Xəzan Ramal ilə həmişəki yerdə görüşdü. Rayona çatana kimi heç biri dinmədi. Rayona çatana kimi heç biri dinmədi. Xəzan maşının rayon mərkəzinə döndüyünü gördükdə təəccüblə soruşdu:
– Ramal, hara gedirik?
– Bu gecəki görüşümüzü evdə planlaşdırmışam, Xəz.
– Yox, Ramal, xahiş edirəm, yenə həmişə getdiyimiz yerə gedək.
– Xəz, bu gecə sən mənim xahişimi qəbul eləməlisən. Axı mənim ad günümdür.
Xəzan təşvişlə gah sağa, gah da sola baxıb yenə səsləndi:
– Ramal, Ramal, axı bizi…
Ramal onun sözünü ağzında qoydu:
– Narahat olma, Xəz. Demək olar ki, rayon camaatının çoxu yatıb. Görürsən ki, küçələrdə də gediş-gəliş yoxdur. Maşının içində görünmürsən ki, səni tanıyan olsun. Evdə də məndən başqa heç kim yoxdur. Nədən ehtiyat edirsən?
– Ramal, məni evə aparacağını ağlıma gətirə bilməzdim. Bilsəydim…
– Bilsəydin neylərdin, hədiyyə alardın mənə? – Ramal zarafatla soruşdu.
Xəzanın da dodağı azacıq qaçdı:
– Yox, hədiyyə heç ağlıma gəlməyib.
– Sənin gəlişin mənimçün əvəzsiz bir hədiyyədir, Xəz.

Xəzan vəziyyətin belə alındığını görüb, evdə özünü necə aparacağı və ürəyindəkilərini ona necə söyləyəcəyi barədə düşünməyə başladı. Öz-özünə: “Gecənin bu aləmində yad bir kişiylə bir evdə, bir otaqda? Nə pis alındı. İşıqlı bir otaqda, üz-üzə durub indiyə qədər gizlətdiyim o həqiqətləri necə söyləyəcəyəm ona. Görəsən, buna cəsarətim çatarmı? Hər necə olsa da, kişi xeylağıdır. Birdən hisslərini cilovlaya bilmədi, özünü ələ ala bilməyib hər şeyi unutdu, məni özünə ram edərək təslim etdi, onda necə olacaq? Bu rüsvayçılıqdan necə qurtararam…?”

Ramal isə belə düşünürdü: “Görəsən, evə getməyimizi niyə istəmir? Niyə tərəddüd edir, görəsən? Bəlkə onu yoldan çıxarıb təcavüz edəcəyimdən qorxur? Ya da kimsənin gəlib onu mənimlə bir yerdə görəcəyindən qorxur. Yəqin hələ də mənə inana bilmir, ona xəyanət edəcəyimdən ehtiyat edir… Yəni mən belə alçaqlığa yol verərəmmi? Əsla…”

Maşın həyət qapısına çatanda Ramal əlindəki pultun düyməsini basıb həyət qapısını açdı. Maşını içəri salıb qapını bağlayandan sonra: “Hə, çatdıq” – deyib maşının qapısını açdı. Bu zaman Xəzan təlaşla səsləndi:
– Ramal!
Onun hökmlü səsi Ramalı saxladı. O, bir ayağı yerdə, biri də maşında dönüb Xəzana baxdı. Onun üzünü yaxşı görmədiyindən Ramal salonun işığını yandırdı. Xəzanın doluxsunduğunu görüb soruşdu:
– Nə olub, Xəz?
– Ramal, səndən artıq dərəcədə xahiş edirəm, gəl geri dönək, ya da həmişə getdiyimiz yerə gedək!
Ramal onun şüşədən bayıra zillənmiş donuq baxışlarından gözlərini çəkmədən mehriban səslə soruşdu:
– Xəz, axı nədən belə narahatsan? Axı nə olub?
– Heç bir şey. Ürəyim yaman narahatdır. Qəlbimi toxtada bilmirəm.
– Axı nəyə görə?
– Heç özüm də bilmirəm. Amma onu bilirəm ki, özümə nifrət edirəm. Nədənsə özümü xoş xəyallarla yaşayan, sadəlövh və aldanmış bir qıza oxşadıram. Sanki bu gizli hərəkətlərimizlə özümüzü bədbəxtliyə yuvarladırıq bu gecə. Bu normal hərəkət deyil. Xahiş edirəm, Ramal, gəl qayıdaq.
Xəzan sağ əliylə gözünün nəmini silərək üzünü yana çevirdi. Ramal köks ötürüb aramla sözə başladı:
– Xəz…, mən səni başa düşürəm. Bir qız kimi narahat olmaqda bəlkə də haqlısan. Amma tanış olduğumuz ilk günlərdən, ilk gecədən bəri, ancaq ulu Yaradanın yanında aşkar olan bu məxfi görüşlərimizdə, həmişə çalışmışam ki, mənliyimizə toxuna biləcək, şəxsiyyətimizi alçalda və dinimizə xələl gətirə biləcək yersiz bir hərəkətə yol verməyim. Əsl insani hisslərlə davranım. Tanış olduğumuz bu illər ərzində yəqin ki, az-çox xasiyyətimə bələd olmusan və məni yaxşıca tanımısan. Məhz buna görə də mənə etibar edib dostluğumuzu davam etdirməyə razılaşmısan. Bilirsən ki, mən havayi-həvəsi ilə yaşayan, alçaq təbiətli, zəif iradəli insanlara nifrət edirəm.
Hər dəfə səninlə olan gizli görüşlərimizdə Ulu Tanrıdan diləyim ancaq bu olub ki, Tanrı nəzərində və sənin gözündə ucalmaq üçün Ulu Tanrı özü hərəkətlərimlə, davranışıma nəzarətçi olsun və Özü məni məkruh hisslərdən, pis niyyətlərdən qorusun. Bunu tək özümçün deyil, həm də səninçün diləyirdim, Xəz. Mənə elə gəlir ki, Ulu Yaradan mənim bu duamı müstəcəb edərək, doğrudan da Özü bizi nəzarəti altına almış və bu vaxta kimi bu cür gizli gecə görüşlərimizin faş olmağını istəməmişdir. Mən bu gecə bu müqəddəs eşqimə sadiqliyimi sübuta yetirmək istəyirəm, Xəz. Bu pak və ülvi məhəbbətimizin ilk tarixçəsindən söz açmaq, illərdən bəri apardığım müşahidələrin, ikimiz arasında bu vaxta qədər məxfi qalan, sehrli bir sirrin üstünü ilk dəfə olaraq sənə açmaq və son nəticəyə gəlmək üçün səni öz evimə gətirməyi məsləhət bilmişəm. İstərdim ki, bu gecəki tarixi görüşümüzü işıq altında, rahat otaqda, yemək-içmək stolunun arxasında söhbət edə-edə, şən əhval-ruhiyyə ilə keçirib, qarşılıqlı anlaşma yolu ilə başa vuraq.

Ramal danışdıqca artıq narahatçılığından heç bir əsər-əlaməti qalmayan Xəzan yenə dərin düşüncələrə dalır, sanki xəyalında nəyisə ölçüb-biçərək özlüyündə qəti bir qərara gəlməyə çalışırdı. Ramal Xəzanın dinmədiyini görüb gözlərini onun susqun baxışlarına dikdi. Sonra: “Düşəkmi, Xəz?” – deyə səsləndi.
Xəzan başını tərpədib: “Düşək” – dedi.

Ramal sevincək maşından düşdü. Xəzanın qapısını açıb əlini ona uzatdı. Xəzan yenə tərəddüd edirmiş kimi baxışlarını qaldırıb onun havada qalmış əlinə baxdı. Ramal gülə-gülə səsləndi:
– Nədir, Xəzan xanım. Deyəsən, yenə mənə inanmır, nədənsə tərəddüd edirsən, eləmi? Sonra üzü tədricən ciddiləşərək davam etdi: “Sənin bu tərəddüdünə heç bir ehtiyac yoxdur, Xəz. Yenə deyirəm, inanmırsan and içim. Mən ilk andıma sadiqəm, unutmamışam o andı”.
Məhz bundan sonra Xəzan “ Ya Allah!” – deyərək maşından düşdü.

Qapıdan girərkən ayaqqabılarını çıxarmaq istədikdə Ramal bir qədər ciddi görkəm alıb: “Dayan” – dedi. Xəzan onun səsindən bir anlıq duruxub yavaş-yavaş dikəldikdə, Ramal gülümsünə-gülümsünə:
– Əgər çox tələsirsənsə və ya narahatsansa, bir də ayaqqabılarını çıxarma, elə qapıdaca bir az söhbət edib çıxıb gedək.
Xəzan onun zarafatını başa düşüb qımışdı. Yenə əyilib ayaqqabılarını çıxara-çıxara cavab verdi:
– Narahat olma, daha tələsmirəm. Sübh azanına yarım saat qalmış, inşaallah, aparacaqsan məni.

Ramal tez içəri daxil olub sezdirmədən küncdəki stola qoyduğu kameranın düyməsini basdı. Stolun üstündə hər şey hazır idi. İki nəfər üçün nəzərdə tutulmuş, zövqlə bəzədilmiş bu gözəl süfrədə göy-göyərtidən tutmuş plova və toyuq ləvəngisinə kimi hər şey var idi.
Ramal Xəzana oturmaq üçün yer göstərdikdə Xəzan maraqla süfrəyə baxıb soruşdu:
– Süfrəni kim bəzəyib?
– Özüm bəzəmişəm. Deyəsən, qüsuru var, hə?
– Yox. Bu cür gözəl süfrəni mən belə aça bilmərəm. Maşaallah, elə düzmüsən ki…
– Hə, süfrə açmağa pis deyiləm. Hələ uşaqlıqdan anama kömək edərdim.
– Yeməkləri də özün hazırlamısan?
– Yarısını restoranda hazırlatmışam, tabakayla soyuq salatları özüm eləmişəm.
– Əhsən, Ramal. Belə bilməzdim. Sənin bu qədər əziyyətini qiymətləndirməyib bura gəlməmək heç insafdan olmazdı.
– Sənin bu gün dəvətimi qəbul etməyin və mənimlə bir yerdə, bir otaqda olmağın mənimçün əvəzsiz bir sevinc, misilsiz bir hədiyyədir, Xəz.
Xəzan başını tərpətməklə təşəkkürünü bildirdi. O, yavaş-yavaş pianoya yaxınlaşıb, qapağını qaldırıb soruşdu:
– Ramal, heç çalırsanmı bunu?
– Hərdən. Könlümə düşəndə. Sən necə çalmağı bacarırsanmı? – deyə Ramal da gəlib Xəzanın böyründə dayandı.
– Sən demişkən, mən də hərdən könlümə düşəndə dınqıldadıram. Çox da yaxşı çala bilmirəm.
Xəzan danışa-danışa Rüfət Əhmədzadənin “Sən həmişə mənimləsən” televiziya tamaşasından bir parçanı çalmağa başladı:
– Maşaallah, məndən yaxşı çalırsan – Ramal deyib, bir neçə beyt şeir söylədi:
Sevgilimdi mənə qonaq
Uzan ay gecə, ay gecə.
Qovuşub vüsala çataq
Uzan ay gecə, ay gecə.
Qəlbə sevinc, fərəh ol sən,
Uzan ay gecə, ay gecə.
Axıb ürəyinə dol sən,
Uzan ay gecə, ay gecə.

Ramal birinci bəndi qurtaran kimi gülümsər üzünü Xəzana çevirdi. Xəzan da qəlbinin sözlərini eynən Ramal kimi həzin-həzin ifa etməyə başladı:
Dost unudar dostu necə
Dostluğa şahid, ay gecə
Nəğmə həzin, səs də incə
Uzan ay gecə, ay gecə.

Xəzanın kədərinin bir qədər sovuşduğunu və təbəssümlə şeir söylədiyini görən Ramal bir az da ilhamlandı:
Dost-dostunu hər an anlar,
Dostsuz qəlb də tənha olar.
Dostlar dar gündə sınanar,
Uzan ay gecə, ay gecə.

Sonuncu beyti söyləyəndən sonra onlar yemək stolu arxasına keçdilər. Xəzan Ramalın göstərdiyi yerdə oturdu.

Ramal Xəzanı bilərəkdən burada oturtdu ki, o həm televizora baxa bilsin, həm də televizorun arxasındakı divardan asdığı rəsm əsərlərini və portreti görə bilsin…

ardı var…

Müəllif: Kəklik Ayağıqanlı

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this