Hicri-qəməri 201-ci ildə imam Kazimin (ə) qızı həzrət Məsumə (s) Mədinədən Xorasana doğru səfərə çıxır. Savəyə çatanda xəstələnir, yatağa düşür. Xanımın məlumatı vardı ki, Savənin yaxınlığındakı Qumda şiələr mərkəzləşib. Xüsusi xidmətçisindən istəyir ki, onu Quma aparsınlar.

 

Digər bir məlumata əsasən, xanım Məsumənin (s) Savəyə gəlişindən xəbər tutan Qum əhli, Səd Əşərinin övladları qərara gəlirlər ki, xanımı Quma gətirsinlər. Musa ibn Xəzrəc ibn Səd Əşəri də bu adamlar arasında olur. Onlar Savəyə xanımın istiqbalına gedir, onu böyük hörmətlə Quma gətirirlər. Xanımın Quma gəlişi, onun Qumda dəfn olunması, sonradan imamzadələrin Quma gəlişi burada şiəliyin genişlənməsinə təkan verir. Nəticədə, elm hövzəsinin bünövrəsi qoyulur, böyük alimlər, rəvayətçilər, imam Sadiqin (ə) tanınmış şagirdləri, imam Kazim (ə) və imam Rizanın (ə) yaxınları bu şəhərlə əlaqə qurur. Üçüncü əsrdən başlayaraq bu günədək elm hövzəsinin yaranıb möhkəmləndiyi Qum şəhərində həzrət Məsumənin (s) pak məzarı günəş kimi işıq saçır.

 

İmam Sadiq (ə) buyurur: “Qum elm və fəzilət mərkəzidir. Zülmə düçar olanların dünyasında belə bir yer tapılmaz.”

 

Əllamə Qazi Nurullah Şüştəri “Məcalisul-mominin” kitabında yazır: Qum əzəmətli və kəramətli bir şəhərdir. Bu yer Darul-mominin kimi tanınır. İmamiyyə şiə məktəbinin fəzilətli şəxsləri, müctəhidlər bu torpaqdan bəhrələniblər. Bir şəxs qumluyam deyirsə, hökmən şiədir. Özünü Quma aid edən şiə məzhəbinə aid etmiş olur.

 

Məsum imamlardan nəql olunur ki, Qum əhli olmasaydı din səhnədən çıxardı.

 

Həzrət Peyğəmbər (s) merac gecəsi müşahidə edir ki, İblis bu torpaqda oturub. Həzrət “qalx ey məlun” buyurur. Bəziləri bu fikirdədir ki, məhz “qum”, yəni “qalx” sözünə görə bu yer belə adlandırılıb. Şairin təbirincə:

 

Peyğəmbər iblisə “qum” dediyindən

 

Bu şəhərin adı Qumdur o gündən

 

Merac hədislərində Peyğəmbərdən (s) nəql olunur ki, yer üzündə bir məntəqə Peyğəmbərin diqqətini cəlb etdi. Cəbraildən bu barədə soruşanda cavab aldı ki, həmin yer sənin və canişinin Əlinin şiələrinin yeridir.

 

Hədisin davamında buyurulur ki, Peyğəmbər (s) şeytanı həmin yerdə görüb “qum ya məlun” buyurdu.

 

İmam Sadiq (ə) buyurur: “Bütün yerlər fitnə-fəsada bürünəndə Qum və onun ətrafına üz tutun. Çünki Qum bəlalardan amandadır.”

 

İmam Sadiq (ə) buyurur: “Qum üçün bir mələk ayrılıb, bu mələk qanadlarını Qumun üzərinə çəkib. Bir zalım Quma əl uzatsa Allah onu duz suda əridiyi kimi əridər.

 

İmam Sadiq (ə) buyurur: “Qum türbəti (torpağı) müqəddəsdir. Qum əhli bizdəndir, biz də onlardanıq. Bir zalım Qum əhlinə zülm edə bilməz. Bu fikrə düşənin qarşısını əzab alar. O zamana qədər belədir ki, qardaş qardaşa xəyanət etməsin. Xəyanət edilsə, Allah zalımı bəla göndərər. Onlar bizim qaimin köməkçiləri, haqqa dəvətçilərdir.” Sonra imam üzünü göyə tutub dedi: “Pərvərdigara, onları bütün bəlalardan qoru, hifz et.”

 

Əffan Bəsri deyir: İmam Sadiq (ə) mənə buyurdu ki, bilirsənmi bu yer nə üçün Qum adlandırılıb? Bunu belə şərh etdi ki, çünki bu yerin əhli Ali-Məhəmməddən olan Qaimə yoldaşdır, onunla qiyama qalxarlar, ona kömək edərlər və möhkəm dayanarlar.

 

İmam Sadiq (ə) buyurur: “Əzab-əziyyət sizə hücum çəkəndə Quma üz tutun. Qum fatimilərin sığınacağı, möminlərin qurtuluş yeridir.”

 

İmam Sadiq (ə) Qum haqqında danışarkən xanım Fatimə dünyaya gəlməmişdi. Hətta atası Musa ibn Cəfər (ə) doğulmamışdı. İmam Sadiqin (ə) “mənim övladlarımdan biri” deməsi xanımın böyük məqamı və əzəmətindən danışır.

 

İmam Sadiq (ə) buyurur:”Bəla gələndə Quma sığının, Qum Fatimə övladlarının evi, möminlərin rahatçılıq məkanıdır. Tezliklə bir zaman gələr ki, şiələrimiz bizdən uzaq düşər və bu uzaqlıq məsləhətdir. Bununla onlar tanınmazlar, qanları axıdılmaz, malları qarət edilməz. Kim Quma üz tutsa Allah onu zəlalətdən hifz edər.”

 

İmam Sadiq (ə) buyurur: “Allah-Taala Qumu başqa şəhərlər üçün höccət qərar verib, Qum əhli şərqdən qərbə bütün dünyaya höccətdir. Qum əhli dinində zəif deyil, Allah onlara tövfiq verib, onları təsdiqləyib.”

 

İmam Sadiq (ə) buyurur: “Qum əhli qəbirdə sorğuya çəkilər, məhşərdə qəbrindən behiştə yola düşər. Qum əhli bağışlanar.”

 

İmam Sadiq (ə) buyurur: “Qum torpağı müqəddəsdir, Qum əhli bizdəndir biz də onlardanıq.”

 

İmam Musa-Kazim (ə) buyurur: “Behiştin səkkiz qapısı var, onlardan biri Qum əhli üçündür. Şiələr arasında onlar üstündür, Allah bizə itaəti onların xislətində qərar verib.”

 

İmam Musa-Kazim (ə) buyurur: “Qum Ali-Məhəmmədin sığınacağı, şiələrin ümid yeridir. Amma tezliklə oradan olan gənclərin bir qrupu atalarına itaətsizlik etdiyi, böyükləri saymadığı üçün məhv olar. Bununla belə, Allah onları düşmənlərin şərindən, bütün pisliklərdən qoruyar.”

 

İmam Riza (ə) buyurur: “Xoş qumluların halına! Behiştin 8 qapısından biri Qum əhlinə məxsusdur.”

 

Mötəbər sənədlərə əsasən imam Riza (ə) Xorasana məcburi səfərində yol üstü Quma baş çəkib. İmam (ə) Kufədən Bağdada gedib, oradan Quma gəlib. Qum əhli imamı sevinclə qarşılayıb, hərə onu öz evinə qonaq aparmağa çalışıb. İmam buyurur: “Dəvəm harada dayansa, oraya gedəcəyəm.” İmamın dəvəsi saleh bir şəxsin qapısında dayanır. Bu şəxs gecə yuxuda görmüşdü ki, imam onun qonağı olur. Yuxusu çin çıxanda sevincinin hədd-hüdudu olmur. Hazırda həmin ev Azər küçəsindədir, Rəzəviyyə elm mədrəsəsi adı ilə tanınır.

 

İmam Riza (ə) buyurur: “Fitnə-fəsad, bəla aləmi bürüyəndə Quma sığının. Qum bəlalardan amandadır.”

 

İmam Hadi (ə) buyurur: “Bu şəhər ona görə Qum adlanıb ki, Nuhun gəmisi məşhur tufan zamanı burada dayanıb. Bu yer Beytül-Müqəddəsin bir parçası sayılır.”

 

 

Abbas Əzizi

 

Nur-az.com

Tərcümə bölməsi


more post like this