Göl qırağı Xəzanın ən sevimli guşəsi idi. Babası buranı Xəzanın istəyinə uyğun hamarlayıb abadlaşdırmış, Xəzan isə öz zövqünə uyğun gül-çiçək kolları əkmiş və özü üçün məxfi bir guşəyə çevirmişdi. Bura onun ilk dəfə sidq-ürəklə Tanrı dərgahına üz tutduğu bir yer idi. Xəzan düşünməyə, xəyala dalmağa, gizlincə göz yaşı axıtmağa məhz bura gələrdi. O, yenə də xəyal aləminə dalmışdı. Gülzarla xəstəxanaya getdiyi gün, həkimlə olan görüş bir daha gözlərinin önündə canlanmışdı: Həmin gün Xəzan Gülzar vasitəsilə Fidana “yox” cavabını çatdırmışdı… Həmin gün həkim ona ürəyini açmaq istəmişdi. Onun dediyi sözlər hələ də qulağında cingildəyirdi: “Bu günə qədər özümü birtəhər ələ alırdım, büruzə verməməyə çalışırdım. Xəzan, xahiş edirəm, məni düzgün başa düşün… Əvvəllər sizi Məğrurun yoldaşı kimi tanıyırdım… Məktəbdə görüşdüyümüz gün mənə hər şey məlum olduqdan sonra özümlə heç cür bacarmıram…”

Həmin günü xatırladıqca eyni kövrək hisslər yenə də Xəzanın duyğularına hakim kəsilmişdi…
***

Elvin universitetin birinci kursunda oxuyanda atası vəfat etmiş və ailə başsız qalmışdı.
O ailənin böyük övladı idi. Ataları rəhmətə gedəndə ondan kiçik iki bacısı və iki qardaşı, hələ orta məktəbdə oxuyurdular. Anası da heç bir yerdə işləmirdi – evdar qadın idi.
İndi artıq özü də, bacıları da, əmilərinin böyük qayğısı və köməkliyi sayəsində ali təhsil almış və hərə öz ixtisasına uyğun işləyirdi.

Artıq bir neçə gündən sonra kiçik bacısı Fidan da Bakıya gəlin köçəcək – ailə quracaqdı. Evdə Elvin, anası bir də kiçik qardaşı qalacaqdı. Fidan gedəndən sonra ev işlərinin bütün ağırlığı, tez-tez ürək-damar xəstəliyindən əziyyət çəkən anasının üzərinə düşəcəkdi.

Anası isə ev işlərini necə yola vercəyi və bununla bağlı yaranacaq çətinliklərin öhdəsindən necə gələcəyi barədə düşünmürdü. Onun arzusu, diləyi yalnız balalarını xoşbəxt görməkdi. Sevinir ki, artıq çətin günlərini arxada qoyub, səadətli – xoşbəxt günlərini yaşamağa başlayır. Balalarının xeyir işləri biri-birinin ardınca gəlir. Fidanı köçürəndən sonra toyunu həsrətlə gözlədiyi böyük övladının – Elvinin toyuna başlayacaq. Bir neçə aya, bəlkə də elə bir neçə günə illərlə arzuladığı bir arzusuna çatacaq.

O günü ana böyük səbirsizliklə gözləyirdi. Axı onun ən istəkli balası öz diliylə qız sevdiyini söyləmişdi, toy eləmək istədiyini bildirmişdi. Ana üçün bundan fərəhli gün ola bilərmi?!
Onunçün fərqi yoxdu, kim olur-olsun, təki oğlunun ürəyincə olsun, oğlu onunla xoşbəxt yaşasın. “Hər halda Elvinin bəyəndiyi qız pis olmaz, elə özü kimi ağıllı, qabiliyyətli olar” – deyə ana düşünürdü.

Fidanın gətirdiyi xəbər evdəkilərin eynini açmasa da,0 onlar ümidlərini kəsmədilər. Gülzarın sonda söylədiyi «Əgər bir az möhkəm dursanız, əl çəkməsəniz işi müsbət tərəfə həll edə bilərsiniz» kəlməsinə arxalanıb, öz aralarında dedilər: «Qız elə birincidən «hə» deməz ki, qızların hamısı elə birincidən belə deyir də, elçi getməmiş hansı ağıllı «razıyam» deyər…»
Axşam Elvinin anası söhbəti qaynı İsmayıla çatdırdı.
İsmayıl müəllim bir qədər fikrə gedib dedi:
– Mən o qıza çox yaxşı bələdəm. O, məğrur və çox ciddi bir qızdı. Təbii ki, o belə də deyəcəkdi. Odur ki, məsələni çox uzatmaq lazım deyil. Fidanın toyundan sonra sən bu söhbəti gedib onun böyüklərinə də aç, qoy böyüklərinin də məlumatı olsun. Sonra mən özüm cavab almaq üçün babasının yanına gedərəm. Uğur kişi bizi yaxşı tanıyır, çox güman ki, sözümü yerə salmaz. Qız da ki, Elvini yaxşı tanıyır. Söhbət rəsmiləşəndən sonra yəqin ki, qız valideynlərinin fikri ilə razılaşacaq. Onu elə ilk baxışdan gözüm tutub, inşaallah elə mənə də gəlin olacaq. Çətini Elvinin bəyənməyi idi. Şükürlər olsun ki, özü öz diliynən deyib. Qalanıyla işiniz olmasın.
***

Xəzan rayon maarif şöbəsinə nə vaxt gəlib çatdığını hiss belə etmədi.
İsmayıl müəllim onu gülərüzlə qarşılayıb oturmaq üçün ona yer göstərdi. Sonra ata mehribançılığı ilə üzünü Xəzana tutdu:
– Necəsiz, qızım, ağsaqqal necədir?
– Çox sağ olun, İsmayıl müəllim. Yaxşıdır.
– Neyliyir? Yenə bağ-bostanıyla, gölüylə məşğuldurmu?
– Bəli. Bağ-bostanından onu ayırmaq olmur. Deyir, məni saxlayan işdi, işləməsəm, yaşaya bilmərəm.
– Düz deyir, qızım, düz deyir. Daha bizim də o vaxtımız deyil. Bizim başımızı qatan elə bu işdi. Muğayat olun kişidən. Hərdən gələndə onu da özünüzlə gətirin, oturub keçmişdən danışa-danışa cavanlığımızı yada salaq, dost-tanışlarla söhbətləşə-söhbətləşə fikrimizi dağıdaq. Gölündə yenə də balıq varmı. Heç tuta bilirmi sizinçün?
– Bəli var. Hərdən könlünə düşəndə tutur – deyə Xəzan gülə-gülə cavab verdi.
– Gərək bir gün gəlib Uğur kişiyə qonaq olam. Onun gölünün balığından mən də dadam. Görəsən, verərmi?
– Qapımız həmişə üzünüzə açıqdır İsmayıl müəllim – Xəzan İsmayıl müəllimin zarafatla dediyi bu sözünü elə bir mənalı qarşıladı.
– Çox sağ olun, qızım. Bunlar bir zarafatdır. Mən Uğur kişiynən köhnə dostam. İndi şükür Allaha siz bizim köhnə dostluq yollarımızı bir az da təzələmisiz. Bunlar bir yana məktəbdə işlərin necə gedir? Bir çətinliyin yoxdur ki? – deyə qayğıkeşliklə soruşdu:
– Yox, İsmayıl müəllim, hələ ki, əl-ələ verib yavaş-yavaş yola veririk.
– Qış mövsümünə tədarük görmüsünüzmü, hazırsınızmı qışa?
– Bəli. Demək olar ki, qışa tam hazırlıq görülüb. Yanacaq tədarükü görmüşük. Sınmış şüşələri, binanın damının tökülən yerlərini və digər xırda təmir işlərini də görüb qurtarmışıq. Dərsə davamiyyət və tədrisin səviyyəsi də pis deyil.
– Əhsən qızım, əhsən! Kaş mənim bütün müəllimlərim sənin kimi fəal olaydı! Üzünə tərifləmək olmasın qızım, təcrübən az, çətinliyin çox olsa da, işinin öhdəsindən layiqincə gələ bilirsən. Məktəbinizin adı rayonumuzda birincilər sırasındadı. Hərdən o biri məktəb direktorlarına da səni misal gətirib nümunəvi işindən danışıram. Bir çətinliyin olanda de, çəkinmə qızım. – deyə İsmayıl müəllim eynəyinin götürüb gözlərinə taxdı.
– Çox sağ olun, İsmayıl müəllim. Minnətdaram – deyə Xəzan da köks ötürüb ciddi görkəm aldı. Xəzan sağollaşıb bayıra çıxmaq istəyəndə İsmayıl müəllim onu səslədi:
Xəzan, az qala yadımdan çıxmışdı. Labaratoriyanız üçün bəzi cihazlar və kimyəvi maddələr ayrılıb, de ki, gəlib sabah aparsınlar.
– Əgər versəydiniz, elə indi aparardım İsmayıl müəllim.
– Elə isə bir qədər gözlə, qızım.
Xəzan keçib yenə yerində oturdu. İsmayıl müəllim düyməni basıb katibəni çağırdı və lazımi əşyaları təşkil eləmək üçün sərəncam verib onu yolladı.
Bir neçə dəqiqədən sonra Xəzan katibə ilə bərabər, onların məktəbi üçün ayrılmış labaratoriya əşyalarını götürüb həyətə düşdü.

Katibə əşyaları maşının yanında qoyandan sonra sağollaşıb yenə binaya daxil oldu. Xəzan da əlindəki əşyaları yerə qoyub sumkasından maşının açarlarını çıxartdı. Yük yerini açıb əşyaları yerləşdirəndən sonra yenə bağladı.
Elə bu anda maarif şöbəsinin həyətinə bir maşın daxil oldu.
Xəzan maşınının qapısını açmaq istəyəndə həmin şəxs: “Salam, Xəzan xanım!” – deyə ona müraciət etdi.

Xəzan bu tanış səsdən elə bil səksənən kimi oldu. Baxışlarını sürücünün ayaqqabılarından yuxarı çəkə-çəkə başını qaldırıb onun üzünə baxdıqda, sanki bütün vücudundan ani olaraq elektrik cərəyanı keçdi. Xəzan özünü tez ələ alaraq: “Salam, doktor” – deyə astadan cavab verdi.
Ramal, onun özünü itirdiyini duyub baxışlarını aşağı dikdi, dərindən nəfəsini dərib, yenə astadan səslədi:
– Nə yaxşı ki, bu gün burada rastlaşdıq, Xəzan xanım. Niyə xəstəxanaya gəlmirsiniz?
Xəzan dərindən nəfəsini dərib, ona baxmadan: – Bağışla doktor…, imkanım olmur…, vaxt tapıb gələrəm – söylədi.
– Bu gün?
– Xeyr, bu gün daha gecdir. Yolum düşəndə gələrəm, doktor.
Ramal: “Yəni doğrudan da beş-on dəqiqəliyə gəlib xəstəxanaya dəyməyə siz vaxt tapa bilmirsinizmi, Xəzan xanım?” soruşduqda, Xəzan ona nə cavab verəcəyini bilmədi. Yenə narahatlıqla dərindən nəfəsini dərib baxışlarını əlində oynatdığı açarlara dikdi.

Ondan intizarla cavab gözləyən Ramalın da diqqəti onun əllərinə yönəldi. Həyəcandan əlləri xəfifcə əsən Xəzanın, onun baxışlarından gərginliyi bir az da artdı. İndicə kiminsə çıxıb onları bu vəziyyətdə görəcəyini düşünərək Xəzan onunla sağollaşmaq istədi.
Ramal da onun narahatçılığını duyub: – Hələlik, Xəzan xanım – deyə astadan səsləndi: – Gözləyəcəyəm yolunuzu.
Xəzan: – Sağ olun, doktor – deyərkən gözü Ramalın əllərinə sataşdı. Onun da barmaqları, eynən öz barmaqları kimi, əsirdi.
Onların baxışları ani olaraq yenə toqquşduqda hər ikisi çaşqınlıqla üzünü yana çevirdi. Xəzan bir də: – Sağ olun, doktor – deyib maşınının qapısını açdı.
Ramal da: “Hələlik” deyib, yeyin addımlarla maarif şöbəsinə doğru irəlilədi.
Xəzan maşını işə salıb güzgüdən Ramal gedən səmtə baxdıqda, onun binanın giriş qapısında dayandığını gördü. Maşını yerindən tərpətdikdə, güzgüdən yenə Ramalın intizarlı baxışlarının arxasınca dikildiyini hiss etdi.

Artıq Ramalla xəstəxanadakı sonuncu görüşdən bir aya yaxın bir müddət keçməsinə baxmayaraq, o, bu kədərli görüşü heç cür unuda bilmir, hər dəfə xatırladıqda, elə o günkü kimi, gözləri dolub yaşarırdı.

Məhz sonuncu görüş Xəzanın xasiyyətində, davranışında, hərəkətlərində – ümumiyyətlə bütün varlığında, düşüncələrində ağlagəlməz dərəcədə dönüş yaratmışdı. Elə bir dönüş ki, o buna sevinmək əvəzinə kədərlənir, şadlanıb əylənmək əvəzinə süstəlib məyuslaşır və ağlayıb göz yaşı axıtmaqla hisslərini soyudur, ürəyinin yükünü boşaldırdı.

İndi elə bil köhnəlməkdə olan yarası yenidən qanamış, qəlbini göynədərək yenidən sızlamağa başlamışdı. Unutmaq istədiyi kədərinin üstünə yenidən kədər ələnmiş, dərdini yenidən çoxaldaraq qəminə qəm əlavə etmişdi.

Həkimin bu gün qəlbini oyadan o mənalı baxışlarını gözlərinin önünə gətirdikcə, ürəyində qövr eləyən dərdi boğazına yığılıb tıxaca dönür, gözlərinə axıb onu boğurdu.
Artıq göz yaşları ona aman vermirdi. Rayondan çıxıb uzaqlaşdıqca göz yaşları kirpiklərindən süzülərək soluxmuş yanaqlarında parlaq bir iz buraxırdı.
Niyə ağladığını heç özü də bilmirdi…
***

Xəzan məktəbə dəyib, orda bir qədər yubandıqdan sonra evə döndü.
Eyvanda onu Lamiyə qarşıladı.
– Salam, Lamiyə – deyə birinci Xəzan səsləndi.
– Salam, salam – Lamiyə astadan şən-şən səsləndi – Bayaqdan hardasan, evi tikilən?
Xəzan Lamiyənin astadan danışdığını görüb başını tərpədə-tərpədə astadan:
– Kim var evdə? – deyə ayaqqabılarını çıxara-çıxara soruşdu.
Lamiyə yenə astadan şən-şən:
– Qonaqlarımız var, Xəzan, özü də sənin qonaqlarındır.
Xəzan qaşlarını düyünləyib maraqla soruşdu:
– Kimdi ki, mənim qonaqlarım.
– Rayondan gəliblər. Fidanın anasıdır – Lamiyə ağzını Xəzanın qulağına aparıb pıçıltıyla: – Deyəsən, oğlu Elvin üçün elçiliyə gəliblər.
– Doğru deyirsən? – deyə Xəzan yenə heyrətlə Lamiyəyə baxdı.
– Vallah hə. Bayaqdan səni gözləyirlər. Keç görüş onlarnan.
Xəzan dodağını dişlərinin arasında alıb başını bulaya-bulaya bir anlıq fikrə getdi. Elə bu anda Məğrur da öz otağından çıxıb dəhlizdə göründü.
Salamlaşandan sonra Məğrur:
– Xəzan, nə gec gəldin bu gün?
– Labaratoriya üçün bəzi şeylər götürdüm. Məktəbə dönüb onlarnan əlaqədar bir az yubandım.
– Yaxşı, keç qonaqlarnan görüş – deyə başının hərəkətiylə qonaq otağına işarə edib astadan səsləndi.
Xəzan Lamiyə ilə bərabər öz otağına keçib yavaşdan soruşdu:
– Neçə nəfərdir?
– İki nəfər. Biri anasıdı, biri də bacısı.
Xəzan qonaq otağına keçib “xoş gəldin” deyərək qonaqlar ilə görüşdü və dərhal mətbəxə keçdi.
Üzünü Lamiyəyə tutub astadan soruşdu:
– Yemək yeyiblərmi?
– Plovu indi süzürəm.
– Gəlişlərinin məqsədindən Məğrurun, atanın xəbərləri varmı?
– Ata, hələ onlar gəlməmiş bağa gedib. Onların gəlişindən hələ xəbəri yoxdu. Məğrur da bir saat olar gəlib. Bir balaca ucundan-qulağından eşidib.
Lamiyə Xəzanın əhvalından anladı ki, qonaqların bu gəlişi onunçün ürəkaçan deyil. Odur ki, zarafata salıb onun fikrini öyrənmək məqsədiylə səsləndi:
– Nədi, nə fikrə dalmısan? Bəlkə buna da bir quş qoyasan?
Xəzan düşüncələrindən ayrılıb köksünü ötürdü. Yenə soyuqqanlılıqla gülümsünüb: – Buna çoxdan quş qoyulub, Lamiyə – deyə söylədi.

ardı var…

Müəllif: Kəklik Ayağıqanlı

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this