«Ey Əbuzər! Qiyamət günü bir dəstə cənnət əhli, cəhənnəm əhlindən bə᾿zilərini görüb soruşarlar: «Necə oldu ki, siz cəhənnəmə düşdünüz? Halbuki, biz sizin tərbiyənizin, elminizin bərəkəti sayəsində cənnətə düşmüşük». Cavabında deyərlər: «Biz başqalarını yaxşı əməllər görməyə dəvət edirdik, lakin özümüz öz dediklərimizə əməl etmirdik».
Qur᾽ani-kərimdə göstərilən qiyamət səhnələrindən biri də budur ki, cənnət əhlinin bir dəstəsini bir qrup cəhənnəm əhli ilə görüşdürərlər və bu iki dəstə bir-biri ilə söhbət edərlər. Qur᾿anda gəlmiş «işraf» sözünə əsasən belə demək olar ki, cənnət yuxarı, cəhənnəm isə alçaq məkanda qərar tutmuşdur. Bu cəhətdən də cənnət əhli onları yüksəkdən müşahidə edərlər. Qur᾿anın tə᾽biri belədir ki, bə᾽zən cənnət əhli cəhənnəm əhlindən söz soruşub cavab alar. Bə᾽zən də əksinə, cəhənnəm əhli cənnət əhlindən söz soruşub cavab alarlar:
«Behişt əhli cəhənnəm əhlini səsləyib deyərlər ki, bizə (Peyğəmbərdən) verilmiş və᾽də (cənnətdə olacağımız dərəcə) doğru çıxdı. Sizə necə? Allahın sizə verdiyi və᾽də də doğru çıxdımı? Onlar deyərlər: «Bəli (biz də öz haqqımıza çatdıq)». Bu zaman onların arasından bir nəfər nida edər: «Allah zalımlərə lə᾽nət eləsin ( Əraf sürəsi-ayə 14)» .

Bəli, bu rəvayətdə göstərildiyi kimi, cənnət əhli cəhənnəm əhlindən bir dəstəyə deyər: «Biz, sizin hidayətiniz nəticəsində, sizin elminizin, tərbiyənizin bərəkəti sayəsində cənnəti qazandıq. Necə oldu ki, siz cəhənnəmə, ilahi əzaba düçar oldunuz?». Onlar həsrət və peşmançılıqla cavab verərlər: «Biz öz söylədiklərimizə əməl etmədik. Sizi yaxşı işlər görməyə də᾽vət edirdik, lakin özümüz ondan uzaq gəzirdik. Sizi müstəhəb əməllər görməyə təşviq edirdik, lakin özümüz əməl etmirdik. Sizi qeybətdən, günahdan çəkindirirdik, amma özümüz günaha batırdıq. Sizlər bizim dediklərimizə qulaq asıb əməl etdiniz və bu yerə gəlib çıxdınız. Lakin biz bu qədər elmə əməl etmədik, axırımız da bədbəxtlik və rəzillik oldu».
Bu həsrət və rüsvayçılıq öz elmlərinə əməl etməyənlərin aqibətidir. Aydındır ki, belə bir peşmançılıq onlar üçün ilahi əzabdan, yanmaqdan daha ağırdır. Çünki ruhi əzablar, cismani əzablardan daha yandırıcıdır. Düşmənin acı gülüşü qılınc yarasından daha yandırıcı olur.

İnsana başqalarının onun yol göstərməsi sayəsində behiştə nail olmaları, lakin özləri öz elmindən bəhrələnib və ən böyük məqamlara çata biləcəkləri halda cəhənnəmə düşmələri çox pis tə´sir edir. Ən dəhşətlisi də odur ki, müridləri gəlib onun bu halına tamaşa etsinlər! Onlar cənnətdə ne᾽mət görsünlər, özü isə cəhənnəm əzabı. Onun üçün heç bir əzab olmasa belə, şagirdlərinin çatdığı ne᾽məti görmək, əzab olaraq ona kifayətdir.

Bu şərif hədisdə yad edilən nöqtələri nəzərə alaraq, biz əvvəl niyyətimizi düzgün müəyyənləşdirməli və elmi Allah xatirinə, vəzifələrimizin düzgün icrası üçün öyrənməliyik. İlk addımda öyrəndiyimiz hər bir şeyə əməl etməyə çalışmalıyıq ki, bu xüsusiyyəti özümüzdə adət şəklinə sala bilək. Elmimiz artdıqca, onu əməldə də tətbiq edə bilək. Əgər əvvəldə hər şeyə səthi yanaşsaq, səhlənkarlıq etsək, əvvəl bir vəzifəni tərk etsək sonra yavaş-yavaş o biri vəzifələri də yüngül sayacağıq. Bu gedişlə içimizdə böyük bir üsyan baş qaldıracaq və artıq nəfslə mübarizə çox çətin olacaqdır.

http://sualcavab.ge/


more post like this