Artıq Təhminənin toyu olmuşdu. O, 3-4 günə gəlin köçəcəkdi.
Toydan sonra Məğrur Təmənna ananı və arvad-uşağını götürüb rayona aparmış, özü yenə də Bakıya qayıtmışdı. Uğur baba ilə Xəzan isə hələ Bakıda idilər, Təhminə köçəndən sonra rayona dönəcəkdilər. Həmin ərəfədə Xəzanın uzun müddət unuda bilməyəcəyi bir hadisə baş verdi.

İstidən evdə qalmaq mümkün olmadığı üçün Xəzangilin ailəsi dənizkənarı parka getmək qərarına gəldilər. Parkdakı həzin müsiqi səsi, ətrafdan gələn şən əyləncə səsləri və yaxınlıqdakı fəvvarənin şırıltısı adama xoş təsir bağışlayırdı. Lakin bunların heç biri Xəzanı arzuladığı rahatlıqla təmin edə bilmirdi. Elə bil qardaşının tez-tez gəlib onlara qayğı göstərməsi, dənizin saf havası, ətrafdakı şən əyləncə səsləri və o həzin harmoniya da ona azlıq edir, onun darıxmağının qarşısını ala bilmirdi.

Təhminə anası ilə arada nəyinsə haqqında danışır Xəzanı da arada söhbətə cəlb edirdilərsə də, Xəzan yenə də öz daxili aləminə qapılmaq, arzuladığı dincliyi sərbəst düşüncə aləmində tapmağa can atırdı. Onu düşüncə aləmindən tanış bir səs ayırdı. Ramal Məğrurla nə barədəsə söhbət edib, sonra bir qədər aralıdakı oturacaqlarda oturmuş iki cavan gəlinə və uşaqlara işarə edərək söylədi:
– Biz də istidən qaçıb ailəliklə buraya gəlmişik. Bizim uşaqlar da buradadırlar.
Bu qəribə təsadüf elə bil Xəzanı səksəndirdi. Əvvəl bir qədər şaşırdısa da, sonra tez özünü ələ aldı.
Ramal onların yanından ötəndə başının hərəkətiylə astadan onları salamladı…
Bulvardakı görüşdən sonra Ramal Xəzanı uzun müddət görməmişdi. Bu gün isə o, Gülzarla birgə dişlərinin müalicəsi üçün xəstəxanaya gəlmişdi.

Ramal bu imkandan istifadə edib, hisslərindən Xəzanı xəbərdar etmək, qəlbinin dərdini ona bildirmək qərarına gəldi. Odur ki, bilərəkdən tibb bacısını çağırmadan Xəzanın dişini yonmağa başladı. Gülzarın yanında heç bir hərəkətə yol verməyin mümkün olmadığını görüb onu da dərman almaq bəhanəsi ilə yaxınlıqdakı aptekə yolladı. Narahatlığı tez-tez köks ötürməyindən bəlli olan Xəzanın, onunla otaqda ikilikdə qalmağından daha da həyəcanlandığını görən Ramal işini dayandırıb kədərli səslə dedi:
– Niyə bu qədər narahatlıq keçirirsiniz, Xəzan xanım… Elə bilirsiz nə üçün bura gəlmək istəmədiyinizin səbəbini mən anlamıram? Dərdimi bilə-bilə niyə mənə əzab verirsiz… O vaxtdan köksümdə elə bil ürək deyil, daş daşıyıram.
Xəzansa çox ciddi bir səslə söylədi:
– Xahiş edirəm, doktor, danışığınıza bir qədər fikir verin. Bizim aramızda heç vaxt belə söhbət ola bilməz. Mən başqasının ailəsini dağıda bilmərəm. Evli bir insana bu cür söhbətləri etmək yaraşmaz.
– Mənim evli olmağımı siz haradan bilirsiniz, Xəzan xanım? Yoxsa siz bu barədə tədqiqat aparmısınız? – deyə Ramal gülümsünərək soruşdu.
– Xeyr, doktor, tədqiqat aparmağa ehtiyac olmadı. Mən özüm öz gözümlə ailənizi-uşağınızı görmüşəm. İkincisi də ki, siz özünüz bunu Məğrura demisiniz. Bunu hamı bilir.
– Mən evli deyiləm. Heç vaxt evli olmamışam və əgər siz həyatımda olmasanız, heç vaxt da evli olmayacağam.
– Mən yalan danışan insanları sevmirəm, doktor. Öz mənafeyi naminə yalana yol verən insanlara da nifrət edirəm.
– Elə mən özüm də eləyəm, Xəzan xanım. Düzdür, məcbur olub bir-iki dəfə yalan danışmışam. Amma bilsəydim ki, mənim bu yalanım mənə bu qədər baha başa gələcək, inanın ki, heç vaxt buna yol verməzdim. Haradan biləydim ki, bu yalanımın ucu gəlib sevdiyim qıza çatacaq. O da məndən üz döndərib məni bu cür dağa-daşa salacaq.
– Nəyi yalan danışmısız, doktor? Mən nə danışdığınızı anlaya bilmirəm.
– Xəzan xanım, düz deyirsiz. Mən tək Məğrurun yanında deyil, bir neçə nəfərin yanında evli olduğumu söyləmişəm. Bunu ona görə yalan danışmışam ki, mənimlə bərabər işləyən subay qızların dilindən düşüm. Bunu belə eləməsəydim, Allah bilir dalımca nələr danışardılar. Özü də yaxşı oldu ki, o ərəfədə bacım uşağıyla bir-iki dəfə yanıma gəldi. Bu lap inandırıcı oldu. Hamı elə bildi ki, bu uşaq elə mənim öz uşağımdır. Məhz ondan sonra bəzi qızların mənə münasibətinin dəyişildiyini hiss etdim. Daha bilmədim ki, öz dilimlə öz evimi yıxmışam.
– Mən sizə inana bilmirəm, doktor. Bəs bulvarda gördüyümüz o qadınlar kim idi yanınızda?
– Haçan?
– Ötən il. Bacımın toy ərəfəsində axşam bulvarda sizinlə rastlaşdıq. Məğrurla salamlaşıb görüşdüz də.
– And içə bilərəm ki, mən heç vaxt yad qadınla gəzintiyə çıxmamışam. Həmişə anam, bacımla bərabər çıxmışıq. Hərdən də dostum öz ailəsiylə bərabər bizə qoşulub. Bir anlıq sükutdan sonra yenə səsləndi:
– Bulvarda qarşılaşmağımız yadımdadı, Xəzan xanım, amma dostumdan başqa daha kimlərin yanımızda olması dəqiq yadımda deyil…
Bir anlıq sükutdan sonra Ramal həyəcanla sözünə davam etdi:
– Xəzan xanım, mən evdəkiləri sizə elçiliyə göndərmək istəyirəm.
Bu anda Xəzanın gözlərinə sığışmayan iki damla yaş yuvarlanıb Ramalın əlini islatdı. Ramal təşvişlə səslənərək:
– Nə olub, Xəz! Sən ağlayırsanmı?
Xəzan başını bulamaqla “yox” dedi.
– Demək bu sevinc yaşlarıdır?
Xəzan onun fikrini təsdiqləyirmiş kimi başını tərpətdi.
– Siz mənim elçilik məsələm barədə bir söz demədiz. Razısınızmı?
Xəzan bir qədər fikrə gedib söylədi:
– Mən ailə qurmaq barəsində heç vaxt ciddi düşünməmişəm. Mənə düşünməyə möhlət verin. Hələlik isə bir dost, yoldaş kimi qalaq.
Gülzarın içəri girməsiylə onlar söhbətə son qoydular.
***

Son zamanlar Xəzan özündə daxili bir əminlik, bir rahatlıq duyurdu. Ramalın evli deyil, subay bir oğlan olması xəbəri onu bir tərəfdən sevindirsə də, digər tərəfdən daha dərin düşünməyə sövq edirdi. O bilirdi ki, illərdən bəri ona həmdəm olan, xoşbəxt anlarında sevincini, qəmli anlarında isə kədərini bölüşdüyü ən yaxın sirdaşı, xəyal dostu Rəvanını asanlıqla, belə tez bir müddətdə unudub bütün varlığıyla Ramala bağlana bilməz. Xəzan Rəvanında gördüyünü Ramalda da tapmaq istəyirdi. Onu yaxından tanıdıqdan və özünə tam əmin olandan sonra Ramalla nikah bağlamağa qərar verəcəkdi. Əks təqdirdə nə özünün, nə də Ramalın xoşbəxt gələcəyini görə bilmirdi.
Xəzan Ramalla bağlı həqiqətləri evdəkilərinə açıb-ağartmaq istəmişdisə də, bunu söyləməyə özündə cəsarət tapmamışdı.

Artıq Ramalla olan o söhbətdən iki aydan artıq vaxt keçirdi. Ötən bu müddət ərzində onlar ancaq telefonla əlaqə saxlamış, həmişəki kimi bir-birindən hal-əhval tutmuşdular. Ramal bir neçə dəfə onunla görüşmək istədiyini söyləmişdisə də, Xəzan bunun hələlik mümkün olmadığını söyləyib görüşü təxirə salmışdı.

ardı var…

Müəllif: Kəklik Ayağıqanlı

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this