“İsra” surəsinin, 78-79-cu ayələrinin təfsiri

Ayələrin tərcüməsi:
78. Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək (lazımınca) namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.
أَقِمِ الصَّلاةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا

79. (Ya Məhəmməd!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (Qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) göndərsin!
وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَى أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا

«أَقِمِ الصَّلاةَ» – namazı qıl, «لِدُلُوكِ الشَّمْسِ» – günəşin meylindən (yəni, günorta çağı, günəşin qərbə tərəf meyli, kölgənin yerinin dəyişilməsi, kölgənin qərbdən şərqə tərəf meyl etməsi. Buna fiqhi kitablarda «zəval» deyilir. Zəval – yəni zöhr namazının şəri vaxtı), «إِلَى» – qədər, «غَسَقِ» – zülmət, «اللَّيْلِ» – gecə («إِلَى غَسَقِ اللَّيْلِ» – yəni, gecənin zülmətinə qədər).

Ayənin tərcüməsi belədir: «Günəşin meylindən gecənin zülmətinə qədər namazını qıl…» Belə bir sual yaranır: günəşin meylindən gecənin zülmətinə qədər olan vaxtda hansı namazlar yerləşmişdir? Hədislər bu müddət ərzində 4 namazın yerləşdiyini söyləyir. Bu dörd namaz – zöhr, əsr, məğrib və işa namazlarıdır.
Ayənin davamında «وَقُرْآنَ الْفَجْرِ» ifadəsi gəlmişdir. Burada «quran» kəlməsi Qurani-Kərimə aid olan termin kimi yox, lüğəti mənada işlədilmişdir. «قُرْآنَ» – qiraət, oxumaq, «الْفَجْر» – sübh mənasındadır. Yəni, «… və sübh namazını…»
«إِنَّ» – həqiqətən, «قُرْآنَ الْفَجْرِ» – sübh namazı, «كَانَ مَشْهُودًا» – müşahidə olunur. Yəni, “… həqiqətən sübh namazı müşahidə olunur”.

79-cu ayədə buyurulur:
وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ

«ِ وَمِنَ اللَّيْل»– və gecədən, «فَتَهَجَّدْ بِهِ»– oyaq qal (yəni, “gecədən də oyaq qal!”)
Gecə niyə oyaq qalmaq lazımdır?
Bu sualın cavabı ayənin davamındadır: «نَافِلَةً لَكَ» – bu sənə xas olan əlavədir.
Peyğəmbərə (s) 17 rəkət namazdan əlavə gecə də oyaq qalıb namaz qılmaq vacib buyurulub. «عَسَى» – ola bilsin ki, «رَبُّك» – Rəbbin, «يَبْعَثَكَ» – səni qaldırsın, «مَقَامًا» – səviyyə, məqam, «مَحْمُودًا»– bəyənilmiş.
عَسَى أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا – yəni, ola bilsin ki, Rəbbin səni bəyənilmiş səviyyəyə (məqama) qaldırsın.
Nəticədə ayənin tərcüməsi belədir: «Günəşin meylindən gecənin zülmətinə qədər namazını və sübh namazını qıl! Həqiqətən, sübh namazı müşahidə olunur. Gecədən də oyaq qal! Bu sənə xas olan əlavədir. Ola bilsin ki, Rəbbin səni bəyənilmiş səviyyəyə (məqama) qaldırsın».
Ayənin izahı. İlk öncə bunu bilməliyik ki, hədislər olmadan Quranın bəzi ayələrinin dəqiq mənalarını anlamaq mümkün olmur. Daha dəqiq desək, ayənin mənasını hədislər izah edir. Qurani-Kərim «İsra» surəsinin 78-ci ayəsində də ümumi bir söz deyir: «Günəşin meylindən gecənin zülmətinə qədər namaz qıl!» Bu ayədən hansı namazların qılınmasına əmr olunduğu və o namazların necə qılınması məlum olmur. Bunları aydınlaşdırmaq üçün mütləq hədislərə müraciət edilməlidir. Hədislər bu ayədə zöhr, əsr, şam və xiftən namazlarına işarə olunduğunu deyir. Əgər hədis, sünnə olmasaydı, biz ayədə məhz bu dörd namaza işarə olunduğunu bilməzdik.

Ayənin davamında sübh namazının qılınması ayrıca bir ifadə ilə işlənir və onun xüsusi bir faydaya malik olduğu qeyd olunur: «…və sübh namazını da qıl! Həqiqətən, sübh namazı müşahidə olunur».
Belə bir sual yarana bilər: məgər digər namazlar müşahidə olunmur? Bəzi təfsirçilər bu sualın cavabını belə təfsir ediblər: Allahın mələkləri insanın ibadətlərinin qeydiyyatını apararaq yazırlar. Belə ki, «Yasin» surəsinin 12-ci ayəsində buyurulur:
وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ

«…və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik…»
Yəni, insan nə edirsə, o keçmişdə qalmır, insanın özündən qabaq gələcəyə gedir. İnsanlar müsafirə bənzəyirlər. O müsafirə ki, hər hansı bir şəhərə gedir, oradan evinə lazım olan əşyaları alır, onu hər hansı bir nəqliyyatla evinə göndərir və həmin əşyalar özündən əvvəl evinə çatmış olur. Bizim əməllərimiz də bu cürdür. Etdiyimiz hər hansı bir əməl dünəndə qalmır, gələcəyə gedir. Özü də təkcə əməl deyil, onun izləri də gələcəyə gedir. Məsələn: birinin doğru olmayan bir sözü ilə çoxları yolunu azır. Həmin şəxs həm ö sözünə görə, həm də o söz ilə yolunu azanlara görə cavab verməlidir. Çünki başqalarının yolunu azması onun əməlinin təsiri, izləridir. «Yasin» surəsinin 12-ci ayəsində buyurulur ki, sizin əməlləriniz və əməllərinizin təsirləri, izləri yazılır. Hədisdə vardır ki, insanın əməllərini yazan gecə və gündüz mələkləri vardır. Belə ki, insanın gecə vaxtı gördüyü əməllərin qeydiyyatını gecə mələkləri, gündüz tutduğu işlərin qeydiyyatını isə gündüz mələkləri aparırlar.
Başqa bir hədisdə isə belə buyurulur: «Sübh namazı həm gecə, həm də gündüz mələkləri tərəfindən yazılır». O səbəbdən şəriət bizə sübh namazının sübhün əvvəlində (əsil vaxtında) qılınmasını tövsiyə edir. Əgər sübh namazı bir qədər gec qılınsa, gecə mələyi tərəfindən yazıla bilməz (çünki onun növbəsi sona çatmışdır). Odur ki, ayədə belə buyurulur: «Sübh namazı müşahidə olunur». Təkcə sübh namazıdır ki, hər iki mələk – gecə və gündüz mələkləri tərəfindən müşahidə olunur. Digər namazlar isə yalnız bir mələk tərəfindən qeydə alınır.
Peyğəmbərdən (s) ayədəki «مَشْهُودًا» kəlməsi barədə sual edildikdə o, belə buyurmuşdur:
تَشهَدُهُ مَلائِكَةُ آلّیلِ وَ مَلائِكَةُ آلنَّهاَرِ

Yəni, «ona gecə və gündüz mələkləri şahid olurlar».
Tarixə nəzər salsaq, əvvəllər gündəlik namazların 17 rəkət olmadığını görərik. Bəzi rəvayətlərə görə gündəlik namazların 17 rəkət olması Peyğəmbərin (s) meracından sonra vacib olmuşdur. Əvvəllər bütün namazlar iki rəkətli imiş, təkcə şam namazı bir rəkət olub (yəni gündəlik namazların sayı cəmi doqquz rəkət idi). Peyğəmbər (s) meracda olarkən Allah-Taala sübh namazından qeyri bütün namazlara 2 rəkət əlavə olunmasını buyurub. Sübh namazına 2 rəkətin artırılmaması isə bu cür açıqlanıb: «Sübh namazı həm gecə, həm də gundüz mələkləri tərəfindən müşahidə olunduğuna və onun savabı hər iki mələk tərəfindən yazıldığına görə ona heç nə artırılmayıb».
Ayənin davamında buyurulur:
وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ .

Yəni, «gecədən də oyaq qal!» Allah-Taala bütün möminlərin vəzifəsini söylədikdən sonra Rəsuləllah (s) üçün daha bir vəzifə təyin edib. Çünki Rəsuləllahın (s) öhdəsində ümməti hidayət etmək kimi böyük bir məsuliyyət vardı. Bu vəzifəni həyata keçirtmək elə də asan bir iş deyildi. Rəsullah (s) ona «şair», «dəli», «sehrbaz» deyənlərin, ona əziyyət verib, yoluna tikan səpənlərin qarşısında davam gətirməli idi. Bu yolda ona möhkəm səbr, düzgün istiqamət və iradəli ruh lazım olacaqdı. Bu səbəbdən Allah-Taala Peyğəmbərə (s) bir çox faydası olan gecə namazını qılmağı təkid edib. Çünki gecə ibadəti vasitəsilə insan İlahi enerji qazanır. Gecə yığılan enerji ilə gündüz daha çox iş görmək olar.
Ayənin davamında belə buyurulur:
نَافِلَةً لَكَ

Yəni, «bu sənə xas olan əlavədir».
Ümumiyyətlə, İslam aləmində gecənin xüsusi bir üstünlüyü və əhəmiyyəti vardır. Bunu Quran ayələrində də müşahidə etmək olar:
إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

«Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik» («Qədr» surəsi, ayə 1).
وَإِذْ وَاعَدْنَا مُوسَى أَرْبَعِينَ

«…Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə 40 gecə vədələşdik…» («Bəqərə» surəsi, ayə 51).
سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلا مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا

«Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (Peyğəmbəri (s)) bir gecə (Məkkədəki) Məscidul-Həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidul-Əqsaya (Beytul-Müqəddəsə) aparan Allah pak və müqəddəsdir…» («İsra» surəsi, ayə 1)
Maddi məşğuliyyətlərdən azad olan insanların bəzisi gecəni eyş-işrət, günah və fəsad etmə ilə keçirir, bəzisi isə həmin vaxtı ibadətə ayırır, gecəni xəlvət edib xalis qəlblə Allahla üns qururlar.
İmanın güclənməsinə səbəb olan gecə namazı, Allahın bizə sevgisindən doğan bir bəxşişdir. Hədislərdə belə buyurulur: «Günah edənlər gecə namazından məhrum olarlar». Yəni, günahkar insan gecə namazını qılmağa müvəffəq olmur. Bunu da qeyd etmək lazımdır ki, gecə namazının qılınması yalnız Peyğəmbərə (s) vacib şəkildə əmr olunub. Ümmət üçün isə bu müstəhəb olan bir ibadətdir.
Ayənin davamında belə buyurulur:
عَسَى أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا

Yəni, «ola bilsin ki, Rəbbin səni bəyənilmiş səviyyəyə (məqama) qaldırsın».
Bəs, «bəyənilmiş səviyyə (məqam)» nədir?
Bütün müsəlmanlar (əhli sünnə və şiə) «مَقَامًا مَحْمُودًا» kəlməsində məqsədin şəfaət olduğunu nəql etmişlər. Yəni, gecə namazını qılma nəticəsində Peyğəmbər (s) Qiyamət günü öz ümmətinə şəfaət etmə kimi bir səviyyəyə, məqama yüksələcək.
Bu fikri təsdiq edən bir sıra hədislər mövcuddur. Hətta belə rəvayət olunub ki, başqa peyğəmbərlər də «məqamən məhmuda»dan faydalanmaq üçün Muhəmməd (s) ümmətindən sayılmağa dair Allaha dua ediblər.
Şəfaət təkcə günahların bağışlanması mənasını daşımır, dərəcənin artması mənasına da aid ola bilər. Məsələn, Cənnətin müxtəlif dərəcələri vardır. Bir dərəcədən başqa bir dərəcəyə yüksəlmək üçün insanın əməli kifayət etmədikdə, şəfaətə ehtiyac duyulur.
Şəfaətin özünün də dərəcələri vardır. Lakin mövzumuz şəfaət bəhsi olmadığı üçün bunu geniş şəkildə izah etmirik.

Emruzə Kərimova

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this