Şübhəsiz ki, Quran və itrət bəşəriyyətin hidayəti və haqqa çatması üçün Allah-təalanın açdığı bir qapıdır. Bu iki mənbədə hidayətdən əlavə, insanın ömür boyu ehtiyac duyduğu həqiqətlər bəyan olunmuşdur. Bu misilsiz nemətlər qarşısında bizim süstlüyümüz də misilsizdir. Əgər soruşulsa ki, öz həyatınızda Quran və Əhli-beytdən nə qədər faydalanmısınız, cavab verə bilmərik. Təəssüf ki, möhtaclığımız son həddə çatsa da, Quran və Əhli-beyti dərdlərimizin çarəsi hesab etmirik. Bəs Qurana müraciət etmədiyi üçün bədbəxt olmuş insan kimi qınamalıdır? Allah həqiqəti batildən ayırmış, doğru yolda nişanələr qoymuş, yetərincə xəbərdarlıq etmişdir. Əgər Allahın göndərdiyi peyğəmbərlərə, tərbiyəçilərə biganə qalmışıqsa, kimdir günahkar? Bəli, insan yalnız özünü məzəmmət etməlidir. Quran və Quranın açıqlamasında Əhli-beytin (ə) buyuruqları yeganə çıxış yolu olduğu halda nədən bir belə biganəyik? Kitab və itrət insanın ilk bələdçiləridir. Bu nemətlərdən istifadə edənlər heç vaxt şəkk-şübhəyə düçar olub, sonradan təəssüf etmirlər. Bu iki bələdçidən üz döndərən insan başqa yerdə işıq tapası deyil. Həzrət Peyğəmbər (s) buyurur: “Pərvərdigara! Mənim qövmüm Qurandan kənar gəzdi.” Quran və itrətdən istifadə edənlərə Allahın başqa yollarla da kömək etməsi mümkündür. Bu hidayətdən üz döndərənlər isə həyatda doğru yol tapmaq, azmamaq ümidində olmasınlar!

http://sualcavab.ge

 

 


more post like this