Onlar evə çatanda Ramalın atasıyla Uğur baba artıq çoxdan evdə idilər. Lamiyənin dəmə qoyduğu aş ocaq üstə buğlanırdı. Ətri uzaqdan-uzağa adımı məst edirdi. Ocağın yanında samovara köz atmaqnan məşğul olan Lamiyə, Xəzan ilə Ramalın əl qolunu sarıqlı görüb təəccübqarışıq bir zarafatla səsləndi:
– Nə olub, minaya düşmüsünüz nədi?
Əzizə gülə-gülə cavab verdi: “Heç demə, bacı. Bunların işi uzundərədir. Danışsam, uğunarsan gülməkdən”.

Şam süfrəsinə xeyli adam yığıldı. Uğur baba kənd ağsaqqallarını və məsləhət bildiyi yaxın adamlarını çağırtdırıb məsələni onlara açıqlamışdı.

Nəzrin, Ramal və Əzizə Məğrurun otağında ayrıca oturmuşdular. Xəzan da Lamiyə ilə köməkləşib hər şeyi süfrəyə verəndən sonra öz otağına çəkilmişdi. Utandığından Ramalgilin olduğu otağa da girə bilmirdi. Qəlbi böyük həyəcanla döyündüyündən elə bil bütün əl-ayağı əsirdi. Gah Rəvanlı, gah da Ramallı düşüncələrlə ürəyində götür-qoy edir, sevincdənmi, kədərdənmi gözləri dolur və dərindən sinə ötürüb, ah çəkməklə daxilindəki yükünü boşaltmağa çalışırdı.

Balıq ovundan qayıdandan sonra hər şeydən agah olan Məğrur, bütün bu həqiqətlərə hələdə inana bilmirdi, elə bil bütün bunlar ona yuxu kimi görünürdü. Pilləkəndən qalxan kimi Lamiyə tez onu mətbəxə çəkib bircə dəqiqənin içində hər şeyi sevinə-sevinə ona danışanda, o, qəribə bir hökmlə gedib Ramaldan pasportunu istəmişdi. Zaqs səhifəsində heç kimin adını görmədikdə, yenə sınayıcı nəzərlərlə gah Ramala, gah da yanında durub onun bu hərəkətinə çaşqınlıqla baxan Əzizə ilə Nəzrinə baxaraq xoş bir təbəssümlə: “Ramal, demək indiyə qədər sən məni aldatmısan, eləmi?” – deyə Ramalı zarafatla qınayanda Ramal da: “Bağışla, Məğrur, əsil həqiqətideməyə Xəzan icazə vermirdi. Mən hələ Xəzanı tanımamış hamıya zarafatla özümün evli olduğumu söyləmişdim. Sizin kimi Xəzan da elə əvvəllər mənim subay olduğuma inana bilməyib pasportuma baxmışdı. Elə bəlkə o zarafatımın ucbatındandı, düz üç il onu yola gətirmək üçün dəridən-qabıqdan çıxmışam və nəhayət, bu gün bu şəkildə əsil həqiqəti açıqlamalı olmuşam. Gərək bağışlayasız bu zarafatıma görə məni, dostum” – deyə zarafatla gülüşdülər.

Qonaqlara xidmət edərək tez-tez bayra çıxan Məğrur, Ramalın ağsaqqallardan xoş bir xəbər intizarı ilə qapıda durduğunu gördükdə başını bulaya-bulaya:
– Ay səni Ramal. Narahat olma, dostum, daha bu neçə ili gözləmisən, get beş-altı dəqiqədə gözlə, muştuluğunu hazırla hər şeyi, inşallah, sənin xeyrinə qutararıq.
Ağsaqqallar Ramalın atasına xeyir-dua verəndə Məğrur böyük fərəh hissiylə bacısının otağına keçdi. Bacısını təbrik edib bağrına basandan sonra gedib Ramal ilə də görüşüb, onu təbrik etdi.

Sevincindən körpə uşaq kimi atılıb-düşən Əzizə, cəld sumkasından kiçik bir qutu çıxarıb dedi:
– Mən əhd eləmişdim ki, Ramal qardaşımın nişanını özüm qızın barmağına taxım. Mən indi bu böyük arzuma çatmışam. İcazə verin Xəzan bacımın üzüyünü mən taxım.
Əzizə də böyük fərəhlə Ramalın üzündən öpəndən sonra, üzüyü çıxarıb Xəzanın otağına yüyürdü.

Kövrəlib qəlbi yuxaya dönmüş Xəzan, barmağına üzük taxılan anda göz yaşlarını saxlaya bilmədi. Hamı bunu sevinc yaşları kimi qəbul etdi. Bəlkə doğurdan da bu sevinc yaşları idi. Amma Xəzan bayaqdan ürəyində şükran duasını oxuyub Rəvanıyla yenə dərdləşdiyi üçün kövrəlmişdi.
O gecə Xəzanı sonuncu təbrik edən Ramal oldu.
– Təbrik edirəm səni, əzizim. Doğurdan da qan qovuşuqdur. Elə ilk qovuşan və qovuşduran da bizim qanlarımız oldu…Sabah gedirik, əzizim. Gedib onları Bakıda qoyandan sonra yenə qayıdaram, çox yubanmaram. Bundan sonra sənsiz keçən günlərim, saatlarım mənim üçün bir il əzabı qədər ağır olacaq. Yəqin sən də mənsiz darıxacaqsan? Amma narahat olma, Xəz. Ruhum hər an sənin yanında olacaq. Sən də xəyalən bu iki günü yola verəsən, əzizim.
Ayrılıq dəmində Xəzan da ondan ayrılmaq istəmədiyini bildirirmiş kimi var gücüylə onun salamat əlinin biləyini sıxıb:“Ah Rəvanım”, deyə söyləmişdi.

Beləliklə, onlar nişanlanandan sonra ilk görüş gecəsini tam qorxusuz, hürküsüz keçirərək, biri-birindən bu cür ayrıldılar.

Səhər qonaqlar yola düşəndə Xəzan utandığından bayıra çıxmadı. Qaynatası da qadınlarla bərabər içəri girib onun otağındaca onunla görüşdü. Hamı bayıra çıxandan sonra Xəzan tez açıq pəncərəyə sarı yüyürdü. Bayaqdan maşını işə salmaq bəhanəsiylə həyətə düşüb Xəzanın pəncərəsini güdən Ramalın intizar dolu baxışlarına son qoyaraq onunla xəlvəti sağollaşdı. Qonaqların pillələrdə bir qədər yubanmasından istifadə edərək, gülümsər baxışlarını Ramaldan çəkmədən havada yellənən əlini dodaqlarına apardı, bir neçə dəfə xəfifcə öpdükdən sonra şıltaq bir qız çevikliyi ilə utanırmış kimi üzünü yana çevirib tez pərdəni çəkdi. Onun bu gözlənilməz hərəkətindən riqqətə gələn Ramal, artıq valideynlərinin pillələri endiyini görüb, daxili məmnunluq hissiylə gülümsər baxışlarını pəncərədən çəkdi.

Maşını özü idarə etmək istəsə də, anası qoymadı. Atası da onun qolunun ağrıyacağından qorxub özü sükana oturdu. Hamı xoş əhval-ruhiyyə ilə sağollaşıb ayrıldılar…
***

Ramalın dediyi vaxtdan üç gün keçirdi. O, hələ də gəlib çıxmamışdı. İki gün əvvəl Bakıdan zəng edib Xəzanla danışarkən söyləmişdi ki, sabah günortadan sonra Bakıdan çıxaram, rayondakı evə dəyəndən sonra kəndə gələrəm. Amma o danışıqdan sonra nə özü gəlib çıxmamış, nə də zəng edib gəlib-gəlməməyi barədə Xəzana bir məlumat verməmişdi.

Ağsaqqalların danışığına görə on-on beş günə qızın da, oğlanın da toyu olmalı – Xəzan gəlin köçürülməli idi. Elə buna görə də Məğrur ev-təsərrüfat işlərini o vaxta kimi sahmanlayıb, toya hazırlıq görməyə başlayırdı.

Bu gün səhər Məğrur Lamiyəni və qonşu uşaqlarından da 3-4 nəfəri götürüb, kənddən xeyli uzaqda – meşəlikdə yerləşən kartof sahəsinə getməyə qərarlaşdı. Nə qədər dedisə, Xəzanı evdə, qalmağa razı sala bilmədi.
Lamiyə zarafatla: “Xəz, on-on beş gün bizə qonaqsan, qal evdə istirahətini et” dedikdə, Xəzan da eyni ahənglə: “Yox, elə qonaq olduğum üçün də sonuncu dəfə o yerləri at belində gəzmək, yüksəkliklərdə kəndlə üz-üzə qalıb bütün ətrafı doyunca seyr etmək istəyirəm” deyərək fikrindən dönməmişdi.

Əvvəllər at belində çox gəzmişdisə, son beş-altı ildə demək olar ki, heç ata minməmişdi. “Bəlkə bir daha at minmək mənə nəsib olmaz” – deyə düşünərək bu gün at çapmaq həvəsini qəlbində boğa bilmədiyini qardaşına söyləmişdi. İndiyə qədər bacısının ova getmək arzusuna əməl edə bilməyən Məğrur onun bu arzusunu yerinə yetirməyə çalışdı.Məğrur, bacısını öz atına mindirmiş, özü isə qonşunun atıyla getmişdi.

Onlar kartof sahəsini belləyib alaqdan təmizləyəndən sonra axşamtərəfi evə dönmüşdülər. Xəzanın orada az işləməyinə baxmayaraq, o, yenə də arğın-yorğun idi. Uzun müddət ata minmədiyindən ayaqları ona sümüyündən və diz oynaqlarından ağrı verirdi. Qayıdan baş qardaşıyla yarışa girib at çaparkən ayaqlarını yəhərə sıxdığından diz oynaqları içəri tərəfdən yəhərə sürtülüb qızarmışdı.

Xəzan şam yeməyindən sonra, artıq heç bir iş görməyə taqəti qalmadığını bildirdi, dincəlmək üçün öz otağına keçdi.
Bir qədər uzanıb dincini alandan sonra durub stol arxasına keçdi. Bu gün yol boyu at belində cızma-qaraladığı şeri vərəqdən dəftərə köçürməyə başladı.
Sizdə ötür ömür-günüm,
Sizinlədir toy-düyünüm.
Batmasın qoy səsim-ünüm,
Qoymayın siz ağlar məni,
Haraylayın dağlar məni.
Yay da ötər, payız gələr,
Sizə çəngə bulud enər.
Payız könlüm sizlə gülər,
Qoymayın siz ağlar məni,
Haraylayın dağlar məni.
Bir gün gələr ömür bitər,
Gözlərimin nuru itər.
Ömrün sonu gəlib yetər,
Qoymayın siz ağlar məni,
Haraylayın dağlar məni.
Qazdığım o “ürək bulaq”,
Verər sizə məndən soraq.
Onda olub ona dayaq,
Qoymayın siz ağlar məni,
Haraylayın, dağlar məni.
Ovudun siz yenə məni,
Unutdurun kədər, qəmi.
Haraylayın dağlar məni,
Qoymayın siz ağlar məni,
Haraylayın dağlar məni.
Şeri köçürəndən sonra durub yerinə uzandı. Ramalı yadına salıb yenə darıxmağa başladı. Ötən bu iki gecəki yuxularını qarışdırdığından və Ramalın bu gün də gəlib çıxmadığından nigarançılığı birə-on artmağa başladı. Ürəyi sıxıldığı üçün durub pəncərə önündə dayandı. Bir qədər təmiz hava alandan sonra qayıdıb dəstəyi qaldırdı. Ramalın rayondakı evinin nömrəsini yığmağa başladı. Ötən gecələrdəki kimi yenə telefon çağırmağa başladı. Yenə cavab verən olmadığını görüb kədərlə dəstəyi yerinə qoydu. Əl telefonunu da yenə yoxladı, dünənki kimi yenə onun nömrəsi yığılmadı.

Ramalın gəlib çıxmamağı Məğruru da nigaran etmişdi. Bacısının yanında o özünü biruzə verməsə də, ondan xəlvət Lamiyə ilə bu barədə danışır, Xəzan kimi, o, da tez-tez telefonla əlaqə yaratmağa çalışırdı.
O, Ramalla əlaqə yarada bilmədiyini gördükdə, məcbur olub Ramalgilin Bakıdakı telefonunu yığmışdı. Orada da dəstəyi qaldıran olmadıqda ürəyinə min cür qara-qura fikirlər dolmuş və onun dincliyini əlindən almışdı.
O, Xəzanın yatdığını güman edərək, saat 23:30-da Ramalın atasının əl telefonuna zəng etdi.
Ramalın atası xəstəxanadan Məğrura cavab verdi. Uzun hal-əhvaldan sonra, o, Xəzana heç bir şey sezdirməmək şərtilyə, nə üçün xəstəxanada olmağının səbəbini qısaca Məğrura söylədi:
“Srağa gün Ramal rayona dönəndə maşınını çırpıb, yaralı qolu burxulub, bir də sifətini şüşə bir balaca cızıb. Qorxulu bir şey yoxdu. Xəzana de ki, Elməddinin fövqəladə işi meydana çıxdığı üçün Ramal onunla bərabər Moskvaya gedib, bir həftəyə qayıdarlar. Narahat olmağa dəyməz” deyə onlara toxtaqlıq verdi.

Səhərsi gün, Məğrur bu yalana bacısını inandırmağa çalışaraq həm xeyir işlə əlaqədar uşaqlara dəymək, həm də idarə işləriylə bağlı Bakıya getmək istədiyini evdəkilərə bildirmişdi.
Xəzan qardaşının dediklərinə tam inanmadan, ürəyində: “Yəni Moskvaya gedəndə telefonla xəbərdarlıq edə bilməzdi, bir kəlmə sözü deməyə nə var ki. Heç həqiqətə oxşamır” – deyə düşünərək, düşündüklərini biruzə vermədən qardaşını yola salmışdı.

ardı var…

Müəllif: Kəklik Ayağıqanlı

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this