Xəzan ötüb-keçənləri unutmağa çalışaraq, uzun fasilədən sonra yenə də ədəbi-birliyin toplantılarında iştirak etmək qərarına gəlmişdi.

Elvinin ölümündən bir neçə ay keçsə də, o, bu müddət ərzində ədəbi-birliyin heç bir yığıncağında iştirak edə bilməmişdi. Buna səbəb bir tərəfdən imkanın məhdudluğu idisə, digər tərəfdən onun o kollektivdən çəkingənliyi-sıxılmaqlığı idi. Ümumiyyətlə, son vaxtlar onu rayonda çox az-az görmək olurdu. Rayonla bağlı işlərinin əksəriyyətini də Məğrur görürdü. Müstəsna hallarda özü rayona gedirdi. Hər dəfə maarif şöbəsinə ayaq basanda Elvinlə qarşılaşdığı o sonuncu gün gəlib, gözlərinin önündə dururdu. Elə bilirdi ki, dəhlizdə qarşılaşdığı həmən yerə çatanda yenə də Elvin onunla qarşılaşacaq və eynən ondakı kimi onunla salamlaşıb, hal-əhval tutacaq. Dəhlizdən keçib İsmayıl müəllimin otağına çatanda isə narahatlığı birə-on artırdı və içəri necə girəcəyini bilmirdi. İsmayıl müəllimin hüzünlü baxışları, kədərli səsiylə qarşılaşmaq ona çox ağır gəlirdi. Xəzan elə bilirdi ki, Elvinin faciəli ölümündə hamı onu səbəbkar bilir və ürəklərində ona kin bəsləyirlər. Sonuncu dəfə iştirak etdiyi toplantıda birliyin rəhbəri bütün yazdıqlarını növbəti toplantıda gətirməyi ona tapşırsa da, o, nə toplantıya getmiş, nə də yazdığı şerləri ora göndərmişdi.

Xəzan sabaha lazım olan yazılarını çantasına qoyub, yerinə uzandı. Nə vaxt yuxuya getdiyini bilmədi. O, sübh namazına qalxarkən içində bir rahatlıq hiss etdi. Sanki həyatında hansısa bir dönüş gözlənilirdi.

Xəzan namazdan sonra gözləri yaşlı halda sükür səcdəsini yerinə yetirib, ayağa qalxdı.
Mətbəxə keçib Təmənna ananın dəmlədiyi çaydan bir stəkan içəndən sonra məktəbə yola düşdü.

O, məktəbdə bəzi işlərini yoluna qoyandan sonra orada çox yubanmadı, maşına oturub, rayon mərkəzinə getdi.

Xəzan ədəbi-birliyin üzvü olan tanış qızlarla həyətdə rastlaşdı. Görüşüb hal-əhval tutandan sonra qızlar onun son zamanlar görünməməsinin səbəbilə maraqlandılar. Xəzan qısa və konkret cavab verməyə çalışaraq dedi:
– Nə bilim qızlar, son vaxtlar qayğıların çoxalması, vaxtın məhdudluğu və söz bulağımın quruması, istedadımın tükənməsi ilhamımı söndürüb, qəlbimdəki həvəsi öldürüb.
– Niyə? Sənin maşaallah yaxşı qələmin var. Ötən yığıncaqlarımızın birində birliyin rəhbəri sənin şerlərindən bir neçəsini oxudu. Hamı tərəfindən bəyənildi bizimkilərdən fərqli olaraq çox yüksək qarşılandı sənin şerlərin.
– Nə bilim, bəlkə də yazdıqlarımda nəsə dəyərli bir fikir var, amma mən bunu duymuram, yazdıqlarım məni qane eləmir. Son zamanlar heç onu da yaza bilmirəm. Yaxşı, bəs burada nə yenilik var?
– Ədəbi-birliyə yeni yazarlar cəlb olunub. Onların içində biri var, çox təsirli şerlər yazır.
– Kimdiki o?
– Sən onu tanıyırsan, Xəzan. Yadındadı, rəhmətlik Elvinin qəbri üstə getdiyimiz gün? Qəbristanlıqdan çıxanda maşının yanında Məğrurla söhbət edirdi.
Xəzan Ramalın birliyə üzv yazıldığını biləndə ürəyi narahatlıq hissiylə döyünməyə başladı. Onu yaxından gördükdə özünü necə aparacağı barədə düşünür və indicə onunla qarşılaşacağını, düşündükcə bütün vücudundan elə bil bir cərəyan keçirdi.
Elə bu düşüncələrdə ikən ədəbi-birliyin rəhbəri dəhlizin o başından iki nəfərlə danışa-danışa onlara sarı gəldi.
Qızlar:
– Hə, Nəsib müəllim gəlir, – deyə birliyin rəhbərinə işarə etdilər. – Həmən haqqında danışdığımız oğlan da onunladır.
Xəzan Ramalın adını eşitcək daha başını qaldırmadı. Ürəyi quş kimi çırpınmağa başladı. Nəsib müəllim qızlara yaxınlaşdıqda başını tərpədərək onlarla astadan salamlaşdı.
Ramalın da ürəyi quş kimi çırpınırdı. Xəzanın maşını maarif şöbəsinin həyətinə girəndə o, arxadan Xəzanı tanımamışdı. Gedib iş yerinə dəyəndən sonra geri dönmüş və bugünkü tədbirdə iştirak etmək üçün maarif şöbəsinə gəlmişdi. Xəzanı yaxından görmək ümidiylə yuxarı qalxmaq istəmişdisə də, həyətdə toplaşan yoldaşları Nəsib müəllimin yerində olmadığını söyləyib onu fikrindən döndərmişdilər. Nəsib müəllim gəlib çıxdıqda isə, o, qonşuluğunda yaşayan bir məktəbli oğlanın şer dəftərçəsini Nəsib müəllimə göstərmək bəhanəsiylə, onunla bərabər yuxarı qalxmışdı.

On-on beş dəqiqədən sonra ədəbi-birliyin bütün üzvləri toplaşıb rayon mədəniyyət evinə yola düşdülər.

…Tədbir başlananda birliyin üzvləri səhnənin mərkəzində, qoyulmuş dəyirmi stolun ətrafında oturdular. Xəzan isə icazə alıb tamaşaçı zalına endi.
Vaxtıyla Elvinin əyləşdiyi stolda Ramal oturmuşdu.

Xəzan özünü pis hiss etdiyindən axıra qədər oturmadan məclisi tərk etdi.
O, rayonun mərkəzi küçəsinə çatanda, yolda Gülzarı gördü. Hal-əhval tutandan sonra Gülzarı da maşına mindirib onlara getdilər. Otaqda onlardan başqa heç kim yox idi. Stol arxasında oturub ordan-burdan danışdılar. Xəzan kədərini biruzə vermək istəməsə də, Gülzar onun tez-tez köksünü ötürməsindən və fikrinin dağınıq olmasından daxilindəki kədərini duydu.
O, bugünkü tədbirin necə keçdiyini Xəzandan soruşanda, Xəzan yenə dərindən köks ötürüb başını buladı, nəzərlərini yenə stolun üstündəki güldana zilləyib fikrə daldı.
Gülzar bir qədər ona baxıb cavab vermədiyini gördükdə dedi:
– Nədir, Xəz. Nəsə bu gün fikirli dəyirsən gözümə. Yenə nə olub, nə haqda düşünürsən?
Xəzan başını bulayıb dedi:
– Gülzar, özümü heç cür bağışlaya bilmirəm. Elə bilirəm, onun ölümündə günahkar mənəm.
– Kimdən danışırsan?
– Elvini deyirəm, Gülü, rəhmətlik Elvindən danışıram.
– Sən niyə günahkar olursan ki? Neyləmisən ki, ona özünü bağışlaya bilmirsən?
Xəzan göz yaşlarını əlinin arxasıyla silə-silə davam etdi:
– Bilmirəm, Gülü. Nədənsə onun ölümündə özümü təqsirkar görürəm. O, rəhmətə gedəndən sonra mən ədəbi-birliyin yığıncaqlarında olmamışdım, birinci dəfə bu gün mən o kollektivlə görüşdüm. Ürəyim elə narahatlıqla çırpınır, elə kədərlə döyünürdü ki, elə bilirdim indicə o, yoldaşlarının arasında görünəcək. Necə oturmuşam bu gün orada, özümü necə idarə etmişəm bilmirəm. Bütün tədbir boyu onun xəyalı gözlərim önündə olub. Özü də o kədərli, tənəli baxışlarla oturduğu stuldan mənə boylanıb baxıb. Bugünkü o tədbirdə gördüklərimi də, eşitdiklərimi də xatırlaya bilmirəm. Ürəyim sıxılıb partlamaq dərəcəsinə gəlirdi. Gözləyirdim ki, haçan sona yetib qurtarar, mən də bayıra çıxıb azad nəfəs alaram, altında sıxıldığım o ağır baxışlarından qurtararam.

Xəzan içini çəkə-çəkə gözlərindən yaş axıtdıqca Gülzar da dözməyib onun əlini ovucları arasında ovuşdura-ovuşdura kədərlə onu dinləyir və sakitcə göz yaşı axıdırdı. Xəzan sözünü bitirib susduqda Gülzar burnunu çəkib göz yaşlarını silə-silə dedi:
– Xəz, taleyin qisməti belə imiş əzizim. Sənin burda günahın nədi ki, əzizim. Allah istəsəydi, hər şey başqa cür ola bilərdi. Allah o qisməti yazandan sonra, kim poza bilər. Hərdən oturub düşünürəm, sən onu əsl məhəbbətlə sevsəydin və ya onunla bir neçə dəfə görüşüb ona alışandan sonra bu hadisə baş versəydi, necə olardı, bu itkiyə necə dözərdin, bacı? Günah o rəhmətliyin özündə olub ki, o cür müqəddəs orucluq ayında araq içib, sonra da sərxoş-sərxoş sükana oturub sürüb. Özü-özünü bədbəxt elədi.

Xəzan Gülzarla dərdləşəndən sonra özünü bir qədər yüngül hiss etdi. Ona minnətdarlıq edib, evinə döndü.

ardı var…

Müəllif: Kəklik Ayağıqanlı

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this