Cavab: Qurani-məciddə şərq və qərb həm “təsniyə” (cüt), həm də cəm formada yad edilmişdir. Məsələn: “İki məşriqin və iki məğribin Rəbbinə and olsun ki, biz həqiqətən, qadirik.” Digər bir ayədə isə belə buyurulur: “Zəif salınmışları yer üzünün bərəkətli şərq və qərb tərəflərinə varis etdik…” Demək, şərq və qərb həm təsniyə, həm də cəm formasında xatırladılmışdır. Təfsirçilər bu barədə deyirlər: “İki şərq və iki qərb ifadələri yerin iki yarımkürəsinə aiddir. Yəni bu sözlərlə şimal və cənub yarımkürələrindən söhbət açılır. Doğrudan da, yerin istənilən bir nöqtəsi digər bir nöqtəyə nəzərən həm şərqdə, həm də qərbdə ola bilər. Başqa sözlə, yəni iki nöqtədən biri o birinin şərqindədirsə, ikinci nöqtə birinci nöqtənin qərbində yerləşir.
İkinci baxışa görə, şərqlər və qərblər ifadələri günəşin çoxsaylı tülu və qürub nöqtələrini bildirir. Çünki günəş heç vaxt eyni bir nöqtədən tülu etmir. Yəni günəş fərqli nöqtələrdən tülu edir və fərqli nöqtələrdə batır. Olsun ki, elə bu məqsədlə də “şərqlər və qərblər” ifadəsi işlədilmişdir. Əgər günəşin şimalda ən böyük meyl nöqtəsini və cənubda son meyl nöqtəsini nəzərə alsaq, “iki şərq və iki qərb ifadələrinin işlədilməsi yerli görünər. Bəli, Quran bu sayaq təbirlərlə xalqın diqqətini varlıq aləmindəki incəliklərə yönəldir. Şübhəsiz ki, günəşin tülu və qürubunun dəyişməsi təbiət aləminə əhəmiyyətli təsir göstərir.
NUR-AZ.COM


more post like this