İki gecə əvvəl Xəzan qəribə bir yuxu görmüşdü. Yuxuda görmüşdü ki, uzaq qohumlarından birinin evindədir. Evin tavanından isə tozlu hörümçək yuvaları sallanır. Onunla bərabər bir neçə nəfər də bu daxmada oturub söhbət edirdilər. Xəzan durub topa-topa sallanan hörümçək torlarını təmizləmək istədikdə birdən insanı vahiməyə gətirən bir gurultu eşidilir. Eyni zamanda daxmanın şalbanları da şaqqa-şuruqla tərpənməyə başlayır. Bütün evdəkilər vahiməylə: “Ya Allah, ya Allah” qışqırır. Evin hisli şalbanlarından hörümçək torları, toz-torpaq evə tökülərək içəridə tozanaq əmələ gətirir. Xəzan içəridəkilər kimi vahimələnsə də, daxilində bir arxayınçılıq hissi duyur. O, ürəyində: “Əgər bu daxma uçulsa da, bizə heç nə olmayacaq”-deyə inamla qapını açır. Bayıra çıxan kimi də zəlzələ dayanır, yenə hamının üzü gülür və birgə Allaha şükr edirlər.
Xəzan səhərsi gün bu yuxusunu da heç kimə danışmadan, bir çox qəribə yuxuları kimi gündəliyinə köçürmüşdü.

Bu gün Uğur baba özünün göl qırağındakı buğda zəmisini biçməyə başlamışdı. Təmənna anadan və balaca Elbrusdan başqa evdəkilərin hamısı buğda biçininə çıxmışdılar. Onlar
sübh tezdən başlayaraq səhər saat ona kimi buğda biçdilər. Gün qızanda buğda zəmisindən çıxıb, sərinlənəndən sonra Uğur baba Məğrur və Arazla göl qırağındakı kölgəlikdə, Lamiyə ilə Xəzan isə iki mərtəbəli kiçik evdə istirahət etməyə getdilər.

Artıq saat on iki idi. Məğrur Arazla balıq tuturdu, Uğur baba isə qabağında çay, damağında siqaret dərin düşüncələrə dalmışdı. Uzaqdan maşın səsi eşidiləndə onların baxışları səs gələn səmtə yönəldi. “Vilis” uzaqdan görünəndə Məğrur ürəyində: “Yəqin idarə işləriylə əlaqədar dalımca gəlirlər” – deyə düşündü. Tilovu oğluna verib açıqlığa çıxdı.

“Vilis” gölün bərabərinə çatanda sürətini azaltdı, siqnal verərək dayandı. Gələn Ramal idi.
Ramal maşından düşərək uzaqdan-uzağa Məğrurla salamlaşdı. Ramaldan əlavə üç nəfər də maşından düşdü.

Məğrur çayı keçib onları qarşılamağa getmək istədikdə, Ramal yoldaşlarından aralanıb: “Narahat olma, narahat olma, çayla üzü yuxarı getmək istəyirik” – deyə Məğrura sarı gəldi. Görüşüb hal-əhval edəndən sonra qonaqlardan ikisinin Bakıdan gəldiyini və dağ yerlərinin maraqlı mənzərələrini çəkmək istədiklərini söylədi. Məğrur onlara nə qədər təkid etsə də, Ramal çəpərdən içəri girmədi. Ətrafa göz gəzdirə-gəzdirə: “Yox, indi gələ bilmərik, qayıdan baş tez olsa, təzə dəm çayınızdan içməyə gələrik” – dedi.
Onlar yollarına davam edəndən sonra Məğrur yaxınlıqda sürüsünü otaran çobanın yanına getdi. Bir qoyun alıb çobanla bərabər geri döndü.

Qonaqlar qayıdana kimi çoban qoyunu kəsib şaqqalamışdı. Məğrur da kölgəlikdə tonqal qalayaraq kabab çəkmək üçün şişlər hazırlamışdı.

Namaz vaxtı çatanda Məğrur Lamiyə ilə Xəzanı da oyatdı, bir azdan qonaqların geri dönəcəyini onlara söyləyərək çay-çörək, göy-göyərti hazırlamağı onlara tapşırdı.
Qonaqlar qayıdandan sonra Məğrur ət dolu şişləri tonqala qoydu. Ramal Məğrurun əməlli-başdı qonaqlıq təşkil etdiyini görüb, başını bulaya-bulaya söylədi:
– Ay Məğrur, axı bu qədər əziyyət nəyə lazımdı, biz özümüzlə yemək götürmüşdük. Məğrur cavabında söylədi:
– Heç bir əziyyəti yoxdur. Sizin kimi qonaqlara canımız da qurbandır.
Ramal süfrə hazırlanana qədər kameranı götürüb ətrafı çəkməyə başladı. O, artıq ikinci dəfə idi ki, bu tərəflərə gəlirdi. Ötən ilin yayında da həkim yoldaşları və elə bu “Vilis”in sürücüsü ilə bərabər, Xəzanı görmək ümidiylə, qızıl balıq ovuna getmişdi. Onda Məğrur da onlarla bərabər çayla üzü yuxarı gedib onlara bələdçilik etmişdi. Qayıdanda Məğrur onları evə dəvət edib bugünkü kimi qonaqlıq təşkil etmişdi. Məğrurun onları evə dəvət etməsi Ramalın ürəyindən olsa da, onun Xəzanı görmək ümidi boşa çıxmışdı. Amma Xəzanın çərçivəyə salınaraq divardan asılan böyüdülmüş əksini gördükdə özündə müəyyən qədər rahatlıq duymuş və fürsətdən istifadə edib divardakı portreti fotoaparatla çəkmişdi.

Ramal, göl qırağında sıra ilə əkilmiş gülləri, qızılgüldən nektar yığan arını yaxından çəkəndən sonra Arazla bərabər gölün ətrafını dövrə vurdu. Gəlib “Xəzanın güşəsi”nə çatanda ayaq saxladı. Buranın Xəzanın güşəsi olduğunu ötən il söhbət zamanı Uğur babadan eşitmişdi. O, öz-özünə düşündü: “Əcəb yerdi, sən hər yeri görürsən, amma özün görünmürsən; üstdən ağacların hündür budaqları çətir kimi örtür, arxadan yaşıl yamaclıq, ətrafdan isə gül kollarının, ağacların yerə əyilmiş yaşıl budaqları adamı burda görünməz edir. İstər-istəməz burda adam ilhamlanar. Yəqin ki, Xəzan şerlərinin çoxunu burada yazıb”.
Ramal bu düşüncələrdə ikən Araz əlindəki çörək tikəsini gölə atdı. Ramal yerindən tərpənmək istədikdə:
– Əmi, bax necə yeyəcəklər indi onu – deyə Araz səsləndi.
Elə bu anda xırda balıqlar bir-bir çörəyə yaxınlaşdılar. Ramal yenə kameranı çiyninə qoyub bu mənzərəni çəkməyə başladı.
Balıqlar bir dəqiqənin içində islanmış çörəyi marçıldaya-marçıldaya yeyib yox etdilər. Ramal Arazla danışmağa elə bil indicə söz tapdı.
– Həə.., Araz kişi, çörəyini də verdin balıqlara, indi özün nə yeyəcəksən?
– Burda çörək çoxdu, hələ axşama da qalar, əmi.
– Axşam məgər burda qalırsınız?
– Yox, baba ataynan qalır hərdən. Ancaq bibi dedi ki, bu gecə atanı göndərərik evə, biz qalarıq.
– Bibin indi burdadır?
– Bəli, evdə namaz qılırlar.
Ramal Xəzanın burda olduğunu eşitdikdə sevincindən az qaldı ki, uşağı bağrına basıb öpsün. Ancaq sevincini büruzə verməməyə çalışaraq üzünü yenə Araza tutub dedi:
– Elə isə get bir az da çörək gətir, dostum…
Ramalın ağzından söz çıxan kimi Araz yüyürdü. Arxadan Ramal yenə səsləndi:
– Tilovu da gətir, balıq tutanda səni çəkəcəyəm.
Ramal bir aydan çox idi ki, Bakıda idi. Gəldiyi bu iki gün müddətində də Bakıdan gələn dostlarıyla bir yerdə, gəzintidə, qonaqlıqda olmuşdu. Dünən Zuvand zonasına getmişdilər, axşam Xəzanın nömrəsini yığıb danışmaq istəmişdisə də, cavab verən olmamışdı. Bu gün bilərəkdən dostlarını bu tərəflərə gətirmişdi ki, bəlkə Xəzanı görə və bir qədər rahatlıq tapa. Amma bayaq Xəzangilin evlərinin yanından ötəndə onların həyət-bacasında heç kimin olmadığını və burdan keçib gedəndə də Xəzanın onun gözünə dəymədiyini gördükdə, əhval-ruhiyyəsi dəyişib, nigarançılığı artmışdı.

Araz evə tərəf qaçanda Ramal da onu çəkmək bəhanəsiylə açıqlığa çıxıb onu arxadan çəkdi. Araz evin yanına çatanda ilişib üzü üstə yerə yıxıldı. Ramal bunu görüb gülməkdən uğundu. Uşağın ufuldaya-ufuldaya ayağa durduğunu görüb özünü toxtamağa çalışaraq:
– Ay səni…., axı niyə tələsirsən? Bir yerin əzildimi? – deyə gülə-gülə soruşdu.
Araz özünü sındırmayıb: “yox” – dedi, axsaya-axsaya yerindən tərpənib anasını çağırdıqda Lamiyə bayıra çıxdı. Bu anda Xəzan da otağın açıq pəncərəsindən həyətə boylandı, Ramalı gördükdə başının hərəkətiylə onu salamladı. Lamiyənin başı uşağa qarışdığından Xəzanı görmürdü. Ramal da eynən Xəzan kimi başını tərpədərək, gülüşü üzündə donmuş halda baxışlarını Xəzana dikdi. Xəzan Ramalın yerində donaraq ona baxdığını görüb, pəncərədən çəkildi. Bu anda Uğur baba gölün o başından səsləndi:
– Ay bala, çörək gətirin! Ramal, sən də gəl, oğul, kababı soyutma!
Ramal, Uğur babanın səsini eşidib:
– Araz kişi, kabab qutardı, gətir çörəyi gedək – deyə yerindən tərpənərək kişilərə tərəf getdi.
Bundan sonra Ramalın gözləri neçə dəfə Xəzanı aradısa da, daha görə bilmədi. Gün əyiləndə qonaqlar getməyə hazırlaşdılar. Görüşüb ayrılanda Uğur baba Ramala üzünü tutub dedi:
– Ay oğul, hələ keçən il atanı bura gətirəcəyini söyləmişdin, indi üstündən bir il keçir, gətir bu cənnət yerlərdə kişi bir az dincəlsin, mən də onu görüm, tanıyım da.
– Düz deyirsiz, Uğur əmi, indi kəndin ən ləzzətli vaxtlarıdır. Amma kişi buralarda deyil, Moskvaya – dostunun yanına gedib. İnşallah gələn dəfə hökmən gətirərəm – deyib sağollaşdılar.
Qonaqlar gedəndən sonra Xəzangil də çay içib biçinə başladılar. Biçin biçə-biçə bayaq Məğrurun çay süfrəsi arxasında dediklərini xatırlayıb gülümsündü. Üryində: “Hələ də onu evli bilirlər, daha demirlər ki, Ramal bunu yazıq Fidana görə belə deyib, hələ bizim gecə görüşlərimizdən xəbərləri yoxdur. Bilsələr ki, o hələ də sübaydı və məni istəyir buna nə qədər sevinəcəklər… Amma neyniyim, neyniyim ki, mən o unudulmazımın xəyalını qəlbimdən, beynimdən silim, onu sevdiyim kimi bunu sevim, buna könül verim… Hələ də xəyallarımda yaratdığım Rəvanımın fantastik məhəbbətini bunun real məhəbbətiylə əvəz edə bilmirəm”.
Xəzan elə bu düşüncələrdə ikən birdən bərk gurultu eşidildi, eyni anda da yer-göy lap dünən gecə yuxuda gördüyü kimi lərzəyə gəldi.
Hamı vahiməylə: “Ya Allah! Ya Allah rəhm eylə! – deyə qışqırmağa başladı.

Ağacların başı yerə əyilir, evin qapı-pəncərələri, damı şaqqıldayaraq titrəyir, gölün suyu çalxalanıb ləpə vururdu. Araz qışqırıb babasının yanına qaçanda Lamiyə: “Məğrur uşağı götür!” – deyə qışqırdı. Xəzan Lamiyənin daha çox vahimələndiyini görüb: “Narahat olma, heç bir şey olmaz” – onu sakitləşdirməyə çalışdı və gözləri dolmuş halda ötən gecə gördüyü yuxunu xatırladı. Sonra Lamiyənin göz yaşlarını təmizləyərək: “Gəl, namaz qılaq. “Ayət namazı”nı niyyət et!” – dedi.

Eyni vaxtda baba ilə Məğrur da çayda tez dəstəmaz alıb namaza başladılar. İlk rəkətdə zəlzələ hələ də davam edirdi. Buna baxmayaraq, onların daxili gərginliyi tədricən namazla aradan qalxır, aramlaşırdılar.

Onlar namazlarını bitirənə kimi əvvəlki həyəcandan da demək olar ki, heç bir əsər-əlamət qalmadı. Yenə hər şey bayaqkı ahəngi ilə davam etməyə başladı.
Arazın dediyi kimi, bu gecə onlar üç nəfər – Araz, baba və Xəzan bağ evində qalmışdılar…

ardı var…

Müəllif: Kəklik Ayağıqanlı

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this