Quran

«Öz yurdlarından təkəbbürdən məst halda, özlərini xalqa göstərmək üçün çıxanlar və başqalarını Allah yolundan çəkindirənlər kimi olmayın. Allah onların etdiklərindən ağahdır.»[1]

Hədis

2470. Allahın Peyğəmbəri (s):«Vay olsun, dini dünya malından ötrü vasitə edənlərə! Öz yumşaq dilləri ilə insanların qarşısına quzu cildində çıxarlar, sözləri baldan şirindir, qəlbləri isə canavar qəlbidir. Allah-taala buyurmuşdur:«Mənə (rəhmətimə) lovqalanırlar?!»[2]

2471. Allahın Peyğəmbəri (s):«Mələk bəndənin əməllərini sevinə-sevinə yuxarı aparar. Yaxşı əməllərini yuxarı çatdırdıqda, Allah-taala buyurar:«Onları siccində[3] yerləşdir. Bu əməllər Mənə xatir olmayıb.»[4]

2472. Allahın Peyğəmbəri (s): «Qiyamət günü  riyakara nida gələr: «Ey pis əməl sahibi! Ey yalançı! Ey riyakar! Əməlin bərbad oldu, savabın aradan getdi. Get, öz savabını, əməllərini kimdən ötrü etmişdinsə, ondan al.» [5]

2473. Allahın Peyğəmbəri (s):«Allah-taala buyurur:«Həqiqətən, Mən ən ehtiyacsız şərikəm. Buna görə, bir iş görən Məndən qeyrisini onda şərik tutarsa, Mən o işə nifrət edərəm. Belə iş, Mənə şərik qoşulandan ötrü görülüb.» [6]

2474. Peyğəmbər (s):«Allah-taala zərrə qədər riya ilə qarışıq olan əməli qəbul etməz.» [7]

2475. Allahın Peyğəmbəri (s) bir kişinin «Ey Allahın Rəsulu, nicat nədədir?» sualına cavabından: «Bəndənin Allaha itaəti insanlara xatir etməməsində.» [8]

2476. İmam Əli (ə):«Adamın batininin xəstə və zahirinin gözəl olması necə də pisdir.» [9]

2477. İmam Əli (ə):«İlahi! Zahirimin insanların nəzərində gözəl olmasından və Sənin üçün aşkar olan batinimin çirkinliyindən, özümü riyakarlıqla xalqın nəzərində Sənin məndən daha yaxşı bildiyin şeylə bəzəməyimdən, sonra da gözəl zahirimi xalq üçün göstərib bu əməlimin pisliyini Sənin yanına gətirməyimdən və bu minvalla bəndələrinə yaxınlaşıb, razılığından uzaq düşməyimdən Sənə pənah gətirirəm.» [10]

2478. İmam Baqir (ə):«Kimin zahiri (tərəzisinin gözü) batinindən ağır gələrsə, onun əməl tərəzisi yüngül olar.» [11]

2479. İmam Sadiq (ə):«Riyakarlıqdan çəkin. Çünki kim Allahdan qeyrisi üçün bir iş görərsə Allah-taala onu Allaha şərik  qoşduğu həmən kəsə tapşırar.» [12]

 

778. Riya və şirk

2480. Allahın Peyğəmbəri (s):«Hər şeydən çox, sizin üçün kiçik şirkdən narahatam.» Ərz etdilər:«Ey Allahın Rəsulu! Kiçik şirk nədir?» Buyurdu:«Riya.» [13]

2481. İmam Əli (ə):«Bilin ki, azacıq riya, şirkdir.» [14]

2482. İmam Əli (ə):«Allahın Rəsulundan (s) «Kimin öz Rəbbi ilə görüşmək ümidi varsa, yaxşı işlər görməli və heç kəsi Rəbbinə şərik qoşmamalıdır»[15] ayəsi haqda soruşdular. Həzrət (s) buyurdu:«Kim özünü xalqa göstərmək üçün namaz qılarsa müşrikdir… və kim Allahın əmrlərindən birini özünü xalqa göstərmək üçün yerinə yetirərsə müşrikdir.»[16]

 

779. Riyakarların acı aqibəti

2483. Allahın Peyğəmbəri (s):«Cəhənnəm və onun əhli riyakarların əlindən fəryad qopararlar.» Dedilər:«Ey Allahın Rəsulu! «Alov necə fəryad qoparar?» Buyurdu:«Riyakarlara verilən əzab alovunun istisindən.» [17]

2484. İmam Sadiq (ə):«Qiyamət günü namaz qılan bəndəni gətirərlər və o, deyər:«Ey Rəbbim, mən Sənin razılığın üçün namaz qılmışam.» Amma ona deyilər:«Xeyir, əslində sənin barəndə «filankəs necə də gözəl namaz qılır» demələrindən ötrü namaz qılmısan. Onu Cəhənnəmə aparın.» [18]

 

780. Riyakarın nişanələri

2485. İmam Əli (ə):«Riyakarın üç nişanəsi var: insanları görəndə sevincək olar, tək qalanda isə halsız və tənbəl, hər bir işdə təriflənməyini istər.» [19]

 

781. Müxtəlif

2486. Allahın Peyğəmbəri (s):«Gizli (ibadət və xeyir əməl) aşkardan yaxşıdır. Bu əməlləri aşkar surətdə etmək, başqalarına nümunə olsun deyə yerinə yetirmək istəyən kəs üçün yaxşıdır.» [20]

2487. İmam Baqir (ə) (Zurarə, yaxşı iş görən və kənardan onun bu əməlini kimsənin gördüyü zaman bundan xoşhal olan bir şəxs barədə Həzrətdən (ə) soruşduqda): «Eybi yoxdur, hamı xeyir əməllərinin insanlar qarşısında aşkar  olunmasını istəyər. Ancaq, bir şərtlə ki, o xeyir əməli həmin məqsədlə yerinə yetirməsin.» [21]

2488. İmam Sadiq (ə):«Kim gizlində xeyir iş görsə, ona (gizli işin) savabı yazılar. Əgər onu dilinə gətirsə, həmin gizli əməl silinər və ona aşkar əməlin savabı yazılar. Əgər ikinci dəfə dilinə gətirsə, aşkar əməlin savabı silinər və onun üçün riya yazarlar.» [22]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Ənfal, ayə 47

[2] Ə‘lamud-Din,səh.295

[3] Siccin-zindan günahkarların və kafirlərin  əməl dəftəri

[4] əl-Kafi, c.2, səh.295, hədis7

[5] Munyətul-Murid.səh.318

[6] İddətud-Dai,səh.203

[7]Tənbihul-Xəvatir, c.1,səh.187

[8] Tənbihul-Xəvatir, c.1, səh.186

[9] Ğurərul-Hikəm,hədis 9661

[10] Nəhcül-Bəlağə, hikmət 276

[11] Əmali-Səduq,səh.398

[12] əl-Kafi, c.2,səh.293, hədis1

[13] İddətud-Dai,səh.214

[14] Tuhəful-Uqul,səh.151

[15] Kəhf, ayə 110

[16] Təfsirul-Qummi, c.2,səh.47

[17] Mustədrəkul-Vəsail, c.1,səh.107 , hədis 109

[18] əz-Zöhdli lil Huseyn ibni Səid,səh.63, hədis 166

[19] əl-Kafi, c.2,səh.295 , hədis 8

[20] Kənzul-Ummal,hədis 5273

[21] əl-Kafi, c.2,səh.297 , hədis18

[22] İddətud-Daai,səh.221

 


more post like this