Əhli-beytdən (ə) nəql olunan rəvayətlərdə bildirilir ki, son nazil olan surə “Nəsr” surəsidir. Bu surədə zahirən şəriətin mütləq qələbəsi, onun təməllərinin möhkəmlənməsi, insanların dəstə-dəstə onu qəbul etməsi müjdəsi verilir:
“Bismillahir-Rəhmanir-Rəhim! (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!”
Bu surə nazil olduqda səhabələr sevindilər. Çünki surə İslamın küfr üzərində mütləq qələbəsini, dinin özüllərinin sabitəşməsini müjdə verdi. Lakin Peyğəmbərin (s) əmisi Abbas bu surə nazil olduqda çox kədərləndi və göz yaşlarını saxlaya bilmədi. Peyğəmbər (s) ona buyurdu: “Ey əmi, niyə ağlayırsan?” O dedi: “Zənnimcə, sənin işinin sonundan xəbər verir”. Peyğəmbər (s) buyurdu: “Döğru düşünürsən”. Peyğəmbər (s) ondan sonra iki ildən çox yaşamadı.
İmam Sadiq (ə) buyurmuşdur: “Son surə “Nəsr” surəsidir”1. İbn Abbasdan da nəql olunmuşdur ki, son surə “Nəsr” surəsidir2. Həmçinin nəql olunmuşdur ki, son surə “Bəraət” (“Tövbə”) surəsidir. Onun son ayələri hicrətin doqquzuncu ilində nazil oldu və Peyğəmbər (s) Əlini (ə) onu müşriklərə oxumaq üçün (Məkkəyə) göndərdi3.
Bir çox rəvayətlərdə deyilir: Peyğəmbərə (s) nazil olan son ayə bu idi: “Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!” Cəbrail onu nazil edib dedi: “Onu “Bəqərə” surəsinin “sələm” ayələri ilə “borc” ayələrinin (ayə: 280) arasına yerləşdir”. Bu enişdən sonra Peyğəmbər (s) iyirmi bir gün, digər versiyaya görə isə yeddi gün yaşadı4.
İbn Vazeh Yəqubi kimi şöhrət qazanmış Əhməd ibn Əbu Yəqub (vəfat – 292-ci ildən sonrakı illər) öz tarix əsərində yazır: “Nəql olunduğuna görə, Peyğəmbərə (s) nazil olan son ayə budur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim”5. Bizim də fikrimizcə bu versiya daha doğrudur. Ayənin enişi Əmir əl-möminin Əli ibn Əbu Talibin (ə) Qədr-Xumda xəlifə təyin olunduğu günə təsadüf etmişdir”6.
Bəli, “Nəsr” surəsi “Bəraət” surəsindən öncə nazil olmuşdur. Çünki “Nəsr” surəsi Məkkənin fəth olunduğu il (am əl-fəth), yəni hicrətin səkkizinci ili nazil olmuşdur. “Bəraət” surəsi isə fəthdən sonra hicrətin doqquzuncu ilində nazil olmuşdur. Bu rəvayətləri bir yerə toplamağın yolu budur ki, son tam surənin “Nəsr”, son başlanğıc ayələri nazil olan surənin isə “Bəraət” surəsi olduğunu deyək. Amma “Allaha tərəf qaytarılacağınız gündən qorxun!” ayəsi isə Mavərdinin nəql etdiyi rəvayətə əsasən “Həcc əl-vida” ilində, Minada nazil olmuşdur7. Demək, bu, son ayə ola bilməz. Çünki “İkmal” ayəsi Peyğəmbər (s) Vida həccindən qayıtdıqda, yolda nazil olmuşdur. Belə olduqda İbn Vazeh Yəqubinin versiyası daha düzgün nəzərə çarpır. “Bəraət” surəsi Məkkənin fəthindən sonra hicrətin doqquzuncu ilində, “Maidə” surəsi isə hicrətin onuncu ilində (Vida həcci ilində) nazil olmuşdur. Bundan başqa “Maidə” surəsi bir sıra şəriət hökmlərini ehtiva edir ki, döyüşün sonundan, İslamın möhkəmlənməsindən xəbər verir. Xüsusi ilə “İkmal” (“Maidə”, 3) ayəsi peyğəmbərlik missiyasının sonundan xəbər verir və son surənin son ayəsinə daha uyğundur. Nəticə etibarı ilə son tam surə “Nəsr” surəsidir və “Am əl-fəth”də (Məkkənin fəth olunduğu ildə) nazil olmuşdur. Peyğəmbərlik missiyasının bitdiyini göstərən son ayə isə “İkmal” ayəsidir. Təbii ki, əhkam ayəsi olaraq son nazil olan ayə “Allaha tərəf qaytarılacağınız gündən qorxun!” ayəsi ola və “Bəqərə” surəsində yerləşdirilə bilər.

 

1 “Təfsiri-Bürhan”, c. 1, səh. 29.

2 “Əl-İtqan”, c. 1, səh. 27.

3 “Təfsiri-Safi”, c. 1, səh. 680.

4 “Bəqərə”, 281.

4 “Təfsiri-Şübbər”, səh. 83.

5 “Maidə”, 3.

6 Yəqubi, İbn Vazeh, “Tarixi-Yəqubi”, c. 2, səh. 95.

7 “Əl-Bürhan”, c. 1, səh. 210.

 

islammektebi.org


more post like this