Cavab: Sözü gedən ayələr kafirlər tərəfindən ilahi ayələrin təkzib edilməsi, Allaha şərik qoşulması, eləcə də onları təhdid edən ilahi əzab vədəsi ilə əlaqədar nazil olmuşdur. Mərhum Əllamə Təbatəbai Saffat surəsinin 63-64-cü ayələrinin izahında yazır: Bu ayədə kəlamın düzümü bu ümmətin müşriklərini qorxutmaq məqsədi daşıyır və bu ümmətin müşriklərini əvvəlki ümmətlərin müşriklərinə təşbeh etmək istəyir. Əvvəlki ümmətlərin əksəriyyəti haqq yolundan azmışdılar, bu ümmət də haqq yoldan azmışlar; o (keçmiş) ümmətlərə doğru çoxlu peyğəmbərlər göndərilmişdi, bu ümmətə doğru bir Peyğəmbər göndərilmişdir. Yalnız bir dəstə müxləs insandan başqa onların hamısı öz peyğəmbərlərini təkzib etdilər. İstisna olunan bu dəstədən məqsəd (peyğəmbərlərdən başqa) Allah tərəfindən xalis edilən (sair) bəndələrdir, yaxud müxləs və peyğəmbərlərdən daha ümumi bir mənadır.[i]

Deməli, bu mübarək ayədə müxləs kəlməsi təkcə peyğəmbərlərə deyil, Allahın digər xalis bəndələrinə də şamildir. Həlak olanlar da müşriklər idilər. Necə ki, bu surədə qeyd olunanlara uyğun olaraq həzrət Nuh və İbrahim (əleyhiməs-salam)-ın dövrlərində az miqdardan başqa əksəriyyəti müşrik idilər və hamılıqla (ilahi əzab nəticəsində) həlak olmuşdular.

Müxlis ilə müxləsin arasındakı fərq ismi-fail və ismi-məful siğələrinə görə deyil, onların bu maddədən (خَلَصَ xə-lə-sə) alınan məna fərqinə qayıdır. Yəni, elə də deyildir ki, hər yerdə müəyyən bir sifət ismi-məful surətində gələrsə, ismi-faildən daha üstün bir mənanı çatdırmış olsun və ya əksinə. Xeyr, bu, felin maddəsinə bağlıdır. Misal üçün, ismi-fail vəznində olan Raziq Allahın sifətlərindəndir və Onun ruzi vermək xislətini bəyan edir. İsmi-məful vəznində olan mərzuq isə məxluqların sifətidir ki, Allah onlara ruzi verir. Şübhəsiz, Allahın sifəti məxluqun sifətindən yüksəkdədir. Həmçinin Xaliq və məxluqu da qeyd etmək olar. Amma xə-lə-sə maddəsindən alınan müxlis xalis edən deməkdir. Belə ki, insanın təkamül və özünü qurmağının ilk mərhələlərində əksər hallarda bu kəlmədən istifadə olunur. Amma müxləs nəfs ilə cihad apardıqdan sonra əldə olunan ali-mənəvi mərhələlərə aid edilir. Elə bir mərhələ ki, Şeytan ona nüfuz və vəsvəsə etməkdən məyus olur.[ii] Bu zaman xalis olunmuş (Allah tərəfindən xalis edilmiş) mənasına olur.

Allah-taala Hicr surəsində Şeytanın sözünü belə bəyan edir: İnsan nəslinin hamısını azdıracağam, Sənin müxləs bəndələrindən başqa.[iii] Yəni Şeytanın qüdrəti ümmətin müxləs bəndələrinə heç vaxt çatmır. Amma ümmətin başqaları bu səviyyədə olmasalar da, qəti olaraq demək olmaz ki, müxləslərdən başqa hamısı həlak olacaqdır. Çoxlu müxlis insanlar öz ciddi səyləri və nəfs ilə cihadları sayəsində bir çox rəzalətlərdən paklaşır və ali səviyyələrə çatırlar. Onların bəziləri öz vücudi tutumlarına uyğun olaraq Allah tərəfindən sair aludəliklərdən də pak edilir və pak edilmişlər mərhələsinə çatırlar. Əlbəttə, bu dərəcəyə çatmaq – müxləs olmaq bir tərəfdən çoxlu səylərə bağlıdır, digər tərəfdən də Allahın hikməti təsirlidir.

 

NUR-AZ.COM



[i] Əl-mizan” təfsiri, 17-ci cild, səh. 217

[ii] “Qurani-Kərim sözlərinin şərh və təfsiri”, Şəriətmədari, 1-ci cild, səh. 715

[iii] Hicr” surəsi, ayə: 40


more post like this