ابراهیم (İbrahim) Məhəmməd (s) peyğəmbərin, eləcə də Bəni-israil peyğəmbərlərinin ilk babasının, müsəlman, yəhudi və məsihilərin də qəbul və təsdiq etdiyi peyğəmbərin adıdır. Onun adı quranda 69 dəfə gəlmişdir. İslam dini İbrahimin (ə) dinidir. ﴾ ثُمَّ أَوْحَيْنَا إِلَيْكَ أَنْ اتَّبِعْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفاً ﴿“Sonra (Ya Rəsulum!) sənə: “Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!” – deyə vəhy etdik” (“Nəhl”, 123). Böyük peyğəmbər Babilistanın Ur şəhərində dünyaya göz açmış, bütpərəstlərlə mubarizəyə qalıxmış, sonra isə Şama hicrət etmişdir. Quran, onun həyatı və mübarizəsinin böyük bir hissəsi haqqında onu tanıtmaq və digərlərinə yol göstərmək məqsədilə söhbət açmışdır. Burada bəzi məqamları diqqətinizə çatdıracağıq. Qeyd etmək lazımdır ki, bizim bu kitabda məqsədimiz peyğəmbərlərin həyatını yalnız Quran çərçivəsində araşdırmaqdır. Lakin buna baxmayaraq, o böyük insanların haqqında (geniş yayılmış) xurafat və qondarma hədisləri də nəzərdən keçirəcəyik.

Üfüqdə gəzinti
Allah həzrət İbrahimi fikrən inkişaf etdirdi və Haqqa doğru hidayət etdi. Quranda oxuyuruq:
Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!” Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və gözəllikləri) göstərdik ki, tam qənaətlə inananlardan olsun! Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi. (Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, – söylədi. (Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cisimlərindən) uzağam! Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!” Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız? Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir. Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq (“Ənam”, 74-83).
“Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik. Biz onu (onun buna layiq olduğunu) bilirdik. (İbrahim) atasına və tayfasına: “Sizin tapınıb durduğunuz bu heykəllər nədir?” – dediyi zaman” (“Ənbiya”, 51-52).
Bunlar həzrət İbrahim (ə) haqqında olan ayələrin bir hissəsinin tərcüməsidir. Bu ayələrdən üç məqam anlaşılır:
1. Allah-taala İbrahimi (ə) fikrən inkişaf etdirdi və o, tezliklə başa düşdü ki, bütlərə sitayiş yalnış və həqiqətdən uzaqdır. Görməyən, eşitməyən, danışmayan, ziyan vurmayan, xeyir verməyən bir şeyə necə sitayiş oluna bilər? Buna görə də camaata deyirdi: Bu bütlər siz çağırdığınız zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir-zərər verə bilirlərmi?
O zaman ki, o öz atasına və tayfasına demişdi: “Nəyə ibadət edirsiniz?” Onlar: “Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!” – deyə cavab vermişdilər. (İbrahim) demişdi: “Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?” (“Şüəra”, 70-73).
Buna görə də bütpərəstliklə mübarizəyə qalxdı.
2. İbrahim və bütpərəstlər Allahın mövcüdluğu ilə bağlı eyni fikirdə idilər. Fikir ayrılığı Günəş, Ay, ulduzlar və bütlərin dünyanın idarə olunmasında təsirli olub-olmamasında idi. İbrahim isbat etmək istəyirdi ki, dünyanı idarə etmək də onu yaratmaq kimi Yaradanın işidir. Bu, aşağıdakı ayələrdən aydın şəkildə bəlli olur.
“O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!” (“Ənam”, 19).
Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? (“Ənam”, 81).
Əgər Allaha etiqadları olmasaydı “Ona şərik qoşmaqdan qorxmadığınız halda” demək mənasız idi. Həzrət İbrahim (ə) onlara yaradılış və yaradılmışların idarə olunmasının Tanrıya xas olduğunu başa salmağa çalışır, onlar isə əsla buna boyun qoymurdular. Məsələnin bu yerdə olduğunu görən İbrahim (ə) deyirdi:
“Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!” (“Şuəra”, 78-82).
Bütün bunlar dünyanın idarə olunmasının da yaradılması kimi Allahın işi olduğunu, məhz buna görə də ibadət və sitayişin ona xas olduğunu isbatlamaq üçün idi.
Müşriklərin və ya əksər müşriklərin Allahın mövcudluğuna inam bəsləmələrindən, bütlərin və səma cisimlərinin də (Allahla yanaşı) dünyanın idarə olunmasına təsir göstərdiklərinə (burada təbii cismlərin bilavasitə, müstəqil təsirindən söhbət gedir) inanmaları fikrini qəribə qarşılamaq lazım deyil. Çünki Quran müşriklərin dilindən deyir:
Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər) (“Zümər”, 3).
Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər. (“Yunus”, 18).
Həqiqətən, əgər sən (müşriklərdən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. “(Loğman”, 25).
3. Günəş və Aya pərəstişi inkar etmək bütlərə sitayişi inkar etmək qədər asan deyildi. Bunun üçün düşünməyə ehtiyac var idi. İlk növbədə İbrahim (ə) özü Allahın hakimiyyətinə, aləmi yalnız Onun idarə etməsinə əmin olmalı (“Ənam”, 75), sonra isə bütlərə sitayişlə mübarizəyə qalıxmalı idi. Buna görə də İbrahim (ə) Allahın ona bəxş etdiyi yetkinlik və dərketmə qabiliyyəti ilə Günəş və Ayın çıxış və batışının hökmə tabe olduğunu, ixtiyarları özlərində olmadığını yəqin bildi və əmin oldu ki, aləmi idarə edən onlar yox, yeri və göyləri yaradan Tanrıdır. Bu zaman dedi:
“O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!” (“Ənam”, 19).
İbrahim (ə), Tanrıya inanır, lakin Günəş, Ay və digər varlıqların dünyanın idarə olunmasında rolu olub-olmaması haqqında tədqiqat apardığını düşünmək qəbahət deyil. O, öncə onların hər biri haqqında dedi: “Bu mənim Rəbbimdir”. Sonra onların heç birinin rəbb olmadığına tam qənaətlə inandı və dedi: “Mənim Rəbbim məni və digər məxluqatı yaradan xaliqdir”. Əgər Quranın ilkin zahiri mənasına diqqət yetirsək, haqqı deməkdən çəkinməsək yuxarda qeyd olunan fikrimizin üzərində dayanmalıyıq. İmam Sadiqdən (ə) soruşuldu: “İbrahim (ə) “bu mənim Rəbbimdir” deməklə müşrikmi oldu?”
Həzrət (ə) buyurdu: “Onun belə deməsi şirk deyildi. Çünki o, Pərvərdigarının axtarışında idi”. Həzrət İbrahimin (ə) axtarışda olduğu bir vəziyyətdə “Bu mənim Rəbbimdir” deməsi, sonda bu fikrin yanlış olduğunun ona aydın olması qənaətində olmağımızın nə maneəsi var? Məgər hamı Allahın mövcudluğunu yaradılmışlara nəzərən dərk etmirmi? Məgər Allah İbrahim (ə) haqqında buyurmurmu:
“Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi” (“Ənam”, 76).
Bəzi sadəlövhlər elə düşünürlər ki, peyğəmbərlər (ə) öncədən hər şeyi bilirlər, onlar (ə) tam qənaəti, xatircəmliyi düşünmədən, fikirləşmədən əldə edirlər. Buna cavab olaraq İslam peyğəmbərinin (s) on beş yaşında ikən Hira mağarasında düşüncələrə dalmasını və aşağıdakı ayəni xatırladırıq:
(Ya Peyğəmbər! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (möminlərə mənəvi həyat verən Quran) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə dəvət edib haqqa qovuşdurursan) (“Şura”, 52).
“Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi” (“Hud”, 49).
Ayə açıqca Peyğəmbərin (s) vəhydən öncə bu şeylərdən xəbərsiz olduğunu göstərir.
Bəli, Allah İbrahimi (ə) doğru yola yönəltdi. Bu, yaradılmışlar haqqında düşünməklə baş verdi. Sonra ilahi vəhy bunu daha da möhkəmlətdi.
Əli Əkbər Qurəşi
Çevirən: M. Əzizoğlu

islammektebi.org

 


more post like this