İmamiyyə məzhəbinin əqidə üsulları kimlər tərəfindən meydana gəlmişdir?
İMAMİYYƏNİN MƏŞHUR KƏLAM ALİMLƏRİ
Əvvəlki dərslərimizdə qeyd etdik ki, İmamiyyə şiələri öz əqidə üsullarını Peyğəmbər (s) sülaləsi olan imamlardan, onlar da öz növbəsində həzrət Rəsuli-əkrəmdən əxz etmişlər. İmamiyyə alimləri imamlardan əqidə əsaslarını təşkil edən onlarla hədis və rəvayət nəql etmişlər. Bu məzmunda nəql olunmuş hədislər tövhid və əqlin əqidəvi anlayışlarda ifa etdiyi roldan başlayaraq, cəbr və ixtiyar, qəza və qədər, peyğəmbərlik, mə᾿ad və s. mövzuları əhatə edir. Bu hədislər həm ayrı-ayrı məcmuələr şəklində, həm də İmamiyyə alimlərinin yazdığı kitablarda dərc edilmişdir.
Şiə alimləri imamların dövründə onların kəlami, fiqhi məsələlərə dair nəql etdikləri hədislərə daha çox diqqət yetirər, fikir mübadiləsinə və yeni nəzəriyyə irəli sürməyə çox az yer verərmişlər. Bə᾿ziləri isə imamlardan tə᾿lim alaraq digər firqələrin alimləri ilə elmi mübahisələr də aparmışlar. Bu kimi mübahisələrdən bə᾿ziləri kitab halına salınaraq müasir dövrə də gəlib çatmışdır. İmamiyyə məzhəbinin 12-ci imamı qeybə çəkildikdən sonra isə, şiə alimləri kəlami bəhslərə qoşularaq, imamların nəzərlərindən istifadə etməklə ortaya çıxan şübhə və sualların aradan qaldırılmasında böyük sə᾿ylər göstərmişlər. Onlar imamlardan sonrakı dövrlərdə yaranmış firqələrin irəli sürdükləri əsassız nəzəriyyələrə tutarlı cavablar verərək onlardan bə᾿zilərini rədd etmişlər. Unutmamalıyıq ki, on dörd əsr ərzində islam maarifi sahəsində yazılmış elmi əsərlərin böyük bir hissəsi şiə alimlərinin payına düşür. Bu dövrdə digər firqələr də islam svilizasiyasının daha kamil şəkildə formalaşmasında böyük rol oynamışlar.
Bu dərsimizdə İmamiyyə məzhəbinin bir neçə kəlam alimi barədə söhbət açacağıq. Bütün sahələrdə fəaliyyət göstərmiş alimlərə gəldikdə isə, bu barədə yazılmış ayrı-ayrı kitablara müraciət etmək lazımdır. Burada adları çəkilən alimlər isə kəlam elminin meydana gəlib geniş vüs᾿ət tapmasında fəaliyyət göstərmiş ilk şəxsiyyətlərdir.
1. Zürarət ibni Ə᾿yun; İmamiyyə məzhəbinin görkəmli fiqh, hədis və kəlam alimlərindən biri olmuşdur. Hicrətin ikinci əsrində yaşamış bu dahi şəxsiyyət haqda İbni Nədim özünün «Əl-fehrest» adlı kitabında yazır: «Zürarə şiə aləminin fiqh, hədis və kəlam sahələrinin ən böyük alimi olmuşdur. O, «istitaət və cəbr» kitabının müəllifidir.
2. «Mu᾿minut-taq» ləqəbi ilə məşhur olan Məhəmməd ibni Əli ibni Nö᾿man Bucəlli; Hicrətin 2-ci əsrində yaşamışdır. Güclü hafizəyə malik olmuş və digər firqələrlə apardığı müzakirələrdə əsaslı dəlillərlə onlara tutarlı cavablar vermişdir. «Əl-imamə», «Əl-mə᾿rifə», «Ər-rəddu əla Mu᾿təzilə fi imamətil-məfzul», «Əl-ihticac fi imaməti Əmirəl-mu᾿minin Əli», «Məcalis məə Əbi Hənifə vəl-murciə» adlı əsərlər onun kəlam sahəsində yazdığı kitablardandır.
3. Hişam ibni Həkəm; (Hicrətin 199-cu ilində vəfat etmişdir). 7-ci imamın səhabələrindən olmuş Hişam ibni Həkəm 2-ci əsrin görkəmli kəlam alimlərindən sayılır. Qeyri-adi iste᾿dada malik olduğu üçün daim mübahisə etdiyi şəxslərə qalib gəlirdi. Hişam ibni Həkəm üsulidində dərin düşüncəyə malik idi. Onun Mö᾿təzilə ilə apardığı elmi mübahisələr və onlara qələbə çalması elm tarixinin maraqlı səhifələrindəndir. (Əl-miləl vən-nihəl/Şəhristani;1-ci cild).
Rical alimlərindən olan Nəcaşi öz kitabında onun yazdığı 30 kitabın adını çəkir. «Ər-rəddu ələz-zənadiqə», «Əl imamə», «Ət-tohid», «İxtilafun-nas fil imamə», «Əl-cəbr vəl-qədr», «Ər-rəddu ələl-mö᾿təzilə», «Əl-məcalis fit-tohid», «Əl-məcalis fil-imamə» və başqalarının adını çəkmək olar.
4. Fəzl ibni Şazan Nişapuri; (Hicrətin 261-ci ilində vəfat etmişdir).
3-cü əsrin görkəmli fiqh və kəlam alimlərindən olmuşdur. İmam Riza (ə) imam Məhəmməd Təqi (ə) və imam Əliyyən Nəqidən (ə) hədis nəql etmişdir. Kəlami bəhslərə aid onlarla kitab yazmışdır. Nəcaşi öz kitabında onlardan bir neçəsinin adını çəkmişdir. «Ər-rəddu ələs-sənəviyyə», «Ər-rəddu ələl həşəviyyə», «Ət-tohid fi kitabulla», «Əl və᾿d vəl vəid», «Mihnətul islam», «Ər-rəddu ələl Murciə», «Ər-rəddu ələl-qəramitə», «Mə᾿rifətul huda fiz-zilalə» və başqalarını buna misal çəkmək olar.
5. Həsən ibni Musa Nöbəxti; (Hicrətin 310-cu ilində vəfat etmişdir).
«Firəquş-şiə» adlı kitabın müəllifidir. Üçüncü əsrin axırları-dördüncü əsrin əvvəllərinin məşhur kəlam alimlərindən olmuşdur. Yazdığı kitablardan «Əl-came fil-imamə», «Ət-tohidul-kəbir», «Ət-tənziyə və zikrun mutəşabuhul-Qur᾿an», «Ər-rəddu ələl-mənziləti bəynə mənzilətəyn fil-vəid», «Ər-rəddu ələl-mucəssəmə», «Ər-rəddu ələl-ğulat» və başqalarının adını çəkmək olar.
6. Məhəmməd ibni Əli ibni Hüseyn; Şeyx Səduq ləqəbi ilə məşhur olmuşdur. Vəfat tarixi hicrətin 381-ci ilinə təsadüf edir. Şiə məzhəbinin görkəmli alimlərindən biri olmuşdur. Hədis elmində daha çox şöhrət qazana bilmişdir. Kəlam elmində də bir neçə kitab yazmışdır. Onlardan «Ət-tohid», «İkmalud-din və itmamun-ne᾿mə», «Əl-e᾿tiqadat», «İləluş-şərae», «Ən-nübuvvə», «Dəlailul-Əimmə və mö᾿cəzatihim», «İsbatul-vəsiyyə», «İsbatun-nəssi ələl-əimmə» və s. kitabların adını çəkmək olar. Müəllifin «Ət-tohid» kitabı İmamiyyə məzhəbinin kəlam elmində əsas mənbə hesab olunan ən mö᾿təbər kitablardan biridir.
7. Əbu Əbdullah Məhəmməd ibni Nö᾿man; Şeyx Mufid ləqəbi ilə məşhur olmuşdur. Vəfat tarixi Hicrətin 413-cü ilinə təsadüf edir. İbni Nədim onun barəsində deyir: Kəlam elmində özünəməxsus mövqe sahibidir. Olduqca güclü hafizə və iste᾿dada malik olmuşdur. Onunla görüşdükdə nə dərcədə fəzilətli bir şəxs olduğunun şahidi oldum. Yazdığı kitablardan «Əvailul-məqalat minəl-məzahib vəl-muxtarat» və «Təshihul e᾿tiqadat»ın adını çəkmək olar.
8. Əbül Qasim Əli ibni Hüseyn ibni Musa Musəvi; Seyyid Murtəza və Ələmul-huda ləqəbi ilə məşhur olmuşdur. Vəfat tarixi 436-cı ilə təsadüf edir. Beşinci əsrin təkcə şiə məzhəbində deyil, digər firqələr arasında da şöhrət tapmış görkəmli alimlərdən olmuşdur.
Tanınmış şair Əbul Ə᾿la Muərri ilk dəfə Seyyid Murtəza barədə deyilənləri eşitdikdə, yaxından tanış olmaq məqsədilə onun evinə gəlir. Evinə qayıtdıqdan sonra ondan Seyyid Murtəzanın necə şəxsiyyət olduğunu soruşduqda, öz təəssüratlarını bu rübai ilə bəyan edir: Məzmunu:
Bütün eyb və nöqsanların ondan uzaq olduğunu gördüm. Əgər yanına gəlsəydin bütün insanları bir nəfərin vücudunda, ruzigarı bir saatın içində və bütün aləmi bir evdə müşahidə edərdin.
«Əşşafi» (Qazi Əbdül Cəbbarın «Muğni» adlı kitabına tənqid və cavab olaraq yazılmışdır.), «İnqazul-bəşər minəl qəzai vəl-qədər», «Tənzihul-ənbiya» və «Əz-zəxirətu fi üsuliddin» kitabları onun əsərlərindəndir.
9. Məhəmməd ibni Həsən Tusi; Şeyx Tusi adı ilə məşhur olmuşdur. Vəfat tarixi Hicrətin 460-cı ilinə təsadüf edir. İmamiyyə alimləri arasında elə bir mövqeyə malik idi ki, bir çoxları ona Şeyxut-taifə ləqəbini vermişdilər. Şiə məzhəbinin ən mö᾿təbər hesab etdiyi dörd hədis kitabının ikisi yə᾿ni, «Ət-təhzib» və «Əl-istibsar» kitabları onun payına düşür. «Təmhidul-üsul», «Əl-ğəybə» və «Əl-iqtisad fil-e᾿tiqad» adlı kitablar da onun yazıb-yaratdığı əsərlərdəndir.
10. Məhəmməd ibni Məhəmməd ibni Həsən Tusi; Daha çox Xacə Nəsrəddin Tusi kimi tanınırdı. İmamiyyə məzhəbinin 7-ci əsrdə yaşamış görkəmli alimlərindən olmuşdur. Yazıb-yaratdığı əsərlər hal-hazırda təhsil ocaqlarında şiə alimləri tərəfindən geniş istifadə olunur. Xacə Nəsrəddin Tusi fiqh, təfsir, əxlaq kimi dini elmlərlə yanaşı tibb, riyaziyyat, astronomiya və s. elmlərdə də böyük nailiyyətlər əldə etmişdir. Marağa rəsədxanası da məhz onun adı ilə bağlıdır. Monqolların işğal etdikləri məntəqələrdə minlərlə günahsız insanın qanını töküb ölkə və şəhərlərini xarabalıqlara çevirdikləri bir dövrdə, Xacə qaniçən hakimlərin cinayətlərinin qarşısını almaqda böyük rol oynamışdır. «Təcridul-etiqad», «Qəvaidul-əqaid», «Fusulun-nəsiriyyə», «Təlxisul-muhəssəl» və «Cəbr və ixtiyar» barədə yazılmış risalə Şeyx Tusinin məşhur elmi əsərlərindən hesab olunur.
11. Şeyx Kəmaluddin Meysəm ibni Əli ibni Meysəm Bəhrani; Vəfat tarixi Hicrətin 699-cu ilinə təsadüf edir. 7-ci əsrin görkəmli kəlam və fəlsəfə alimlərindən biri olmuş və «Qəvaidul-məram fil-kəlam» adlı kitabı yazmışdır.
12. Şeyx Cəmaluddin Həsən ibni Yusif ibni Əli ibni Mutəhhər. Əllamə Hilli kimi məşhur olmuşdur. Vəfat tarixi Hicrətin 126-cı ilinə təsadüf edir. Yazdığı əsərlərdən «Nəzmul-bərahin fi üsuliddin», «Əbhasul-mufidə fi təhsilil-əqidə», «Nəhayətul-məram fi elmil-kəlam», «Kəşful-murad fi şərhi təcridil-e᾿tiqad», «Ənvarul-mələkut fi şərhil-yaqut», «Kəşful-həqq və nəhcul-sidq», «Minhacul-kəraməti fi isbatil-imamə», «Əl-babul-hadi əşr», «Risalətu fi xulqul-ə᾿mal», «Nəhcul-mustərşidinə fi üsuliddin» və başqalarının adını çəkmək olar.

 

SUALLAR VƏ TAPŞIRIQLAR
1. İmamiyyə alimlərinin qeybətdən əvvəlki və sonrakı təbliğ üsullarındakı fərq nədən ibarət olmuşdur?
2. Zürarət ibni Ə᾿yunu və Mu᾿minut-taqın kim olduqlarını xülasə şəkildə bəyan edin.
3. Şeyx Mufid və Şeyx Səduq kimlərin ləqəbi olmuşdur?
4. «Ər-rəd ələz-zənadiqə», «Ər-rəddu ələl-həşəviyyə», «Əş-şafi», «Qəvaidul-məram» kim tərəfindən yazılmışdır?
İslam məzhəbləri ilə tanışlıq kitabı.

 

 

 

 


more post like this