Sübhan olan Allahın razılığı

824. Allahın razılığının amilləri

Quran

«Məgər Allahın razılığını qazanmaq yolu ilə gedən kimsə, Allahın qəzəbinə gələn şəxs kimidirmi? Onun yeri Cəhənnəmdir və bu necə də pis aqibətdir.»[1]

Hədis:  

2628. «Biharul-Ənvar»:«Rəvayət olunur ki, Musa (ə) dedi:«Ey Rəbbim! Mənə elə bir işə yol göstər ki, ona əməl edəndə Sənin razılığını qazana bilim.» Allah-taala ona vəhy etdi:«Ey İmranın oğlu! Həqiqətən, Mənim razılığım sənin narazılığındadır… və sənin də buna taqətin yoxdur…» Musa (ə) ağlayaraq səcdəyə getdi və dedi:«Ey Rəbbim! Sən mənə özünlə söhbət etmək iftixarı ilə başıucalıq bəxş etdin, məndən qabaq heç bir bəşərlə söhbət etmədin. İndi isə, mənə Sənin razılığını qazanmağa vasitə ola biləcək bir əməlin yolunu göstərmirsənmi?» Allah-taala ona vəhy etdi:«Həqiqətən, Mənim razılığım, Mənim müqəddəratıma (qəzavü-qədərimə) razılığındadır.»[2]

2629. İmam Əli (ə):«Üç şey bəndəni Allahın razılığına çatdırar: çox istiğfar etmək, təvazökarlıq və sədəqə vermək.»[3]

2630. İmam Əli (ə):«Kim öz bədənini ibadət zəhmətinə salarsa, Rəbbini razı salmışdır. Kim öz bədənini zəhmətə salmasa, Rəbbinə itaətsizlik etmişdir.»[4]

2631. İmam Əli (ə):«Allah-taala sizə təqvalı olmağı tapşırdı və bunu, Öz bəndələrindən razılığının tacı və istəyinə çevirdi.»[5]

2632. İmam Əli (ə):«Allahın razılığı Onun itaətinə yaxındır.»[6]

2633. İmam Səccad (ə):«Həqiqətən, sizin aranızda Allahın ən razı olduğu kəs öz ailəsini daha çox firavanlıqda və rifah içində  saxlayandır.»[7]

 

 

825. Allahın razılığının nişanələri

2634. «Biharul-Ənvar»: «Rəvayət olunur ki, Musa (ə) dedi:«Ey Rəbbim! Məni bəndəndən razılığının nişanələrindən agah et.» Allah-taala ona vəhy etdi:«Mən bəndəmi Öz itaətimə hazırlayıb, günahlardan uzaqlaşdırdığımı görəndə bil ki, bu Mənim razılığımın nişanəsidir.»[8]

2635. İmam Əli (ə):«Sübhan olan Allahın bəndədən razılığının nişanəsi, bəndənin Allah tərəfindən onun xeyrinə və ziyanına təyin etdiyinə razı olmasıdır.»[9]

 

826. Yaradılmışların razılığı və Yaradanın narazılığı

2636.İmam Əli (ə) (Məhəmməd ibn Əbibəkrə yazdığı məktubundan): «Allahın yaratdıqlarından birinin razılığına xatir öz Rəbbini narazı etməyəcəyin bir işi bacarsan, bu işi gör. Çünki Allahın razılığı hər razılığın canişinidir, amma heç bir şey Allahın razılığının yerini tutmaz.»[10]

2637.İmam Hüseyn (ə):«Kim insanların narazı qalması ilə Allahın razılığını istəsə, Allah-taala onu insanların işlərindən ehtiyacsız edər. Kim Allahın narazı qalmağı ilə insanların razılığını axtarsa, Allah-taala onu insanlara tapşırar. Vəssəlam.»[11]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Ali İmran, ayə162

[2]  Biharul-Ənvar, c.82,səh.143, hədis 17

[3] Biharul-Ənvar, c.78,səh. 81, hədis74

[4] Biharul-Ənvar, c.70,səh. 312, hədis 11

[5] Nəhcül-Bəlağə, xütbə 183

[6] Ğurərul-Hikəm,hədis 5410

[7] Biharul-Ənvar, c.78,səh. 136, hədis13

[8] Biharul-Ənvar, c.70,səh. 26, hədis 29

[9] Ğurərul-Hikəm,hədis 6344

[10] Əmali-Tusi, səh. 29 , hədis 31

[11] Biharul-Ənvar, c.71,səh.208 , hədis 17


more post like this