Xəzan qəlbinin düşüncələriylə çarpışa-çarpışa qalmışdı. Axı bu gün Ramalın ad günü idi.
“Demək, bu gün otuz bir yaşı tamam olur. Bakıya da getmir, ata-anasını orda intizarda saxlayır ki, nədi-nədi bu gecə yenə mənimlə bir yerdə olacaq, bütün ürəyindəkiləri mənə açıb məndən sonuncu cavab alacaq… Bütün ürəyimdəkiləri açıb, indiyə qədər gizli saxladığım sirlərimi olduğu kimi ona söyləmək mənimçün nə qədər çətin olsa da, mən bu gecə onun təklifini qəbul edib onunla görüşməliyəm. Bəlkə hər şeyi eşidib-biləndən sonra özü fikrindən dönər. Gedib valideynlərinin fikrinə şərik olaraq evlənib ailə qurar, xoşbəxt olar…

Danışacağam, hər şeyi danışacağam. “Şikəst cüllüt” olduğumu ondan gizlətdiyimi və qəlbimdə onun məhəbbətindən üstün, onun məhəbbətindən əziz olan Rəvanımın məhəbbətini qoruduğumu da ona açıqca deyəcəm. Bütün bunlardan sonra yenə sözünün üstündə dursa, onda…”

Elə bu vaxt telefonun həzin musiqisi onu düşüncələrindən ayırdı. Bu zəngin Ramal tərəfindən olduğunu anladı. Düyməni basıb cavab verdi:
– Bəli.
– Alo. Salam, Xəz! – Ramalın mehriban səsi eşidildi.
– Salam – deyə Xəzan köks ötürüb cavab verdi.
– Xahiş edirəm, Xəz, ekranı da aç.
Xəzan düyməni basıb telefonun ekranını açdı. Ramalın mehriban üzü ekranda göründü. Eyni zamanda Ramal da öz telefon ekranında onun üzünü gördü,
– Nədi Xəz, niyə yenə pərişansan?
– Pərişan deyiləm, Ramal. Bəs sənin baxışların niyə qayğılıdır?
– Mən həmişə məndən qayğı umanların qayğısına qalmaq üçün əlimdən gələni eləməyə çalışıram. Hazırsanmı, Xəz?
– Hazır olmağına hazıram, amma…
– Amma nə?
– Məğrur hələ gəlməyib, qorxuram…
– Hardadır ki, Məğrur?
– Qonşunun ilidir. Ora gedib, hələ qayıtmayıb.
– Yəni deyirsən, bu gecə görüşə bilmərik?
– Nə bilim. Qorxuram sən gələn anda o da gəlib çıxar.
– Gec gələcək yəni?
– Nə bilim. Artıq saat on ikiyə işləyir. Gəlib çıxmalıdır.
Bu anda həyətdə it zingildəyərək yalmanmağa başladı. Və eyni anda da Məğrurun onu sakitləşdirmək üçün çaldığı fit səsi eşildildi.
Xəzan səsini bir az da yavaşıdıb tələsik dedi:
– Deyəsən, Məğrur gəlir. Elə isə birazdan danışarıq. Hələlik.

Xəzan əlaqəni kəsən anda Məğrur dəhliz qapısından içəri girdi. Keçib mətbəxdən çörək götürüb itə atandan sonra öz otağına girib qapını bağladı.

Xəzan telefonun səsini lap azaldaraq şkafın üstünə qoydu. Sonra da Məğrurun yuxuya getməsinə tam arxayın olmaqdan ötrü, bir qədər uzanıb gözləmək məqsədiylə çarpayısına uzandı. Yenə Rəvanlı düşüncələr, sərsəm yuxular, xəyallar onun beynində dolaşmağa başladı.
Bir anlıq xəyala dalıb yenə Rəvanıyla mükalimə yaratmaq və sonuncu dəfə ona müraciət edib bir məsləhət almaq istədi. Rəvanın surətini gözlərinin önündə canlandırmağa çalışaraq, gözlərini yarıyumulu vəziyyətə çatdırıb öz-özünə pıçıldadı: “Neyləyim, əzizim? Təkrar-təkrar açdığım Quran, etdiyim istixarələr“get” deyir, amma qəlbim heç cür getmək istəmir.

Ürəyimdə sənin məhəbbətin ola-ola “hə” deməyə və onu səninlə əvəz etməyə dilim gəlmir, qəlbim yol vermir, əzizim. Gedib hər şeyi ona danışmağa, bütün sirlərimi, gizli-aşkar vəziyyətimi söyləməklə, ona yenidən kədər bəxş edib əzab verməkdən də qorxuram, Rəvanım”.
“Qorxma, Xəz. Qorxma”. Elə bil Xəzan Rəvanın həzin pıçıltısını eşitdi:“Cəsarətli ol. Taleyin hökmü belədirsə, səndən asılı olmadan da bu yerinə yetəcək. Çalış ruhunu düzgün anlayasan, əzizim. Həyat yolunda irəliləyib yol ayrıcına çıxmısansa, çalış uğura aparan yola yönələsən.Əgər bu yolda işıq ucu görünürsə, niyə səmtini dəyişib qaranlığa doğru yönəlirsən. Tanrı sənə xoşbəxt bir ömür, parlaq gələcək, gözəl ailə səadətinə qovuşmaq üçün geniş yollar açıb, bağlama bu yolları, Xəz. İllərdən bəri qapına sarı gələn bu səadəti qovma qapından. Bu tək sənin səadətin deyil, həm də onun səadətidir. Niyə tərəddüd edirsən, nədən qorxursan, Xəz? Bir az cəsarətli, dözümlü ol, əzizim”.

Xəzanın gözlərindən iki damla yaş yuvarlanaraq gicgahlarına axıb saçlarına qarışdı. Yenə köks ötürüb, pıçıltıyla: “Bacarmıram, Rəvanım, bacarmıram. Onun bu məhəbbətinə biganəlik də sənə olan çılğın məhəbbətimdən, özümü səndən ayrı bilməməyimdən irəli gəlir. Qəlbimi qıfıllayan, dilimi bəndə salan da sənin məhəbbətindir. Səni bütün varlığımla sevməyimə baxmayaraq, sən amansızcasına bu sevən qəlbimi başqasına təslim etməyə çalışırsan.
Qəlbimin bu daş qapılarını açmağa yalnız sənin məhəbbətin qadirdir. Sən örtmüsən bu qapıları, sən də gəl aç, əzizim… Ramalın yeri qəlbimin ayrı güşəsindədir. O, bir dost kimi, yaxın bir sirdaş, doğma bir qardaş kimi daim qəlbimdə yaşayacaq. Artıq mənim ona da, özümə də yazığım gəlir. Sənin mənə bu biganəliyin məni məhvə aparırsa, mənim ona qarşı olan bu soyuqluğum da onu məhvə apara bilər… Qalmışam odla su arasında… Onun mənə olan sonsuz məhəbbətini başa düşürəm. Onun bu məhəbbəti qarşısında mənim mərhəmətim çox-çox azdır. Həyatımda məni yaşadan iki qüvvə var, Rəvan. Bunlardan biri Məkan quvvəsi – sənə olan məhəbbətim, məni Məkana çəkən Rəvanlı düşüncələrim olsa da, məni normal insan kimi bu Zaman dünyasında yaşadan, qayğısıyla az-çox bu cahana bağlayan ikinci qüvvə Ramalın mənə olan böyük məhəbbəti və o məhəbbətdən doğan doğmalıqdır, Rəvanım. Sən məndən üz döndərib uzaqlaşdığın anlarda, məni cansıxıcı dünyayabağlayan Ramalın dəyanəti olub. Əgər o, qarşıma çıxmasaydı, bəlkə sən də mənimçün bu qədər əziz olmazdın… Mən içdiyimiz o andı pozmağa cürət edə bilmirəm… Axı sən həmişə deyərdin ki, biz tezliklə qovuşacağıq. Bu səadət yolu bizi şirin vüsala aparır. Hər görüşümüzdə də yeni-yeni vədlərlə məni müjdələyərdinBudurmu sənin sədaqətin. Budurmu şirin vədlərin? Budurmu mənə olan ülvi məhəbbətin?”…

Sanki yenə Rəvanın kədərli pıçıltıları eşidildi:“Dur Xəz, dur əzizim. Bu əsil səadət yoludur. Ramal intizardadır! Ona son cavabını ver. Dur Xəzim, dur!…”

Xəzanın qulaqları elə bil bu hökümün pıçıltılarından açıldı. Və açılan kimi də telefonun zəif musiqisini eşidib gözlərini açdı. Bir anlıq özünün harada olduğunu bilmədi, sonra tavandakı çilçırağı görüb, öz otağında olduğunu anladı. Əlinin arxasıyla göz yaşlarını silib, dərindən köks ötürərək ayağa durdu. Düyməni basıb musiqini kəsməklə lap astadan Ramala cavab verdi:
– Alo, alo Xəz, niyə cavab vermirsən?
– Eşidirəm, Ramal.
– Xəz, düz yarım saatdan artıqdır ki, zəng edirəm. Lap qorxutdun məni.
– Narahat olma, Ramal, bir az məşğul idim.
– Məğrur gəldimi?
– Bəli, gəldi.
– Neyniyək, hazırsanmı?
– Hazıram, Ramal, hazıram – Xəzan yenə dərin köks ötürüb cavab verdi.
– Niyə belə hüzünlü danışırsan, Xəz, nə olub?
– Heç bir şey, narahat olma. Vaxt azdır. Mən səni gözləyirəm. Hələlik.
– Mən yola düşürəm. Hələlik.

Saat birə qalmışdı. Xəzan kədərlə keçib ayna qabağında dayandı. Bir qədər özünə baxandan sonra fikirli-fikirli başını tərpədərək, acı-acı gülümsündü.

Geyinib hazırlaşandan sonra, kiminlə olduğunu bildirən kağızı stolun üstünə qoyub, pencəyini götürərək səssizcə otaqdan çıxdı.

ardı var…

Müəllif: Kəklik Ayağıqanlı
Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this