Quran Allah kəlamı olaraq bəşəriyyətin hidayəti üçün göndərdiyi müqəddəs kitablar sırasında sonuncu və Onun nazil etdiyi formada təhrifdən amanda qalıb bizə yetişən mükəmməl və misilsiz kitabdır. O nə məzmun, nə də ifadə tərzi baxımından tayı bərabəri olmayan ilahi kəlamlar məcmuəsidir.
Quran insanı hidayət edən, onu tərbiyələndirən, yaşayış tərzini göstərən bir öyrətməndir. Onda, iman, təqva hidayət nuru, dünyəvi və axirət səadəti, insaniyyət, əxlaq, nizam-intizam, ilahi qanun və s. Təlim-tərbiylər vardır.
14 əsr bundan öncə bəşəriyyətə qismət olan bu müqəddəs kitabın möcüzəliyi ondadır ki, orada bir sıra təbiət elmlərinə işarə olunmuş, kainatın bəzi sirlərinin üzərindən pərdə götürmüşdür. Lakin müxtəlif sahələrə aid elmi kəşflərin mövcud olmasına baxmayaraq biz bu ilahi kitaba bütün elmləri əhatə edən ensiklopediya gözü ilə baxmamalı, onu islah və hidayət edən, bəşəriyyəti qəflət yuxusundan və cəhalət girdabından azad edən, onlara səadət bəxş edən yeganə kitab kimi münasibət bəsləməliyik.
Quran ayələrinin mənası bəzi elmi kəşflər və müxtəlif elmlərin inkişafı ilə açıqlanır. Son on illiklər ərzində, elmin inkişaf etdiyi bir dövrdə Quranın möcüzəvi ayələri öz əzəmətini büruzə verir və yeni-yeni nailiyyətlər qzanaraq digər ayələrdə olan sirlər də anlaşılmağa başlayır. Məhz bu və digər amillər bir çox qeyri-müsəlman alimləri heyrətləndirib onları islamı qəbul etmələrinə təhrik edir. Bunun nəticəsidir ki, dünyanın bir neçə ölkələrində müxtəlif sahələr üzrə alim və mütəxəssislərin iştirakı ilə “ Quranda elmi nişanələr” mövzusunda beynəlxalq elmi konfranslar keçirilir.
Ulu Tanrının köməyi sayəsində biz ötən saylardakı, yazıların davamı olaraq bu məqalədə Quranın bir neçə elmi möcüzələrinə istinad edəcəyik.

GÜNƏŞ İŞIQ SAÇANDIR
“ Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan odur…” (Ənbiya surəsi, ayə 33).
Yer kürəsi günəş sisteminə daxil olan 9 iri planetdən biridir. Günəş sistemi isə 150 milyarda qədər ulduzlardan ibarət nəhəngQalaktikaya daxildir. O, diametri 1.391.000 kilometr olan közərmiş kürəşəkilli bir ulduzdur.
Günəş özündən işıq saçan plazma yığımından ibarətdir. Onun şüalarının sürəti saniyədə 300.000 kilometrdir. Bu işıq və istilik mənbəyi olan sistemin şüaları Yeri, Ayı və digər səma cisimlərini işıqlandırır. Yer və Ay özlərindən işıqsaçma qabiliyyətinə malik deyillər. Günəşə yaxın olan bu planetlər işıq və istilyini məhz Günəş şüalarından alırlar. Günəşdə bu qabiliyyəti yaradan Ulu Tanrı Qurani-Kərimdə, Nuh surəsinin 16-cı ayəsində bildirmişdir: “ Orada Ayı bir nur, Günəşi də bir çıraq etdi”. Başqa bir ayə də oxuyuruq: “ Günəşi işıqlı (parlaq), Ayı isə nurlu edəndir…” ( Yunis surəsi, ayə 5).
Bu Allah kəlamlarında Günəş çıraq, Ay isə nur saçan ifadəsi ilə təsvir olunmuşdur. Bu o deməkdir ki, Qurani-Kərimdə Günəş işığı ilə Ay işığı arasındakı fərqli cəhət nəzərə alınır. Çıraq və nurun fərqli xüsusiyyətləri dedikdə, yəni çırağın (Günəşin) işıq verməsinə, nurun (Ayın) isə özü işıq istehsal etmədiyi halda işığı əks etdirmək xasiyyətinə malik olduğunu sübuta yetirir.

GÜNƏŞ DƏ DÖVR EDİR
Ötən sayılarımızda Yer kürəsi barədə olan bəhsdə qeyd olundu ki, Heliosentrik (Kopernik) nəzəriyyəsi (yəni Yerin Günəş və öz oxu ətrafında dövretmə nəzəriyyəsi) astramonyada məqbul nəzəriyyə sayılmışdır. Onu da bildik ki, Quran bu barədə astranomların son on illiklərdəki kəşflərindən 1400 il öncə xəbər vermişdir. Biz Günəş barəsindəki bəhsimizdə onu da əlavə etməliyik ki, başqa planetlər öz oxu ətrafında fırlanmaları ilə yanaşı, eyni zamanda günəşin ətrafına dövr etdiyi kimi, Günəş də cazibə sistemindəki bütün planeti və peykləri ilə birlikdə “ Solar Apeks” adlı orbit boyu Veqa ulduzu istiqamətində saatda 720.000 kilometr sürətlə hərəkət edir. Həmin nəzəriyyə iyirminci yüzillikdə astranomya elmi sahəsində aparılan tədqiqatlarla təsdiq edilib. Bu həqiqətlər barədə də Quranda qabaqcadan xəbər verilmişdir. Quranda oxuyruq: “ Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə dövr edər. Bu, yenilməz qüvvət sahibi olan və (hər şeyi) bilən Allahın əzəli hökmüdür” (Yasin surəsi, ayə 38).
Buradan açıq-aşkar görsənir ki, Günəş və Ay da öz orbitlərində fasiləsiz hərəkətdədirlər.

AY İŞIĞI ƏKS ETDİRİR
Gecələr açıq-aydın gördüyümüz Ay, planetimizə ən yaxın səma cismidir. Yaşayış olmayan bu planetin diametri 3.476 kilometrdir. Bu, Günəş şüalarını özündə əks etdirən bir planetdir.
Deməli, Ay da başqa planetlər kimi özündən işıq saçmır. Quranda oxuyuruq: “ Səmada bürcləri yaradan, orada bir çırağı (Günəşi) və nurlu Ayı vücuda gətirən (Allah) nə qədər uca, nə qədər uludur!” (Furqan surəsi, ayə 61).
Bu və digər elmi kəşflər Quraının söylədiklərini təsdiqləyir. Lakin bunlar hələ misilsiz dəryanın bir damcısıdır. Şübhəsiz, elm daha da inkişaf edib kainat sirlərini üzə çıxaracağı zaman hər şeyi hikmət üzündən Yaradan Allahın qabaqcadan Qurani-Kərimdə bu barədə xəbər verdiyinin şahidi olacağıq.
Həmd və şükürlər olsun aləmləri yaradan və yaşadan Allaha!

Hacı Ramin İgidov

http://borcaliqezeti.info


more post like this