Xəzan çoxdan burda gecələmək arzusunda olsa da, Məğrur buna razı olmayıb, özü gecələr gəlib babayla burda gecələyərdi. Nədənsə Xəzanın burda qalmasını istəməzdi. Bu gün Xəzan qardaşını birtəhər yola gətirərək öz arzusuna nail olmuşdu. Bu gecə o, yatmayıb, meşənin ətəyində yerləşən bu güşədə təbiətin səsinə qulaq asmaq istəyirdi. Zəlzələdən sonra onun qəlbi yenə romantik hisslərlə dolmuşdu.

Xəzan əvvəlcə babanın yatıb-yatmadığını yoxladı. Uğur baba nəticəsini qucağına salıb xoruldayırdı. Xəzan onların qımıldanmadan xoruldadığını görüb yavaş-yavaş pillələri aşağı endi.

Bədrlənmiş ay dağın arxasından yenicə qalxmışdı. Ay işığında hər tərəf bəyaz görünürdü. Xəzan axırıncı pillədə bir qədər oturub aya tamaşa etdikdən sonra fərəhlə yerindən durdu. Altdakı eyvandan orağı götürüb yavaş-yavaş evin sol böyründəki – göl ilə evin arasındakı – yarımçıq buğda zəmisini biçməyə başladı.

Həvəslə işləyirdi, gündüzlər ilanın qorxusundan ehtiyat edirdisə, indi heç ilan da yadına düşmürdü. Ancaq hərdən orağın xışıltısından Uğur babanın oyana biləcəyini yada salaraq dikəlir, ətrafı dinləyirdi. Eyvandan babanın xorultusunu eşidib yenə biçməyə davam edirdi.
Ramal çayın o üzündə, ağacın arxasında dayanıb bayaqdan Xəzana tamaşa edirdi. O, bir işarə ilə gəlişini ona bildirmək istəyirdi, ancaq evin qabağında uzanmış itin oyanıb hürəcəyindən və babanı da oyadacağından ehtiyat edirdi. Ramal Məğrurun burda olmadığına əmin idi.

O, bu gün qonaqlarını Lənkərandan avtobusla yola salandan sonra rayona – öz evinə dönmüş, Məğrura zəng etmiş və Məğrurdan zəlzələdən sonrakı vəziyyəti soruşmuşdu. Arazı soruşduqda, Məğrur onun babasıyla qaldığını söyləmişdi.

Yol boyu Xəzanla necə görüşəcəyi barədə düşünmüşdü. Ona elə gəlirdi ki, Xəzanı öz güşəsində görəcək. Elə ona görə də birinci ora gedəcəyini qərara almışdı.

Nəyahət, Xəzan biçməyinə ara verib dikəldi, sol əlini belinə dayaq verərək özünü arxaya əydi. Paltarının cibindən saatı çıxarıb ay işığına tutdu: “İki əlli beş, elə əsil vaxtıdır” – ürəyindən keçirdi. Biçin biçərkən geyindiyi üst köynəyinin düymələrini aça-aça evə getdi. Evdən sabun və məhrəba götürərək yuyunub dəstəmaz almaq məqsədiylə göl qırağından çaya endi. Ramal arxasını ağaca söykəyib, onun qayıtmasını gözlədi.

Xəzan bir əlində paltarının ətəyi, o biri əlində isə sabun qutusu tutmuş halda çaydan çıxdı. Sabun qutusunu oturacağın üstünə qoyub əl-ayağını quruladı. Bayaqdan tüstülənən ocağı alışdırıb qafadanı üstünə qoydu. Axşamüstü yuyub sərdiyi corablarını oturacağın söykənəcəyindən götürüb geyinəndən sonra yenə üzünü aya çevirdi, gülümsəyib başını bulayaraq asta addımlarla öz güşəsinə tərəf getdi.

Ramal astadan öskürdükdə Xəzan diksinərək səs gələn səmtə boylandı. Kolların kölgəliyində papiros közərtisini görüb gələnin Məğrur olduğunu güman etdi. Dikəlib yerindən qalxdıqda Ramal astadan: “Qorxma, Xəz, mənəm” – səsləndi.
Xəzan heyrətlə ona baxıb dedi:
– Ramal, axı Məğrur sizin Bakıya gedəcəyinizi…
Sözü ağzında qaldı. Ramal ona yaxınlaşıb:
– Narahat olma, Xəz, otur – dedi.
Ramal da gəlib onun yanında oturdu. Budaqların arasından süzülən ay işığında onların üzü ləpir-ləpir görünürdü. Ramal baxışlarını Xəzanın üzündə gəzdirdikdə, həmişə olduğu kimi Xəzan yenə də baxışlarını yerə dikdi.
– Bu gün niyə üzümüzə çıxmadın, Xəz?
Xəzan dinmədi.
– Bilirsənmi səninçün necə darıxmışdım. Səni görmək ümidiylə gəlmişdim bu gün, sən isə məni heç saymadın.
– Niyə elə deyirsən, Ramal. Mən pəncərədən səninlə salamlaşmadımmı?
– Araz yıxılmasaydı, o ani baxışmağımız da olmazdı. Sonra nə qədər evə sarı baxıb səni görmək istədimsə, sən çıxmadın. Az qala Arazdan kababı alıb özüm gətirim sizinçün, Lamiyənin göy-göyərti gətirdiyini görüb elə bildim sən də bir bəhanəylə gələcəksən, amma…
– Ramal, mən çıxsaydım, hökmən onlar bizim əhvalımızdan duyuq düşəcəkdilər, sənin gəlməyini eşidəndə nədənsə həyəcanlanmağa başladım. Elə bilirdim ki, bayıra çıxan kimi Lamiyə də, Məğrur da bizim hərəkətlərimizdən, baxışımızdan şübhəyə düşəcək və aramızda olan bu gizli münasibətlərimiz faş olacaq.
– Onlar bilsələr nə olar ki, məgər sevib-sevilmək qəbahətdi? Nə vaxta kimi gizlədəcəyik bu hisslərimizi, Xəz?
– Yox Ramal, bunu sadə dost görüşləri kimi qəbul edirəm mən. Ramal, nahaq gəlmisən bura. Əgər bizi bir yerdə görsələr, ikimizə də pis olar. Məğrur sənin evli olduğuna inanıb. Atam sənin neçə uşağın olduğunu soruşanda Məğrur: “Hələ mən öz dişlərimi düzəltdirəndə onun bir oğlu var idi, yəqin sonralar da dünyaya gələni olar” – deyə cavab verdi.
– Doğrudan da məni evli bilirlər onlar?
– Nə bilim, Məğrur sənin yoldaşını da, oğlunu da gördüyünü deyirdi onlara.
– Harda görüb ki, demədi?
– Niyə, dedi. Dedi ki, keçən il bulvarda görmüşəm, bacısı da onlarnan idi. Məni gülmək tutdu, az qaldı açım deyim ki,o Əzizə olub, uşaq da Əzizənin uşağı olub. Sonra özümü əngələ salacağımdan qorxub onun dediyini mən də təsdiqlədim. Dedim ki, həmin gün mən də onlarnan bərabər sizin dırnaq arası – “yoldaşınızı” görmüşəm.
Ramal gülümsünüb başını buladı.
– Mən bilsəydim, bu gün ailəmizdən onlara danışardım və o vaxt özümün evli olduğumu yalandan söylədiyimi Məğrura deyərdim.
– Yox, Ramal, yox. Qoy hamı elə bilsin.
Soyuqdan sanki Xəzana üşümə gəldi. O, bayaqdan qolsuz paltar geyindiyini elə bil hiss eləmirdi. Ramal onun üşüdüyünü hiss edib dedi:
– Üşüdün deyəsən, Xəz. Al mənim gödəkçəmi at çiyninə.
Ramal nazik gödəkçəsini çıxarıb onun çiyninə salmaq istədikdə, Xəzan:
– Yox, yox, lazım deyil, indi durarıq.
– Götür Xəz, soyuq su ilə yuyunub oturmusan burda, özünü xəstələndirəcəksən – deyə Ramal onun etirazına qulaq asmayıb gödəkçəni onun çiyninə saldı. Elə bu an yenidən zəlzələ baş verdi.
Onlar təşvişlə: “Ya Allah, ya Allah” – deyib bir-birinə qısıldılar.
Yerin titrəməsi dayananda Xəzan ondan aralanaraq gözlərinin nəmini sildi. Utancaqlıqla üzünü çeviribdedi:
– Bağışla, Ramal.
– Çox şükür ki, bugünkü kimi bərk olmadı, həm də tez ötüb keçdi.
Elə bu anda yaxınlıqdakı qurbağalar bir-bir quruldamağa başladılar. Xəzan gülümsünüb başını buladı:
– Saat neçədi, Ramal?
Ramal qolunu ay işığına tutub:
– Dördün yarısıdır – dedi.
– Getmək lazımdır, Ramal. Bir azadan atam oyanar.
Ramal könülsüz-könülsüz ayağa qalxdı. O, Xəzana ürəyindəkiləri – atasının ona elçi gəlmək istədiyini demək istədisə də, yenə tərəddüd etdi.
Xəzan onun ürəyinin dolu olmasını bilsə də, onun nə demək istədiyini gözləmədən yola düşdü.

Xəzan qabaqda, Ramal da onun dalınca, sakitcə yeriyirdilər. Ramal valideynlərinin arzusunu ona necə bildirəcəyini, Xəzan isə bu gecə görüşlərinə son qoymaq fikrini ona necə söyləyəcəyini ürəyində götür-qoy edirdi.

Gəlib gızılgül kolunun dibinə çatdıqda Ramal ayaq saxladı, bu gün kamera ilə çəkdiyi gülü qırıb iylədi, sonra Xəzana uzadıb dedi:
– Gör nə gözəl ətri var, Xəz.
Xəzan gülü alıb dərindən köks ötürdü, üzünü yana çevirərək:
– Son qoyaq bu gecə görüşlərimizə, Ramal – dedi.
– Nəyə görə, Xəz?
– Bu gecə görüşlərimizin sonu pis nəticələnə bilər, müsbət hal kimi qəbul etmirəm mən bunu.
– Xəzan…
Ramal sözünün dalını deməyə tərəddüd etdi. Cəsarətini toplayıb evdəkilərinin ona elçi gəlmək istəmələrini söyləmək istədikdə Xəzan yoluna davam etdi. Onlar yenə ağacların arasından keçən cığırla çəpərə sarı getdilər.
Xəzan asta səslə söylədi:
– Get Ramal, sonra telefonla əlaqə saxlayarıq.
– Yaxşı, sən də get dincəl, Xəz – deyib ayrıldılar.
Ramal çəpərdən çıxıb gözdən itənə kimi Xəzan yerindən tərpənmədi.

ardı var…

Müəllif: Kəklik Ayağıqanlı

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this