Xəzanın dinin bəzi vacibatlarına əməl etməsi, onun işlədiyi mühitə də öz müsbət təsirini göstərmişdi. Belə ki, müəllim yoldaşlarından bir neçəsi artıq namaz qılır, oruc tutur və dinin digər vacibatlarına da əməl etməyə cəhd edirdilər. Şagirdlərinsə əksəriyyəti namaz qılır və qarşılaşdıqları suallarla ona tez-tez müraciət edirdilər. Xəzan onların suallarını cavablandırmaq üçün dərsdən sonra ayrıca vaxt ayırardı. Yenə də elə günlərdən biri idi.

Zəngdən sonra uşaqlar ona biri-birindən maraqlı suallar vermişdilər:“Ruh nədir? İnsan öləndən sonra ruhu hara gedir? Ruh varsa, nəyə görə gözlə görünmür? İnsan öləndən sonra yenə dirilirmi? Allahın varlığını necə isbat etmək olar?”
O da bütün suallara elmi şəkildə, eyni zamanda İslam dini çərçivəsindən qırağa çıxmadan cavab verməyə çalışırdı:
– Əlbəttə ki, ruh mövcuddur. Müqəddəs kitabımız olan Qurani-Kərimə müraciət etsək, ruh barəsində, insanın ölümdən sonrakı həyatı haqqında mövcud olan bir neçə ayələrə rast gələrik. Kimin evində Quranın tərcüməsi varsa, evdə araşdırıb-oxuya bilər. Son zamanlar ruhun mahiyyəti barədə bir sıra elmi ədəbiyyatlar yazılmış, kino-kadrlar çəkilmişdir. Maraqlananlara mən dəqiq ünvan da verə bilərəm.
Dinimizin əsaslarına görə insan dünyasını dəyişəndən sonra ruh da müxtəlif mərhələlərdən sonra Bərzəx aləmində olur.Ruhu adi gözlər görmək qabiliyyətində deyil. Necə ki, yaşadığımız aləmdə bəzi səsləri biz maddi qulaqlarımızla eşitməkdə, maddi dərimizlə duymaqda acizik. Həmçinin elə mövcudatlar da vardır ki, biz onu bu maddi gözlərimizlə görə bilmirik. Biz yalnız daxili aləmə nüfuz etsək və təfəkkürümüzü düşünməyə sövq etsək, onda maddi olmayan bəsirət gözlərimiz çoxlarının görə bilmədiyi aləmləri görər, çoxlarının anlaya bilmədiklərini anlayar. Necə ki, Qurani-Kərimdə yazılıb: “Çox gözlülər – yəni gözü görənlər var ki, kordur”. Quranın buyurduqlarını yalnız cismani gözlərimizlə-qulaqlarımızla dərk etmək mümkün deyil. Ancaq mənəviyyata baş vurmaqla, maddiyyat hüdudlarını aşıb keçməklə Quranın batini mənalarına yaxınlaşmaq mümkündür.
Ruh haqqındakıbəhsi bir Quran ayəsiylə bitirmək istəyirəm. “İsra” surəsinin 85-i ayəsində buyrulur: “ (Ya Muhəmməd (ə))Səndən ruh haqqında soruşarlar. De ki:“Ruh Rəbbimin əmrindəndir. Sizə (bu barədə) yalnız cüzi bir bilik verilmişdir”. Bu mübarək ayədən bizə məlum olur ki, insan qüdrəti ruh mövzusundaolan bilikəri tam açmağa qadir deyil. Biz bu mövzuda cüzi şeylər bilirik. Tam bilgi Onun yanındadır.
Keçək növbəti sualınıza. Allahın varlığını necə isbat etmək olar?
Məgər bütün bu kainatın varlığı, bizim öz vücudumuz Allahın varlığını isbat etmirmi?! Allah qüdrətindən başqa hansı bir qüdrət kainatı bu cür gözəl sistem ilə nizamlamağa qadirdir? Bu sualınızı oxuduğum maraqlı bir əhvalatla cavablandırmaq istəyirəm. Bir gün Bəhlul Danəndə bir məscidin yanından keçəndə xütbə söyləyənin nitqində bu qəbildə sözlər eşidir:
“İmam Sadiq (şiə məzhəbinin 6-cı imamıdır. Bəhlul Danəndə imam Sadiqin (ə) ən bilikli tələbələrindən biri olub) buyurur: “Allah heç bir vaxt gözə görünməz”. Bu fikir yalandır. Mövcud olan şey mütləq gözə görünməlidir. İndi görünməsə də,Qiyamət günü mütləq görünməlidir. Yenə imam Sadiq buyurur: “Qiyamət günü Şeytan odda yanacaq”. Bu fikir də düz deyil, çünki şeytan özü də oddan yaranıb. Heç bir şey öz həmcinsinə təsir edə bilmədiyi üçün şeytanı da od yandıra bilməz.İmam Sadiq yenə buyurur: “Bəndələrdə işlər ixtiyar üzündən baş verir. Ağlına təslim olan səadətə, nəfsinə təslim olansa zəlalətə qovuşar”.Bunlar da yalandır. Bəndələrin gördüyü işlər Allahdan asılıdır. İnsan nə edirsə, Allahın yazısıyla edir. İnsanın ixtiyarı Allahın əlindədir”.
Bəhlul səbr edərək alimin məclisdən çıxmasını gözlədi. O çıxdıqda yerdən bir kəsək götürüb alimin başına çırpır. Alim xəlifənin yanına şikayətə gedərək Bəhlula cəza verilməsini tələb edir. Xəlifə Bəhlulu hüzuruna çağırıb nə üçün belə etdiyinin səbəbini soruşduqda, Bəhlul Danəndə deyir:
– Xəlifə sağ olsun, buna səbəb onun öz sözləridir. O deyir ki, bəndələr işi öz ixtiyarı üzündən deyil, Allahın ixtiyarı ilə görür. Əgər bütün işlər Allahdandırsa, onda onun başını da kəsəklə Allah yarıb. Mənim nə günahım var? Həmçinin deyir ki, bir şey öz həmcinsinə təsir etməz, ona əzab verməz. Özü də torpaqdan yaranıb, kəsək də torpaqdandır. Bəs kəsək niyə öz həmcinsinə əziyyət verir? Bir də deyir ki, hər mövcüd olan gözə görünməlidir. Bəs Allah da gözə görünməlidir. Ona buyurunki, ağrısını mənə göstərsin və mənim günahkar olduğumu sübuta yetirsin.
Xəlifə Bəhlul Danəndənin ağlına qibtə edərək cavabından razı qaldığını bildirir və onu mükafata layiq görür. Alimə də bildirir ki, bu cür söhbətlər onu bəlaya düçar edər və cəzaya çatdırar.
Uşaqlar, elə bilirəm ki, söylədiyim bu hekayət sualınızı cavablandırdı. Qaldı sonuncu sualınız.
Uşaqlar, soruşursunuz ki, Allah tək olduğu halda necə eyni vaxtda hər yerdə ola bilər? Bu sualı daha sadə şəkildə izah etmək üçün möminlərin əmiri və şiələrin birinci imamı Əlinin (ə) çəkdiyi bir misalı nəzərinizə çatdırmaq istəyirəm:
“Biri, Əlinin (ə) yanına gəlib soruşur ki, “Tək olduğu halda, Allah necə hər tərəfdə ola bilər?” Əli (ə)ona buyurur ki, get bir qədər odun gətir. Həmin adam da gətirir. Əli (ə) ona deyir ki, indi bu odunlardan bir tonqal qala. Kişi tonqal qalayır. Əli (ə) ona sual verir ki, bu tonqalın istiliyi bunun hansı tərəfindədir? Kişi söyləyir ki, onun hər tərəfində. Əli (ə) kişiyə buyurur ki, Allahın bir yerdə olub mərhəmətinin hər yeri əhatə etdiyini də bu cür başa düş” – deyə sadə yolla kişini başa salır. İndi mənim dediklərimdən siz suallarınıza az-çox cavab tapa bildinizmi? – deyə Xəzan uşaqlara müraciət edərək saatına baxdı. Şagirdlər bir-birinin üzünə baxaraq, heyrətqarışıq birtəbəssümlə:
– Əlbəttə,çox şeylər öyrəndik, müəllimə. Doğurdan da, çox gözəl, qısa və düşündürən rəvayətlərlə izah etdiniz. Çox sağ olun – deyə xorla cavab verdilər.
Artıq saat üç idi.Xəzan məktəb həyətində uşaqlarla sağollaşıb evə tələsdi.

ardı var…

Müəllif: Kəklik Ayağıqanlı

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this