BÜTLƏRİN SINDIRILMASI
Quranın bu böyük insan (İbrahim peyğəmbər) haqqında nəql etdiyi nadir hadisələrdən biri də bütləri sındırması, parça-parça etməsidir. Bu, o dövr üçün çox böyük və təhlükəli addım idi. Camaatın, özü də avam camaatın müqəddəs sandıqları ilə oyun oynamaq asanmıdır? Hər halda Həzrət (ə) bütləri sındırdı və insanlara bildirmək istədi ki, bu durğun bütlər özlərini belə müdafiə etməyə qadir deyillər.
“(İbrahim) atasına və tayfasına: “Sizin tapınıb durduğunuz bu heykəllər nədir?” – dediyi zaman. Onlar: “Biz atalarımızı onlara ibadət edən gördük!” – deyə cavab vermişdilər. (İbrahim onlara: ) “And olsun ki, siz də, atalarınız da (haqq yoldan) açıq-aşkar azmısınız!” – demişdi. Onlar: “Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən? (Sən bizə haqlamı gəldin, yoxsa oyunbazlardansan?)” – deyə soruşduqda (İbrahim) belə cavab vermişdi: “Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!” (“Ənbiya”, 52 -56).
“(İbrahim) ulduzlara bir nəzər saldı və (ətrafındakıları özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: “Mən xəstəyəm!” (İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər. (İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: “Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz? Sizə nə olub ki, danışmırsınız?” Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi” (“Saffat”, 88-93).
“(Onlar gedən kimi İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. (Qoy anlasınlar ki, bu dilsiz-ağılsız bütlər nəinki başqalarını, hətta özlərini belə qorumağa qadir deyillər. Buna görə də onlara ibadət etmək ən böyük günahdır). (Onlar qayıdan kimi işin nə yerdə olduğunu görüb) dedilər: “Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalımlardandır!” (Müşriklərin bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” – dedilər. (Qalanları: ) “Bunların şahidlik edə bilmələri üçün onu (tapıb) camaatın gözü qabağına gətirin!” – dedilər. (Müşriklər İbrahimi tapıb gətirərək:) “Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?” – deyə soruşdular. (İbrahim sındırmadığı iri bütü göstərib:) “Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” – deyə cavab verdi. Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə: “Siz, doğrudan da, zalımlarsınız (dilsiz-ağılsız, heç özlərini belə qorumağa qadir olmayan bütlərə tapınmaqla özünüz özünüzə zülm edirsiniz)”, – dedilər. Sonra (mübahisədə aciz qaldıqlarını görüb) yenə də öz küfrlərinə (başlarında olan əski etiqada) qayıdaraq (İbrahimə): “Axı sən bilirsən ki, bunlar danışmırlar!” – dedilər. (İbrahim) dedi: “Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz əməllərin qəbahətini) anlamırsınız?” (Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: “Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!” Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!” – deyə buyurduq. Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür müsibətlərə düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən həşərat göndərməklə) daha çox ziyana uğratdıq” (“Ənbiya”, 58 -70).
Beləcə İbrahimin (ə) haqq olduğu üzə çıxdı.
“Üfüqdə gəzinti” və “Bütlərin sındırılması” başlığı altında qeyd olunanlar tam olaraq Qurandan iqtibas olunmuşdur. Ətraflı izah üçün üç məqamı diqqətnizə çatdırırıq:
1. İbrahim (ə) Azərə müraciət etdi. Azər onun atası, yoxsa ana babası idi? Bu, Azər sözünü izah edərkən aydınlaşacaq.
2. “Saffat” surəsinin 88-89-cu ayəsini tərcümə edərkən dedik:
﴾ فَقَالَ إِنِّي سَقِيمٌ النُّجُومِ فَنَظَرَ نَظْرَةً فِي ﴿ “(İbrahim) ulduzlara bir nəzər saldı və dedi: “Mən xəstəyəm!”
Hərfi məna etibarı ilə ﴾ سَقِيمٌ ﴿ [səqim] qorxulu məkana, kinə dolu ürəyə, “səqim” yer, yaxud “səqim” ürək deyilir. Ayədə “səqim” sözünü yalnız xəstə kimi başa düşmək lazım deyil. Burada məqsəd pərişanlıq da ola bilər. Şübhəsiz İbrahim (ə) o zaman narahat və pərişan idi. Eləcə də digər ayədə ﴾ فَنَبَذْنَاهُ بِالْعَرَاءِ وَهُوَ سَقِيمٌ ﴿ (“Saffat”, 145) rast gəldiyimiz “səqim” sözü də pərişan mənasında işlənmişdir. Yəni “Nəhayət, o (Yunus), pərişan olduğu halda onu (balığın qarnından) boş bir yerə (sahilə) atdıq”. Məqsəd onun xəstə, qızdırmalı olması yox, pərişan olmasıdır. Belə olan halda sözügedən ayə haqqında çoxsaylı ehtimallara da yer qalmır. Bu haqda tədqiqat apararkən Mərhum Əllamə Məclisinin də ayə haqqında irəli sürdüyü dördüncü ehtimalın fikrimizlə üst-üstə düşdüyünü gördüm (“Bihar əl-ənvar”, həzrət İbrahimin (ə) həyatı).
3. ﴾ قَالَ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَذَا ﴿ “Bəlkə, onların bu böyüyü bunu etmişdir”. Bu ayə haqda da çoxlu ehtimallar verilmişdir. “Əl-Mizan”da oxuyuruq: “Hamısı parça-parça olmuş, böyükləri isə salamat qalmışdır. Bütün bunlar göstərir ki, bu işi böyükləri etmişdir. Bu sözlər sonra “özündən soruşun” deməsi üçün bir müqəddimə, giriş idi. Lakin bu izah düzgün deyil. Burada (həzrət İbrahimin sözləri) tərəf muqabilini haqqı qəbul etməyə məcbur etmək məqsədi daşıyır”.
Bəli, şübhəsiz, bu şəkildə danışmaq qarşı tərəfi susdurmaq, haqq qarşısında çıxılmaz vəziyyətdə qoymaq, haqqı sübut etmək məqsədi daşıyırdı. Yalan qəbahətdir. Yalan danışan Allahın qəzəbinə gəlmişdir. İbrahim (ə) isə “Xəlilullah”dır. “Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!” (“Nisa”, 125). “Rəbbi İbrahimə : “(Əmrimə) təslim ol!” – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!” – deyə cavab vermişdi” (“Bəqərə”, 131). “İbrahimə salam olsun!” (“Saffat”, 109).
Quran özü də İbrahimin (ə) bilərəkdən bu planı hazırladığı, ona müraciət etsinlər deyə böyüklərini sındırmadığını buyurur: “(Onlar gedən kimi İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər” (“Ənbiya”, 58). Əhli-beytdən (ə) gələn rəvayətlərdə də sözü gedən ayə haqqında deyilir: “And olsun Allaha ki, İbrahim (ə) yalan söyləmədi”.
“Səhihi-Buxari” (c. 4, Allahın “Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!” kəlamı fəsli; c. 6, “Bəni-İsrail” surəsinin təfsiri fəsli; c. 7, “İttixaz əs-sərasi” fəsli), “Sunəni-Əbu Davud” (“Talaq” kitabı, 16-cı fəsil), “Səhihi-Müslim” (c. 2, İbrahimin (ə) fəzilətləri fəsli) və “Səhihi-Tirmizi”də (“Ənbiya surəsinin təfisiri kitabı, hədis, 3) Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir: “İbrahim (ə) yalnız üç yerdə yalan danışdı. Bunlardan ikisini Allaha görə, birini isə həyat yoldaşı Saraya görə danışdı. O, bütpərəstlərə cavab olaraq dedi: “Mən xəstəyəm!” Bütləri sındırdıqdan sonra isə dedi: “Bəlkə, onların bu böyüyü bunu etmişdir”. Zülmkar padşaha isə dedi: “Sara mənim bacımdır. İbn Əsir “Nihayə” əsərində “səqm” sözünü izah edərkən “Mən xəstəyəm!” ayəsi haqqında bir neçə versiyanı qeyd edərək yazır: “Düzgün versiya budur ki, bu, İbrahimin (ə) üç yalanından biridir. İkincisi “Bəlkə, onların bu böyüyü bunu etmişdir” ayəsidir. Üçüncüsü isə “Sara mənim bacımdır deməsidir”.
İbn Əsir “Kamil” əsərində də (c. 1, İbrahimin (ə) hicrəti fəsli) həmin hədisi Əbu Hüreyrədən nəql edir. Bu xurafatın qəhrəmanı Əbu Hüreyrə Dusidir. Onun rusvayçılığı və yalançılığı o qədər aydındır ki, açıqlamağa ehtiyac yoxdur. O, Kəb əl-Əhbarla birgə əyləşib onun yalanlarını Peyğəmbərə (s) aid edirdi. Təəccüb doğuran sözügedən kitabların müəllifləridir. Nəql etdikləri hədisin “Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!” ayəsi və onlarla bu kimi həzrət İbrahimin (ə) yüksək məqamını göstərən ayələrə zidd olduğunu sezə bilməyiblərmi?. Allah bir tərəfdən “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar” (“Nəhl”, 105) buyurur, digər tərəfdənsə, İbrahimi (ə) yalançımı adlandırır? Lakin Əbu Hüreyrə deyib deyə dərinə getməmək, Qurana zidd olsa belə qəbul etmək gərək. Qəribədir?!!!
Tövratda “Yaradılış” kitabında (fəsil 12) İbrahimin (ə) Misirə səfəri nəql olunmuşdur. İbrahim (ə) orada deyir: “Bu (Sara) mənim bacımdır”. Quranda bu səfər və bu söz haqqında heç bir məlumat verilmir. “Muruc əz-zəhəb” və “Tarixi-Yəqubi” kimi kitablarda da öz əksini tapmamışdır. Əbu Hüreyrə Tövratda verilən məlumatı müəyyən həddə saf-çürük etmiş və Peyğəmbərin (s) adından demişdir: “Orada İbrahim (ə) üç tarixi yalandan birini danışdı və “Sara mənim bacımdır” – dedi. Arvadı olduğunu deməsi təhlükəli idi”.
Həzrət İbrahimin (ə) Misirə səfəri “ər-Rəvzə əl-kafi” və “Bihar əl-ənvar”da (c. 12, səh. 45) nəql olunmuşdur. Rəvayətin sənəd silsiləsində (ravilər zəncirində) İbrahim ibn Əbu Ziyad Kərxi və Səhl ibn Ziyad kimi etibarlı sayılmayan ravilərin adları keçir və buna görə də sözegedən hədis etibarsızdır. Bundan başqa həmin rəvayətdə yalandan söhbət açılmır. Orada İbrahim (ə) deyir: “Bu mənim hərəmimin qadını, xalam qızıdır”.
Qeyd edək ki, hörmətli alim Sədr Bəlaği “Quran qissələri” kitabının müqəddiməsində “Əhdi-ətiq” və “Əhdi-cədid”in təhrif və yanlışlıqlarını düzəldəcəyini yazmasına baxmayaraq, eləcə də Məhəmməd Əhməd Cad əl-Mövlanın “Quran-qissələri” kitabını tərcümə edən hörmətli alim Seyid Baqir Musəvi İbrahimin (ə) həyatından danışarkən “İbrahim (ə) Misirdə” başlıqlı fəsil açmış və həzrətin (ə) “Bu mənim bacımdır deməsini qeyd etmişlər. Halbuki, Quranda bu haqda heç bir xəbər verilmir və bunun kökü Tövrata gedib çıxır. Kitabın adı “Quran qissələri” olduğu bir halda Tövratdan yox, Qurandan yazılmalıdır. Əlbəttə, hər iki kitab faydalıdır. Lakin bu və bunu kimi digər yanlış məlumatlara da göz yummaq olmaz.
Əliəkbər Qurəşi
Çevirən: Sina

islammektebi.org

 


more post like this