islamic mənbələri

    1. home

    2. article

    3. Qonşu

    Qonşu

    Qonşu
    Rate this post

     

    409. Yaxşı qonşuluq.

    Quran

    «Allaha ibadət edin və Ona şərik qoşmayın. Atanıza, ananıza, qohumlarınıza, yetimlərə, binəvalara, yaxın və uzaq qonşularınıza və ünsiyyətdə olduğunuz adamlara yaxşılıq edin.»[1]

    Hədis

    1305.Allahın Peyğəmbəri (s):«Qonşuya hörmət, anaya hörmət kimidir.»[2]

    1306. İmam Əlinin (ə) dünyasını dəyişərkən buyurduqlarından: «Sizi Allaha and verirəm. Sizi Allaha and verirəm qonşularınızla mehriban olun. Onlarla mehriban olmağınız Peyğəmbərinizin (s) tövsiyyəsidir. O Həzrət (s) qonşular barədə o qədər tövsiyə edirdi ki, elə güman etdik ki, onları varis təyin edəcək.» [3]

    1307. İmam Sadiq (ə):«Yaxşı qonşuluq evləri abad, ömürləri uzun edər.» [4]

    1308. İmam Kazim (ə):«Yaxşı qonşuluq, qonşuya əziyyət verməmək deyil. Əslində, yaxşı qonşuluq qonşunun verdiyi əziyyətin müqabilində səbr etməkdir.»[5]

     

    410. Qonşuya əziyyət vermək.

    1309. Allahın Peyğəmbəri (s):«Allaha və Qiyamət gününə iman gətirən hər bir şəxs qonşusuna əziyyət verməz.» [6]

    1310. İmam Rza (ə):«Qonşusu özünü onun şərrindən amanda hiss etməyən kimsə bizdən deyil.» [7]

     

    411. Qonşunun hal-əhvalı ilə maraqlanmaq.

    1311. İmam Əli (ə): «Qonşunun hal-əhvalı ilə maraqlanmaq yaxşı qonşuluğun əlamətlərindəndir.»[8]

    1312. İmam Baqir (ə): «Allahın Peyğəmbəri (s) buyurub:«Qonşusu ac olduğu halda gecə tox qarınla yatan kəs, mənə iman gətirməmişdir.» Həmçinin buyurub:«Aralarında ac olduğu halda gecəni səhərə çıxan hər bir abadlığın əhalisinə Allah-taala Qiyamət günü rəhmət nəzəri ilə baxmayacaq.» [9]

     

    412. Qonşunun haqqı

    1313. Allahın Peyğəmbərinin (s) qonşunun haqqı barəsində buyurduqlarından: «Əgər qonşu səndən kömək istəsə kömək et, borc istəsə borc ver, sənə ehtiyacı olsa ehtiyacını aradan götür. Başına bir müsibət gəlibsə ona ürək-dirək ver, könlünü al, bir xeyir işi olanda onu təbrik edib gözaydınlığı ver, xəstələnsə ona baş çək, halı ilə maraqlan, dünyadan köçəndə dəfnində iştirak et. Evini onun evindən hündür tikmə ki, ona tərəf gələn hava axınının qarşısını alasan,amma özü icazə verərsə eybi yoxdur. Meyvə alanda onun üçün hədiyyə göndər, əgər bunu etməsən, meyvəni evinə gizli apar. Öz övladının əlinə meyvə verib bayıra çıxarma ki, qonşunun övladı onun əlində meyvəni görüb narahat olar. Qazanda bişirdiyin xörəyin iyi və tüstüsü ilə qonşunu narahat etmə, əgər bunu bacarmasan, onda yeməkdən bir qədər ona göndər.» [10]

     

    413. Qonşuluğun sərhədləri.

    1314. İmam Əli (ə):«Məscidin hərimi (hüdudları) 40 zirədir, mənzildən hər dörd tərəfə 40 ev də qonşu sayılır.» [11]

     

     

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     

     



    [1] Nisa, ayə 36

    [2] Məkaremul-Əxlaq, c.1, səh.274, hədis 834

    [3] Nəhcül-Bəlağə, məktub 47

    [4] əl-Kafi, c.2, səh.667, hədis 8

    [5] Tuhəful-Uqul, səh.409

    [6] əl-Kafi, c.2, səh.667, hədis 8

    [7] Əyunul Əxbarul Reza (ə), c.2, səh.24, hədis2

    [8] Tuhəful-Uqul, səh.85

    [9] əl-Kafi, c.2, səh.668, hədis 14

    [10] Musəkkinul-Fyəad, səh.105

    [11] əl- Xisal, səh.544, hədis 20