yaşamırlar». Mən soruşdum ki, niyə yaşamırlar? Babam üstümə qışqırıb dedi ki, daha suallarımla onun başını ağrıtdım. Bu isə o demək idi ki, onları oradan çıxarıblar. (Bu cür fikirləşməyi mənə müəlliməm öyrədib. O, bizə Qarabağ məsələsi haqqında tez-tez danışır). Mən daha sual vermədim, bircə onu dedim ki, yəqin onlar da ermənidir. Babam daha da əsəbləşdi. Məni oyuncaqlarımla oynamağa göndərdi. Gərək babamı hirsləndirməyəydim. Axı, mənim nəyimə lazımdır kim-kimi haradan çıxarıb. Onsuz da ərəbləri tanımırdım. Amma Qalya xalanı tanıyırdım. O da yəhudidir. Özü də yaxşı xaladır. Mənə həmişə hədiyyə alır. Deməli, yəhudilər haqlıdır.

Nə isə… Bir azdan Qalya xala gəldi. Əlbəttə ki, hədiyyələrlə. Yenə də dedik, güldük.
Sizə bir az da babamdan danışım; babam hərbçi olub. Əfqanıstanda komandirlik edib. Hərdən bizə gələn dostları ilə müharibədən, orada gördüklərindən, elədiklərindən danışır. Mən də çox maraqla qulaq asıram. Onun danışdıqları eynilə atamın mənə aldığı kompüter oyununa bənzəyir. Mən bir dəfə bunu babama deyəndə, o, başını buladı: «Əslində, müharibə dəhşətli bir şeydir» – dedi. Elə ona görə də, babam kiçik əmimi Qarabağa – müharibəyə getməyə qoymurmuş. Amma əmim qulaq asmayıb gedib, müharibədə minaya düşüb, şəhid olub. Mən o vaxt heç dünyaya gəlməmişdim. Bunları mənə atam danışıb. Elə ona görə də, mən hərbçi olmaq, ermənilərdən intiqam almaq istəyirəm.

Babam cavan vaxtı çox yerlərdə olub. Həm döyüşmək üçün gedib, həm də ildə bir dəfə dövlət tərəfindən sanatoriyalara, kurortlara göndərilib. Düzü, xarici ölkələrə getmək mənim də ən böyük arzularımdan biri idi. Sən demə, Qalya xala da bizə elə bu məsələyə görə gəlibmiş.

Yeni ili İsraildəki qohumlarının yanında keçirmək qərarına gələn Qalya xala israr eləyirdi ki, babam da onunla getsin. Mən də babama yalvardım ki, məni də aparsın. Beləliklə, ömrümün (yəqin ki, həm də bütün həyatımın) ən unudulmaz bayramını keçirmək üçün İsrailə yollandıq.

Dekabrın 24-ü idi…
Təyyarəmiz David Benqurion adına beynəlxalq hava limanına çatanda günorta olardı. Qalya xalanın qardaşı oğlu – babamın iş yoldaşı Mişanın kiçik oğlu bizi maşınla Tel-əviv şəhərindəki evlərinə apardı. Düz 25 dəqiqəyə onların evinə çatdıq. Həmin gün dincəldik, səhəri isə şəhəri gəzməyə çıxdıq. Gəzməli, görməli yerlər çox idi. İnsanların elə bil heç bir dərdi-qüssəsi yox idi. Xüsusilə, Yaffo limanı ətrafındakı rəssamların şəhərciyi çox xoşuma gəldi. Axşam evə qayıtdıq. Səhər tezdən Mişa dayının böyük oğlunun – İosl əminin evinə gedəcəkdik. Əslində, Qalya xalanı da, babamı da Bakıdan İsrailə dəvət edən o idi. Biz onun evində qalmalıydıq.

Səhər tezdən maşına minib Beer-Şeva şəhərinə yola düşdük. Elə həmin gün, günortadan sonra biz artıq Beer-Şeva şəhərinin küçələrini gəzirdik. Burada daha çox müxtəlif idarələr, institutlar gözə dəyirdi. Mənə elə gəldi ki, Tel-əviv şəhərinin adamları daha mehribandır. Buradakı insanların çoxu isə ciddi geyimdə, əllərində çanta ilə gəzirdilər. Mişa dayının oğlu dedi ki, çox dövlət idarələri burada yerləşir. O, söz verdi ki, məni kukla teatrına aparacaq. Amma heç bir gün keçmədi ki, başa düşdüm ki, o da babam kimi xəbərlərə baxmağı xoşlayan adamdır. Demək olar ki, bütün günü babamla televizora baxırdı. Orada da elə hey hansısa müharibəni göstərir, nə isə danışırdılar. Mən onların dilini başa düşmürdüm. Babam isə İosl əmi ilə rus dilində danışırdı. Bu dili də mən bilmirdim. Onsuz da onların danışığını başa düşsəydim də, xəbərlər məni maraqlandırmırdı. Mən daha maraqlı şeylər görmək istəyirdim…
Dekabrın 31-i idi. Mən babamla İosl əminin bütün günü televizora baxıb, bir-biri ilə söhbət etməsindən yamanca dilxor olmuşdum. Məni cəmi ikicə dəfə gəzməyə aparmışdılar. Babama dedim ki, evimizə getmək istəyirəm. Orada yeni il daha maraqlı olur. Babam məni sakitləşdirməyə çalışanda, İosl əmi söhbətə qoşuldu. Dedi ki, bu axşam səni maraqlı bir yerə aparacağam. Nəyə görəsə, babam etiraz elədi. İosl əmi isə qorxulu bir şey olmadığını söyləyib, babamı razı saldı. Qalya xala dedi ki, o evdə qalmaq istəyir. Biz axşam tərəfi İosl əminin maşınına minib bir qədər uzaqda olan dağa yollandıq. O qədər də hündür olmayan dağın üstü insanlarla dolu idi. Yuxarı qalxanda başa düşdüm ki, hamı bizim kimi yeni ili qeyd eləməyə gəlib. Qarşıda böyük bir atəşfəşanlıq vardı. Bu fişənglərin səsi Bakıda gördüyümdən daha bərk çıxırdı. Amma adamlar Bakıdakı kimi əl çalmır, bir-birini təbrik eləmirdilər. Sadəcə baxırdılar. Elə bil teatra gəlmişdilər. «Yəqin burada adət belədir» – deyib tamaşa eləməyə başladım.

Fişənglər atılan yerdə bir dənə də olsun ev gözə dəymirdi. Hərdən fişənglərin işığı altında evlərə bənzər nələrsə gözə dəyirdi, amma yəqin ki, evlər deyildi, axı, gecə vaxtı hamı evlərinin işığını birdən söndürə bilməzdi! Çox sevinirdim. Daha hündürə qalxan fişəng görəndə, əl də çalırdım. Çox maraqlı idi…

Bir qədər baxmışdıq ki, babam qayıtmağımızı tələb etdi. Bu dəfə heç İosl əmi də onu fikrindən döndərə bilmədi. Mən dilxor olsam da, babamgillə qayıtmaqdan başqa çarəm qalmadı. Hər halda, gördüklərim çox xoşuma gəlmişdi…

İki gündən sonra Bakıya qayıtdıq. Mən ata və anama gəzdiyim, gördüyüm yerlərdən ağız dolusu danışırdım. Babam isə heç nə demirdi. Xeyli vaxt idi qayıtmışdıq, amma babam susurdu. Yenə də əvvəlki kimi xəbərlərə baxırdı. Hərdən mənə elə gəlirdi ki, o, İsrail səfərindən razı qalmayıb. Elə bil, heç mənimlə də danışmaq istəmirdi. Qərara gəldim ki, babamdan ona nə olduğunu soruşum. Yavaşca yanında oturdum. Babam xəbərlərə baxırdı. Elə ağzımı açıb sual soruşmaq istəyirdim ki, birdən xəbərlərdə həmin atəşfəşanlığı gördüm. Sevinib qışqırdım: «Ata, bizim baxdığımız fişəngləri göstərirlər!» Televizorda isə tamam başqa şeylər danışırdılar:
– Bu gecə İsrail hərbi qüvvələri yenə də Qəzza bölgəsindəki bir neçə obyektə partlayıcı güllələr atmışdır. Rəsmi rəqəmlərə görə ölənlərin sayı 1100-ü ötüb. 10 minlərlə yaralı vardır…

Sonra qan içində olan bir neçə uşağı göstərdilər. Deyəsən, ölmüşdülər. Qollarını partlayışda itirmiş yaralı bir uşaq isə ağlaya-ağlaya ekrandan mənə baxırdı. Heç nə başa düşmürdüm. O fişəngləri göstərib partlayıcı güllədən danışır, sonra da qan içində olan uşaqları göstərirlər. Yerimdə quruyub qalmışdım. Xəbərlər qurtarana qədər beynimdəki suallara cavab axtardım. Amma cavab tapa bilmədim. Daha doğrusu tapdığım cavaba inanmaq istəmədim.

Doğrudanmı, biz camaatın öldürülməsinə tamaşa etməyə getmişdik? O qaranlıq evlərin içərisində insanlar ölürdülər, mən isə sevinib əl çalırdım? İçimdən bir sızıltı keçdi. Babam televizoru söndürüb otağına tərəf yollananda, arxadan səsləndim:
– Baba, İosl əmi ilə baxmağa getdiyimiz fişənglər əslində güllə idi?
Babam cavab vermədi. O, cavab verməyəndə ikinci dəfə soruşmağa cürət eləmirdim. Amma başa düşürdüm ki, elə olmasaydı, babam «yox» deyərdi. Kaş ki, o dağa getməzdik. Mən də əl çalmazdım. Bəlkə də, o uşaqlar öləndə mən əl çalırdım?! Axı, babam niyə oraya getməyimizə razılıq verdi? Həmişə yüksək gözlə baxdığım babam, nədənsə elə bil, gözümdə kiçilmişdi. Daha ona əvvəlki kimi baxa bilmirdim. Mənə elə gəlirdi ki, o, qəddar adamdır. Bəlkə də, hərbçi olmağı onu qəddar eləyib.

Babam otaqdakı stolun siyirməsindən bir siqaret götürdü. Atam siqaretini həmişə ora qoyurdu. Babam siqaret çəkən deyildi. Onu bircə dəfə nənəmi basdırıb gələndə siqaret çəkən görmüşdüm. Bir də indi… Siqareti yandıranda əlləri də əsirdi. Eyvana çıxdı. Onun yanına getmək istəsəm də, özümlə bacarmadım. Qorxdum ki, ona acı bir söz deyərəm. Otağıma getdim. Yorğanımın altına girdim. Ağlamasaydım, ürəyim partlayardı. Fikirləşmək istəyirdim. Amma fikirləşməyə imkan tapmamış yuxu məni apardı. Nədənsə bu dəfə yuxuma, üzünü ancaq şəkildə gördüyüm, əmim gəldi. Paltarı, həmişə təsəvvür elədiyim kimi idi-qanlı. Qolları da yox idi. Bir də mənə baxıb ağlayan o qolları kəsik qız… Amma bu dəfə ağlamırdı. Baxırdı. Mən isə hələ də ağlayırdım. Yenə həmin fişənglərin səsi gəlirdi. Mən də əl çalırdım. Hər dəfə əllərimi bir-birinə vuranda bir dəstə şikəst adam əmələ gəlir, qarşımda dayanaraq mənə baxırdılar. Başımı tutub qışqırdım: «Axı, mən niyə əl çaldım?!» Öz səsimə ayıldım. Dilimdə ürəyimi parçalayan həmin sözlər vardı: Axı, mən niyə əl çaldım?! Kaş ki, əl çalmazdım!

Müəllif: Kəmalə Mirməcidli

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this