Islamtimes – Şəfaətlə bağlı əksər İslami mətnlərdə, o cümlədən mübarək mətnlərin zirvəsi, Allah kəlamı olan Qurani-Kərimdə olduqca önəmli buyuruşlar yer alıb.
deyerler
Qurani-Kərimdə şəfaət və şəfaətə layiq olanlar
Qurani-Kərimdə şəfaət və şəfaətə layiq olanlar
Bismilləhir-Rahmənir-Rahim!

Mübarək İslam dini araşdırılmalı mövzularla zəngindir. Bu önəmli mövzulardan biri də Allah, Peyğəmbərlər (ə) və Əhli-beytin (ə) insanlığa şəfaəti ilə bağlıdır. Şəfaətlə bağlı əksər İslami mətnlərdə, o cümlədən mübarək mətnlərin zirvəsi, Allah kəlamı olan Qurani-Kərimdə olduqca önəmli buyuruşlar yer alıb.

QURANİ-KƏRİMDƏ ŞƏFAƏTLƏ BAĞLI AYƏLƏR DÖRD NÖVƏ BÖLÜNÜR

Qurani-Kərimdə şəfaətlə bağlı təqribən otuza yaxın buyuruş mövcuddur. Yəni, ümumiyyətlə Quranda otuz dəfəyə yaxın Allah Təala şəfaətlə bağlı mövzulara toxunub və şəfaət sözünü də işlədib. Bu sözün işlənmə hallarına nəzər saldıqda görürük ki, şəfaətlə bağlı ayələri şərti olaraq dörd qrupa bölmək olur. Birinci qrup ayələr o ayələrdir ki, onlarda hansı formada şəfaət inkar edilir. İkinci qrup ayələr o ayələrdir ki, şəfaətin yalnız və yalnız Allah tərəfindən edilməsi nəzərdə tutulur. Həmin ayələrdə bildirilir ki, şəfaət yalnız Allaha məxsusdur. Üçüncü növ ayələrdə biz görürük ki, Allah Təala şəfaəti digərlərinin də edə biləcəyini bəyan edir, amma qeyd edilir ki, bu şəfaət yalnız Allahın izni ilə ediləcək. Dördüncü növ aylərdə isə biz görürük ki, şəfaət nəinki qadağan və inkar edilmir, əksinə tam açıq surətdə kimlərin şəfaət tapmasına işarə edilir.

QURANIN AYƏLƏRİNİ AYƏLƏRİN ÖZLƏRİ İLƏ TƏFSİR EDƏNLƏR

Bu dörd növ ayələri bir yerə yığaraq ümumi nəticə çıxarmaq ciddi təfsi yanaşma tələb edir. Quranın bir neçə növ təfsiri var. Misal üçün, bir növ təfsir budur ki, bir alim hansısa elmdə mütəxəssisləşir, Qurani Kərimin ayələrini təfsir edən zaman isə özünün baxışını ayələrə tətbiq edir. Quranın bu cür təfsiri – tətbiqi təfsir adlanır və elmdə zəif bir sahə hesab olunur. Qurani-Kərimin digər, gözəl növ təfsiri – ayələrin ayələr ilə təfsiridir. Böyük təfsirşünas alim Əllamə Təbətəbai (r.ə) belə təfsirçilərdən olub. O, bütün ayələrə ayələr ilə təfsir verib. Yəni, Qurani-Kərimin hər hansı bir ayəsinə təfsir verən zaman, onu tək şəkildə açıqlamayıb, digər ayələrlə tutuşduraraq, onlara kompleks halda təfsir verib. Əslində, Peyğəmbər (s) və Əhli-beytin (ə) də Qurani-Kərimi təfsiretmə metodu bu olub. Onlar da Qurani-Kərimi mübarək Kitabın elə özü ilə təfsir edərmişlər.

ŞƏFAƏTİ İNKAR ETMƏK – İSLAMIN VACİB RÜKUNLARINI İNKAR ETMƏYƏ GƏTİRİR

Böyük təfsirçi alimlər dörd qrup ayələri bir yerə cəmləyən zaman hansı nəticələri çıxarıblar? Belə ki, bir tərəfdən həmin ayələrdə şəfaət inkar edilir, digər ayələrdə şəfaətin yalnız Allaha məxsusluğu bildirilir, başqa bir tərəfdən, şəfaətin yalnız Allahın izni ilə digərlərinə də aidliyi vurğulanır, dördüncü tərəfdən isə şəfaətin ümumiyyətlə konkret olaraq kimlərə aid olduğuna belə işarə edilir. Bütün təfsirlərə nəzər saldıqda görürük ki, İslamda şəfaət məfhumu dəqiq şəkildə var və şəfaəti inkar etmək – İslamın hansısa rükununu inkar etməyə gətirib çıxarır. Həmin ayələrə bir-bir diqqət etməklə də bunu görmək mümkündür.

ŞƏFAƏT KİMLƏR ÜÇÜN İNKAR EDİLİR?

İlk növbədə şəfaətin tamamilə inkar edildiyi ayələrə nəzər salaq. Allah Təala Qurani-Kərimin “Bəqərə” surəsinin 48-ci ayəsində buyurur: “Və o gündən qorxun ki, heç kəs başqasının haqqını ödəyə, bir diləyi yerinə yetirə və bir əzabı dəf edə bilməyəcək və heç kəsin şəfaəti qəbul olunmayacaq…”. Bu ayə şəfaəti inkar edən ayələrdəndir. Digər bir yerdə, “Bəqərə” surəsinin 254-cü ayəsində Allah Təala buyurur: “Ey iman gətirənlər, nə alış-veriş və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin…”. Burada da şəfaətin olmayacağı bildirilir. “Müdəssir” surəsinin 48-ci ayəsində isə buyurulur: “Şəfaət edənlərin şəfaəti olanlara heç bir fayda verməyəcəkdir”. Bu ayə, öncəki iki ayədən bir qədər fərqlənir. Burada şəfaət edənlərin olduğu bildirilir, lakin, onların şəfaətinin həmin şəxslərə heç bir fayda verə bilməyəcəyi göstərilir.

Ayələrə nəzər saldıqda görünür ki, şəfaətin inkar edilməsi ilə bağlı ayələr, başlıca olaraq müşriklərlə, bütlərə tapınanlarla bağlıdır. Yəni, onlara bildirilir ki, sizin tapındığınız bütlər, sizin istədiyiniz cansız daş parçalarının heç bir şəfaət gücü yoxdur. Onlar həmin insanlar üçün şəfaətçi ola bilməyəcəklər. Digər tərəfdən isə şəfaətin olmaması Bəni-israil övladları üçün də göstərilir. Belə ki, onlar bildirirdilər ki, bizim əcdadlarımız peyğəmbərlər (ə) olub və biz nə çirkin işlər görsək də, əcdadlarımızın peyğəmbər (ə) olması bizə kifayət edəcək. Həmin ayələrdə əslində şəfaətin olmaması ilə bağlı onlara da işarə olunur ki, onlar çox arxayın olmasınlar. Qurani-Kərim bildirir ki, bu cür insanlar üçün şəfaət yoxdur. Ona görə də, bu ayələrlə rastlaşarkən, şəfaətin inkar edilməsi – kökündən yalnış olan məsələdir. Çünki, həmin ayələrin hansı zamanda, hansı məqamda nazil olmasını araşdıranda, onların kimlərə və nəyə aid olması açıq-aydın görünür.

İkinci qrup ayələrə, şəfaətin yalnız Allaha məxsus olmasına işarə edən ayələrə də nəzər salmaq zəruridir. Qurani Kərimin “Zumər” surəsinin 44-cü ayəsində Allah Təala buyurur: “De: “Şəfaət və vasitəçilik bütünlüklə Allaha məxsusdur…””. Buradan aydın olur ki, şəfaət var və bu şəfaət yalnız və yalnız Allaha məxsusdur. Digər bir yerdə, “Səcdə” surəsinin 4-cü ayəsində buyurulur: “…Sizin Ondan başqa heç bir haminiz və şəfaətedəniniz yoxdur…”. Burada da şəfəat yalnız Allaha aid edilir.

ŞƏFAƏT – YALNIZ ALLAHIN İZNİ İLƏ BAŞ TUTACAQ

Üçüncü qrup ayələrə isə nəzər saldıqda görürük ki, başqa yaradılmışlara da şəfaət etmək qabiliyyəti verilib, lakin, bu yalnız Allahın izni ilə baş verir. Əhli-beyt (ə) məktəbinin əzəmətli təvəssül mədəniyyəti də elə bu kökə qayıdır. Peyğəmbər (s) və Əhli-beytə (ə) şəfaət izni elə Allah tərəfindən verilib. “Bəqərə” surəsinin 255-ci ayəsində Allah Təala buyurur: “…İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət edə bilər?!…”.Buradan aydın olur ki, yalnız Onun izni ilə şəfaətin olması mümkündür. Əgər Onun icazəsi olmasa, şəfaət yoxdur.

O cümlədən, “Səba” surəsinin 23-cü ayəsində buyurulur: “…(Şəfaət etməsinə, ya şəfaət olunmasına) izn verdiyi kimsələr istisna olmaqla şəfaət etmək və şəfaət olunmaq Onun yanında (o gün) fayda verməyəcək…”. Görürük ki, Allahın izni ilə şəfaət vermək qabiliyyətinə malik olan yaradılanlar da var. Bunlar – Peyğəmbər (s), onun Əhli-beyti (ə), mələklərdir.

ŞƏFAƏTƏ LAYİQ OLAN KƏSLƏRİN XÜSUSİYYƏTLƏRİ

Dördüncü qrup ayələrdə, kimlərin şəfaət olunması, kimlərin şəfaətə layiq olması göstərilir. Yəni, hər bir adam şəfaətə arxayın ola bilməz. Şəfəat hər bir insana aid deyil. Qurani Kərimin “Ənbiya” surəsinin 28-ci ayəsində buna işarə olunaraq buyurulur: “…Onlar Allahın (əqidəsini) bəyəndiyi kəsdən başqa heç kəs üçün şəfaət etməzlər və onlar (həmişə) Allah qorxusundan xofdadırlar”. Yəni, yalnız Allahın onlardan razı olduğu bəndələr şəfaət tapacaqlar. Əgər bu xüsusiyyət kimdəsə olsa, Qiyamət günündə Peyğəmbər (s) və Əhli-beyt (ə) ona şəfaətçi olar. Əgər tövbələrimiz qəbul olunmuş halda dünyadan gedəriksə, bu haldae Allah bizdən razı olar və həmin şəfaət bizə də aid olar.

“Məryəm” surəsinin 87-ci ayəsində, şəfaətə layiq olan kəslərin digər bir xüsusiyyətinə də işarə olunur: “…Rəhman olan Allahın yanından əhd-peyman almış şəxslərdən başqa şəfaət etmək ixtiyarı olmaz (Həmçinin şəfaətə layiq olmaq peymanı alandan başqa insalardan heç kəsin şəfaət olunmaq haqqı olmaz)”. Bu ayənin təfsirində bildirilir ki, burada möminlərin Peyğəmbərin (s) gətirdiyi risalətə iman gətirməsi ilə Allah ilə əhd-peymana sadiq qalmaları nəzərdə tutulur. Bu cür kəslərə şəfaət nəsib olacaq.

Dördüncü qrup ayələrdə şəfaət arzusu ilə yaşamaq imkanı olan şəxslərin xüsusiyyətlərini görürük. Bunlar, Allah xofundan qorxuda olan kəslər, Allahın onlardan razı olduğu kəslər, Allahla öz aralarında olan əhd-peymana sadiq qalan kəslərdir.

ƏHLİ-BEYT (ə) BAXÇASININ ŞƏFAƏT GÜLÜ – HƏZRƏT ZEYNƏB (s.ə)

İslamda şəfaətdən danışdıqda, Əhli-beyt (ə) bağçasının şəfaət vermək məqamına malik olduqca dəyərli güllərindən danışmaq lazımdır. Belə bir şəxsiyyətlərdən biri – Həzrət Zeynəbdir (s.ə). Həzrət Zeynəb (s.ə) haqqında danışmaq çox çətindir. Çünki, onun mübarək adı müsibətlərlə, Kərbəla səhnələri ilə həmahəng olaraq çəkilir. Həzrət Zeynəb (s.ə) böyük şəfaət məqamına malik olan şəxslərdən biri olaraq tanınır. Onun bu məqamını tanımaq üçün ilk öncə həyatına qısaca da olsa nəzər salmaq önəmlidir.

Hər bir insanın yetişməsi, formalaşmasında üç amil çox mühümdür. Birincisi, onun hansı nəslə, hansı ailəyə mənsub olmasıdır. İkinci amil, insanın yetişməsi üçün zəruri olan mühitdir. Üçüncü, insanın özünün iradəsi və iradəsindən irəli gələrək istedadlarını inkişaf etdirməsi ilə bağlıdır.

BÜTÜN CƏHƏTLƏRDƏN KAMİLLİK SİMVOLU

Bütün sadalanan cəhətlər baxımından Xanım Zeynəb (s.ə) kimdir? Xanım Zeynəb (s.ə) elə bir şəxsdir ki, göstərilən birinci cəhətdən onun misli yoxdur. Onun həm atası, həm anası, həm də babası məsumdur. Demək olar, yeganə qadındır ki, bu cür bir səadət ona nəsib olub. Belə bir ailədə dünyaya göz açıb.

Xanımla (s.ə) bağlı ikinci cəhətə, yəni mühit amilinə nəzər salaq. Xanım (s.ə) hicrətin 6-cı ilində dünyaya göz açıb. Artıq altı ildir ki, Peyğəmbər (s) öz missiyasını Mədinədə həyata keçirməyə başlayır. Xanımın (s.ə) adı digər şəxslərdən fərqli şəkildə qoyulur. Onun adını Cəbrayıl (ə) özü qoyur və o, “Zeynəb”, yəni “Atasının zinəti” adlandırılır. O, öz həyatı ilə yalnız atasının deyil, bütün ailəsinin və eləcə də Əhli-beytin (ə) zinətinə çevrilir.

Həzrət Zeynəb (s.ə) beş il Peyğəmbər (s) ilə bir zamanda yaşayır. Bu baxımdan Xanım Zeynəb (s.ə.) Həzrət Peyğəmbərin (s.ə) səhabəsi hesab edilir. Bundan başqa, əziz Peyğəmbərin (s) vəfatından sonra bir müddət anası Həzrət Zəhranın (ə) himayəsində olaraq, onu dərk edir. Otuz beş yaşına qədər atası Həzrət Əlinin (ə) tərbiyəsini görür. Atasının səbrini, şücaətini, mərhəmətini, digər kamil xüsusiyyətlərini görən zaman Xanımda (s.ə) artıq Kərbəlaya gözəllik kimi baxmaq üçün bir növ daxili hazırlıq yaranır.

Ömrünün bir vaxtında artıq ailə qurmaq vaxtı yetişir. Onun həyat yoldaşı, İslamın tanınmış şəxsiyyəti olan Cəfəri Təyyarın oğlu Abdullah ibni Cəfər olur. Belə bir şəxs ilə ailə quran zaman Xanım Zeynən (s.ə.) bir şərt qoyur. Şərti, lazım olan zaman İmam Hüseynin (ə) yanında olmaqdan ibarət olur.

Xanımın (s.ə) övlad tərbiyəsi də çox əzəmtlidir. Tarix göstərir ki, Kərbəla müsibəti zaman Abdullah ibni Cəfərin iki oğlu şəhid olur. Onun yetişdirdiyi övladlar da yüksək zirvəyə çatır. Bütün bu xüsusiyyətləri xanım özündə cəmləşdirmişdi.

MÜƏLLİM GÖRMƏMİŞ ALİM

Həzrət Zeynəb (s.ə) üçüncü xüsusiyyət baxımından da zirvədədir. Xanım (s.ə) elə bir alimdir ki, heç müəllim görməyib. O öz elmində Peyğəmbərdən (s), Həzrət Əlidən (ə), Həzrət Zəhradan (ə) bəhrələnmişdir. Onun elmi adi bir müəllimlərə söykənmirdi. Xanım Zeynəb (s.ə.) elmi, bilavasitə mənbədən alırdı. Bu, ona işarədir ki, o, özü məsumluq səviyyəsinə çatmışdı.

Xanım Zeynəbdə (s.ə) yüksək səviyyədə olan xüsusiyyətlərdən biri də – gözəllik axtarmaq istedadıdır. İnsan hər zaman gözəllik axtarır, gözəlliyə meyillidir. Bu, öz təzahürünü şer, qəzəl, romanlarda göstərir. İnsan dənizə baxər, göyə baxır, onlarda gözəllik axtarır.

Xanımın (s.ə) Kərbəladan sonra keçdiyi gözəllik dərsi elə bir səviyyədədir ki, digər bütün estetik nəzəriyyələr ondan geridə qalır. Xanım (s.ə) müsibətlərdə belə gözəllik görmək həddinə çatır.

Allahım, bizləri şəfaətə layiq olanlardan qərar ver! Allahım, bizləri Peyğəmbər (s) və Əhli-beytin (ə) şəfaətindən məhrum etmə! Allahım bizlərə Həzrət Zeynəbi (s.ə) tanıyıb, onun şəfaətinə layiq olması nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu

http://www.islamtimes.org


more post like this