Bu gün hər hansı bir İslam düşməninə məşhur bir avropalının, yaxud təhsilli bir amerikanlının İslamı qəbul etdiyini söylədikdə çiyinlərini çəkərək: “Nə olsun, baxın görün Afrikanın müsəlman ölkələrində gündə nə qədər adam xristianlığı qəbul edir”, – deyər və hər zamankı kimi mövzunun yönünü dəyişər. Bu, bütün islamofobların, yəni bütün həyatlarını İslam prinsipləri ilə mübarizəyə həsr edən zavallıların ortaq fikirləridir. Onlarla heç vaxt mövzuya uyğun şəkildə, təəssübkeşliyə yol vermədən, sağlam arqumentlərə əsaslanaraq söhbət etmək mümkün olmur, çünki İslam haqqında dünya mediasından əldə etdikləri, yalan və iftira dolu məlumatlara əsaslanan xəstə düşüncələri, onlara burunlarından uzağı görməyə imkan vermir. Əgər imkan versəydi Avropada yüksək həyat şərtləri ilə böyüyən, təhsil alan, rahat və təmtəraqlı həyat tərzi keçirən və İslamı düşünərək qəbul edən insanları, ən adi yaşayış şərtlərindən məhrum olan və bir balaca xoş rəftar gördükləri üçün qərb missionerlərinə üz tutan afrikalılarla müqayisə etməzdi. Ən azı xristianlığın özü qədər qədim tarixi olan missionerlik yalnız iqtisadi böhran yaşayan ölkələrdə qurumlar yaratmaq, kitablar nəşr etmək və yaymaq, ingilis dilinin tədris edilməsi bəhanəsi ilə gənc nəsilləri öz sıralarına daxil etməklə kifayətlənmir, həm də ölkənin milli-mənəvi dəyərlərini, hətta maddi sərvətlərini də öz pəncəsinə keçirir. Bunun bariz nümunəsi yenə də Afrika ölkələri, onların on illərdən bəri sərvətləri mənimsənilən və özləri aclığa məhkum edilən xalqlarıdır. Yüz il əvvəl o ölkələrə əllərində İncillə gedən və “sizə təhsil, elm və texnika” gətirdik, – deyən o zamanın xristian missionerləri xidmət etdikləri dövlətlərin orduları üçün bu ölkələrə cığır açaraq yeraltı və yerüstü sərvətlərini ələ keçirdilər və torpaqların zəbt olunmasına yardım etdilər. Məzlum xalqı ac, səfil vəziyyətdə və əllərində İncil tutaraq buraxıb estafeti bugünkü missionerlərə verdilər. Bu günün missionerləri də eyni “şövqlə”, amma fərqli üsullarla əsrlərdən bəri davam edən və get-gedə təsirini gücləndirən İslam dəyərlərinə hücum etməyi davam etdirməkdədirlər. Amma Allah böyükdür.

Keçmiş missionerlərdən biri məhz müsəlman əqidəli insanların diqqətini cəlb etmək üçün dini təhsil alan və vəzifə sahibi, kanadalı keçmiş missioner Melissa Afanasios Kokkinis də yevangelizm deyilən yeni bir xristianlıq cərəyanının mənsublarından idi. Katoliklik, protestantizm, pravoslav kimi ənənəvi təriqətlərdən fərqli olaraq, yevangelizm daha geniş şəbəkəyə malikdir və yalnız İncil paylamaq, məktəb açmaqla kifayətlənmir. Bu təriqətin yayıcıları bütün dünya ölkələrində kök salırlar, çağırılmamış qonaq kimi dəvətsiz olaraq hər yerə gedirlər, “Yevangelizasiya” (Müjdəçilik), “qapıları döymə” adı altında, Melissa kimi gənc və gözəl qızlardan xüsusilə istifadə edərək küçə təbliğatı aparır, insanların fikirlərini azdırırlar. Belə vəzifələrdə çalışan Melissa da artıq məhəllə, şəhər çərçivəsində çalışmaqdan bezir və fəaliyyətini daha da “genişləndirmək” üçün virtual məkanlara üz tutur. İnsanları, xüsusilə də müsəlmanları öz dinlərindən ayırıb “şəxsi xilaskara – Məsihə” yönəltmək üçün internet forumlarında İslamı gözdən salan yazılar paylaşmağa, müsəlman istifadəçilərin “gözünü açmağa” çalışır. Elə bu zaman da gözləmədiyi sürprizlərlə qarşılaşır. “Sizin dininiz zalım dindir, peyğəmbəriniz də qəddardır”, – deyə müraciət etdiyi müsəlmanlardan elə əks-arqumentlər eşidir ki, İslamı yenidən araşdırmağa və Quran-kərimi daha diqqətlə oxumağa məcbur olur. Sonrası isə artıq sizlərə məlumdur. Həyatını keçmişdə İslamla mübarizəyə həsr edən Melissa Kokkinis bu gün həm doğma vətənində, həm də İslam dünyasının bir çox bölgələrində islami təhsil verən dərnəklər və məktəblər açır, kitablar nəşr etdirir, Uca Allahın göndərdiyi ən son və mütərəqqi dini təbliğ edir.

İslam sülh dini olmaqdan başqa, həm də bir dəvət dinidir. Bu dini bütövlükdə yaşayan hər bir müsəlman onun haqqında məlumatı olmayanları, media qurbanlarını bu dinin gözəllikləri ilə tanış etməkdən məmnun olduğunu dərk edir. Sidq-ürəkdən istəyərək ona yaxın olan insanları, dostlarını, qonşusunu bu dinə dəvət edir. İslam düşmənlərinin də formaca bənzər, amma mahiyyətcə əks fəaliyyətləri var ki, buna da anti-dəvət demək olar. Bu adamlar da öz yaxınlarını, dostlarını, qonşularını İslamdan uzaqlaşdırmaq üçün cidd-cəhdlə çalışırlar. Hətta bütün vaxtlarını, 24 saatlarını belə bu işə sərf edirlər. Amma arada bir fərq var ki, o da çox mühüm əhəmiyyətə malikdir. İslamdakı belə bir dəvət prinsipi insanın yalnız və yalnız qəlbinə ünvanlanmışdır. Başqa birini İslama dəvət edən müsəlman Allaha təvəkkül və dua edərək o insana vəyhi anladır, Quran işığında, Allah Peyğəmbərinin (s) gözəl əxlaqının örnəyi ilə onu imana çağırır. İman və hidayətin yalnız Allahdan olduğunu dərk edir. Anti-dəvət yolçularının hədəfində isə intellekt durur, “gözün görmədiyini” məntiqdən kənar bir şey kimi sübut etməyə çalışan bu adamlar yalnız korqəlbli insanlarla öz missiyalarını başa vura bilirlər. Qəlbi kor olan imandan məhrumdur və yalnız sahib olduqları çox cüzi bilik və məlumatla dar çərçivəli intellektləri ilə irəlidə olduqlarını zənn edirlər.

Çox təəssüf ki, bugünkü Azərbaycan cəmiyyəti də özlərini yüksək şüur sahibi, ağıl dəryası hesab edənlərlə doludur. Bu ağılları ilə nəinki hər hansı bir texniki nailiyyətə nail olan, hətta uşaqlarına vurma cədvəlini belə öyrədə bilməyən insanların çoxluq təşkil etdiyi bu cəmiyyətdə, təbii ki, hər növdə missioner təşkilatların fəaliyyəti üçün zəmin olacaqdır, çünki uzun illərdən bəri mövcud olan mənəvi boşluqlar, dinsizliyin yaratdığı mənəvi deqradasiyadan sonra zehinlərdə kök salan istehlak hərisliyi və pul düşkünü olmaq həssas gəncliyi özündən, keçmişindən ayırmışdır.

Hazırkı Azərbaycan mühitində istər səmavi dinlərdən, istərsə də, bütpərəst dinlərdən, zərdüştilikdən bəhaiçiliyə qədər, hətta bu dinlərin müxtəlif cərəyanlarının da dəyərlərini yayan müxtəlif təşkilatlar mövcuddur. Təəssüflə qeyd etmək lazımdır ki, qərb ölkələrindən, xüsusilə ABŞ-dan güc və maddi dəstək alan bu qurumlar öz fəaliyyətlərini uğurla həyata keçirə bilirlər. Lakin qeyd etdiyimiz kimi onların bu nailiyyətləri yalnız maddi dəstəyə görə deyil, həm də insanlarımızın İslam dəyərlərindən qəsdən uzaq tutulmalarına görə mümkün olur.

Belə bir sual meydana çıxa bilər: “Nə üçün missionerlik institutu İslamda yoxdur? 1500 illik tarix ərzində nəyə görə İslam missionerləri yaranmadı, dünyaya yayılmadı?”

Cavab aydındır: “İslamın Quran kimi kitabı var, bu kitab özü canlı missionerdir və ikiayaqlı missionerlərdən çox-çox güclü təsir gücünə malikdir. Bu kitabı ömründə heç olmasa, bir dəfə, həm də açıq qəlblə oxuyan hər bir adam bu təsiri hiss etmişdir. Bu təsiri hətta İslam düşmənləri də hiss etmişdir, ona görə də istər ölkəmizdəki, istərsə də bütün dünyadakı İslam əleyhdarları gecə-gündüz, hətta yuxularında da bu dini bitirməyə çalışırlar. Lakin hələ də anlamırlar ki, onların mənəvi əcdadları da bu dinlə çox mübarizə apardılar və sonda özləri tarixə gömüldülər. İslam isə olub, var və yaşayacaqdır”.

“Onlar Allahın nurunu (İslam dinini) batil sözləri ilə söndürmək istəyirlər. Allah isə, kafirlərin xoşuna gəlməsə də, ancaq Öz nurunu tamamlamaq istər” (“Tövbə”, 32).

Əliyy (hər şeydən yüksək, qüdrəti uca) və Əzim (böyük və ulu) olan Allah doğru söyləmişdir.

http://qafqaz.ir/az


more post like this